adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BAŞA GƏLƏN çƏKiLiR...

VƏSİLƏ USUBOVA
29396 | 2012-03-31 08:20
"Yaxşı şeylər barədə düşünün ki, başınıza gəlsin" deyimi bu dəfə də özünü doğrultmadı məndən ötrü. Bu tətildən də çox gözləntilərim vardı. Dincəlməyi, səyahət etməyi yox, sadəcə bəzi işləri qaydasına qoymağı düşünürdüm. Onsuz da, gedəsi yerim yoxdu. Bir-iki mövzu işləyəcəkdim, evdə bir az yır-yığış edəcəkdim, vəssəlam. Alınmadı. Təkcə "alnmadı"ynan bitsəydi, nə vardı ki,.. Tam tərsinə oldu hər şey. Qızdırmalı, öskürəkli bir xəstəlik yayılıb bizim tərəflərdə. Boğaz ağrısıynan başlayıb, 39-40 dərəcə hərarətnən kələyini kəsməmiş yaxasından əl çəkmir adamın. Mənim kimi "buluddan da nəm çəkən"lərin malıdı. Əlüstü yaxaladı. Nəvələrimi də, özümü də. Bu səbəbdən "tətil"im düz doqquz gün çəkdi...
   
   Bayram ovqatımız elə şənbədən başlanmışdı. Təkcə bazar ertəsi işdə olacaqdıq deyə, günortadan sonra qəzetləri evə gətirmişdim. Sevimli Fəridə xanım Rəhimlinin "Çərşənbə torbası" qəddimi əyəcək bir qəm torbası yükləmişdi çiyinlərimə. Koridordan mətbəxə, mətbəxdən balkona, oradan da geriyə daşıyırdım özümnən. Yaman çalxalandırmış, bulandırmışdı könül dəryamı. Çox cılız mövzudu qələm adamıyçın bu regionçuluq. O qədər cılızdı ki, vaxtına da, qələm-kağıza da heyfin gəlir. Amma nə edəsən ki,...Yazmadıqca, özünü haqlı bilənlərin sayı sürətlə artır. Həm də cılız duyğular yeri gələndə çox təhlükəli olurlar. Yəqin, Sovet dövründə qorxurmuşlar içlərini tökməyə, indi əllərinə girəvə düşüb...Kimin qabında nə varsa, dadını-duzunu öz dilinə vurub yoxlamadan qoyur ortalığa. Bir-birimizlə dartışmağa, didişməyə çox meylliyik. Fəridə xanımı ağrıdan səbəbləri dərindən anlayıram... Yazısını oxuyandan sonra "Əsli və Kərəm" dastanından bir parçanı xatırladım. Qara Məlik Əslini diyarbadiyar gəzdirirdi. Hara aparırdısa, Kərəm də lələsiynən dallarınca sürünürdü. Bir kənddə adamlar yığışıb Kərəmgili daşa basırlar, amma atılan daşların heç biri Haqq Aşiqinə dəymir. Ürəyi soyumayanlar Əslini də məcbur edirlər ki, sevgilisinə daş atsın. Çarəsiz qız yerdən xırda bir daş götürüb könülsüz-könülsüz Kərəmə atır. Bu xırda daş Kərəmin başını yarıb sifətini al qana boyayır. Təkcə başı deyil, ürəyi də parçalanan aşiq sazı sinəsinə basıb görün nə deyir:
   
   Haşa, sevdiciyim, haşa!
   
   Deyilənlər gəldi başa.
   
   Bir yandan özün bas daşa,
   
   Bir yandan el car eyləsin!
   
   
   
   Fəridə xanımı da erməni məkrindən, qəddarlığından çox öz "elinin car eyləməsi" ağrıdır...Bu hələ sadə camaatdı, Fəridə xanım. Onların təsəvvüründə, anlayışında ibtidailiyin, bəsitliyin olmasına bir təhər dözmək mümkündü. Bəs, bəzi ziyalılarımızın tövründə, davranışında, hətta söhbət və müsahibələrində, bədii əsərlərində regionçuluğun, xüsusən də, Bakılı şovinizminin cücərməyə başlamasına nə ad verək?!
   
   Bu təkcə sənətə zərbə vurmayacaq...
   
   Tələbəlik illərindən elə cazibədar xatirələrim qalmayıb. Ya dərslərə çox vaxt ayırdığımdandı, ya da ümumən, şəhər həyatını sevməməyimdən, o illər heç yuxuma da girmir. Amma...hər gün avtobusdan düşüb universitetə piyada getdiyim yolun sağ tərəfindəki qədim, yaraşıqlı binanın blokundan özü boyda köpəklə çıxan sarısaç rus oğlanı yaddaşım hələ də itirmək istəmir. O zaman təkcə tələbə və aspirantlar deyil, Azərbaycanı dünyaya tanıdan elm adamlarının, şair, yazıçı, aktyor və rəssamların belə arasında kirədə, şəraitsiz evlərdə yaşayanları vardı. Amma kimsə nəfəsini belə çəkə bilmirdi. Bu azmış kimi, onlar köçüb gedəndən sonra qan-yaş tökməyə, xiffət çəkməyə başladı bəzi... Yuxarıda işlətdiyim sözü təkrar eləmək istəmirəm.
   
   Əsrlərdən bəri başımızın üstündə gəzdirdiyimiz gəlmələr və öz torpağımızda qəribə çevirdiyimiz özümüzünkülər...Doğrudanmı, ayırd eləmək bu qədər çətindi?!...
   
   Azərbaycanın tolerant ölkə olmasıynan fəxr edirik. Mənsə burada fəxr eləməli bir şey görmürəm. Biz hamını sevirik, hörmət edirik, yuxarı başa keçiririk, ən nəhayət, öz torpağımızda istədiyini eləməsinə göz yumuruq. Qısası, hamıya və hər şeyə dözürük özümüzdən başqa. Erməniyə qucaq açmağımıza qəlbigenişlik deyirik. Xeyr! Bu nə sevgidi, nə də qəlbigenişlik. Birincisi, zorla yeridilmiş siyasətdi, ikincisi də bizim kosmopolitizmimiz. Qonşumuzu qoymuruq arxımızdan su götürüb bostanını suvarsın. Bir dar cığırın üstündə dava salırıq. Cənnət torpaqlarımıza başqaları köçürüləndə qəlbigeniş oluruq?! Bir-birimizə dargözlük, paxıllıq edə-edə, karyerasına mane ola-ola başqa millətləri boynumuzda gəzdiririk. Beynəlmiləlçiliyimizlə öyünüb yerlibazlığımızla bir-birimizi didirik. Araqarışdıranların bir atmacasıynan irəvanlılar dönüb "yeraz" oldular. Yad toxumlara çox münbitdi torpağımız. Tez göyərdib hər tərəfə yayırıq. Bir millət kimi sayımız o qədər çoxdurmu kənd-kənd, şəhər-şəhər bölünürük?!
   
   Yox, biz öz içimizə dərindən boylanmalıyıq...Belə psixoloji durumla heç bir mili birlikdən danışmağa dəyməz...
   
   
   
   ***
   
   Harada dünyaya gəlməyimizi özümüz təyin eləmirik. Doğulduğumuz yerlərdə bizdən əvvəl kimlər yaşayıbsa, nələr tikib-qurublarsa, yaratdıqlarını necə qoruyublarsa, öyrənməli, yaxşısından qürurlanmalı, öz payımızı da verməliyik...Nə qədər nəhəng bir ölkənin vətəndaşı olsan da, onun hər qarışını göz bəbəyin kimi sevsən də doğulub-böyüdüyün torpağın cazibəsi başqadı. Özümüzdən asılı olan bir şey deyil bu. Heç kim Xarı bülbülü Qarabağdan gətirib Muğan torpağında bitirə bilməz. Muğan iqliminə məxsus ağac və kolları da həmçinin. Bu Ana Təbiətin pozulmaz (yaxşı ki, pozulmaz) şah qanunlarından biridi. Deməli, duyan, düşünən, həsrət, xiffət çəkməyi bacaran insanı da yurd yerinə bağlılığına görə kimsə qınaya bilməz. Bütün insanlar eyni deyil, təbii ki,...Elə qaçqın tanıyıram ki, itirdiyi yurdun xiffətini mən ondan çox çəkirəm. Əlinə zopa götürüb qovsan da, bu yerlərdən gedən deyil. Bu da taleyin bir ayrı işvəsi, ayrı rişxəndidi...Nə qədər çox vurğunsansa, bir o qədər çox yanacaqsan. Sən elə həzin bir kədərlə qovrulursan ki, əziz Fəridə, bu ağrının cazibəsindən qopmaq olmur. Anam deyərdi ki, kəndin o başı da qəriblikdi. Doğmalarımın, həmkəndlilərimin dilə gətirmədən yaşadıqları çox acıları sonralar anladım. Həm ləhcəmizlə, həm xarakterimizlə, ən çox da məişətimizlə qonşularımızdan fərqlənirdik. Bu fərqlər indi də özünü göstərir. (Yaxşı ki, göstərir, yaxşı ki, gen yaddaşı deyilən bir ruhi bağlantı var). Çox-çox sonralar anladığım bəzi şeylər, bəzilərinin xırdaçı vərdişləri, burnundan uzağı görməməsi bu günədək üzür məni. Kolxoz idarə heyəti, kənd Soveti, orta məktəb binalarının kəndimizdə yerləşməsinə baxmayaraq o dövrdə imkan vermədilər ki, kolanılardan bir nəfər də kolxoz sədri, kənd Soveti sədri seçilsin. Oxumuşların arasında da qəlb incidəcək ifadələr işlədənlərə rast gəlinirdi. Belə hallar uşaqların qəlbini daha çox incidir. Bir müəlliməmiz vardı. Qonşu kənddəndi, amma anası kolanıydı. Özü də kəndimizə nişanlanmışdı. Bir dəfə (onda doqquzuncu sinifdə oxuyurdum) sinifdə o da oxşar bir ifadə işlətdi. Özümü saxlaya bilmədim, məni hamıdan çox istədiyinə bu gün də şübhə eləmədiyim müəlliməmə cavab qaytardım: "Özümüz pisik, oğlumuz yaxşı?!" Sonra gəlin gəlib bir-iki il kəndimizdə yaşayandan sonra özü mənə etiraf elədi: "Sizin camaat daha yaxşıdı"...Hər cür müqayisə qüsurludur, deyimini yada salıb təkrarlamaq istəyirəm ki, mən o qonşu kəndlərin bağ-bağatını, meyvəli bağlarını, sərin sulu arxlarını, səliqəli küçə və həyətlərini, istiqanlı adamlarını bu gün də olduqca şirin duyğularla, həsrətlə xatırlayıram. Və cavanları, yeniyetmələri ayıltmaq istəyirəm. Zəhərli fikirlərə uymasınlar. Bu torpağın hər qarışı bizimdi. Ləhcə, adət, məişət fərqlərimiz bizi nəinki ayırmamalı, bir-birimizçin daha da maraqlı eləməlidi. Həyatın öz diktəsi var. Kəndlərimiz artıq bir-birinə qarışıb. Adamların arasında qudalıq, kirvəlik əlaqələri getdikcə artır. Başı qarlı dağlara baxıb köks ötürən ağır taxtalı Kolanı qocaları çoxdan xanım-xatınlarını da yanlarına alıb bu dünyadan köç ediblər. Yaddaşlarda igidlikləri, söz-söhbətləri qalıb. Onlar da unudulub gedəcək yavaş-yavaş...
   
   Beş-altı ay bundan qabaq bir nəfər yanımda utanmadan "Kolanılar oğrudu" dedi. Sən savadsızsan, dedim, əgər tarixi bilsəydin, İlyas Əfəndiyevin, "Üçatılan", "Geriyə baxma, qoca" romanlarını oxusaydın, belə deməzdin. Anlayardın ki, bu gün bizə kolanı balası "Partizan Babaş" kimi onlarla, yüzlərlə oğul lazımdı... Sonra da belələrinə baş qoşduğuma görə, özümü danladım. Axı, Koroğlunun "qaçmaq da igidlikdəndi" kəlamını da çoxları düzgün anlamır...
   
   Etiraf edim ki, yazının bu hissəsini işləməkdə bir az tərəddüdlüydüm. Deyirdim, məni düz başa düşməzlər, qaş qayıran yerdə vurub göz çıxararam. Dördüncü abzasdan sonra kompüteri söndürüb yatmağa getmişdim. Səhəri gün idarədə çərşənbə gününün qəzetlərini gətirdilər. "Ədalət"in birinci səhifəsindəki yaylağa köç edən kolanılar haqqında "Günün lətifəsi"ni oxuyanda öz-özümə məəttəl qaldım. Mənim düşündüklərimlə, yazmaq istədiklərimlə nə qədər uyuşurdu. Bu rəvayət, sözsüz ki, Aqil bəyin eşidib yadında saxladıqlarından bir yarpaq idi. Mən də eyni şeyləri həsrət və heyranlıqla düşünmüşdüm...
   
   Haralara səpələnsək də, ruhumuz bütöv qalırmış, sən demə...
   
   
   
   ***
   
   Bu şəhərli-kəndçi məsələsi lap gülüncdü. Yəqin, dünyanın hər yerində belə sarsaq münasibətlər var. Axı, yer üzünün insanları həm də öz səfehlikləri ilə də bir-birlərinə bənzəyirlər.Biz də hər işimiz kimi, bu məsələdə də rekordçuyuq, şübhəsiz. Xırda bir işdən ötrü rayona gələn (həm də gözü rayonlunun cibində olan) şəhərli özünü o qədər çəkir ki, deyirsən, alçaq dağları bu yaradıb. Tüfeyli oğluna öz qohum-əqrəbasından qız istəməyə üzü gəlməyən şəhərli qadın gözəl-göyçək, məsum kənd qızına elə minnətnən elçi düşür ki, guya bu bədbəxtin qızını dünyanın bəztəvəri edəcəkmiş. Elə qızın qonşuları da onu dünyanın xoşbəxti sayırlar. Yazıq millət... Nə qədər xırda hisslərnən yaşayacaqsan?! Nə vaxt ayılıb özünü tanıyacaqsan, dostunu düşmənindən seçəcəksən?!
   
   Bir də ki,... Tanrının qürurlanmaq üçün heç nə vermədiyi adamlar özgə neyləməlidirlər ki?!...
   
   
   
   ***
   
   Təsəvvür edin, həmin bayram gecəsində bu millət saat yarımlıq da olsa, özü olmağı bacardı...
   
   Bunu Səməd Vurğünün dühası elədi...
   
   "Ozan"ın (İTV) bayram gecəsindəki sayı Xalq şairinin xatirəsinə həsr edilmişdi. Vurğunun doğum günüydü. Əslində, həmin gecə hər kəs təzədən doğulurdu, təzədən Azərbaycana vurulurdu. Ulduzlar sayrışır, söyüdlər salxımlanır, hardasa anadillər ötürdü. Danışanlar doymaq bilmir, eşidənlər nəfəs çəkmir, mizrab teldən ayrılmırdı. Səməd Vurğun təzədən dünyaya gəlirdi daha bir "min ilin Azərbaycan şeirini" yazmaqdan ötrü...
   
   Mənciyəz uşaqlıqdan Onun dəlisiyəm. Kitablarını da görəndə ürəyim ilk sevgi məktubunu alan qız ürəyi kimi çırpınır. O gecə heç bu dünyada deyildim...Şeir büllur olarmış, ana döşünə toxunan körpə dodağından həlim, yumşaq toxunarmış...Səhər yuxusundan ayılıb dumduru suyun aynasında özünə vurulan on beş yaşlı qız kimi havada uçurdu vücudum. Sərin su kimi üzümə, sinəmə sərirdim sözlərini...
   
   Kifayət qədər ləhcə fərqi vardı o gecənin qonaqlarında. Bir heyranlıq da gəldi vurğunluğumun üstünə. Qazaxdan, Tovuzdan, Gədəbəydən, Azərbaycanın cənubundan gələnlər Vurğunun sözlərini deyəndə, oxuyanda qətiyyən ləhcə fərqi hiss olunmurdu. ..
   
   Bu bizim ağrılarımızın cavabıydı, Fəridə xanım!
   
   Dünyamızda Vurğunların dühası, ruhları yaşarkən nədənsə qorxmağa dəyərmi?!...
   
   
   
   ***
   
   Xəstə-xəstə gözləntilərim də vardı. Deyirdim, indi yəqin İradə Tuncay bayram aşını yeyəndən sonra dəmir çarığını geyib, dəmir əsasını götürəcək, kişisini də yanına alıb "Yol romanı"nın ardını yazmaqdan ötrü, Allah bilir, haralara gedəcək... Sonra ciddiləşirəm: görəsən, tarixdə səyyah qadınlar olubmu?!...Olmayıbsa,... Hımm, iştahın pis deyil, İradə xanım...
   
   Yolun açıq olsun!..

TƏQVİM / ARXİV