ZƏHƏR TULUğU

FAİQ QİSMƏTOĞLU
35260 | 2012-03-03 08:18
Çox qəribə hadisələr baş verir. Bu hadisələr də təbii ki, davam elədikcə yenidən həmin labirintə düşənlərin sayı bir az da çoxalır və bir az da artır. Bu gün Bakının həddindən artıq gözəlləşməsi və başqa sözlə demiş olsaq Avropa şəhərləri səviyyəsinə çatması çoxlarının gözünü qamaşdırır. Çoxları fikirləşirlər ki, Bakıya gəlməklə və Bakıda yaşamaqla nəyə desən nail olmaq mümkündürg
   
   Düzdür, Bakı gözəl şəhərdir, bir-birindən orijinal, yeni tikililiəri var. Barlar, diskotekalar, restoranlarg göz qamaşdırıcı işıqlar... Bu işıqlar o qədər parıltılı və o qədər rəngarəngdir ki, uzaqdan baxanda adamın gözləri qamaşır. Bəlkə də bu işıqların parıltısı, rəngarəngliyi bir o qədər də qeyri-adi deyil. Sadəcə olaraq, buna qeyri-adi gözlə baxan və təəccüblənən yeniyetmələr var. O yeniyetmələr ki, zaman-zaman Bakıya can atır, şəhərə tələsir və burda müxtəlif gözəlliklərin şahidi olmaq istəyirlərg
   
   Son vaxtlar respublikanın bir çox rayonlarından yeniyetmələrin evdən qaçması və eyni zamanda onların Bakıya üz tutması heç də təsadüfi deyil. Düzdür, burda müasir texnika və texnologiyanın, internetin də "günahı" var. Buna günah da demək olmaz. Elə millətlər var ki, yeni texnologiyadan istifadə edərək elmin ən müasir nailiyyətlərini öyrənir, qısa zaman kəsiyində bu yenilikləri bir daha yaddaşlarına hopdururlar. Amma bizim millətdə isə tamamilə başqa cür fikirlər formalaşır. Yəni pis nə isə ona maraq həddindən çox olur və onu da az bir müddətdə özlərinin dünyasına gətirirlər. Bu pis şeylər də yeniyetmələrin və gənclərin təfəkkürlərində, düşüncələrində sağalmaz izlər qoyur. Bu izlərdən də çox sağalmaz yaraya və hansısa qorxunc bir xəstəliyə bənzəyir. Deyəsən, bu "xəstəliyə" tutulanların sayı azalamq əvəzinə günbəgün çoxalır və arıtr...
   
   Müxtəlif televizya kanallarındakı şoular, ayrı-ayrı özündənrazı mügənnilərin dəbdəbəli evlərini və maşınlarını reklam etmələri, eləcə də bir balaca səsi olub, ancaq çoxlu var-dövlət qazanan və efirdən düşməyən mamılı-matan, şıllaq-atan qızları görəndə təbii ki, yeniyetmə bu parıltılı həyata böyük maraq göstərir. Görür ki, 17-18 yaşında bir qız çox bahalı bir maşında gəzir, səsi olmaya-olmaya gündə efirdən düşmür və gündə bir paltar geyir. Bu cür meşşan həyat tərzi sürən və hər şeyi pulla ölçən "müğənnilərin" efirdən düşməməsi və at oynatması beləcə gəncliyin dünyasına çox qorxunc bir rəng qatır. Bu rəng ağdırmı, qaradırmı, qırmızıdırmı deyə bilmərik. Bir onu deyə bilərik ki, bu cür rənglər və parıltılar yeniyetmələrin, gənclərin həyatına zəhər gətirir.
   
   O zəhər əvvəlcə təfəkkürlərə hopur, sonra ürəyə keçir və axırda da qorxunc bir sonluqla bitir...
   
   Beləcə, evdən qaçan, atasından, anasından üz döndərən və hətta oxumağın daşını atan yeniyetmələr hər dəqiqə, hər an qorxunc uçuruma düşə bilərlər. Daha doğrusu, düşürlər də. Əgər belə olmasaydı, son bir ayda Kürdəmirdən, Balakəndən və eləcə də başqa rayonlardan yeniyetmə gənclər valideynlərdən xəbərsiz ya taksiyə, ya da avtobusa minib Bakıya üz tutmazdılar. Çox qəribədir, görəsən bu addımı atmağa o yeniyetmələrə hansı amillər təkan verib?! Bayaq dediyimiz kimi, o amillərin bir neçəsini biz sadaladıq. Biz sadaladıq, ancaq "bu xəstələyin" müalicə yolunu deyə bilmədik. Heç bizim kimi çoxları da "xəstəliyin" müalicəsini deyə bilməyəcək. Ən azından ona görə ki, bu gün cəmiyyətdə o qədər mürəkkəb proseslər gedir ki, bundan baş açmaq və onu həll eləmək hər oğlun işi deyil.
   
   Ata, ana bütün günü əzab-əziyyət çəkib, uşaqlarının problemlərini çözməyə çalışır. Yəni valideynlər cəhd eləyir ki, uşaqları, övladları sağlam böyüsünlər, oxusunlar və axırda da ali məktəbə qəbul olub oranı bitirsinlər. Düzdür, indi iş tapmaq, çörəkpulu qazanmaq o qədər də asan deyil. Amma fakt faktlığında qalır ki, əksər valideynlər min əzab-əziyyətə qatlaşaraq övladlarını böyütmək istəyirlər. Uşaqların kitabını, dəftərini, əynini-başını təzələyirlər. Təzələyirlər ki, uşaqları oxusunlar və gələcəkdə adam olsunlar.
   
   Oxuyub, əziyyət çəkib və çətinliklərə sinə gərib adam olanlar da var. Ancaq bir də görürsən ki, illərlə valideynlərin çəkdiyi əziyyəti bir dəqiqənin içərisində, bir saatın ərzində və bir gündə övladı alt-üst elədi. Onlar bunu başa düşmürlər, anlamırlar və bəzən də başa düşmək istəmirlər. Psixoloqlar da bildirirlər ki, 14-18 yaş arasındakı müddət yeniyetmələr üçün çox çətin bir dövr hesab olunur. Bu dövrü normal qaydada yaşayan və valideynlərin qoyduğu əxlaq rejiminə əməl eləyənlər 18 yaşa çatanda əlavə psixoloji çətinliklər yaşamırlar. Sadəcə olaraq, bu yaş həddində yeniyetmələr çox çətin tərbiyə olunur və hər hansı mənfi mühitə daha tez meyl eləyirlər.
   
   Bəzi psixoloqlar bildirirlər ki, araq içməyə, siqaret çəkməyə və narkotikaya meyillik də elə ən çox bu yaş hədlərində baş verir. Deməli, bu yaş həddi həddindən çox narahatedici və diqqəti cəlb eləyən məqamlardır. Yəni bu yaş həddində gərək valideyn övladının hər dəqiqəsinə, hər saatına, hər gününə nəzarət eləyə bilsin.
   
   Əgər yeniyetmə gecə saat 2-də evə gəlirsə və bu vərdiş halına çevrilirsə, valideyn də buna məhəl qoymursa, artıq faciyəyə başlanan yol həmin andan uzanır. O yolu addımlayan yeniyetmənin qarşısını heç kim ala bilməz. Əsas məsələ odur ki, həmin yola çıxmağa və həmin yolla getməyə yeniyetməyə valideyn şərait yaratmaya. Psixoloqların fikirlərindən belə bir məntiqi nəticəyə gəlmək olur ki, bugünkü yeniyetmələr heç də 15-20 ilin bundan əvvəlki yeniyetmələrə bənzəmirlər. Çünki onlara ətraf mühitin mənfi təsirləri daha da çoxalıb. Üstəlik də siqaretə, spirtli içkiyə və narkotikaya meyillik bu problemləri bir qədər də ağırlaşdırır.
   
   Yenə qayıdaq yeniyetmələrin evlərindən və ailələrindən qaçmasına. Bu məsələyə heç də adi hadisə kimi baxmaq düzgün deyil. Ən azından ona görə ki, bu cür faktların sayı günbəgün artmaqda davam eləyir. Bəs görəsən bu addımları atanları axırda hansı təhlükə gözləyir? Cəmiyyət nə üçün bu cür təhlükəni dərindən hiss eləmək istəmir? Evdən qaçmaq heç də siqaret çəkməkdən, araq içməkdən və narkotikaya qurşanmaqdan az təhükə deyil. Bər-bəzəkli həyat tərzinə maraq, eyş-işrət və sonda isə faciəli anlar çoxlarını düşündürməlidir. Kim deyə bilər ki, bu yeniyetmələrin bər-bəzəkli həyata, eyş-işrətə və narkotikaya marağı bir qədər də artmayacaq.
   
   Valideyn nəzarətindən çıxan yeniyetmə qız şəhərə gəlirsə və tanımadığı oğlanlarla görüşməyə can atırsa, buna heç cürə haqq qazandırmaq olmaz. Əgər o uşaqlar vaxtında tənbeh edilsəydi və valideynləri tərəfindən islah olunsaydı, bəlkə də yeniyetmələr risq edib bu addımları atmazdılar. Bəzi ekspertlər bildirirlər ki, uşaqların bu cür addım atmağında həmin valideynlərin də günahı az deyil. Ən azından ona görə ki, onlar övladlarına qarşı yumşaq mövqe göstərib, onların nazı ilə oynayıb və nəticədə də belə hadisələr baş verib. Valideyn evdə yumşaq olanda, uşağa hər şey güzəşt edəndə, yeniyetmənin tərbiyəsində mövcud olan qüsura göz yumanda nə desən baş verə bilər. Yumşaqlıq və mədənilik bəzən görürsən ki, heç də yaxşı nəticə vermir. Xüsusən də övlada qarşı yumşaq olanda, onu başdı-başına buraxanda heç olmasa, həftədə bir dəfə onunla məşqul olmayanda istər-istəməz belə hadisələr yarana bilər.
   
   Bəzən də görürsən ki, yeniyetmə valideyn sözünü eşitmir. Deyir ki, mənim 20 yaşım var. Artıq müstəqil insanam, hara gedərəm və hardan gələrəm özüm bilərəm. Özü biləndə də onda vəziyyət daha da çətin olur. Yəni o uşaq artıq nəzarətdən çıxır və kefi harda istəyir orda da vaxt sürür. Başqa sözlə demiş olsaq gecənin istənilən vaxtında evə qayıdır. Valideyn də demir ki, saat 3-ə qədər şəhərin küçələrində nə itin azıb?! Əlbəttə, bu cür özündənrazı yeniyetmələr valideynlərin nəzarətindən çıxır və ətraflarına da özü kimi uşaqları yığırlar. Onlar da çoxalanda təbii ki, pis vərdişlərə - siqaret çəkməyə, araq içməyə və narkotikaya meyl göstərirlərg
   
   Səhv eləmirəmsə bizim kinomotoqrafçılarımız belə bir film çəkiblər: "Şir evdən qaçdı". Şirin evdən qaçmasına nəinki o şiri saxlayan adam, həm də böyük bir şəhərin insanlarının hamısı narahatlıq keçirir. Çalışırlar ki, şiri harda görsələr onun barəsində sahibinə məlumat çatdırsınlar. Axırda da o şiri tapıb lazımi yerə aparırlar. Amma şir sahibsiz qaldığı anlarda özünü çox azad, rahat hiss eləyir. Eyni zamanda, o şir heç kimə də xətər toxundurmur.
   
   Sözümüzün canı odur ki, evdən qaçan yeniyetmələr özlərini çox azad, sakit və rahat hiss eləyirlər. Hiss eləyirlər ki, evdən qaçdılar, daha onları danlayan-dansıyan və tez-tez də naraht edən bir kimsə olmayacaq. Amma şirdən fərqli olaraq onlar evdən qaçanda başqalarını da təsiri altına salır, onlara pis vərdişlər aşılayır və ən nəhayət cəmiyyət üçün böyük bir təhlükə mənbəyi yaradırlar. Bu təhlükə heç də bir o qədər sadə deyil. Bəlkə də bu digər qorxunc silahlardan daha təhlükəlidir. Əgər hər hansı qumbara və eləcə də silah açılanda bir nəfər ziyan görürsə, yeniyetmənin evdən qaçması nəticəsində böyük bir cəmiyyət zəhər tuluğuna düçar olur. Bu zəhər tuluğu zaman-zaman böyüyür-böyüyür və axırda da kiminsə başında çartlayır.
   
   g Bu barədə dərindən düşünməyə dəyər. Yəni kimsə fikirləşməsin ki, bir kəndən, bir rayondan, bir əyalətdən 3-4 nəfər yeniyetmə evdən qaçırsa, bunun heç bir qorxusu yoxdur. Bunun çox böyük qorxusu və təhlükəsi var. Bu təhlükəni isə hamı hiss eləməli və o təhlükədən çıxmağın yollarını axtarmalıdır. O yolu tapa bilsək yeniyetmələri düşdükləri dərin quyudan çıxara biləcəyik. Əksinə o yolu tapa bilməsək dərin quyuya düşən yeniyetmələrin sayı daha da çoxalacaq..

TƏQVİM / ARXİV