adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ADAMSIZ ADAM

20143 | 2012-03-31 08:20
(əvvəli 17 mart sayımızda)
   
   
   
    - Bizim professor Məmişov kimi...
   
   - Yaxşı tanıyıram onu, bir oxumuşuq, - köksünü ötürüb başını buladı, - sən bir işə bax, Məmiş də professor olarmış, ordan-burdan köçürə-köçürə, sürünə-sürünə, dondan dona girə-girə. Daha nə qaldı, görmədik?
   
   Susub fikrə getdi. Tələbəlik illəri yadına düşdü... Ömrünün ən qaynar, unudulmaz çağları arxada qalmışdı. O, universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Dostları ilə Dənizkənarı parka gəzməyə gedirdi. Arxadan səs eşitdi:
   
   - Hikmət, tez gəl kafedraya.
   
   Qaçaraq qayıdıb mərmər pillələrlə yuxarı qalxdı... Ağsaçlı, üz-gözündən nur yağan professor birbaşa mətləbə keçdi:
   
   - Aspiranturada cəmi bir yer var. Səni məsləhət bilmişik. Namizədliyini mən irəli sürmüşəm, ən yaxşı tələbəm kimi.
   
   Hikmət çaşıb qaldı. Bilmədi nə desin, necə cavab versin tələbə yoldaşları ilə birlikdə "riyaziyyatın atası" sandığı, "elmlərin açarı" olan fənni tədris edən, qiymət verməkdə xəsis olsa da, ondan "əla"sını əsirgəməyən böyük alimə, müdrik insana. Professorun lövhəyə yazdığı ən çətin riyazi məsələləri tələbə yoldaşları arasında birinci o həll etmişdi, suallarına dürüst cavab vermişdi bu beş ildə. İndi isə cavabının qarşısında gözlərinin önündən çəkilməyən kənddəki qoca ata-anası, hələ kiçik, boya-başa çatmayan qardaş-bacıları durmuşdular. Heç kimə yox, özünə söz vermişdi ki, təhsilini bitirən kimi mütləq qayıdacaq, onu boya-başa çatdıran ailəsinə köməyini əsirgəməyəcək.
   
    Professor müdrik insandı, vaxtilə kasıb, imkansız ailədə böyümüşdü. Tələbəsinin həyəcandan titrəyən qırıq-qırıq sözlərindən ona hər şey aydın oldu. Fikrə gedib köksünü ötürdü. Kövrək səslə:
   
   - Hə, başa düşdüm səni, - dedi, - get, kənd məktəbində işlə, ailənə kömək elə, ancaq...
   
   Hikmət professorun səsində adətən auditoriyanı bürüyən bir qətiyyət duydu:
   
   - Ancaq ilişib qalma! Borcunu verdin, köməyini elədin, qayıt gəl. Həm dərs deyərsən, həm də müdafiəni eləyərsən. Mən zənnimdə heç vaxt yanılmamışam, gələcəkdə səni dəyərli riyaziyyatçı alim kimi görürəm.
   
   "İlişib qalma!" Neçə illər qabaq yaşlı professorun dediyi sözləri hər dəfə xatırlayanda mat-məəttəl qalırdı. Vaxt elə bil uçurdu. Ata-ana dünyalarını dəyişmişdi. Qardaşlarını evləndirib, bacılarını köçürmüşdü. Hamısının da evi-eşiyi, boyları bərabərlərində övladları... O da ailə qurdu, ata oldu, yeddi oğul, bir qız atası. Məktəbdə həmkarları zarafatla deyirdilər ki, Hikmət müəllimin övladlarının sayı lap nağıllardakı kimidir. Pəhləvan qamətli yeddi oğul, mələk kimi bir qız... Sonra toy-toya calandı, qızını gəlin köçürdü, altı oğlunu evləndirdi. Onlar da zirək tərpənib özlərinə sar-sahman düzəltmişdilər, indi təsərrüfatla məşğul olub ailələrini dolandırırdılar. Qalmışdı sonbeşiyi Hünər.
   
   Bayaqdan fikrə gedən ata oğlunu ilk dəfə görürmüş kimi diqqətlə süzdü. Ürəyi fərəhlə döyündü. Sonbeşiyi özünə çəkmişdi: "Hünər çox-çox irəli gedəcək, oğul atanı ötüb keçməsə inkişaf olmaz. Həyatın qanunu belədir... Mən bu yaşımda çalışıram dünənimdə qalmayım, ayaqlaşım bu günümlə. Elmi kitablardan, jurnallardan bəhrələnib test imtahanlarına hazırladığım uşaqlara riyazi məsələlərin həllinin təzə üsullarını öyrədirəm. Hünər oğlum isə elmi yenilikləri daha tez əxz eləyir. Nədən ki, internetlə birbaşa dünyanın məşhur kitabxanalarına "girir", ən yeni elmi kitabları, jurnalları bilgisayarda "vərəqləyir", ona gərək olan fəsilləri, bölmələri ingilis dilində sərbəst oxuyub tərcümə edə bilir, özü yeni üsullar, formulalar, düsturlar düşünür. Belə getsə, mən ömrüm boyu nail ola bilmədiklərimi oğlumun əməllərində görəcəyəm, inşallah"...
   
   Ümidlərini evinin sonbeşiyinə bağlayan atanın nikbin düşüncələrdən üzü işıqlandı. Əlini ehmalca saqqalına çəkib qürurla oğluna nəzər saldı:
   
   - Xəbərin özündən tez gəlib evimizə. Eşitmişəm imtahanlarını əla vermisən. Çalış dövlət imtahanından da beşini alıb aspiranturada oxu.
   
   Hünər alnını ovuşdurdu:
   
   - Əvvəl iş tapım gərək. Sonra müdafiə edərəm.
   
   - İş tapmaq çox çətindir deyirlər. Sovetin vaxtındakı kimi indi təyinat yoxdur axı.
   
   - Hə, iş tapmaq işləməkdən çox çətindir, - Hünərin dodağı qaçdı, - xüsusən adamsız adam üçün.
   
   Ata sual dolu baxışlarını oğluna zillədi.
   
   - Narahat olma, dədə, - oğul atasını arxayın saldı. - Mən müsabiqə yolu ilə işə düzələcəyəm.
   
   Çiynindən ağır yük götürülmüş kimi Hikmət müəllim dərindən nəfəs aldı. Yan otaqda ocağın üstündə plov qazanını dəmə qoyan Həcər ana içəri girib stolun üstünə süfrə saldı.
   
   * * *
   
   Başını qaldırıb qapıda müntəzir duran köməkçisinə baxdı:
   
   - Xeyir ola!
   
   - Xeyir deyəndə ki, nazirlikdən zəng eləmişdilər. Müsabiqədə üstün olanlardan birini bizə göndəriblər.
   
   Rəis qaş-qabağını tökdü:
   
   - Əcəb işə düşmüşük. Nə müsabiqəbazlıqdır, bilmirəm.
   
   - Təzə dəb düşüb. İşə düzəlmək istəyənlərin müsabiqəsini keçirirlər. Bəyəndiklərini aşağıya - ıdarələrə, şöbələrə göndərirlər. Bizə də bunu məsləhət görüblər.
   
   O, əlində tutduğu qovluğu idarə rəisinin qarşısına qoydu. Rəis qovluqdakı sənədləri diqqətlə nəzərdən keçirdi:
   
   - Bu həmişə əlaçı olub ki, orta məktəbdə də, universitetdə də.
   
   - Elədir. Qəbul vaxtı ən çox bal toplayıb, xüsusi təqaüd alıb. Üç dil bilir, bilgisayar kursunu bitirib, proqram hazırlayır.
   
   Rəisin köməkçisinə acığı tutdu:
   
   - Səndən yaxşı vəkil olardı. Onun-bunun vəkilliyini eləyib başını dolandırardın.
   
   Rəisinin xasiyyətinə yetərincə bələd olan köməkçi səhvini başa düşüb büzüşdü:
   
   - Bağışlayın, elə bildim...
   
   - Nəyi bildin, ə? - rəis kükrədi, - sənə deməmişəm nəyi bilmək vacibdir hər şeydən əvvəl?! Əl boyda kağıza yaza bilməzdin bunun kim, kimin adamı olduğunu? Yoxsa heç öyrənməmisən?
   
   Köməkçinin içinə saldığı səsi titrədi:
   
   - Öyrənmişəm. Siz deyən adamı yoxdur. Adamsız adamdır lap. Atası müəllim olub, indi pensiyadadır. Çoxlu qardaşı var, hamısı da təsərrüfatla məşğuldur.
   
   - Fermerdirlər?
   
   - Xeyir, siz deyən o cür imkanları yoxdur.
   
   - Hardan bildin imkanlarını? Pul kisələrini sənə göstəriblər? Dedim ki, heç kimin vəkilliyini eləmə. Əyə, bilmirsən ətin qiyməti yenə kəlləçarxa çıxıb. Allahın quru otunu, yoncasını şəhərə gətirib bilmirsən neçəyə satırlar bu kəndçilər? Sonra da deyirlər, pulumuz yoxdur, güclə dolanırıq. Yalan deyirlər, vergidən gizlədirlər gəlirlərini. Bildin?
   
   Köməkçi müti halda başını tərpətdi.
   
   - Hardadır o?
   
   - Gözləmə otağında.
   
   - Apar müavinin yanına. Komissiya yaradar, əməlli-başlı sorğu-suala tutar, get-gələ salar, ağzını boza verər. Onu bir də mənim qapıma yaxın buraxma, de ki, belə işlərə müavin baxır. Qoy bir-birilərini boğaza yığsınlar.
   
   Köməkçi kabinetdən çıxan təki qırmızı telefon zəng çaldı. O, dəstəyi ustufca götürüb qulaq verdi. Dinlədikcə kudu kimi sarımtıl üzü rəngdən-rəngə düşdü. Sonra səsi titrədi:
   
   - Başa düşdüm sizi. Bəli, bəli, hər şey aydındır. Narahat olmayın, necə tapşırmısınız elə də olacaq.
   
   Dəstəyi yavaşca yerinə qoyub, ağır yükdən azad olmuş kimi nəfəsini dərdi. Dəsmalını çıxarıb alnında puçurlanan tərini sildi. Köməkçisinin düyməsinə toxunan kimi o, qapıda göründü. Sonra rəisinin məlum işarəsilə yaxın gəlib əyləşdi və dərhal dəftərçəsini açıb qələmini hazır tutdu.
   
   - Lazım deyil yazmaq. Diqqətnən qulaq as, yadında saxla.
   
   - Baş üstə!
   
   Rəis elə bil boğazına pərçim olan nəyisə güclə udub köksünü ötürdü:
   
   - Demək belə, göstərişi var böyüyün, şəxsən özünün. Canla-başla yerinə yetirməliyik.
   
   - Aydındır.
   
   - Xanım təşrif buyuracaq bir azdan. Özün arxa qapıda gözlə onu, mənim yanıma elə gətir ki, heç kim görməsin.
   
   Köməkçi bir göz qırpımında yox oldu. Rəis kabinetində var-gəl elədi. "Hə, belə-belə işlər. Gərək elə şərait yaradam ki, xanımın ruhu da inciməsin. Zarafat deyil, kişi mənə etibar eləyib. Bunun iki başı var: damarını tuta bilsəm yüksəklərə qaldıracaq məni, yox, Allah eləməmiş, kişinin ürəyi istəyən kimi olmasa, cin vurar başına, od püskürər... əridər məni, yaman günə qalaram... Allah, amandı, özün saxla o gündən".
   
   Köməkçi təngnəfəs içəri girdi.
   
   Rəisin ona zillənən sual dolu baxışlarına cavab verdi:
   
   - Siz deyən kimi elədim, - titrək ah çəkdi, - zalım qızı alışıb yanır, elə gözəldi ki, adamın gözü qamaşır.
   
   Rəis zəhmlə ona baxdı:
   
   - Şor gözünü zillədin ona?
   
   Köməkçi dərhal özünü yığışdırıb yumağa döndü:
   
   - Yox canım, gözucu baxdım ki, yol göstərim, yanınıza elə gətirim başqası görməsin.
   
   Rəis ayağa durub özü qapını açdı:
   
   - Xoş gəlmisiniz, buyurun keçin yuxarı başa.
   
   Cavan, gözəl xanım onun göstərdiyi kresloda oturmadı. Baş tərəfdə böyük masadan bir qədər aralıda yumşaq divana yayxanıb süzgün baxışlarla rəisə çəpəki nəzər saldı: "Özü də köməkçisi kimi şorgözdü. Elə hamısı belədi bu erkəklərin, bir bezin qırağıdı".
   
   Rəis adəti üzrə keçib öz kreslosunda əyləşmədi. Elə ayaq üstə sözünü deyib hörmətli qonağını xatircəm eləmək istədi:
   
   - Sizinlə əlaqədar bütün göstərişlərə yüksək səviyyədə əməl olunacaq. Lap ürəyiniz istəyən kimi...
   
   Qıyqacı baxışlı xanım onun sözünü ağzında qoydu:
   
   - Ürəyim istəyən kimi? Maraqlıdır, siz mənim ürəyimi nə tez, necə oxuya bildiniz?
   
   Rəis gözləmədiyi qəribə sualdan çaşıb qaldı. Birdən-birə canını soyuq tər basdı. Qapı qabağında müntəzir dayanan köməkçisinin dodağı qaçdı. Tez başını aşağı saldı ki, rəis görməsin.
   
   - Mən sözgəlişi dedim bunu, - rəis tələm-tələsik fikrini izah etməyə çalışdı, - yəni bizə verilən tapşırığı yerinə yetirəcəyik, istədiyniz kimi sizə şərait yaradacağıq ki, rahat olasınız.
   
   Xanım rəisə qəribə nəzərlə baxıb gözlərini süzdü:
   
   - Mən yanında olanda Özü tapşırdı ki, elit şərait yaradılsın burada, istədiyim vaxt rahat gəlib gedim. Özü belə istəyir ki, mənimçün xoş olsun.
   
   Xanım "Özü" sözünü xüsusi vurğu, əda ilə deyib, sakit, yumşaq səslə əlavə etdi:
   
   - Universitetdə oxuyanda da belə olub, istəyəndə getmişəm dərsə, istəməyəndə yox. Qiymətlərim necə yazılıb, qırmızı diplom nə təhər başa gəlib Özü bilir. Çox həssas, duyumlu insandır. - Xanım susub rəisi zənnlə süzdü.
   
   - Elədir, çox qayğıkeş insandır, - rəis udqundu, - bizdən də əsirgəmir hər cür yardımını. Keçən həftə gəlib sıravi işçilərnən elə səmimi söhbət elədi ki!.. Sonra arxa qapıya açılan otaqlara baxdı. Tapşırdı ki, necə lazımdı hazırlayaq sizinçün. İstirahət, qonaq qəbul etmək üçün hər cür şərait yaratmışıq.
   
   - Yaxşı eləmisiz, şair dostlarımla görüşürəm. Lirik şeirlərimi çox bəyənirlər, qəzet-jurnallarda çap elətdirirlər. Şəxsən Özü mənim lirikamın vurğunudur. Kitabımı çap elətdirib. Deyir, şeirlərini oxuyanda ürəyinin çırpıntısını eşidirəm sənin. Kitabım kabinetində, stolunun üstündə, gözünün qabağında olur həmişə.
   
   Rəis qapının qabağında əmrə müntəzir dayanan köməkçisinə üz tutdu:
   
   - Xanımın kitabını al gətir, oxuyaq.
   
   
   
   ***
   
   Ezamiyyətdən qayıdan kimi rəis köməkçisini yanına çağırdı. Bu, onun şakəri idi: harada olur-olsun işə gələn kimi köməkçisini sorğu-suala tuturdu, onu ən yaxını, görən gözü, eşidən qulağı sayırdı.
   
   İdarədə bilirdilər köməkçi hansı yuvanın quşudur. Onun yanında ya artıq-əskik danışmır, ya da dillərini "qıfıllayıb" susurdular. Di gəl ki, ən yaxın dost, sirdaş bildiklərinə pıçıldadıqları belə rəisə çatdırılırdı. Lap məəttəl qalırdılar. Axı, bu necə ola bilər?
   
   (ardı var)

TƏQVİM / ARXİV