adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2014 00:32
5987
ƏDƏBİYYAT
A- A+

SƏRBƏST NOTLAR

Bəri başdan deyim ki, sizə barəsində söz açdığım bu kitab həm tərtibat baxımından, həm də müəllifinin cəmiyyətdəki nüfuzu baxımından mənim üçün çox önəmlidi. Və bu önəm də mənə bu kitab barəsində yazmağın məsuliyyətini necə deyərlər, özü diktə edir. Təsəvvür edin ki, kitabın üz qabığındakı müəllif şəkili mənimlə göz-gözə dayanıb sanki "hə, başla, amma özün bilirsən də mən səmimiyyəti və gerçəyi xoşlayıram" - deyir. Bax elə bu baxışların, bu deyilən fikirlərin yaratdığı aurada mən kitabın müəllifdən oxuculara ünvanlanan ön sözünü təkrar-təkrar oxuyuram. İnanın ki, Ramiz müəllimin vurğuladığı "mən belə bir həyəcanı ilk övladım olanda keçirmişdimg"fikri mənim üçün də eyniylə gerçəyin özü idi. Bunun özündə də hansısa bir dərgidə şeirim çap olunanda, hansısa bir kitabım işıq üzü görəndə mən onu uşaq kimi sevinə-sevinə bağrıma basıb öpürəm. Mənə elə gəlir ki, ailəmin bir üzvü də artıb.
Bəli, dörd bölümdən ibarət olan "Ümid kitabı" oxucunun üzünə ümidli, inamlı bir qapı açır və deyir ki, "Mənim ümidimi qırsaq çətindi". Bu fikir o vaxt səslənə bilər ki, özünə güvənəsən, güvəndiyini yenilməz biləsən. Əgər oxucuya bu çağırışı edirsənsə, deməli, sən bunu haqq eləmisən. Bax, Ramiz Məmmədzadə "Bu bayraq" şeirində vurğulayır ki:

Bu Bayraq
Şəfəqlər kimi
Bərq vurur,
Sönməz bu Bayraq!
Zirvələrdə cilvələnər,
Enməz bu bayraq!

Və yaxud:

Mənim Məkkəm-məndən uzaq...
Vətən deyil hər dərə, dağ...
Baba-nənə yatan torpaq
Bizə yurd olar,
yurd olar.
Bu iki nümunə ayrı-ayrı şeirlərdən gətirilsə də mənim düşüncəmə görə, torpağın varlığını, sahibini, əzəmətini onun üzərində dalğalanan bayraq göstərdiyi kimi, yurdun da gücünü, nurunu, əbədiliyini həmin o bayrağı qaldıran oğullar, o bayrağı qoruyan ünvanlar təqdim edir.
Yəni torpaq da, bayraq da, onun keşikçisi və yaradanı bir olanda ona heç kəs yaxın düşə bilmir. Dalğası torpağa layla çalan bayrağın ər oğulları dünyada var olduqca onun hər biri general olmaq əzmi ilə sabaha baxır. Çünki nəsillərin nümunəsi təbii ki, yaxşı və yaşanmağa layiq nümunəsi bizə bunu diktə edir. Üstəlik bizim hər birimiz əməlimizlə, həyat tərzimizlə, həm də yaratdıqlarımıza, obrazlı desəm, dünyaya bəxş etdiyimizə bənzəyirik. Söhbət sözdən gedirsə, deməli, hər söz daha çox onu yazana oxşayır. Elə Ramiz Məmmədzadə də bu fikirdədi. O da vurğulayır ki:

Özümə oxşayır yazdığım şeir,
Bir az narahatdı,
Bir az - nahamar...
Hər kəlməm, hər sətrim bu,
sənsən, deyir
Mənə oxşamasa mənə dərd olar.

Əslində bu, hər kəsin özünü yazmasını bədii ifadəsidi, etirafıdı. Müəllif bu şeirlə özünü bir daha oxucuya təqdim edir və bildirir ki, harda qarşılaşsaq, harda məni oxusanız, elə çöhrəmi də, görkəmimi də göz önünə gətirəcəksiniz, mənimlə üzbəüz dayanacaqsınız. Onu da deyim ki, oxucunun qarşısına bu istəklə, bu özünü təqdimlə çıxmaq istəyən yazı adamları o qədər də çox deyil. Çünki həyat, əxlaq, dünyaya baxış bəzən sözlə cismani varlığı bir-birinə qarşı-qarşıya qoyur və bu tərs mütənasiblik oxucunu çaşdırır. Ona görə də özünü yazmağa, özünü təqdim etməyə çoxları ya tərəddüd edir, ya da... "Ümid kitabı"nın ikinci bölümü "Bir ömrün üfüqləri" adlanır. Bu bölümdə müəllifin demək olar ki, ünvanlı şeirləri toplanır.
Həmin ünvan sahiblərinin əksəriyyəti mənim üçün tanış və dəyərli simalardı. Ona görə də bu bölümdə bir araya gəlmiş şeirlərin ovqatı da şəxsən bir oxucu kimi məndə rəngarənglik yaradır. Çünki həmin insanlardan dünyasını vaxtsız dəyişənlər də olub və onların ruhuna ünvanlanan ürək pıçıltıları həm xatirə təsiri bağışlayır, həm ağı, həm də bir ürək ağrısı. Məsələn:

Bir nəslin, bir elin
Yaraşığıydın.
Sən bütöv kişiydin,
Zirəkdin, Adil!

Başımız üstündə
Gün işığıydın
Getdin...
Sinəmizə dağ çəkdin, Adil!..

Mənə elə gəlir ki, Ramiz Məmmədzadənin kitabının "Bir ömrün üfüqləri" silsiləsi təkcə poetik düşüncələrin, duyğuların yazılı ifadəsi deyil. O həm də bir ömürdə yaşanmış gözəllikləri, maraqlı anları, şirin xatirələri, vaxtsız ayrılıqları, bir sözlə, ömrün bütün çalarlarını ifadə edib - özü də səmimiyyətlə, özünəməxsus deyim tərzi ilə. Ona görə bunu xüsusi vurğulayıram ki, Ramiz Məmmədzadə poeziyasına bələd olan hər kəs onun təkcə yazı üslubunu deyil, həm də sözü ifadə etmək üslubunda da özünəməxsusluğu saxladığını yaxşı bilir.
Kitabın üçüncü bölümü "Uzaqlarda qalan işıq" adlanır. Bəri başdan deyim ki, öncə mən bu işığın uzaqlarda qalması fikri ilə razılaşmadım. Çünki biz ömür boyu işığa doğru gedirik və ürəyimizdə də öz işıq payımızı ünvanına tələsdiyimiz işığa qovuşdurmağa aparırıq. Lakin Ramiz müəllimin bu bölümdəki şeirlərini oxuyandan sonra bölümə seçdiyi adı və onun ifadə etdiyi mənamı qəbul etdim. Anladım ki, söhbət bizim keçmişimizdə yaşanmış, keçmişimizin ən möhtəşəm anları olmuş, bizi yaşatmış, bizimlə yaşamış, ayrı-ayrı fərdlər, xüsusilə doğmalarımız - atamız, anamız, həmçinin doğulduğumuz torpaq, bir sözlə, dünəndə qalan gəncliyimiz özü də bir işıqdı. Və biz o işığı bizdən sonra gələnlər üçün yandırıb elə yana-yana da qoyub gəlmişik. Çünki bizim dünənimiz də işıqlıdı, inşallah, sabahımız da işıqlı olacaqdır. Biz olan dünyada işıq hər şeydi.

Bir sevda, məhəbbət oyunu - qədim,
Oynatdın ruhumu durduğum yerdə.
Hardasa mən səni görə bilmədim,
Şimşəklər dağıtmış xatirələrdə...

Və yaxud:

Mən səni bir qucaq çiçək bilmişdim,
Gün kimi, ay kimi göyçək bilmişdim.
Dilinin, adının təbəssümünün,
Duyğunun rəngini gerçək bilmişdim.
Hər bir söz ifadə edildikdən sonra öz sahibindən bir addım qabağa keçir. Necə deyərlər, özü-özünə yuva qurmağa başlayır. Təbii ki, söhbət halal, səmimi və gerçək sözdən gedir. Bax, Ramiz Məmmədzadənin artıq stolüstü kitabıma çevrilmiş "Ümid kitabı" demək olar ki, özünə yuva qurmağa başlayan bir söz çələngidir. Və söz çələnginin sonuncu bölümü "Günlərin bir günü" adlanır. Mən bu bölümdəki şeirlərin ovqatını elə zamanımızla, həyatımızın gerçək üzüylə həmahəng gördüm. Sanki günümüz bu misralara köçürülmüşdü. Ona görə də sərbəst notlar üstündə mən Ramiz Məmmədzadə misralarına bir oxucu nəzəri yetirdim və gördüm ki:

- Kədərim boyumdan ucadı,
Əllərim çatmır ki,
tutub onu
bağrıma basım.

Bu şeirin sonuncu bəndi:

- Sən nə vaxtsa, hardasa
özünü tapa bilsən,
Göstər, bəlkə mən də səni
Görə bildim...

- Sənin yalanların
Həqiqətlərimi də
Aldı əlimdən.

Şairin sərbəst notlar üstündə boyumuzdan böyük kədərimizlə və bu kədəri bizə yaşadan gerçək və gerçək olduğu qədər də amansız güclərlə dialoqunu oxuduqca daxilən həmin o hissləri bir oxucu kimi mən də yaşayıram və mən də hiss edirəm ki, kədərimə gücüm çatmır... hiss edirəm ki, kədərim amansızdı... hiss edirəm ki, bu həyatın sərt üzüdü. Onu Ramiz Məmmədzadə bir daha oxucularının, o cümlədən də mənim üzümə söylədi. Özü də olduğu kimi. Təbii ki, gerçək nə qədər acı olsa da, gerçək olduğu üçün biz onun həmişə ehtiyacını çəkmişik. Yaxşı ki, Ramiz müəllim bu ehtiyacımızın ödənməsinə öz töhfəsini verib...

Əbülfət MƏDƏTOĞLU