adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

DOSTLAR SATANDA NEYNƏYiRSiNiZ?

OQTAY SALAMOV
17303 | 2012-03-03 13:39
Bəlkə sualın qoyuluşundan təəccüblənirsiniz? Bəlkə özünüzə o qədər əminsiniz ki, sizin dostlarınız sizi atmazlar-satmazlar? Arxayın olmayın. Gəlin açıq danışaq, cürət etsəniz hətta satıldığınızın tarixini də nağıl edə bilərsiniz.
   
   Heç dost itirmisiniz? Yox, ölümü istisna edirəm, əzizini də itirə bilərsən, dostunu da itirə bilərsən, səni də itirə bilərlər. Hər şey Allahın əlindədir. Sağ olan, bəlkə də bir binada, bir kənddə, bir ərazidə yaşadığını bilə-bilə, sənin üçün itirilmiş olan dostdan danışıram. Heç dostunuz sizi satıbmı? Paxıllıqdanmı, qibtədənmi, maddi gəlirə görəmi, sizin səhvləriniz ucbatındanmı, qəlbinin qaralığındanmı, təbiətində satqınlıq olmasına görəmi- bir sözlə, dost sizi atıbmı-satıbmı?...
   
   Mən daha gözəl sözlər yaza bilərəm. Dostluğun müqəddəs hiss olduğunu, əsl dostun heç vaxt adamı satmayacağı haqda moizə oxuya da bilərəm, əgər satırlarsa, günahı dostlarında yox, özündə gör- hikmətini də dilə gətirə bilərəm, saysız-hesabsız misallar çəkərəm, nağıllar pritçalar danışaram. Amma günlərin birində belə situasiya ilə qarşılaşanda hiss edirsən ki, hamısı söz imiş, adamı elə satarlar ki, qiymətinin qara qəpikdən də ucuz olmasına yanıb tökülərsən, cızdağın çıxar. Özünüzdən, istədiklərinizdən uzaq olsun! Amma unutmayın, siz gözləməsəniz də, bu hal mümkündü və bəziləriniz üçün çox da uzaqda deyil...
   
   Heç güzgünün o biri tərəfində nəyin olması haqda düşünmüsünüz? Bir dəfə baxın! İndicə siz özünüzü güzgüdə görürdünüz- belə gözəl, göyçək, gülüsəyən... İki saniyə sonra- heç nə qalmır. Satılan adam da təxminən belə bir hiss keçirir. İnanın, yaşanmış hissdir, başa gələn işdir. Ürəyində, həyatında bir boşluq yaranır, içində nə isə qırılır, qəlbində nəyinsə dəyişdiyini duyursan. Sonra ürəyindəki boşluğun yerinə qəzəb, kin, küskünlük, intiqam almaq arzusu dolur. Bəzən də, səninmi, səni satanınmı bəxtindən bağışlama hissi də ola bilər.
   
   Bunlar hamısı sonra olur. Amma satıldığın an ürəyində olan boşluq nədən yaranır, oradan nə çıxır ki, yeri boş qalır? Çox düşünmüşəm, mənə elə gəlir ki, qəlbindən çıxıb gedən ilk növbədə- inamdır...
   
   Belə çıxır ki, etibar, rəğbət, dostluq sevgisi, birgə yaşanmış hisslər itiriləndə, sən kimisə satanda, kimsə səni satanda ilk növbədə inamını itirirsən. İnamını itirmə isə hər şeyi itirmək demək olur.
   
   İlk ağlına gələn intiqam hissi olursa, sənin özünün də dostluğuna, lap indi keçmiş saydığın dostluğuna şübhə etmək olar. İnanırsınızmı ki, mənim kimi, bəlkə də çoxlarınız kimi dost satqınlığını görmüş adamlardan biri sorğu keçirib, belə halla rastlaşanda kimlərin hansı ölçüləri götürməsinin statistkasını aparıb. Gör nə qədər inamını itirməlisən ki, dost satqınlığını keçirən adamlar arasında sorğu aparasan... Dəhşətdi... Hə, sorğuda iştirak edənlərin 22 nəfəri, yəni 4 faizi deyib ki, "intiqam alaram". Qəribədir, elədirmi? Doğrudan da intiqam almaq keçmiş olsa da dostlar arasında aktual,gündəmdə olan," dəbdə olan" vasitə deyilmiş...
   
   İnanılmaz görünsə də, rəyi soruşularnların 53 faizi, yəni 272 adam cavab veriblər ki, "kənara çəkilərəm". Belə düşünürəm ki, şokda olan adamların cavablarıdır. Belələri təkcə inamlarını itirənlər deyil, ümidlərini də itirənlərdir. Belə adamlar üçün bir daha dostluq eləmək qeyri-mümkündür. Ən pisidə odur ki, "kənara çəkilmək"lə başqalarının dostluğuna da inanmırsan, yaxınlarının da "yaddan doğma olmaz" inamını foralaşdırır, ümumiyyətlə dostluq fikrini birdəfəlik ürəyindən və qəlbindən silmiş olursan...
   
   Beş faiz adam keçmiş dostunu açıq söhbətə çəkməyə , "həqiqət anı"nı üzə çıxarmağa cəhd edərdi. Çox az faizdir, yəni doğrudanmı sirrini bölüşdürdüyün, ürəyinə yaxın buraxdığın, səni tanıyan, sənin tanıdığın adamın birdən üz döndərməsinin,hər şeyin üstündən xətt çəkmək səbəblərini öyrənmək istəmisən? Bəlkə bu söhbətdə doğrudan da həqiqət üzə çıxacaq, bəlkə dostluğu xilas etmək olacaq. Yoxsa qorxursan ki, açıq söhbət elə mətləblərin üstünü açar ki, keçmiş dostluq indiki zamanda düşmənçiliyə çevriləcək? Keçmiş dostların düşmənçilikləri də adi olmur axı...
   
   22 adam deyir ki, müstəqil, yəni marağı olmayan hakimi dəvət edərdim. Mənim üçün qəbul edilməyən variantdır. Dostluqda da, düşmənçilikdə də kənar adamın müdaxiləsi arzulanmayandır. Olsun ki, hər ikinizin tanıdığı adamı hakim kimi dəvət edəsiniz, hansınızısa "neprav" çıxarsın, qaş düzəldən yerdə vurub göz də çıxarsın. Həm də kənar adam keçmiş dostundan yaxşı səni, ya onu tanıyacaq?... Dostluqda da, düşmənçilikdə də başqa adamın müdaxiləsi lazım deyil!...
   
   Məncə sorğunun bu punktuna cavab verənlər gənclərdir. Amma əmin deyiləm, o qədər yaşlı adamlar var ki, dost naxələfliyini görəndə elə belə də eləyir. Məsələ ondadır ki, sorğuda iştirak edənlərin 7 faizi, yəni 35 nəfər deyir ki, " döyərdim"! Məqbul variantdır, amma nəyi dəyişdirir ki?..
   
   "Bağışlayaram və hər şey əvvəlki kimi olar"... Belə söyləyən 115 adamın (22 %) səmiyyətinə inanmadım. Bəlkə mənim dostluq, dost haqda təssəvvürlərim başqadır, bəlkə mən satqınlığı qəti bağışlaya bilmirəm, amma bağışlaya bilmərəm. Bilirəm ki, Allah bağışlayandır və Onun kimi edənləri bəyənir. Amma adam o qədər müdrik deyil, Yaradandan fərqli olaraq bir az başqa təbiətlidir axı, mən bağışlaya bilmirəm...
   
   Bəs sizin variantınız necədir? Bu qeyddə deyəsən ancaq kişilərin mövqeyindən çıxış etmişəm, elə rəyi soruşulanların da cavablarından kobud cinsə (qəribə səslənir, əgər qadına "zərif cinsin nümayəndəsi" deyilirsə, avtomatiklaraq kişilərə kobud cinsin nümandəsi deyilirmiş?) mənsub olduqları sezilir. Bəlkə qadınlar da müzakirədə iştirak etmək istəyirlər?!. Yoxsa qadınları dostları satmırlar? Başınıza gəlibsə, keçmiş olsun, başınıza gəlməyibsə, kaş heç vaxt gəlməsin də... Ağrılı, yaddan çıxmayan, inamın itirilməsi prosesidir...

TƏQVİM / ARXİV