adalet.az header logo
  • Bakı 18°C

"indi tənqidləri vecimə almıram"

19379 | 2012-03-30 08:42
Ədəbiyyat adlı intəhasız yolun gənc yolçularının-gənc qələm adamlarının ürəyi hər zaman dolu olur. Onların danışmağa, fikirlərini bölüşməyə ehtiyacı olsa da, bəzən diqqətdən kənarda qalmaq onları ruhdan salır. Düşünürəm ki, yaşlı yazarlara göstərilən ilıq münasibəti gənclərə, gənc qələm adamlarına da göstərmək vacibdir. Hər zaman bu düşüncədə olmuşam: Azərbaycan ədəbiyyatının seçilən gənc imzaları ilə söhbətləşmək, onların fikirlərini oxuculara çatdırmaq olduqca vacibdir. Qəzetimizdə də bu missiyanı yürütmək niyyətindəyəm.
   
   Cavid Zeynallı gənc yazarlar arasında öz dünya görüşünə, iddialarına görə seçilən gənclərdəndir. Bu yaxınlarda Azadlıq radiosunda fəaliyyət göstərən gənc həmkarımla yaradıcılığı və ədəbiyyat haqqında maraqlı söhbətimiz alınıb. Ümid edirəm ki, söhbətimiz oxucular üçün də maraqlı olacaq.
   
   "Ədalət" qəzetinin bugünkü qonağı gənc nasir, Azadlıq radiosunun əməkdaşı Cavid Zeynallıdır.
   
   
   
   -Bu gün müasir ədəbi prosseslərdə müəyyən qədər adı hallanan, ən gənc yazarlardan birisən. Yazıçı adını daşımağa özünü nə qədər haqlı hesab edirsən?
   
   - Yaman çətin sual oldu. Düzünü deyim, belə suallara doğru-dürüst cavab tapa bilmirəm. Bu mənada məni fərasətsiz hesab etmək olar. Bir dəfə AzTV-yə getmişdim, verilişi hazırlayan xanım soruşdu ki, yaradıcılığınızdan cəmiyyət nə qazanır, insanların mənəvi tələbatı hansı səviyyədə ödənir? Qaldım girinc-giriftar, ilahi, bu suala nə cavab verim?! Dedim xanım, vallah, mənim yaradıcılığım-filanım yoxdur. Cəmiyyətin nə vaxtsa yazdıqlarımdan bəhrələnməsini ağlıma gətirə bilmirəm. Xanım pərt oldu, mən də onun qəlbini sındırdığıma görə it peşmançılığı çəkdim. Bizim bir para yazarlarımız var, Allah saxlasın, salam verən kimi adamı salırlar çənələrinin altına: yaradıcılıqlarını dipdiri danışırlar. Sənin sualına cavab vermək üçün gərək özümü tərifləyəm. Özünütərifdən də zəndeyi-zəhləm gedir. Düzdür, əvvəllər sinəmi qabağa verib bir-iki dəfə belə axmaq işlərlə məşğul olmuşam, amma sonradan başa düşdüm ki, bu, xroniki xəstəliyə bənzəyir: yoluxdunsa, qarşısını almaq müşkül məsələdir. İnan, ciddi deyirəm, mən yazıçılığı qəhrəmanlıq-filan hesab etmirəm. Ümumiyyətlə, yazıçılıq mənim haqqımdır, ya yox, - bunu heç vaxt ağlıma gətirməmişəm. Şərif Ağayarın hekayələrini, Qismətin şeirlərini oxuyanda ilham pərisi məni qanadına alıb uzaqlara aparır. O gün, Günel Mövlud "Facebook" səhifəsində bir şeir paylaşmışdı, oxuyub heyran oldum. Necə deyərlər, yazmaq ehtirası canımı çulğadı. Yetər ki, istedadlı dostlarımız hisslərimizə toxuna bilsinlər, duyğularımız korşalmasın. Qalan nə varsa, düzələcək.
   
   -Səncə, yazar kimdir, yazıçı kimdir? Bəlkə, elə ədəbiyyat yaradanların hamısı yazıçı adlanmalıdır, nə deyirsən?
   
   - Bu yaxınlarda Tarix İnstitutuna zəng vurub Cəbi Bəhramovu verilişə dəvət etmək istəyirdim. Soruşdu ki, ikinci qonağınız kimdir, dedim, bir gənc yazar. "Yazar" sözünü eşidər-eşitməz, Cəbi müəllim ərklə, daha doğrusu, hikkə ilə üstümə çəmkirdi ki, a kişi, nə yazar, yazar nədir? Bu millətin dilini niyə bu günə salırsınız? Elə sizin kimi adamlardır dilimizi, mədəniyyətimizi, tariximizi korlayanlar. Özümü toparlayıb nəsə demək istəyirdim ki, ikinci qəfil zərbədən səntirlədim: "Türkləri gətirib başımıza çıxarmısınız, türklər çox şeyi bizdən öyrənməlidirlər. Hara gedirsiniz, yazar, kullanmaq, bulunmaq deyirsiniz". Özümü xalq düşməni kimi hiss etdim, elə bildim, Cəbi müəlllim qətlimə fərmayiş verəcək. Nədənsə, bizdə belə şeylərə dözümsüzlük var. "Kullanmaq, bulunmaq" kimi sözləri mən özüm də işlətmirəm, amma "yazar" daha yaxşı səslənir. Bəzi yazıçılar dilə mühafizəkarcasına yanaşırlar. Dilin zənginləşməyinin nəyi pisdir, başa düşmürəm? Mirzə Cəlil "spiçkə", "fortoçka", "otkrıtka" yazıb, buna görə mən kibrit, nəfəslik, açıqca yazmamalıyam?! İkincisi də, bizdə oturuşmuş bir anlayış var, məsələn, Qabilə yazıçı desən, adama ədəbiyyatdan bixəbər deyərlər. Amma yazar deyəndə bura İsa Hüseynov da aiddir, Gülhüseyn Hüseynoğlu da, Hüseyn Arif də. Kitabların arxasına bax, şair-yazıçı-publisist-dramaturq yazırlar. Bircə yazar demək fikri ifadə edirsə, dəm-dəsgah nəyə lazımdır?!
   
   - Artıq bir roman müəllifisən. Və bu roman ədəbi mühitdə nə qədər maraqla qarşılandı, alqışlandısa, eyni zamanda, tənqidlər də səsləndi. Əlbəttə ki, bu, təbiidir. Ancaq sən ilk əsərini bu tənqidlərdən necə qorumaq istədin?
   
   - "Günəşi gözləyənlər" romanını tələbəlik xatirəsi adlandırmaq olar. Yəni mənim sevgim, divarlarından kədər, ehtiyac ələnən kirayə evlərdəki güzəranım, qayğılarım - hamısı bu romanda var. Belə deyək, bu roman mənə çox əzizdir. Əvvəllər uydurma hekayələr yazmışam ki, indi heç üzünə baxmaq istəmirəm. Romanın əlyazmasını Rəşad Məcid, Əsəd Cahangir, Qismət və başqa dostlarımız oxuyub müsbət fikirlərini dedilər. Razılaşdığım tənqidləri nəzərə aldım. Roman təzə çıxanda tənqidlər mənə əsər eləyirdi, amma indi vecimə almıram. Kitabdır da, yazmışam. Qan Turalının təbirincə desəm, öz müstəqil həyatını yaşayır, daşlı kəsəkli həyat yollarında duruş gətirməyə çalışır.
   
   - Romanınla MKM-ə qoşuldun. Baxmayaraq ki, bu romanın onluğa düşməsinə cəhd edənlər oldu, amma onluğa düşmədi. Bunu nə ilə bağlayırsan: müsabiqə obyektiv olmadı, yoxsa?
   
   - Düzünü deyim ki, MKM-ə onluğa düşmək iddiası ilə qoşulmuşdum. Əslində, ekspertlərin pərdəarxası müzakirələri ilə tanış olandan sonra başa düşdüm ki, bu iddiamda haqlı olmuşam.
   
   Yaşar, Zahir Əzəmət, Mahir Qarayev əsərə yüksək qiymət veriblərmiş. Yalan-gerçək, dedilər, Tehran Əlişanoğlu ən aşağı bal verib ki, yaşı azdır, indidən belə müsabiqələrə buraxsaq, ədəbiyyatdan arxayın düşər, elə bilər yazmaq budur. Hətta belə bir söhbət olmuşdu ki, birinci il Elxan Qaraqan qalib olub, bu ildə mənim şansım var. Mənim kitabım bir balla kənarda qalıb. Tehran Əlişanoğluna deyiblər bir bal artıq yaz onluğa düşsün, razı olmayıb. Nə isə, belə şeylər gəldi-gedər məsələlərdir. Əsas odur ki, MKM-i qoruyub-saxlaya bilək. Nigar Köçərli çalışır, bu ilin sentyabrında növbəti mükafatı elan etsin. Arzulayaq ki, bu müsabiqə uzunömrlü olsun. Xoşməramlı işləri əl-ələ verib qorumalıyıq.
   
   -Ümumiyyətlə, keçirilən müsabiqələrin obyektivliyinə nə dərəcədə inanırsan?
   
   - İstənilən yarışmada subyektivlik ola bilər. Əsas odur ki, bu tipli müsabiqələr ədəbiyyatın gündəmə gəlməsinə xidmət edir. Mən "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin nəsr nominasiyası üzrə qalibi olmuşam. O vaxt bu birinciliyin mənə necə böyük stimul verdiyini sözlə ifadə edə bilmərəm. Ruhu şad olsun, Rafiq Tağı hekayəm haqqında isti, xoş sözlər dedi. Təsəvvür edin ki, hər müsabiqədə oxucular bir-iki gənc yazarın imzası ilə tanış olurlar. Azadlıq Radiosunun "Oxu zalı" "ədəbi-azadlıq" müsabiqəsini keçirir. Keçən il bu müsabiqəyə tanınmış, peşəkar yazarlar qatılmışdılar. Amma gənc dostumuz Musa Əfəndi qalib oldu. Təsəvvür et, bu yeni yazmağa başlayan insan üçün nə deməkdir. Yaxud, münsiflərin ümumi rəyi imzasını tanıtmış yazarın yox, gənc yazarın xeyrinə oldu. Məncə, bu münsiflərin obyektivliyini göstərir və bu il Azadlıq Radiosunun "Oxu zalı" "ədəbi-azadlıq" müsabiqəsinə 300-dən artıq əsərin qatılması bunu sübut etdi. Ümumiyyətlə, kitabın, ədəbiyyatın gündəmə gəlməsinə xidmət edən bütün işləri qamçılamaq yox, alqışlamaq lazımdır.
   
   - Sənin yaradıcılığından danışanda "rahat dilin" olduğunu deyirlər, lakin ilk romanının dilini tənqid edənlər də vardı. Buna münasibətin?
   
   - Ümumi götürsək, ola bilər mənim yazılarımın "rahat dil"i olsun, amma o mətnlərdə kifayət qədər bərbad məqamlar var. Özüm o qədər naşı, laxlaq cümlələr yazmışam ki... Hətta buna görə "Günəşi gözləyənlər"i ikinci dəfə nəşr etmək istəyindəyəm. Dilə qarşı vasvasıyam. Oxuduğum bütün əsərlərdən ən azı on maraqlı, yeni söz, ifadə çırpışdırıram. Bir də baxırsan ki, hoop, mətn necə koloritli alındı. Bu, əslində mətbəx sirridi və üzdəniraq adamlar belə şeyi həzm edə bilmirlər. Mətndə redaktə məsələsi ciddi işdir. Elxan Qaraqan bizim dostumuzdur, dilindəki qüsurları özünə də demişəm. Bir dəfə özüm üçün Elxanın doqquz sözlük cümləsindən beş sözü çıxardım, heç nə dəyişmədi. Əksinə, cümlənin elə bil üst-başını çırpdın, aydınlığa çıxdı. Bizdə mənim inandığım, dilin cikini-bikini bilən peşəkar redaktorlar var. Məsələn, Seyfəddin Hüseynliyə, Fəxri Uğurluya, Qulu Ağsəsə mətn verdinsə, deməli, redaktə sarıdan ürəyini buz kimi saxla. Amma redaktə məsələsinə aludə olmaq lazım deyil. Qazıdıqca nəsə çıxır. Bu yaxınlarda Mirzə Cəlili yenidən oxumaq ehtiyacı hiss etdim. Öz aramızda qalsın, "Danabaş kəndinin əhvalatları"nda redaktəyə gələn xeyli pinti cümlələr var. Hətta ustadımızın tör-töküntülü cümlələrini redaktə etmək sevdası keçdi ürəyimdən.
   
   - Romanda açıq-saçıq səhnələr vardı ki, elə kitabın tədimatında da bu səhnələrlə bağlı tənqidi fikirlər səsləndi. Razı idinmi bu tənqidlərlə?
   
   - Bircə şeyi dəqiq bilirəm ki, qohum-əqrəba xətrinə, ailə, dost-tanış tövsiyəsi ilə "qalstuklu" əsərlər yazan adamlar zavallı məxluqlardır. Bu, pafos, gəlişigözəl söz deyil, həqiqətdir. Mənim qəhrəmanım həyatın məngənə kimi sıxıb incitdiyi bədbəxt adamdır, üstəgəl, təbiətində ikilik var. Bu insanı necə mədəni təqdim edə bilərəm? Situasiya söyüş tələb edirsə, yazmaq lazımdır, yoxsa saxtakarlıq, bayağılıq oxucunu çimçəşdirəcək.
   
   - Yenə roman yazırsan, deyəsən?
   
   - "Leyla" adlı bir müğənni xanım haqqında roman yazıram. Azərbaycan şou-biznes ulduzlarından bir neçəsini prototip seçmişəm. Öhdəsindən gəlməyə istedadım çatsa, inşallah, yaya hazır olacaq. Ortabab, amma sonradan başı bəlalar çəkən bir jurnalistlə məşhur müğəninin münasibətlərindən bəhs edir. Ölkənin humanitar həyatında "Domokl qılıncı" rolunu oynayan bir general qızının obrazı da olacaq. Çalışıram, oxunaqlı, maraqlı süjet qurum. Ortalığa çıxara bilsəm, babat bir şey olacaq.
   
   - Romanın çapı ilə bağlı nə düşünürsən?
   
   - Düşünürəm, "Ən yeni ədəbiyyat" seriyasına təqdim edə bilərəm.

TƏQVİM / ARXİV