adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Aprel 2014 00:10
33456
LAYİHƏ
A- A+

Yeni tipli orta ixtisas kadrları dövrün tələbidir

İnsan kapitalı necə formalaşır?

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir.
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da insan kapitalının formalaşmasında təhsilin rolu danılmazdır.

Orta ixtisas təhsilində kolleclərin rolu

Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, şəxsiyyətin və cəmiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin də özünəməxsus yeri var. Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin yüksəlməsində və cəmiyyətin intellektual potensialının formalaşmasında əhəmiyyətli rola malikdir. Təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında xüsusi missiya daşıyır. Bütün bunların nəticəsi olaraq yeni tipli orta ixtisas müəssisələrinin - kolleclərin fəaliyyəti diqqət mərkəzindədir.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

Biz bu qabaqcıl kollec barədə əvvəllər də söhbət açmışdıq. Tanıyanlar bilir ki, kollecə yarandığı gündən Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl təhsil işçisi Xəlil Orucov rəhbərlik edir. Kollecin fəaliyyəti barədə geniş söhbətə başlamazdan əvvəl bir məsələni də oxucuların diqqətinə çatdırmağı vacib bilirik ki, direktor Xəlil Orucov mətbuat və cəmiyyət mövzusunun üzdə olan ziyalılarındandır. O öz gündəlik işi ilə yanaşı, daim mətbuatın mütərəqqi inkişafını dəstəkləyən, köməklik göstərən, uğurlarını təbliğ edən, nöqsanlara qarşı mübarizə aparan müəllim və dövlət məmurudur. Onun bu istiqamətdə apardığı işlər Azərbaycan Respublikası Mətbuat Şurasında da təqdir olunur. Əbəs yerə deyil ki, mənim mətbuata həsr etdiyim 'Uembli arayışı' bədii-publisistik kitabımın köşə qəhrəmanlarından biri də məhz Xəlil Orucovdur.
Qayıdaq Göyçay kollecinin fəaliyyətinə və bu kontekstdə digər mühüm məsələlərin şərhinə.

Direktorun söylədikləri

- Hər bir dövr təhsilin məzmununa, onun məqsəd və dəyərlərinə öz tələblərini diktə edir. Belə ki, əmək bazarında baş verən struktur dəyişiklikləri, cəmiyyətdə təhsilin keyfiyyətinə diqqətin artması, informasiya texnologiyasında baş verən yeniliklər, elm və təhsilin dünyəvi xarakter alması təhsil sistemi qarşısında yüksək sosial tələblər qoyur. Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Keçən illər ərzində ümummilli liderimiz Heydər Əliyev siyasətinin böyük təsiri nəticəsində sıçrayışlı irəliləyişlər olmuş, orta ixtisas məktəblərində də struktur dəyişiklikləri baş vermiş, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, təlim-tərbiyə və təhsilin məzmununu yenidən qurmaq, problemin həlli üçün effektiv üsul və metodların tətbiqi önə çəkilmişdir. Müxtəlif ixtisas sahələrində kadr hazırlığının keyfiyyətini yüksəltmək iqtisadiyyatın inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə təkan vermişdir. Son illər Təhsil Nazirliyində, həm də onun müəssisə və təşkilatlarında bir sıra məqsədyönlü işlər görülmüşdür. Əmək və məşğulluq bazarının tədricən formalaşmağa başlaması və bu bazarın tələblərinə uyğun yeni ixtisasların yaranması, iqtisadiyyatın dirçəlməsi, xüsusilə texniki təmayüllü orta ixtisas təhsili müəssisələrinə gənclərin axınını gücləndirmişdir. Bütün bunlar sübut edir ki, orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının səviyyəsi çəkilən xərcə və təhsil müddətinə görə iqtisadi cəhətdən səmərəli olub, eyni zamanda, orta təhsil almağı təmin edir. Bu isə iqtisadi inkişafın tələbatını dəməklə yanaşı, on minlərlə gəncin istək və arzularının həyata keçməsinə cavab verir. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci fəaliyyət dövrü ərzində minlərlə kənd təəsrrüfatı kadrları hazırlamış, respublikamızın müxtəlif regionlarını orta ixtisaslı mütəxəssislər ilə təmin etmişdir. Yarandığı vaxtdan keçən kollecin mühəndis-pedaqoji kollektivi mövcud tədris-texniki bazanın xeyli hissəsini qoruyub saxlaya bilmiş və onu daha da zənginləşdirmişlər. 10 mindən çox kitab fondu olan kitabxana tələbə və müəllimlərin ixtiyarındadır. Təhsil islahatının həyata keçirilməsi, təhsil prosesində yeni metodlardan istifadə olunması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində Kollecdə xeyli işlər görülmüşdür.

İnteraktiv təlim metodlarından səmərəli istifadə

Kollecdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və dərslərin keyfiyyətinin yüksəldilməsi üçün interaktiv təlim metodlarından ardıcıl və səmərəli istifadə olunur. Kollecdə 1303 nəfər tələbə təhsil alır. Tələbələrin təlim-tərbiyəsi ilə 113 nəfər müəllim məşğul olur ki, onlardan 2 nəfəri elmlər namizədi, 25 nəfəri ail kateqoriyalı müəllimdir. Kollecin 46 nəfər tədris köməkçi heyəti vardır.
Təhsil sahəsində islahat proqramının müddəalarına uyğun olaraq, keyfiyyətin yüksəldilməsi həmişə diqqət mərkəzindədir. 2012-2013-cü tədris ilinin yekununa görə təhsil alan tələbələrin mənimsəmə faizi 99,8%, keyfiyyət faizi isə 45% olmuşdur. Tələbələrin elmi axtarıcılıq qabiliyyətlərini və elmi dünyagörüşlərini daha da inkişaf etdirmək üçün kollecdə Tələbə Elmi-Cəmiyyəti və Kollecin idarə olunmasında, mövcud problemlərin aradan qaldırılmasında tələbələrin yaxından iştirakını təmin etmək üçün Tələbə Parlamenti yaradılmışdır. Tələbə idarəetmə orqanlarının işini müasir tələblər səviyyəsində qurmaq məqsədi ilə hər həftənin 5-ci günü kollecin tam idarə olunması tələbələrin ixtiyarına verilir.

Məzahir ƏHMƏDOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə