adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YALAN MAŞINI...

BABƏK YUSİFOĞLU
44845 | 2012-03-29 08:32
Məlum olduğu kimi, Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammiti öz işini başa vurdu. Dünya KİV-nin yaydığı məlumatlara görə, bu beynəlxalq tədbirdə bir sıra mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu günlər ərzində həmin Sammitlə bağlı kifayət qədər məlumat verildiyi üçün onun üzərində durmağı lazım bilmirəm. Lakin çox önəmli bir məsələyə, daha doğrusu həqiqətə diqqət çəkmək istəyirəm. Ermənilərin ifrat düşmənçiliyi, bizə qarşı ifrat yalanları biz susdurmayanadək durmayacaq, susmayacaq.
   
   Tədbirə dəvət alan Ermənistan prezidenti Serj Sərkisyan burada da dünyanın gözü qarşısında mötəbər bir kürsüdən utanmadan necə yalan, necə iftira, alçaq çıxışının şahidi olduq.
   
   Adından göründüyü kimi, bu beynəlxalq Sammit məhz dünyanı, bəşəriyyəti təhdid edən nüvə təhlükəsinin azaldılması üçün düzənlənən bir tədbir idi və burada təhlükə mənbələri göstərilir, onların aradan qaldırılması müzakirə olunurdu. Habelə zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində də yeni səylər haqqında fikir mübadiləsi apardılar. Çıxışlarda bildirildi ki, ölkələrin rəhbərlərinə elə bir qurumun təşkili vacibdir ki, burada ən yaxşı təcrübəni bölüşmək və götürülən öhdəliklərin reallaşmasına kömək göstərmək mümkün olsun. Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün istiqamətdə irəlilədiyini bildirdilər.
   
   Təbii ki, müstəqil ekspertlərə görə, çox təhlükəli bir vəziyyətdə olan Metsamor AES-in də durumu diqqətə çatdırılmalıydı. Çünki bu qurğu artıq son dərəcə köhnəlib və nəinki Azərbaycan, hətta qonşu ölkələr, bütövlükdə region üçün real, özü də böyük təhlükə mənbəyinə çevrilib. Bu məsələ mötəbər tribunadan dünya qarşısında deyildi. Belə ki, Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən Azərbaycan üçün mühüm məsələ olduğunu bildirdi.
   
   Dövlətimizin başçısı ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını da diqqətə çatdırdı. Prezident bildirdi ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Dövlətimizin başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq söylədi ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirmişdir. Prezident bu Sammitin müasir dünyada nüvə təhlükəsizliyinə dair çağırışlarla bağlı müzakirələrin aparılması baxımından səmərəli nəticələr verəcəyinə əminliyini də bildirdi.
   
   Əslində məsələnin belə obyektiv qoyuluşuna baxmayaraq Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan düşmənçiliyini özündə əks etdirən çıxışı ilə bir daha nadanlığını ortaya qoydu. Metsamorun artıq erməni xalqı üçün də real təhlükə olduğunu bir kənara buraxıb Azərbaycan liderinin, xalqının əleyhinə yalnız qərəzdən ibarət yalanlar, iftiralar söylədi. Yəqin ki, ağıllı və gerçəkdən xəbərləri olan nümayəndələrin hamısı həqiqətin fərqində olmaya bilməzlər. Axı, fakt faktlığındadır.
   
   Əslində elə erməni prezidenti də bilir ki, həmin AES-lə bağlı söylənənlər doğrudur. Çünki təxminən 40 il qabaq tikilən və bir neçə dəfə ciddi qəza yaşayan AES-in köhnəldiyini və təhlükə mənbəyi olduğunu əslində müstəqil ekspertlər çoxdan bildiriblər. Bu fakta razılaşmamaq Sərkisyanın nadanlığından xəbər vermirmi? AES-in yerləşdiyi Ermənistan seysmik zona sayılmırmı? Bunu ki, biz yox, nüfuzlu mütəxəssislər söyləyir. Axı, Spitakdakı o dağıdıcı zəlzələni elə xatırlamaq bəs edir ki, mütəxəssis sözünə ehtiyac qalmasın. Bəlkə Sərkisyan axmaqlığı üzündən buna da etiraz edəcək?
   
   Sərkisyanların göstərişləri ilə nüvə tullantılarının, bir sıra zəhərli, kimyəvi qalıqların işğal edilmiş Azərbaycan torpaqlarında basdırıldığı, bir qisminin isə beynəlxalq ekoloji qaydaları pozaraq Ermənistanın ərazisindən keçərək Azərbaycana daxil olan çaylara axıdıldığı ekoloji terrorizm, nüvə terroru deyil, bəs nədir? Dünyanın bu terrorçuluğu görməsi, bilməsi üçün nə problemi var? Yox əgər görməyəcəksə, onda belə Sammitlərin əhəmiyyəti nədir?
   
   Əslində Sərkisyan bizim əleyhimizə danışmaqdansa erməni xalqının da gerçək təhlükə ilə üz-üzə qaldığından bəhs etsəydi, elə həmin kürsüdən Metsamordakı vəziyyəti qanunlara uyğun şəklə salmaq üçün yardım istəsəydi daha doğru bir addım atmış olardı. Onsuz da onlar vaxtaşırı gah Birləşmiş Ştatlara, gah Fransaya, gah da digər ölkələrə gedərək dövlət səviyyəsində onlardan pul dilənmək üçün bəhanə gəzirlər. Və ən dəhşətlisi də budur ki, hakimiyətdəkilər xalqa yardım adı ilə topladıqları həmin pulları mənimsəyərək özləri üçün padşahlara layiq həyat qurublar.
   
   Azərbaycan tərəfinin haqlı olaraq önə sürdüyü məsələlərə aydınlıq gətirə bilməyən erməni lideri mövzudan yayınaraq çıxışını ənənəvi yalanlarla davam etdirib. Çox yəqin ki, nüvə təhlükəsizliyi və nüvə terrorizmi təhlükəsinin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin götürülməsi niyyəti söz olaraq qalmazsa, dünya liderləri də Ermənistan prezidentinin Seulda onların gözünün içinə yalanlar danışdığının şahidi olacaqlar.

TƏQVİM / ARXİV