adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Rejissor NBC və "Bir zamanlar Anadoluda"

13413 | 2012-03-29 08:32
Haqqında danışacağım filmin istedadlı rejissorunun şəxsi arxivində 70 - yaxın mükafat var. Boğaziçi Universitetini mühəndis kimi bitirsə də, sonradan 2 il Memar Sinan Universitetində kino təhsili alıb. İlk filmini 1995-ci ildə çəkib və bununla da film dünyasına addım atıb. Söhbət Türkiyənin istedadlı rejissoru Nuri Bilge Ceylandan(NBC) gedir. 20 dəqiqəlik "Koza" filmini ekranlaşdıran N.B. Ceylan Kann festivalına da qatılmağı bacarıb. Bu filmdən sonra N.B. Ceylanın uğurlu filmoqrafiyası başlıyır. Çəkdiyi hər filim ən az 3-4 mükafat alıb və mühəndis-rejissor uğurlarıyla insanların ürəyinə yol tapmağı bacarıb. Sonuncu filmində bir qəsəbə həkiminin, prokurorun və müstəntiqin 12 saatlıq hekayəsini seyirciyə təqdim edən N.B. Ceylan, Kann Film Festivalının jürisindən "Böyük Jüri" ödülünü almağı bacarıb. "Kasaba"(Qəsəbə), "Üç maymun"(Üç meymun), "Mayıs sıkıntısı"(May sıxıntısı) kimi filmlərlə seyirçilərini ovsunlamağı bacarıb. Nuri Bilge Ceylanın Kann Film Festivalında "Böyük Jüri" ödülü alan "Bir Zamanlar Anadoluda" adlı filmini isə Türk kino tarixinin ən yaxşılarından hesab etmək olar. Ümumiyyətlə Nuri Bilge Ceylan müasir Türkiyə kinematoqrafiyasının canlı əfsanəsi olaraq qəbul edilir. Onun uğurlarının ən böyük sirri insan ruhuna və düşüncəsinə xitab etməsidir.
   
   
   
   "Bir zamanlar Anadoluda"
   
   
   
   Kann Film Festivalında çıxış edən rejissor öz filmi haqqında bunları deyir: "Mükafat alacağımı gözləmirdim. Film uzun və ağır idi. Düşündüm ki, sizin üçün çox yorucu olacaq" . Rejissorun bu fikriylə tamamən razılaşmaq olar. 157 dəqiqəlik film olduqca yorucu və gərgin filmdir. Üstəlik filmin ilk səhnələri seyirçini həddindən artıq yorur və seyirçiyə mənasız görünür. Ancaq N.B. Ceylan yaradıcılığına bələd olan seyirçi səbrlə filmin sonunu, rejissorun "bombanı nə zaman partladacağını" gözləyir. Filmin ilk 50 dəqiqəsində darıxdığım üçün yarım qutu siqaret boşaltdım. Ancaq getdikcə film məni öz təsirinə salmağı bacardı və geridə qalan hissəni izləməkdən yorulmadım. Filmin süjet xətti kifayət qədər sadə olsa da, rejissorun səssiz, danışıqsız demək istədiyi mətləbləri çözmək üçün gözlərini ekrandan ayıra bilmirsən.
   
   Film Bosniya və Hersoqavinya və Türkiyənin birgə istehsalı olaraq 2010-cu ildə çəkilib. TRT-nin də filmin çəkilişlərinə dəstəyi olub. Film 11 həftəyə, Anadolunun Keskin qəsəbəsində ekranlaşdırılıb. Filmin prodüsseri Zeynep Özbatur, ssenari müəllifləri N.B.Ceylan, Ebru Ceylan və Ercan Kesaldır.
   
   
   
   "Qəsəbələrdə həyat,düzənliyin ortasında çıxılan səfərlərə bənzəyər"
   
   
   
   Filmdə Muhammet Uzuner (Doktor Cemal), Taner Birsel (Savcı Nusret), Yılmaz Erdoğan (Komser Naci) və başqaları çəkilib. Türk seriallarından yaxşı tanıdığımız Fırat Tanış filmdə qatil Kenan obrazını canlandırıb. Filmdə demək olar ki, qadın obrazı yoxdur. Bir-iki qadın obrazı isə yardımçı xarakter daşıyır. Filmin ssenarisi Ercan Kesalın həyat hekayəsidir. Kırıkkale-də həkim işlədiyi vaxtlarda yaşadığı bir hadisəni ssenariyə çevirməkdə Ercan Kesala yardımçı olan Ebru Ceylanın atası məmur olduğu üçün, filmin qəhrəmanı olan məmurlar arasındakı dialoqlarını o qələmə alıb və dialoqlar çox canlı alınıb. Filmlərində çox az dialoq olan N. B. Ceylan bu filmdə daloqların çoxluğunu filmin qəhrəmanları olan bürokrat məmurlarla əlaqələndirib. Filimdə Çexovdan iqtibaslara da müraciət edilib. Bu isə N.B. Ceylanın Çexov yaradıcılığına olan sevgisindən qaynaqlanır.
   
   
   
   N. B. Ceylanın "tapmacaları"
   
   
   
   N. B. Ceylan özünə məxsus üslubu ilə seyirciyə sanki tapmaca deyir. Filmi diqqətlə izləyən seyirçi filmin sonuna qədər bu tapmacaları çözməyə, bu tapmacalara cavab tapmağa çalışır. Filmin əsas qəhrəmanı Doktor Cemil (Muhammet Uzuner) boşanmış, bəlkə də keçmişindən qaçmaq üçün bu kiçik qəsəbəyə çalışmağa gəlmiş melanxolik bir tipdir. Baxışları, düşüncələri, filmin gecə səhnələrində söylədiyi şeir, hər şeyə elmi izah axtarması seyirçinin diqqətini çəkir. Ancaq Doktor Cemil bu bozkırlara, yəni Anadoluya yabançıdır, yaddır. Burda nəyin necə izah olunduğunu, yerli insanlar kimi anlamaqda çətinlik çəkir. Kənd muxtarının evindəki çay paylanan səhnədəki duyğusal baxışları, qatil Kənanın yaralarına şəfqətlə baxması, seyirçini düşündürür.
   
   Ətrafında baş verənlərə qətiyyən biganə qalmayan bu obraz haqqında N.B. Ceylan başqa cür düşünür. Rejissor hesab edir ki, Doktor Cemil nihilistdir. O hadisələrin içinə daxil olmadan, hadisələri kənardan seyr etməyi bacarır. Filmin ən maraqlı obrazlarından biri heç şübhəsiz ki, Yılmaz Erdoğanın canlandırdığı Komiser Nacidir. Mən kinotənqidçilərin bir fikrini bölüşürəm: bu aktyor qətiyyən N. B. Ceylanın üslübuna uyğun deyil. Dəsti-xətti fərqli olsa da Yılmaz Erdoğan bu filmdəki rolunu ustalıqla canlandırmağı bacarıb. Taner Birsel və Fırat Tanış da öz rollarını çox bacarıqla oynaya bilib. Xüsusilə Fırat Tanışın yaratdığı obraz mənim çox diqqətimi çəkdi. Filmin yaradıcı heyəti haqqında tək bir söz demək olar: Mükəmməl!
   
   
   
   Filmin alt qatı -sirli Anadolu
   
   
   
   Filmin mövzusu bir qəsəbə həkimi və prokurorun 12 saatlıq hekayəsi olsa da, mövzunun alt qatında sirli-sehirli Anadolu var. Rejissor ustalıqla obrazlar və işarələrlə Anadolu haqqında danışır. Filmin açarı meyidin yarılması ilə bağlıdır. Məncə istənilən seyirçi bu açarla filmin sirli qapılarını açıb, filmi çözə bilər. Həkim və prokuror arasındakı dialoqlarda meyidin yarılması haqqında söhbətlər filmin əvvəllərində başlayır. Kenan komiser Nacini cəsədi tapmaq üçün növbəti dəfə yanlış yerə apardığı məqamların birində prokuror Doktor Cəmilə sirli bir ölüm haqqında danışır, daha doğrusu öz öləcəyi günü öncədən söyləyən bir qadın haqqında. Həkim isə öz peşəsinə uyğun olaraq meyidin yarılıb-yarılmamasını soruşur. Prokurordan müsbət cavab ala bilməyən Doktor Cəmil film boyu düşüncəlidir. Hiss olunur ki, axtarılan cəsəddən daha çox "o qadın" onu düşündürür. Savcı Nusret soyuqqanlı bir məmurdur. Tipik prokurordur. Ona cinayət haqqında qovluğun tez dolması, dosyenin qapanması maraqlıdır. Dəliqanlı Komiser Naci isə cəsədin tapılması üçün çalışır. Qəhrəmanların yaşamında sirli bir Anadolu gizlənir və rejissorun vermək istədiyi mesaj məncə budur. Rejissor cəsədin yarılma səhnəsində Anadolunun iç üçünü aşmağa, gizli kodlarla bu məsələyə diqqət çəkməyə çalışır. Cəsədin yarılması səhnəsi çox maraqlı və düşündürücüdür. Prokuror sadəcə işin tez bitməsini arzulayır, olduqca soyuqqanlıdır. Hətta qanlı paltarların belə tez-bazar mərhumun ailəsinə verilməsinə razılıq verir.
   
   
   
   Doktor Cemilin üzündəki qan ləkəsi
   
   
   
   Və...və Doktor Cəmilin soyuqqanlı olmaqdan başqa yolu yoxdur. Cəsədi qəssab soyuqqanlılığı ilə doğrayan ikinci həkim cəsədin ağciyərində və nəfəs borusunda gördüyü torpaq barədə Doktor Cəmilə məlumat verəndə o artıq məmur ədasındadır. Cəsədin diri-diri basdırılması ehtimalını raporta daxil etməyən Cəmilin üzünə sıçrayan qan, filmin sonuna qədər geniş planda seyirciyə göstərilir. Rejissor bu səhnə boyunca "tam hədəfə vurur".
   
   Rejissorun göstərmək istədiyi Anadolu bu cür biganə və soyuqqanlı Anadoludur. Həkimin üzündəki qan ləkəsi isə onun vicdanını sonralar da narahat edəcək simvoldur.
   
   Filmin əvvəlində qətlə yetirilmiş Yaşarın emalatxanasının önündəki it, qatil Kenan-ın ağıldankəm qardaşının kola içməsi, suya yuvarlanan alma, Komiser Nusret-in siqareti ata bilməməsi və arvadından çəkinməsi, prokurorun ədəbazlığı, muxtarın çoxdanışanlığı və mənasız layihəsi, jandarma rəisinin mənasız söhbətləri...Onlarla belə simvolik detal filmin alt qatını açmaqda seyirciyə yardım edir. Sadəcə filmə diqqətlə baxmaq kifayət edir ki, filmdə nə baş verdiyindən, rejissorun nə demək istədiyindən xəbərdar olasan.
   
   "Bir zamanlar Anadoluda" filmi haqqında çox danışmaq mümkündür. Xüsusilə filmdəki simvollarla bağlı xeyli izahatlar verə və düşüncələrimi bölüşə bilərəm. Ancaq məqsədim filmi sadəcə seyirçiyə təqdim etməkdir. Baxmaq və nəticə çıxarmaq artıq oxucunun işidir. Şəxsən mən bu filmi Türk film tarixinin ən dəyərli filmlərindən biri hesab edirəm. Təbii olaraq, siz film haqqında hər şeyi bu yazıdan öyrənə bilməyəcəksiniz. Ümid edirəm ki, hər seyirçi bu filmdən özü nəticə çıxaracaq və ola bilsin ki, film haqqında hər seyirçinin fərqli fikri olsun.Məndən bu qədər. Necə deyərlər, "İyi seyirler!!!"

TƏQVİM / ARXİV