adalet.az header logo
  • Bakı 20°C

SiDiK ANALiZi

OQTAY SALAMOV
44411 | 2012-03-31 08:20
Yaşlı bir "siyasətçi" ilə tanış olmuşam. Bir gün "kar şoqərib" olur, nə deyirsən "nəə" deyib bir şeyi on dəfə soruşur, növbəti gün qulağı darı dəlir, bilmirsən kar odur, yoxsa sən özün... Bir sözlə, maraqlı adamdır. Bir az gopu da var, amma indi kim goplamır ki. Hələ o da olsun siyasətçilər. Düzdür, Qasım "həvəskar", həm də pensiyada olan siyasətçidir, ona görə də onun sözlərində bir az "rəng" görəndə nə özüm təəccüblənirəm, nə də sizlərə məsləhət görmürəm. Əsas odur ki, maraqlı adamdı... Deyir ki:
   
   " Lap uşaqlıqdan siyasətlə maraqlanıram. Xobbidi, adını nə deyirsiniz ondandı, bir sözlə şakərimdi. Çünki insan həyatının ən maraqlı sferalarından biri siyasətdi. Bu teatrda nə istəsən var; insan ambisiyalarının ifadəsi, qalxmalar və enmələr, ağıl, ağılsızlıq, hərislik və ikiüzlülük, təsadüf və əvvəldən planlaşdırmış oyunlar...
   
   Tanışlar zarafatla deyirlər ki, Qasım kişi, sən gəzən "siyasət ensiklopediyasısan". Düzünü deyim ki, mənə ləzzət eləyir. Mən doğrudan da Xruşşovun BeeMTe tribunasına ayaqqabısını döyəclədiyini tarixi ilə xatırlayıram, Brejnevin sözünü bizim televizordan "qənaət qənaətcil olmalıdı" kimi tərcümə etdiklərini öz qulağımla eşitmişəm.Özü də bu tam həqiqətdi. Kimsə televizorla futbola baxır, amma mənimki, siyasətdi. Ölürəm siyasətçilərin bir-birini qırdığı tok-şoular üçün. Odey, bizim ayıb da olsa,kommunist partiyasının baş katibi ilə, üzüm ayağınızın altına, Xalq Cəbhəsinin lideri arasında söz atışmasını ən qaynar futboldan maraqlı matç sayıram.
   
   Bu yaxınlarda televizorda bir siyasətçi ağzını çirninin üstünə qoyub hamıya söyüşlə cavab verirdi. Ona "oğ...ş", buna "oğ...ş" deyirdi ... Gözüm kəlləmə çıxdı. Çağırdım bizim qarını ki, bu kimə deyir "oğ..ş"? Qarı gülüb deyir ki, a Qasım, son vaxtlar qulağın yaxşı eşitmir deyəsən. Gah televizorun səsini elə qaldırırsan, qonşular şikayətə gəlir, gah da "yoldaş"ı "oğ...ş" eşidirsən. Bəlkə doxdura gedəsən?..
   
   Arvadın sözündən çıxmadım, kişi döyüləm bəyəm? Gedib qulaq doxdurunun qəbuluna yazıldım. Cavan bir qız idi, qulağıma pıçıltı ilə rəqəmlər söylədi. Elə bildim telefon nömrəsini deyir, amma heç nə eşitmədim. Başa düşdüm ki, ancaq bərkdən olan danışığı eşidirəmmiş. Həkim deyir, Qasım dayı, üçüncü gün gəlin, audiometrist üçünçü günlər qəbul eləyir. Deyir sizə auidometriya edərlər, deyəsən eşitmə aparatı seçməli olacağıq...
   
   Fikirləşirəm ki, zəhrimara qalsın, niyə gəldim ki, indi üçüncü gün də gəlməliyəm. Məsələ belədi ki, mən əsa ilə gəzirəm, ayaqlarım ağrıyır. İnfarktdan sonrakı tənginəfəslik də bir yandan. Daha cavan da deyiləm axı, iki aydan sonra, Allah qoysa, 78-i başa vururam. Bəs neynəyim? Üçüncü gün poliklinikaya sürünə-sürünə də olsa gəlirəm. Qulaqlarımın necə eşitməsini yoxlamaq üçün xüsusi aparat vasitəsi ilə mənə o dedikləri auidoqramma eləyirlər. Laborantka ambulator kartıma qrafiki kleyləyib deyir ki, "Qasım dayı, sabah gələrsiniz sizi bura göndərən həkimin qəbuluna ki, sizə pulsuz eşitmə aparatı yazsın"...
   
   Evə gələndə yorğun və dilxor idim. Deyəsən üçüncü dəfə poliklinikaya getməli olacam. Ayaqlarım ağrıyır. Nəvəm Gəncədən zəng vurur. Nəvəm biznesmendi. Əhvalatımı danışıram. Deyir. "baba, hökumətlə çox da əlaqə qurma, bir taksi sifariş elə, özəl firmaların birinə get, qulağına bir yaxşı aparat seç. İndi mən İnternetdə baxıb bir neçə adres deyərəm. Ən yaxşısını seç, bütün xərcləri de, pulunu bu dəqiqə göndərim".
   
   Qulaq asmadım. Özümə sığışdırmadım. Mən 50 il istehsalatda işləmişəm, can qoymuşam, ordenim, iki balaca medalım var, üç dəfə sosializm yarışının qalibi olmuşam. Hələ tərifnamələri demirəm, tualetin divarlarını, tavanı kleyləsəm, hələ üçü də artıq qalar. Yox, pirinsipə gedəcəm, pulla almayacam, qoy doğma hökumətim pulsuz versin, düşür axı!
   
   Yenə də büdrəyə-büdrəyə poliklinikaya gedirəm. Tanış həkim qulağımın eşitmə qrafikinə baxıb deyir: "Qasım dayı, sizin qulağınızda ağıreşitmənin üçüncü stadiyasıdır, sizə eşitmə aparatı lazımdı. Bunun üçün mərkəzi institutda surdoloqun qəbuluna yazılmalısınız və ondan çıxarış almalısınız. Bu da onun telefonu".
   
   Zəng etdim. Bir ay yarımdan sonra gəlmək üçün qəbula yazdılar. Evdən avtobusla, sonra metro, sonra da iki avtobus dəyişməklə getmək lazımdır. Bu yolu necə getdiyimi danışıb sizi də ağlatmaq istəmirəm, amma məni göz yaşları boğur. İndi yadıma salanda pis yuxu kimi xatırlayıram...
   
   Axır ki, adı söyüşə oxşayan həkimdən, surdoloqdan arayış ala bildim. Amma bu zırıltıdan sonra sətəlcəm olub üç həftə stasionarda yatdım. Yəqin yollarda soyuqlamışammış. Vaxtaşırı ayaqlarım da "otkaz"z eləməyə başlayıb...
   
   Xəstəxanadan çıxandan sonra səndələyə-səndələyə öz qulaq doxduruma surdoloqun arayışını aparıram. Çıxarışa baxıb deyir: "Qasım dayı, bax, bu həkimlərin hamısının qəbulunda olmalısan, analizləri verməlisən ki sizə VTEK komissiyası üçün göndəriş vərəqəsi verək".
   
   Deyirəm, doxdur, axı bu kabinetləri altı ay bundan qabaq, əlilik dərəcəsi alanda keçmişəm. Deyir, bu göndəriş vərəqəsi üçün yaramaz, o əlilllik dərəcəsi üçün idi, amma bu eşitmə aparatı üçündü. Deyirəm, a qızım belə çıxır ki, sabah da dəlilik kağızı üçün kabinetləri gəzməliyəm? Deyir, Qasım dayı, bilirəm, sizin üçün çətindi, amma neynəyim ki, belə qaydalar çıxarıblar.Bizim tibbimiz belədi dəə.
   
   Yox ey, öldü var, döndü yoxdu, işə girişmişəmsə geri çəkilməyəcəm. Məktəb vaxtı oxuduğum Pavel Korçagin yadıma düşdü. Bəyəm onunçün asan idi? Deyinə-deyinə, söyə-söyə yenə yola düşürəm. Bir həftə yarım da kabinetlərdən keçdim.Hər şey qurtaranda məlum oldu ki, bəs sidik analizi çatmır.
   
   Yenə bir butulka götürüb poliklinikaya gedirəm. Deyəsən qurtardım. Göndəriş vərəqəsi ilə üç avtobus dəyişməklə VTEK-ə gedirəm. Oradan mənə arayış verirlər ki, mənim eşitmə aparatına ehtiyacım var. Və nəhayət mən bu aparatı alıram. Unutmayın, tamamilə pulsuz!
   
   Mən bu hadisəni dördüncü mərtəbədə olan qonşuma danışanda bilirsiniz nə dedi: "Qasım, sənin başın çatmır. Sənə nəvən təklif eləməmişdi? Niyə razılaşmamısan? Xəbərin var ki, bizim hökumətlə iş görənlər zülümə düşürlər? Mənim də dərdim səninki kimi idi. Özəl firmaya getdim, pulunu oğlum verdi, gözəl bir eşitmə aparatı seçdilər. Danimarkanındı, rəqəmlidi. İndi əla eşidirəm"...
   
   Qonşu nə deyir desin, mən fəxr edirəm ki, dövlət mənim qayğıma qalıb, güzəşt verib. Budey, divanda uzanıram, onsuz da ayaqlarım işləmir, televizorda müxtəlif tok-şoulara baxıram və özüm-özümə deyirəm: "Bizim xoşbəxt qocalığımız üçün sağ olsun partiyamız və hökumətimiz! Məlumdur ki, hansı partiyanı deyirəm...
   
   Amma bir məsələ məni yaman dilxor eləyir: eşitmə aparatı üçün sidik analizi nəyə lazım idi?..

TƏQVİM / ARXİV