adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Aprel 2014 14:30
6258
MƏMLƏKƏT
A- A+

Elmlər Akademiyasında mühüm - Dəyişiklik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin səlahiyyət müddəti artırılacaq.

Adalet.az -ın verdiyi xəbərə görə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, akademiyanın hazırlanan yeni Nizamnamə layihəsinə əsasən həqiqi və müxbir üzvlər hər 4 ildən bir seçiləcək və seçkilər 2 ay müddətində həyata keçiriləcək. Vitse-prezident vurğulayıb ki, yeni nizamnamədə həqiqi və müxbir üzvlüyünə 4 ildən bir seçkilərin keçirilməsi nəzərdə tutulur. İndiyə qədər isə bu 3 il normasında idi. Onun sözlərinə görə, yeni qaydalarda müxbir və həqiqi üzvlüyə seçkiləri bir qədər sadələşdirilib.

İ. Həbibbəyli qeyd edib ki, indiyə qədər olan qaydalara görə AMEA-nın müxbir və həqiqi üzvlüyünə seçkilər elan olunandan 3 ay sonra seçkilərin keçirilməsinə icazə verilirdi: "Yeni nizamnaməyə əsasən, akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlüyünə olan seçkilərin mətbuatda elan dərc olunandan 2 ay sonra keçirilməsi mümkün olacaq. Bundan başqa, akademiyanın tarixində ilk dəfə olaraq həqiqi, müxbir, xaric üzvlərlə yanaşı həm ölkə alimləri, həm də xarici ölkələrdə Azərbaycanı tanıtmaqla məşğul olan alimlər arasından fəxri üzvlərin də seçilməsi tövsiyə olunur. Yeni nizamnamə akademiyanın ümumi yığıncağının və akademiyaya tabe olan elmi-tədqiqat institutlarının elmi şuralarının görkəmli xarici ölkə alimlərinə "Fəxri doktor”, "Fəxri professor” elmi adlarının verməsinə imkan yaradacaq”.

İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnamə layihəsi Rəyasət Heyətinin iclasında geniş müzakirə olunub. Əvvəlki nizamnamədə 149 maddə var idisə, yeni layihədə 328 bənd öz əksini tapıb: "İlk dəfə olaraq bu nizamnamədə bir sıra bölmələr yeni olaraq təqdim edilib. AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin səlahiyyətləri, akademiyanın regional bölmələri və elmi mərkəzləri, beynəlxalq əlaqələri, əmlakı və maliyyə vəsaiti kimi bölmələr 2002-ci ildə akademiyada qəbul olunan nizamnamədə yoxdur. Yeni nizamnamə layihəsi hazırda akademik Akif Əlizadənin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatı, ölkə prezidentinin akademiya qarşısına qoyduğu müasir vəzifələri tam əhatə edir. Akademiyanın 70 illiyi ərəfəsində qəbul olunacaq yeni nizamnamə bu qurumun inkişafının sonrakı mərhələsinə meydan açacaq”.