adalet.az header logo
  • Bakı 21°C

üSYANçILARIN ŞƏHƏRiNDƏ DÖYüŞ

BABƏK YUSİFOĞLU
31264 | 2012-03-02 08:34
Demək olar ki, hər gün dünyanın gözləri qarşısında Suriyadan insanların ölüm xəbəri gəlir. Oradakı situasiyanı qarışdıran Qərb indi sakitcə müsəlmanın müsəlmanı necə amansızcasına qırdığına tamaşa edir. Onlara hələlik bu proseslərdə daha çox müsəlmanın fiziki cəhətdən yox olması sərf edir. Sonra, yəni Qərb özünə lazım olan vaxt öz qoşunlarını da göndərəcək, Suriyanı istədiyi şəklə salacaq və beləliklə hadisələr bitəcək. Müsəlmanlara da elə gələcək ki, Qərb onları xilas etdi.
   
   Martın başlanğıc günündə dünya KİV-i yeni dəhşətli hadisələrin məlumatlarını yaymaqdadır. Üsyançı ordunun komandirlərindən biri Mohaymen əl-Rumaidin sözlərinə görə, prezident Bəşər Əsəd müxalifin əsas qərargahı sayılan Xomsu silahlı üsyançılardan təmizləmək üçün oraya yeddi minlik əsgəri birləşmə göndərib. Hökumət qüvvələri qarşı tərəfin mövqelərini mühasirəyə alıb. Döyüşlər gedir. Hətta elə xəbərlər də gəlir ki, bəzi ərazilərdə əlbəyaxa vuruşmalar başlayıb. Al-Rumaidin dediklərindən belə çıxır ki, hələlik Bəşər Əsədin qoşunları şəhərin içərilərinə doğru hərəkət edə bilmir.
   
   Üsyançıların söylədiklərinə görə, ölkənin müxtəlif yerlərində olan müxalif qüvvələrin hamısına əmr verilib ki, Xomsa hücumları zəiflətmək üçün hər yerdə hökumət qüvvələrinə hücumlar təşkil etsinlər.
   
   Al-Rumaid deyir: "Əsəd inqilabın rəmzinə çevrilmiş Xomsu sıradan çıxarmaq istəyir. Çünki əgər bu şəhərdə də onlar istəklərinə çatsalar, onda inqilab məğlub olacaq".
   
   Hökumət qoşunlarının Xomsa hücumu 29 fevraldan başlayıb. Hakimiyyət bəyan edib ki, şəhər üsyançılardan təmizlənəcək. Deyilənlərə görə, şəhərə hücum edən elitar hərbi birləşmələrin başında prezidentin qardaşı Maher Əsəd durur.
   
   Qeyd edək ki, əslində Suriya hakimiyyəti Xomsun nəzarətini ələ keçirmək üçün bir neçə aydır ki, çalışır. Və bu üzdən də şəhər aramsız artilleriya atəşləri altındadır.
   
   
   
   

TƏQVİM / ARXİV