adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

NƏHƏNG iŞTAHIN KiçiCiK SüBUTU

BABƏK YUSİFOĞLU
60166 | 2012-03-01 08:37
Xeyli vaxtdır Azərbaycan ərazisindəki məşhur Qəbələ "RLS"-in gələcək taleyi ilə bağlı söhbətlər gündəmdən düşmür. Çünki bu bazanın ölkəmiz üçün yaratdığı hərbi-siyasi "diskonfort" bir yana dursun, gətirdiyi ekoloji fəlakətlər haqqında ekspertlər, ekoloqlar dəfələrlə həyəcan təbili çalıblar. Rusların ödədiyi yeddi milyon dollar Qəbələnin, eləcə də ona qonşu olan rayonlarımızın təbiətinə, hətta insanların səhhətinə vurduğu ciddi ziyanların əvəzini heç vaxt ödəyə bilməz. Və belə hesab edilirdi ki, tərəflər arasında növbəti danışıqlar zamanı Bakı ya bu müqaviləni dayandıracaq, ya da Moskvanın ödədiyi arenda haqqını artıracaq. Ümumiyyətlə danışıqlara qədər bu istiqamətdə qeyri-rəsmi mübahisələr də yaranmışdı.
   
   Əslində bu mübahisələr ona görə intensivləşib ki, bu il Rusiya ilə Azərbaycan arasında "Qəbələ Radiolokasiya Stansiyasının ("RLS Daryal") statusu, istifadəsi və prinsipləri haqqında" razılaşmanın müddəti bitir. Bunun üçün də tərəflər 9 iyunadək mövcud rəsmi prosedürləri həll etməlidir ki, stansiya işini davam etdirsin. Moskva isə yaxasını bu problemdən uzun müddət qurtarmaq üçün müqaviləni 25 il müddətinə uzatmağı düşünür.
   
   Amma görünən odur ki, işlər Moskvanın istədiyi şəkildə getmir. Hazırda Rusiyanın aparıcı qəzetləri, bir sıra ekspertlər bu haqda neqativ proqnozlar verməkdədirlər. Hətta mətbuatda müqavilənin uzadılması məsələsi ilə bağlı gedən danışıqlarda Azərbaycanın mövqeyi qınaq obyektinə çevrilir. Onların bildirdiyinə görə, Moskva-Bakı müzakirələrinin nəticəsiz bitəcəyi gözlənilir. Və səbəb kimi də göstərilir ki, Bakı Qəbələ "RLS"-ə görə aldığı 7 milyon dolları 300 milyona qaldırmaq niyyətindədir. Və bu mövqeyini güzəştə getmək istəmir.
   
   Məlumat üçün bildirim ki, bütün bu məsələlər haqqında, gedən danışıqların vəziyyəti barəsində "Kommersant" qəzeti də məlumatlar yayıb. Bu qəzet Rusiya Müdafiə və xarici işlər nazirliklərinə istinadən prosesi təhlil etməyə, bir sıra məsələləri tündləşdirməyə çalışıb. Hətta mənbə bir qədər də irəli gedərək ötən ilin noyabrında hər iki dövlətin müdafiə nazirlərinin danışıqlarını da xatırladıb. "Kommersant"a görə, o vaxt müzakirələrdə iştirak edən rusiyalı nazir bildirmidir ki, tərəflər maliyyə məsləsindən başqa, digər sahələrin hamısında razılığa gəliblər. Amma "Kommersant" qəzeti nahaqdan Azərbaycan tərəfini qeyri-stabillikdə günahlandıraraq arenda pulunun hər dəfə yuxarı qaldırıldığına diqqət çəkir. Guya əvvəl Bakı arenda üçün ödənəcək məbləği 15, sonra150, sonda isə 300 milyon dollara yüksəldib.
   
   Əslində Rusiyada çox oxunan qəzetlərdən biri sayılan "Kommersant"ın problemə bu cür qeyri-peşəkar yanaşması çox gülməli görünür. Qəzetin göstərdiyi rəqəmlər haqda danışmağı vacib hesab etmirəm, çünki bu başqa bir söhbətin mövzusudur. Hərçənd, həmin rəqəmləri də çək-çevir edilməyə dəyərdi. Mətləbdən uzaq düşməyim.
   
   Əvvəla, bu gün qlobal iqtisadi böhranın getdiyini bilməyən yoxdur. Dolların alıcılıq qabiliyyətinin hara qədər düşdüyü də ortadadır. İkincisi, bütün beynəlxalq razılaşmalar, müqavilələr mövcud situasiyaya görə əldə edilir. Və bu zaman hansı dövlətin milli maraqlarına nə sərf edirsə şübhəsiz elə həmin mövqedən də çıxış edir. Bu hər tərəfin ən təbii haqqıdır. Amma "Kommersant"ın iddiasından belə çıxır ki, əgər on il bundan qabaq biz hansı məbləğdə müqavilə bağlamışıqsa, yüz il həmin qiyməti davam etdirməliyik. Bu son dərəcə absurd deyilmi? Çox nədənləri sadalamıram, Rusiya özü qazının qiymətini hər il istədiyi qədər qaldırmırmı? Niyə onda qəzetlər Moskvanı tənqid atəşinə tutmur ki, satdığı qazın qiymətini durmadan artırır?
   
   Üçüncüsü, Moskva onun təhlükəsizliyinə xidmət edən Qəbələ "RLS"-in Azərbaycana nə qədər ziyan verdiyini guya bilmir? Əgər ruslara deyilən məbləğ sərf eləmirsə onda zəhmət və xərc çəksinlər öz ölkələrində ayrı bir "RLS" tiksinlər. Bunun üçün hər günahı bizdə axtarmasınlar.
   
   "Kommersant" niyəsə konkret olmayan mənbəyə istinad edərək boynumuza minnət qoymağı da yaddan çıxarmayıb. Qəzet istinad etdiyi mənbəni müdafiə nazirliyinin yüksək çinli hərbçisi göstərməklə həmin naməlum hərbçinin dilindən yazır: "Bu məbləğ (Bakının tələb etdiyi arenda üçün məbləğ-B.Y.) heç nəyə əsaslanmayıb. Bu çox yüksək qiymətdir və biz onu endirməyə çalışacağıq. ...Əgər Bakı maliyyə iştahını azaltmasa biz Qəbələdən imtina edəcəyik".
   
   Belə açıqlamalar daha çox psixoloji təzyiqə bənzəyir. Çünki Moskva Qəbələ "RLS"-dən asanlıqla əl çəkəcək durumda deyil. Onlar yaxşı anlayırlar ki, rusların çəkiləcəyi təqdirdə "RLS"-də Türkiyə, ABŞ və ya NATO yerləşə bilər ki, bu da Kremlin rəqiblərinə böyük bir "kozır"ı hədiyyə etməsi deməkdir.
   
   Məhz bu üzdəndir ki, Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov deyilənlərdən fərqli olaraq bildirib ki, Azərbaycanla danışıqlar konstruktiv şəkildə davam edir. O deyib: "Qəbələ üzrə danışıqların birinci raundu çox normal şəkildə davam edir. Yaxın günlərdə öz azərbaycanlı həmkarlarımızla razılığa gələcəyik ki, bizim nümayəndə heyətimiz müzakirələrin növbəti mərhələsini davam etdirmək üçün nə vaxt Azərbaycana getsin".
   
   "Kommersant" qəzet olaraq Qəbələ "RLS"-n hansı dəyərdə olduğunu bilmirsə, bu onların problemidir və yaxşı olar ki, buna "Bakının maliyyə iştahı kimi baxmasın". Çünki əsl iştahın məhz Rusiyada olduğunu bu dünyada hər kəs bilir. Başqa bir ölkədə "RLS" saxlamaq elə nəhəng iştahın bir kicik sübutu deyilmi? Bundan başqa, qəzet hansısa maraqların tribunasına çevrilib Azərbaycana qarşı belə ittihamlarda bulunmasın, ona görə ki, onda qəzetdən çox siyasi kommersanta, daha doğrusu alverçiyə bənzəyir. Unutmasın ki, Bakının mövqeyi obyektiv olmasaydı Rusiyanın hərbi rəhbərliyi danışıqların uğurlu alınması üçün belə çabalarda bulunmazdı.

TƏQVİM / ARXİV