adalet.az header logo
  • Bakı 21°C
17 Aprel 2014 13:37
6547
GÜNDƏM
A- A+

Silahlarımız Asiya bazarında - Fotolar

Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı (DSA-2104) çərçivəsində Azərbaycan stendinə müxtəlif ölkələrin silahlı qüvvələrinin təmsilçiləri baş çəkib.


APA-nın Malayziyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sərgiyə qatılan Azərbaycan nümayəndə heyətinin də bir sıra görüşləri olub.

Müdafiə sənayesi naziri Yavər Camalov Səudiyyə Ərəbistanının silahlı qüvvələrinin yüksək rütbəli nümayəndə heyətini qəbul edib.

Sərgini dəyərləndirən Y. Camalov bildirib ki, Cənubi Şərqi Asiya regionu Azərbaycan müdafiə sənayesi üçün potensial bazar hesab olunur. Bu bölgədə Azərbaycanın məhsullarına tələb var.

«Sərgi çərçivəsində biz Malayziya və Sinqapurun bir şirkəti ilə Azərbaycan məhsullarının bölgədə marketinqinin təşkili barədə razılığa gəldik. Bu Azərbaycanın hərbi sənayesinin bölgə bazarına çıxması üçün mühüm addımdır», - deyə nazir vurğulayıb.

Nazir sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıq işlərinin davam etdiyini, bu sərginin Azərbaycan hərbi sənayesi üçün mühüm göstərici olacağını deyib. Y. Camalovun sözlərinə görə, Azərbaycanda keçiriləcək müdafiə sərgisi regionda keçirilən digər ölkələrdən fərqli olaraq qatılımçı coğrafiyasının genişliyinə görə fərqlənəcək.

Qeyd edək ki, MSN tərəfindən sərgidə 132 adda məlumat əyani şəkildə və ya broşür şəklində təqdim olunur. Nazirliyin stendində nümayiş olunan 14.5 mm çaplı "İstiqlal-T”, 12.7 mm çaplı "Mübariz”, 7.62 mm çaplı "Yalquzaq” snayper tüfəngi, tank və zirehli texnikalar üçün pulemyotu, HP-7.62 hücum pulemyotunun lüləsinə görə fərqlənən iki fərqli versiyası, universal pulemyotu, "Zəfər”, "Zəfər-K” və "İnam” və polimer gövdəli tapança modelləri, pilotsuz uçuş aparatlarının maketləri, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, bədən zirehi, əleyhqaz və s. xarici mütəxəssislərin marağına səbəb olub. Azərbaycanın sərgidə təqdim etdiyi yeniliklər HP-7.62 pulemyotunun uzun lüləli versiyası, polimer gövdəli tapança, müxtəlif çaplı döyüş sursatlarıdır.