adalet.az header logo
  • Bakı 20°C

Türkiyənin "sağ"ı Xocalı, "sol"u erməni!

FƏRHAD ŞABANOV
19394 | 2012-03-03 08:18
Soyqırımın nə olduğunu oxucuların bir çoxu bəlkə də bilir. Ancaq bilməyənlər üçün Xocalı faciəsinin düşündürücü olması baxımından bunları yazacam. Hər hansı bir mübahisədə, debatda Azərbaycanın, Qarabağın, Xocalının haqlarını qoruyarkən daha sağlam bir müdafiə üçün lazımlı olacağını düşünürəm.
   
   Birləşmiş Millətlər Təşkilatı Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Müqaviləsində soyqırımın ifadəsi belədir:
   
   "Soyqırım; milli, etnik, irqi və dini bir qrupun tamamilə və ya qismən yox edilməsi niyyəti ilə həyata keçirilən aşağıdakı hərəkətlərdən biri və ya bir neçəsidir:
   
   qrup üzvlərinin öldürülməsi, qrup üzvlərinə fiziki və ya zehni formada ciddi zərər verilməsi, qrupun tamamilə və ya bir qisminin yaşayış şəraitini ortadan qaldıracaq formada qəsdən zərərlər verilməsi, qrup içində doğuşları əngəlləmək üçün bəzi üsul və vasitələrə əl atılması və son olaraq uşaqların zor gücü ilə bir qrupdan alınıb digərinə verilməsi."
   
   Beynəlxalq Cəza Məhkəməsi, Roma Statusunda soyqırımı ifadə edərkən yuxarıdakı normaları əsas tutur.
   
   
   
   Xocalı Soyqırımı
   
   
   
   1992-ci il fevral ayının 26-sında erməni silahlı qüvvələri Qarabağı işğal edərkən Xocalı şəhərində silahsız və günahsız insanlara qarşı qətliam törətdilər. Burada xüsusilə erməni silahlı qüvvələrinə kömək edən Rusiyanın 366-cı alayı unudulmamalıdır.
   
   Xocalıda yaşananlar faciədir. Çox böyük ağrı-acıdır. 8 ailənin tamamilə yox edilməsini təsəvvür etmək çətindirsə, öz ailənizi gözünüzün qarşısına gətirin. Əgər orda qətl edilən 63 uşağı təsəvvür etmək çətindirsə, həyatda ən çox sevdiyiniz uşağı gözünüzün önünə gətirin. Eləcə də qocaları, cavanları, anaları və ataları...
   
   Həmin gün 613 insan sırf Azərbaycanlı olduğu üçün öldürüldü. Bu faciəni, soyqırımı törədən təkcə ermənilər yox, həm də ruslar idi. Bunu tez-tez unuduruq, unutmayaq!
   
   Artıq siz soyqırımın da nə olduğunu bilirsiniz, Xocalıda baş verən hadisələri də. Bu faciənin adını özünüz qoyun!
   
   
   
   26 Fevral 2012
   
   Taksim Mitinqi
   
   
   
   Ankaradan İstanbula mitinq üçün təxminən 30-a yaxın avtobus getdi. Bu avtobuslarda azərbaycanlı, türkiyəli, tələbə, həkim, müəllim, cavan, qoca hər kəs vardı. Gecə yola çıxdıq, səhər tezdən İstanbula çatdıq. Mitinq üçün İstanbula təkcə Ankaradan yox, Türkiyənin başqa şəhərlərindən də içi insan dolu avtobuslar gəlmişdi. İstanbulun mərkəzi küçəsi İstiqlal, mitinq vaxtı insan əlindən dolub daşırdı.
   
   Mitinqlərdə kəmiyyət çox önəmlidir. Hələ bu cür dünya miqyaslı bir problemdə önəm iki qat artır. İstər Azərbaycan dövlətinin beynəlxalq arenadakı gücü, istərsə də Ermənistan üzərində yaradacağı təsir göz önünə alındığında çox böyük əhəmiyyət kəsb edirdi bu mitinqdəki insan sayı. Kəmiyyət artdı ancaq keyfiyyət arta bilmədi, dibə vurdu. Sırf Xocalı üçün qatılan Türk qardaş və bacıları nəzərdə tutmuram təbii ki. Bir qrup gəldi Ərdoğanı söydü. Bir qrup gəldi Sarkozini söydü. Bir qrup gəldi qışqırdı ki, Hrant Dinki öldürüb əcəb etmişik, gəlin bizi tutun. "Xocalıya ədalət" mitinqində sözün əsl mənasında paradoks yarandı. Bir ağız, bir söz, bir istək ola bilmədik. Tək yumruq ola bilmədik. Barmaqlar ayrı-ayrılıqda başqa nöqtələrə vurdu. Yumruq olub Ermənistana vurmaq əvəzinə barmaq olub, yox olmağı seçdik. Həmişəki kimi...
   
   Təbii ki, belə mitinqin əks-sədası bir gün sonra Türkiyə mətbuatında duyuldu. Demək olar ki, mətbu orqanların əksəriyyəti orda səsləndirilən bəzi şüarlardan qıcıqlanmışdı və buna etirazlarını da manşetdən bildirdilər. Xüsusilə Hrant Dink və Türkiyədə yaşayan erməni vətəndaşlar haqqında yaradılan neqativ abu-hava onları narahat etdi. Nə Hrant Dinkin, nə də Türkiyədə yaşayan erməni vətəndaşların Xocalıya heç bir dəxli yoxdu. Və o mitinqə gələn bəzi qruplar sırf bu abu-havanı yaratmaq üçün gəlmişdi. Məqsədlərinə nail oldular. Haqlı ikən haqsız duruma düşdük. Mitinqdən sonra Xocalıdan çox həmin şüarlar haqqında danışıldı. Biz bunu istəmirdik. Kaş 10 min olardıq, ancaq "Xocalıya ədalət" üçün yığışmış olardıq!
   
   
   
   Mini şərh
   
   
   
   Teorik olaraq yanaşsaq...
   
   
   
   Yadlaşdırma ifadəsi müasir insanın depressiyasını anlatmaq üçün istifadə edildi indiyə kimi. Xüsusilə kapitalist sistemə keçid tamamlandıqdan sonra insanın öz yaratdığı dəyərlərdən uzaqlaşması və çatdığı yerin insani hədəflər üçün təyin etdiyi, çatmaq istədiyi yerdən qat-qat uzaq olması yadlaşdırmanı artırdı. Hədəf müxtəlif tərəflərə yönəldi və daxili tarazlıq pozuldu. Geriyə isə bir şey qaldı: "anomaliya"! Belə olduğu üçün də insan özünü qorumaq üçün yadlaşdırma qabığına büründü.
   
   İcitimai hadisələr dəxilsiz kimi görünən faktları təsadüfi bir şəkildə bir-birinə bağlayır və əlaqələndirir. Bu teoriya əslində hamının bildiyi və əhatəsi çox daha geniş, tamam fərqli bir müzakirə mövzusu olan yadlaşdırmadır. Yadlaşdırmadan yola çıxaraq Taksimdəki Xocalı mitinqindən sonra olanları anlatmağa çalışacam. Mitinqdə milliyətçilər öz şüarlarını səsləndirdi, Alpərənlər öz şüarlarını. Xocalı mitinqi Türkiyənin daxili qarşıdurması olan sağ-sol davasına çevrildi. Ankaraya gəldik ki, universitetdə bizi yeni afişalar gözləyir. Afişalardakı sözlər mitinqdə baş verən hadisələri, nifrət dolu şüarları pisləyirdi. Mitinqin əsl məqsədi Xocalı idisə, niyə o şüarlar səsləndi orda. Məncə haqlıdırlar... (Sırf Xocalıya aid pis heç nə yazılmamışdı həmin afişalarda, sadəcə mitinqdə səslənilən şüarlar qınanırdı!)
   
   Bizim bir-iki ağıllı tələbəmiz gedib cırıb həmin afişalardan birini. Bundan sonra olanlar isə dava, qırğın... Bizim tələbələrdən yarananlar oldu, qarşı tərəfdən yaralananlar oldu. Daha böyük qırğınların qarşısını isə Türk polisi aldı. Universitet rəhbərliyi can güvənliyi baxımından azərbaycanlı tələbələrin bir neçə müddət dərsə gəlməməsini tələb edib. Vəziyyət hələ də gərgin olaraq qalır.
   
   Bizim Xocalı mitinqinin məqsədi bu idi bəyəm? Deyildi...
   
   İnsanlığın o müasir depressiyası necə ki, insanları məqsədlərindən qoparıb tamam başqa bir reallığın vasitəsinə çevirdisə, eyni şəkildə Xocalı mitinqi də, Azərbaycanın haqlı etirazı da məzmunundan qopdu, başlanğıc məqsədindən uzaqlaşdı. Nəticəsi isə Türkiyədə üstü küllərlə örtülmüş sağ-sol qarşıdurmasının bir vasitəsinə çevrildi.
   
   Çox təəssüf...

TƏQVİM / ARXİV