adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

MƏMMƏD iLQAR

17639 | 2012-03-03 08:37
Gəncliyimin ən maraqlı, ən çılğın zamanının 8 ilini Özbəkistanda- Namanqan vilayətinin Xakulabad şəhərində yaşamışam. Bu maraqlı Türk diyarı mənim ömrümə o qədər silinməz naxışlar bəzəyib, ölməz xatirələr həkk edib ki... Təbii bu maraqlı xatirələr toplumu haqda da düşünürəm.
   
   Məmməd İlqarla bağlı fikirlərimi isə elə Özbəkistanda yaşadığım son günlərdən başlamaq fikrindəyəm.
   
   1990-ci il idi. Yeni ili vətəndə qarşılamaq üçün Bakıya gəlmişdim. O dövrdə Azərbaycanda və digər respublikalarda gedən proseslər haqda yazmaga lüzum yoxdur. Buna baxmayaraq müəyyən detalları xırdaca ştrixlərlə qeyd edib, mətləbə keçmək fikrindəyəm.
   
   Yeni ilimizi qeyd edib, yanvarın 3-nə bilet aldıq və yenidən Özbəkistana uçdıq. Hava limanında gördüklərimi də xatırlamaq istəməzdim...
   
   Qara yanvarı- o şənbə faciəsini isə Azadlıq radiosunda, Mirzə Xəzərin dilindən eşitdik. O zamanıydı ki, artıq Azərbaycanda Sumqayıt, Ğürcüstanda Tiflis, Özbəkistanda Fərqanə faciələri baş vermişdi. Özbəklərlə qırğızlar arasında Oş qığılcımları alışmaqda idi.
   
   Beləliklə Özbəkistanda qalma məsələmiz günü-gündən qəlizləşirdi. Və biz( Rişi Arif , əslən Şamaxılı olan bu rəssam dostumla birgə gəlmişdik Özbəkistana) Bakıya dönmək qərarını verdik.
   
   Biz Bakıya qayıdanda artıq Azərbaycanda baş verən Azadlıq hərəkatı günü-gündən güclənir, siyasi böhranlar, Qarabağda gedən qanlı döyüşlər və s. məni də öz axarına almışdı...
   
   Ağamalı Sadiqlə eyni kənddə doğulub boya- başa çatmağımıza baxmayaraq, aradan uzun illər keçmişdi. Mən Bakıya dönəndə şair Ağamalı ilə yox, artıq Azadlıq hərəkatının öncüllərindən biri ilə görüşürdüm.
   
   Elə ilk görüşümüz də çox maraqlı, sazlı-sözlü bir məclislə başladı. Beləliklə biz bir-birimizə tez bir zamanda isnişdik və son zamanlar bir-iki gün məni görməsə darıxar, zəng edib məzəmmət də edərdi ki, bir ildi hardasan? niyə yoxa çıxmisan?
   
   Günlərin birində yenə bizim evə yığışıb, sazlı, sözlü bir məclis qurmuşduq. Ağamalı bəy isə məclisimizin həm ağsaqqalı, həm də ozanı idi. Qəribə, özünəməxsus saz çalıb, oxumağı varıydı. Zahirən çox zəhimli, ciddi görünən Ağamalı Sadiq Əfəndi, sazı sinəsinə basanda bir ayrı cür olurdu. Üz cizgiləri dəyişir, qaşları çatılır, alnı qırış-qırış olub, Şahsəm deyib göy atın tərkində "Mövlam qanad verdi, uçdum da gəldim"-deyən Qəribə, gah şaxtaya, sazağa düşüb, Ərzurumun gədiyində Lələsini itirən Kərəmə, gah da sinəsi körüklənən, "Mənmi qocalmışam, ya zəmanəmi" deyən qos qoca Koroğluya dönürdü.
   
   Adəti üzrə cibindən yaylığını çıxarıb alnının, üzünün tərini silə-silə dedi:
   
   - Bəylər, könlünüz daha hansı havaları istəyir?
   
   Yaşca məndən kiçik olan qardaşım Tahir:
   
   - O, bizim eloğlu Məmməd İlqarın" Gələmmirəm İncə dərəm, incimə" sözünü bilirsənmi, əfəndim?- dedi.
   
   Bığaltı gülümsünüb:
   
   - Əvət, əfəndim, yerinə düşdü. Ustad Avdı babamızın yadigarı "İncəgülü" havasıyla başlayaq, qoy Məmmədin də qulağı cingildəsin,- deyib indi də ürfan ustadımız Avdı baba sayağı oxumağa başladı:
   
   
   
   Gecikmişəm görüşünə nə vaxtdı,
   
   Gələmmirəm İncə Dərəm, incimə.
   
   Kədərinə, gülüşünə nə vaxtdı,
   
   Bələnmirəm İncə Dərəm, incimə.
   
   
   
   Açığı deyim ki, dillər əzbəri olan bu sözləri birinci dəfəydi eşidirdim. Günahgar mən yox, uzun illərin qəribliyi, qürbətliyiydi. Ağamalı bəy isə öz aləmindəydi:
   
   
   
   Qayaların əli qalıb qaşında,
   
   Yola baxır hər xırdaca daşında.
   
   Günahkaram, öləsiyəm qarşında,
   
   Öləmmirəm, İncə Dərəm, incimə.
   
   
   
   Söz tamama yetir, yenə badələr dolub, boşalır. Birdən nə fiir edirsə Ağamalı ayağa qalxaraq:
   
   - Haəzarat, durun bu sözün müəllifi, Məmməd İlqar gilə gedib, davamını özünə oxudaq, - deyib əmr verdi. Təbii ki, onun bir sözünü iki etmək müşkül məsələ idi. Mən narahat olaraq onu fikrindən daşındırmağa çalışdım:
   
   - Ay qardaş, gecənin bu vaxtı qonaqmı olar, gəl bu daşı ətəyindən tök.
   
   - Məmməd, adaşınla tanışlığın varmı?- dedi.
   
   -Yox, amma adını çox eşitmişəm.
   
   -Ayə, Məmməd elə- belə şair, elə-belə kişi deyil. Durun görüm,- deyib sazı köynəyinə saldı. Yenə təkidlə:
   
   -Durun, durun gedək. Vallah özüm də çox darıxmışam ondan ötəri,- dedi.
   
   Hər nə isə, 5 nəfər olaraq oturduq maşına. Səfərimiz Sumqayıt şəhərinəydi. Gecə yarıdan ötmüşdü, saat 12- 1 arası olardı.
   
   - Məmməd, Məmməd,- dedi,- gör bir açıq mağaza olsa saxla, bir-iki araq alaq, bilmək olmaz, bivaxt gedirik,- dedi. O zamanı hamı xatırlayır. Özəl mağazalar, filan nə gəzirdi. Binəqədi kəndindən keçəndə( yolumuzu Novxanı tərəfdən salmışdıq)- ayə bir saxla görüm dedi. Gozü yenicə sökülməyə başlayan toy mağarını almışdı.
   
   -Canınçün bu düşmə oldu. Şəhərli camaatı çox mərd olurlar, onların ləhcəsində də əla danışıram. Bu saat onlardan araq alacam- deyib maşından düşdü. Doğrudan da belə oldu. Bir az keçməmiş araqla, hələ üstəlik bir az da yeməklə geri döndü.
   
   - Hə, daha rahat oldum, əli boş getmirik,-dedi. Novxanıdan ötüb, Qurd dərəsindən keçirdik, yenə:
   
   -Məmməd, saxla, burda bir yaxşı kəhriz var. Bir az suyundan içək,- deyib maşını yenə saxlatdı. Çox qəribə idi. Ağamalı üçün zaman anlayışı yoxuydu sanki. Biz də düşdük, vedrəni suya sallayıb su çıxardı.
   
   -Ayə, başın həqqi bu kəhrizin üstündə yüz-yüz vurmasaq kəhriz bizdən inciyər- deyib toy evindən götürdüyü yeməyi maşının kapotu üstünə qoydu.
   
   - Oğlan, o arağı bəri elə, Məmməd tədərüklü adamdı, gəlin bu sağlığı da bu kəhrizin, bu kəhrizi tikənlərin sağlığına içək- deyib maşında saxladığım yeganə stəkanla növbəylə kəhrizin saglığına içib, yola düzəldik. Beləliklə Məmməd gilə çatanda gecə saat 2 olardı.
   
   Gözlərini ovuşdura- ovuşdura qapını açan Məmməd camaatı, başda da Ağamalını görəndə qəhqəhə çəkdi. Sən demə öyrəncəkliymiş Məmməd.
   
   Ağamalıda eyni gülüşlə:
   
   - Canın haqqı, gör nə oğlanlar gətirmişəm. Hələ içində özbəyi də var- deyib, zarafata kecdi. Dostunun xasiyyətinə bələd olan Məmməd bizi içəri dəvət etdi. Həyat yoldaşı Fatma xanım da öyrəncəkliymiş yəqin. Heç bir an keçməmiş süfrə düzəldi. Məmməd mətbəxə keçib bir 3 litirlik balonla geri döndü.
   
   - Nə, a qardaş, bu spirtdi. Bir 3 litirdə su qatsaq, olacaq 6 litir,- deyib balonu stolun üstünə qoydu. Ağamalı gözaltı mənə baxdı. Bu "gördünmü?" işarəsi idi.
   
   Məclis yenidən, başqa bir axarla davam etməyə başladı. Ağamalı yeni bir şövq ilə çalıb - oxuyur, maraqlı zarafatlar danışır, hərdən də gah dolmaya, gah da spirtə qafiyə atıb, Məmmədlə deyişirdilər. Məclisin maraqlı məqamında Məmməd:
   
   - Ağamalı, sən canın o Kşem İrvamla olan əhvalatı danış- deyib sazı ondan aldı.
   
   - Ayə onumu deyirsən?- deyib, əhvalatı danışmağa başladı.
   
   Bir gün kəndimizə toya getmişdim. Gec gəldiyimçün məclisin lap seyrək vaxtına düşmüşdüm. Mənimlə yanaşı oturan İrvam kişi yaxşıca vurubmuş. Noolajax, yanaq qızarıb kefi kök kepqası əyri, oynayanlara tamaşa edirdi. Birdən mənə tərəf döndü. Əyin- başımdan, qalstukumdan hiss etdi ki, şəhərdən gəlmişəm. Əslində kefli olmasa tanıyardıda. Təfərincə bir də baxıb:
   
   - Aqrin alem, o qırmızı daldan barındımı?-dedi
   
   Bir şey anlamayıb soruşdum:
   
   -Ay İrvam dayı, qırmızı dal nədi, nə istəyirsən?
   
   - Ayə, babrız deyirəm dana, babrız.
   
   Mətləbini anladım. Qırmızı filtirli siqaret istəyirmiş. Çıxarıb birini verdim. Yanqılı-yanqılı siqareti aqzına aldı. Amma siqareti tərsinə- filtir tərəfi ağzına almışdı. Bir görəydiz, kefli adam, kibriti çaxır, sorur, sorur siqaret yanmır. Təzədən birdə, birdə. Axır dedim:
   
   - Ayə, ay İrvam dayı, ayə siqareti dal- qabaq qoyubsan.
   
   Kişi gözünün altıyla baxdı ki, doğrudan da tərsinədi. Qətiyyən özünü sındırmadan:
   
   - Aqrin alem, biz nə hərrəyirik dalını, qabağını,- deyib eyni cəhdlə yenə də kibriti çaxmağa başladı...
   
   Bu xoş xatirələr çox uzaqda qalıb. Məmməd İlqar haqda yazımağı qərarlaşdıranda nədənsə bu xatirələr gəlib durdu ""gözümün önündə.
   
   Ardı var

TƏQVİM / ARXİV