adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

TABUTçU

BABƏK YUSİFOĞLU
40374 | 2012-03-06 07:26
Amerika kəşf olunandan sonra avropalılar oranı "Yeni dünya" adlandırdılar, bununla da özlərinə istər-istəməz təzə bir ad icad etmiş oldular - "Qoca qitə". Əslində bu yeni cüt materikin kəşfi təkcə Avropa üçün deyil, həmçinin bütün dünyadan ötrü mühüm hadisəyə çevrildi. Hətta Amerika ilə əlaqəsi, maraqları olmayan xalqlar üçün də. O da bir gerçəkdi ki, bu kəşf dünyanın gələcək siyasi düzənini kökündən dəyişdi. Bəlkə də elə bu səbəbdəndi, məşhur bir söz bütün dünya xalqlarının dilində var: hansısa yeni ideyanı, yeni əməli bəyənməyəndə insanlar belə deyirlər "özündən yeni Amerika kəşf etmə". Yəni, bu böyük, yeni dünya bir dəfə tapılıb və bir daha təkrarlanmayacaq.
   
   Həmin tapıntıdan sonra ən çox avropalılar bu geniş, münbit, zəngin torpaqlara köç etməyə başladılar. Bu axın ötən əsrin əvvəllərində özünün pik həddini yaşadı. İmkanları geniş, pulları çox olanlar öz işlərini genişləndirib daha çox qazanc əldə etmək, "Qoca qitə"də yoxsulluqdan, işsizlikdən, zülümlü həyatdan qurtulmaq istəyənlər durmadan buraya üz tuturdular. Hətta bu axının içərisində macəra axtaranlar da az deyildi. Bəli, bu "yeni dünya"da sadaladığım və sadalamadığım hər şey vardı.
   
   
   
   QATİI, YOXSA
   
   MƏRHƏMƏT SAHİBİ?..
   
   
   
   Frenki (Françesko) İtaliyada anadan olmuşdu. Onun ailəsi də bir çox yoxsul italyanlar kimi normal bir həyata sahib olmaq üçün Amerikaya köçdülər: Nyu-Yorka. Və onda bir kiminsə ağlına belə gəlməzdi ki, kiçik yaşlı bu oğlanın həyatı burada çoxlarına cəhənnəm yaşadacaqdı.
   
   "Cənnət" sevdası ilə gəldikləri Amerika elə onun özü, ailəsi üçün də cəhənnəmdən yaxşı olmadı. Kim bilir, bəlkə də bu qorxubilməz yeniyetmənin ayaq basdığı bu yeni torpaq onu başqa cür qarşılasaydı Frenk dünyanın ən məşhur qatillərindən, hamının çəkindiyi qanqsterlərindən biri yox, tamam ayrı bir insan kimi tanınacaqdı.
   
   Çünki qəribə də olsa Frenkinin haqqında nə qədər qorxunc əfsanələr gəzirdisə, bir o qədər də çox xeyirxah söhbətlər dolaşırdı. Frenki Yeli yaxından tanıyanlar onun haqqında elə şeylər danışırdılar ki, bunlara inanmaq asan deyildi.
   
   ...1918-ci ilin soyuq qış axşamlarından biri idi. 25 yaşı olsa da artıq Nyu-Yorkun qaranlıq dünyasında böyük bir adı qazanmağa nail olmuş Frenki gecə restoranların birinə girərkən yaxınlıqda qucağında bir topa qəzet tutub müştəri axtaran 10 yaşlarında bir oğlan uşağıyla rastlaşır. İçəri keçir. Restorandakı yeməyini və işlərini qurtarıb çıxanda yenidən hələ də soyuqdan üşüyən həmin balaca oğlanı orada görür. Qaranlıq düşdüyü üçün hava bir az soyumuş, ətrafdan əl-ayaq kəsilmişdi.
   
   Oğlanın qucağındakı qəzetlərin hələdə azalmadığını görən Frenki ona yaxınlaşır. Həmin an bu səhnəin şahidi olanların çoxu bəlkə də bu amansız adamın belə hərəkətinin sonunda faciənin baş verəcəyini düşünərdilər.
   
   Amma Frenki oğlanın qucağındakı qəzetlərin hamısını almaq istədiyini bildirir və onun ovucuna şax bir əlli dollarlıq basır. (Bu pul o zaman üçün həmin qəztlərin hamısının qiymətindən 3-4 dəfə çox eləyirdi). Sonrasa oğlana ötkəm səslə: "Marş, evə, ananın yanına get!"
   
   Deyirlər ki, Frenki hətta özünə dost olmayanları da qonq çağıranda dəvəti hansısa məbləğdə bank çekinin üzərinə yazırdı. Və o, ömrünün sonunadək bu adətinə sadiq qaldı. Bu qəribə qanqsteri yaxından tanıyanlar danışırlar ki, Frenki qaranlıq dünyaya mənsub olanlara bənzəməzdi. Qarşılaşdığı yoxsul, köməksiz adamlara yardım edərdi. Hətta danışırlar ki, Nyu-Yorkun sərt qış günlərində evlərini qızdıra bilməyən kasıb italyan ailələrinə odun göndərərmiş. Hansı ki, bu cür işlərdən ötrü təyin edilmiş dövlət məmurları ailələrə belə yardımlar etməzdilər.
   
   Görənlər Frenkinin belə hərəkətlərini hər yerdə danışsalarda ilk vaxtlar bunlara inananlar az olmuşdu. Çünki Frenki Yelin mənsub olduğu dünya bu cür davranışları qəbul etmirdi, belə şeylərə orada yer belə yox idi. Amma nə etmək olar, Frenki beləydi.
   
   
   
   FRENKİ YEL VƏ "YENİ DÜNYA"NIN BOZ ÜZÜ...
   
   
   
   Françesko Yel (Onun soyadı "amerikalılaşandan" sonra müxtəlif cür göstərilir - Leyl, Ueyl, Ayel, Yelski...)1893-cü ilin 22 yanvarında İtaliyada, Kalabriyada çox yoxsul bir ailədə anadan olmuşdu. Çətin güzəran sonradan ailəni məcburiyyət qarşısında qoydu ki, bir çox ailələr kimi talelərini "Yeni dünya"da axtarsınlar.
   
   Onların ailəsi çox böyük çətinliklərdən sonra Amerikaya gəlib çıxdı. Və bu gəliş nəinki elə ilk gündən, hətta ilk saatlardan belə onları burada daha çətin həyatın gözlədiyini göstərdi. Kimsə, bəlkə də heç özü də deyə bilməzdi ki, Amerikaya ayaq basdığı ilk gün onun ömrünün ən pis anları sayıla bilər, yoxsa ömrünün sonu?..
   
   Ciblərində bir sentləri belə olmayan ailəni dörd həftə emmiqrantlardan ötrü ayrılmış paslı bir gəmidə yerləşən və daha çox türməyə bənzəyən filtirasiya məntəqəsində saxladılar.
   
   Bunun özü iyrənc və əzablı idi. Frenki həmin vaxtlarda bütün bunları dərindən anlamasa da "Azadlıq simvolu"nun insanları çox sərt "qarşıladığının" fərqində idi. Harada gecələyəcəklərini bilməyən ailənin ürəklərindəki ağır peşimançılığı aclıqdan üzülmüş bədənlərində daşıyaraq imkansızlara pulsuz supun harada verildiyini öyrənmək üçün necə soraqlaşması Frenkinin yaddaşına köçmüşdü.
   
   İlk günlərdən onları bürüyən sonu görünməyən cətinliklər, İtaliyadan heç də fərqli olmayan kasıb güzəran ailəni daxilən sarsıtdı. Peşimançılıq və ümidsizlik içərisində boğulan valideynləri nə edəcəklərini bilmirdilər. Kiçik qardaşı da hələ bir işə yaramırdı. Bunları aşmaq Françeskonun üzərinə düşürdü. Bəlkə də elə ilk saatlardan gördükləri, hiss etdikləri, qarşılaşdıqları hər şey onun daxilini, mənəviyyatını, "Yeni dünya" üçün qurduğu xəyalları alt-üst etdiyi üçün Frenki qəddarlığı seçdi. Bəlkə o bu yolla intiqam aldığını düşünürdü? Bəlkə də dəniz limanında sahilə ilk dəfə ayaq basan vaxt Nyu-York ona qəzəb, intiqam bəxş etmişdi.
   
   
   
   NYU-YORK
   
   KÜÇƏLƏRİNİN "İSTİQAMƏTİ"
   
   
   
   Həqiqətən də çox keçmədi ki, Nyu-Yorkun çətin həyatı Frenkini "Qaranlıq dünya"nın qucağına atdı. Əslində Frenki artıq bunu göz altına almışdı. Orta boylu, nisbətən dolu bədənli, amma bunlara rəğmən çevikliyi, qorxmazlığı və hər cür çətinlikdən çıxmağı bacarması Frenkiyə yaşca böyük dostlar da qazandırdı. Bir qədər sonra isə Con Torrio ilə dostlaşdı və bu yaxınlıq ona kriminal dünyada bilmədiyi bir çox şeyləri öyrətdi. Özü də çox tez bir zamanda. 1909-cu ildə Torrio Çikaqoya getdi və Frenki yaxın dostlarıyla Nyu-York küçələrinin, barlarının, qumarxanalarının əsl sakininə çevrildi.
   
   İlk dəfə polis onu dostu Nelsonla birlikdə oyun salonunda bir neçə nəfərlə dalaşdığına görə saxladı. Onda Frenki bu dalaşmada bir neçə nəfərə xəsarət yetirmişdi. Deyilənə görə, həddi-büluğa çatanadək onun "ayağında" bir neçə qətl vardı. Elə ilk dəfə 1912-ci ildə polis Frenki Yeli qətldə şübhəli şəxs kimi saxladı. Həmin vaxt Frenkinin 17 yaşı hələ tamam olmamışdı.
   
   Frenki Yel başladığı "işi" tərəddüd etmədən görürdü. Qısa zaman ərzində Bruklində özünə ad qazana bildi.
   
   Artıq "Qaranlıq dünya"nın "böyüklərindən birinə çevrilməkdəydi. Bununla yanaşı qarşıda onu bitib-tükənməyən çətin, qorxulu toqquşmalar, savaşlar gözləyirdi. Onlardan birincisi artıq qapıdaydı.
   
   Həmin dövrlərdə Nyu-Yorkdakı qara işlərin böyük bir qismi məşhur İrlandiya mafiyasının nəzarətində idi, heç kəsə göz açmağa imkan vermirdilər. Və gözlənilirdi ki, bu mafiya üzvləri yeni qanqsterin hərəkətlərinə biganə qalmayacaqlar.
   
   Elə belə də oldu. Lakin artıq döyüşməyi, ətrafına lazım olan adamları yığmağı bacaran Frenkini aradan götürmək asan məsələ deyildi. Sonucda hər iki qanqaster dəstəsi arasında gərgin mübarizə başladı. Çünki tərəflər anlayırdı ki, bu qarşıdurmada uduzan tərəf Nyu-Yorku digərinə təslim etmiş olacaq.
   
   Və artıq Yelski universitet adını qazanmış dəstə İrlandiya mafiyasını Nyu-Yorkun kriminal aləmindən sıxışdırıb kənara çəkməyi bacardı. Bununla da Frenki Amerikada faliyyət göstərən Siciliya mafiyasına çox böyük hörmət qazandırdı. Elə onun özü də "qaranlıq dünyanın" şeflərindən birinə çevrilmişdi. Ondan qorxmağa başlamışdılar. Çünki onun öldürdüyü adamların sayı heyrətamiz səviyyədə çox idi.
   
   Bundan başqa, Çikaqonun qeyri-rəsmi sahibi sayılan məşhur qanqster Al Kapone Nyu-Yorkda çıxılmaz vəziyyətə düşərkən, həyatı sapdan asılı vəziyyətdə qalarkən Frenki Yel özünü risqə ataraq onu xilas etmişdi. Ümumiyyətlə, onun qanqster dəstəsi digərlərindən fərqil hərəkət edirdilər. Frenki Yelin bandası onların ümumi işlərinə, bizneslərinə xeyir verəcək bütün etnik qruplardan ibarət mafiyalarla işləməyə üstünlük verirdilər. Artıq Bruklindəki bütün obyektlər, ticarət şəbəkələri onun nəzarəti altına keçmişdi.
   
   
   
   TABUTÇU
   
   
   
   Bundan başqa Yelski universiteti iaşə müəssisələrinə buzun satılmasını, siqar biznesini və bir sıra gəlir gətirən sahələri də öz monopolyasına almışdı ki, oradan böyük pullar əldə edilirdi.
   
   Qəribə də olsa Frenkinin şəxsi "dəfn evi" firması da vardı. Çox maraqlıdır, polisdəki sorğulanmalarının birində "hansı peşənin sahibisiniz?" sualına Yel ironiya ilə belə cavab vermişdi: "Tabutçu". Əslində burada həqiqət vardı. Öldürmək və dəfn etmək elə onun "firması"nın işi idi. Çünki o, Bruklinin ən böyük qanqsterinə çevrilmişdi.
   
   
   
   (Ardı qəzetin
   
   13 mart sayında)

TƏQVİM / ARXİV