Qartal üçün yubiley, yubiley üçün qartal

ETİBAR CƏBRAYILOĞLU
39953 | 2012-03-03 08:18
Musiqili Komediya Teatrının aktyoru Novruz Qartal 65 yaşını haqladı. Teatrın rəhbərliyi və aktyorun sənət yoldaşları Novruz Qartalın xətrini çox istədiklərindən martın sonlarını gözləməyə ehtiyac görməyiblər. Fevral təqvimdə yerini marta verməmiş teatrın ən yaşlı aktyoruna ad günü mərasimi keçiriblər. Düz də ediblər, söhbət Qartaldan gedirsə, rəsmiyyətçiliyə nə ehtiyac?
   
   
   
   - Novruz Qartal üçün 65 yaş çoxdu, yoxsa, az?
   
   - Vallah bu haqda dəqiq fikirləşməmişəm. Bir də gözümü açıb gördüm ki, 65 yaşımı qeyd edirlər. Mən özümü 65 yaşlı insan kimi hiss eləmirəm.
   
   - Sizin hesabla indi neçə yaşdasınız?
   
   - Cavanam, çox cavan.
   
   - Bir az da konkretləşdirsək...
   
   - 25-30 yaşında, lap özünü öldürsə, 50 vəssalam. Məşədi İbad demişkən, qoca o adama deyərlər ki, gözü görməyə, qulağı eşitməyə, yeriyə bilməyə. Göz dəyməsin, quş kimiyəm. Səhnədə oxuyub-oynayıram, rahat hərəkət edirəm, yaddaşım, səhnə danışığım yerli-yerində. Teatrın repertuarında olan demək olar ki, bütün tamaşalarda məşğulam. Günüm məşqlərdə, tamaşalarda, tədbirlərdə, qastrollarda keçir. Bəzən elə gün olur ki, çörək yeməyə də imkan tapa bilmirəm. Darıxmağa, yaş barədə fikirləşməyə vaxt qalmır.
   
   - Qartalı belə cavan saxlayan nədi?
   
   - Xüsusi sirri-filanı yoxdu. Əsas odur ki, insan gərək paxıllığı, xəbisliyi ürəyinə yaxın buraxmaya, heç kimin ayağının altını qazmaya. Mən də ömrüm boyu bu məsələyə əməl eləmişəm. Dost-tanışın şad gününü özüm şad günüm qəbul etmişəm, onların ən kiçik uğuruna ürəkdolusu sevinmişəm. İnan ki, heç nəyin dərdini çəkməmişəm. Fikrimi-diqqətimi yalnız ürəkdən sevdiyim sənətimə vermişəm. Yeyib-içmək də ki, öz yerində... Nəhəng sənətkarlarla bir səhnəni bölüşmüşəm. Qastrollarda onlarla yol yoldaşı olmuşam. Bütün bunlar cavan qalmaq üçün səbəb deyil?
   
   - Qartal korifeylərin yanında özünü necə hiss edirdi?
   
   - Əla. Novruz Qartal elə bir günün içində Novruz Qartal olmayıb ki... İnstitutda oxuya-oxuya teatrda işə düzəlmişdim. Düzdü, ilk vaxtlar gözətçi işləyirdim. Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Şəfiqə Qasımova kimi nəhəng sənətkarlar mənim yanımda keçib teatra daxil olurdular. Lütvəli Abdullayev mənim gözətçi otağıma gələr, çay içər, söhbətləşərdi. Bir neçə il sonra direktorumuz Şəmsi Bədəlbəyli məni rejissor köməkçisi vəzifəsinə götürdü. Sonralar aktyor ştatına qəbul olundum. İlk rolum "Toy kimindir?" tamaşasında Qoşun rolu oldu. Həmin obrazı məndən əvvəl Lütvəli Abdullayev, Səyavuş Aslan oynayıb. Lütvəli müəllim ifama baxandan sonra dedi ki, nə məni, nə də Səyavuşu təkrar edirsən, özün kimi oynayırsan. Xeyir-duamı da rəhmətlik özü verdi. Süleyman Ələsgərovla Salam Qədirzadənin "Hardasan, ay subaylıq", Süleyman Ələsgərovla Şıxəli Qurbanovun "Özümüz bilərik" tamaşalarında Lütvəli müəllimlə, Nəsibə xanımla tərəf-müqabili olmuşam. Lütvəli müəllim Üzeyir bəyin "O olmasın, bu olsun" tamaşasında Məşədi İbadı oynayanda mən Qorodovoy rolunda səhnəyə çıxmışam. Onlardan çox şey öyrənmişəm. Çalışmışam ki, işimə məsuliyyətlə və yaradıcı yanaşım, rolum tamaşaçının xoşuna gəlsin. Sonrakı dövrdə Hacıbaba Bağırov, Səyavuş Aslan kimi qüdrətli aktyorlarla bir səhnədə olmuşam. Emin Sabitoğlu ilə Sabit Rəhmanın "Hicran" tamaşasının adını çəksəm, məncə yetər.
   
   - Uzun müddət teatrın həm də truppa müdiri olmusuz. Musiqili Komediya Teatrı ilə bağlı bir məsələ çıxanda jurnalistlər sizi axtarırdı...
   
   - Mətbuat işçilərinə həmişə böyük hörmətim olub. Onların heç bir sualını cavabsız qoymamışam. Amma bir də görürsən ki...
   
   - Deyəsən həmkarlarımdan kimsə xətrinizə dəyib?
   
   - O gün qəzetlərdən biri guya mənim 65 illiyimi təbrik etmək istəyib. Götürüb 5 il bundan əvvəl verdiyim müsahibəni olduğu kimi çap ediblər. Yazıdan açıq-aydın oxunur ki, söhbət Polad Bülbüloğlunun dövründəki Mədəniyyət Nazirliyindən gedir. Bugünkü məsələlərə heç bir dəxli yoxdu. Mənə zəng edib bir kəlmə soruşmadan 5 əvvəlki müsahibəmi çap ediblər. Guya məni təbrik etmək istəyiblər. Belə də təbrik olar? Necə deyərlər, əcəb işə düşdük...
   
   - Təbrik demişkən, teatrın kollektivi yubileyinizi bir-iki həftə öncədən qeyd etməyə başlayıb...
   
   - Bu, Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin, kollektivin mənə olan diqqət və hörmətinin təzahürüdü. Bir neçə gün öncə Əliqismət müəllim zəng edib İlham Namiq Kamalı, Fatma Mahmudovanı, Ramiz Məmmədovu, Əkbər Əlizadəni və məni yanına çağırdı. Ürəyim üzüldü, dedim görəsən nə olub? Çünki Əliqismət müəllim işdə çox dəqiq, konkretliyi sevən insandı, xırda bir qüsuru bağışlamır. Direktorun kabinetinə girəndə gördük şirniyyat süfrəsi açılıb. Əliqismət müəllim dedi ki, sizi Novruz Qartalın yubileyinə görə yığmışam. Mədəniyyət və turizm naziri hörmətli Əbülfəs Qarayevin mənə təbrik məktubunu oxudu, pul mükafatını təqdim etdi. Əliqismət müəllim öz adından və kollektivimiz adından mənə tuncdan xüsusi zövqlə hazırlanmış qartal suveniri bağışladı. Vallah inanmıram ki, o qartaldan Bakıda kimdəsə ola. Həmin hədiyyə evimin ən qiymətli və əziz əşyasıdı. Əliqismət müəllimin kabinetində olanda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev zəng vurub məni şəxsən təbrik etdi, ünvanıma çox xoş sözlər dedi. Ədalət müəllim dedi ki, Novruz, səni bağrıma basıram, sən istedadlı aktyor və gözəl insansan. Yaş barədə fikirləşmə, sənin səhnə yaradıcılığın hələ indi başlayır. Onu bil ki, biz səni unutmamışıq, həmişə diqqətimizdəsən.
   
   İnan ki, bu münasibət, xoş sözlər məni 10 yaş cavanlaşdırdı. Nazir müavinindən bu sözləri eşitmək mənim üçün xoş oldu. Çünki Ədalət müəllim teatrı dərindən bilən, aktyorun dəyərini verməyi bacaran insandı. Tamara xanım Vəliyevanın "Bankir adaxlı" tamaşasının premyerasından sonra məni ilk təbrik edən də Ədalət müəllim olub. Mən bu cür isti diqqət və qayğını necə qiymətləndirməyə bilərəm? Həm 55, həm də 60 illiyim qeyd olunub, çox böyük ziyalılar, sənətşünaslar haqqımda yüksək fikirlər deyiblər. Amma bu yubileydə gördüyüm diqqət və qayğını ömrümün sonuna kimi unuda bilmərəm.
   
   - Teatrda, televiziya tamaşalarında çoxlu maraqlı rollar oynamısız. Kino rejissorlarına nə etmisiz ki, sizi filmlərə çəkmirlər?
   
   - Bu illər ərzində kimin toyuğuna daş atmışam ki, kino rejissorlarına da nəsə edim? Cəmil Quliyev məni "Şirbalanın sonuncu məhəbbəti" filmində Qulaməli roluna çəkib. Əvvəllər dəvət çox olub. Lakin tənbəlliyim üzündən kinostudiyaya getməmişəm. Yeyib-içən vaxtlarım idi, fikirləşirdim ki, kimdi burdan durub kinostudiyaya gedən...
   
   Ötən ilin yayında İran rejissoru ağayi Qulamrza məni "Tacirlər" filminə dəvət etdi. Filmin çəkilişləri Ərdəbildə və Gürcüstanın bəzi şəhərlərində aparıldı. Maraqlıdı ki, filmdə əsas rolları Azərbaycandan dəvət olunan aktyorlar oynayır. Rejissor o gün mənə zəng edib dedi ki, İran televiziyası filmi alıb və bu yaxınlarda nümayiş etdiriləcək. Film Bakıda göstərilsə yaxşı olar. Həm özüm baxar, həm də bəlkə bizim rejissorların yadına düşərəm.

TƏQVİM / ARXİV