adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Aprel 2014 11:46
9935
MƏMLƏKƏT
A- A+

Magistrlara hərbi xidmətdən möhlət veriləcək

"Elm haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.Adalet.az-ın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, qanun layihəsi keçən ilin payız sessiyasından hazırdır. Hazırda bəzi xərc tutumlu maddələrin müzakirəsi aparılır.

Ş. Hacıyevin sözlərinə görə, qanun layihəsi ilə bağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr alınıb: "Yalnız xərc tutumlu maddələrin müzakirəsi gedir. Bu işlər tamamlanandan sonra Elm haqqında qanun layihəsi Mili Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər”.


Komitə sədri qeyd edib ki, magistr və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddə qanun layihəsində öz əksini tapıb: "Bəzən ictimaiyyətdə belə fikir formalaşır ki, magistr və doktoranturada oxuyanlar hərbi xidmətə getməyəcək. Amma burada söhbət yalnız möhlət hüququndan gedir. Boloniya prosesinə əsasən, təhsil 3 pilləlidir: bakalavriat, magistratura və doktorantura. Biz tərəfdarıyıq ki, hər 3 pillədə oğlanlara hərbi xidmətdən möhlət hüququ verilsin. Bu məsələ "Elm haqqında” qanun layihəsində öz əksini tapıb. Çalışacağıq ki, qanun layihəsi bu sessiya başa çatana kimi müzakirəyə çıxarılsın”.

Ş. Hacıyev deyib ki, oğlan tələbələr bakalavriatı başa çatdırıb magistraturaya qəbul olunacaqsa, hərbi xidmətdən möhlət hüququ almaq hüququna malik olacaq. Bu, eyni zamanda magistraturadan doktoranturaya keçənlərə də şamil olunacaq.