adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Türk kinosu: imperatorun atlarından sevizmə səhnələrinə qədər

79904 | 2012-03-06 13:01
Bir müddət əvvəl türk filmləri haqqında silsilə yazılar yazırdım. Həm Türkiyədə, həm də Azərbaycanda məşhur olan türk filmləri haqqında əsasən tanıtım xarakteri daşıyan yazıları ardıcıl olaraq davam etdirmək niyyətindəyəm. Etiraf etmək lazımdır ki, yaxın qonşularımız İran və Türkiyənin kinematoqrafiyası xeyli inkişaf edib və dünya kinosunda özünəməxsus yerini möhkəmləndirməkdədir. Xüsusilə Türkiyədə bu inkişaf gözlə görünəcək dərəcədə sürətlə gedir. Azərbaycan seyirçilərinə tanış olan onlarla türk filmi var ki, dünya seyirçilərini də heyrətləndirməyi bacarır. Həm keyfiyyət, həm müasir yanaşma Türkiyə kinosunun artıq dünyaya çıxışını təmin edib. Müqayisə üçün bizim savadlı və dünyagörüşlü rejissorlarımızın filmlərindən bəhs etməyə dəyməz. Türkiyəli həmkarları ilə müqayisədə ciddi məktəb görmüş, savadlı və dünyagörüşlü Azərbaycan rejissorları isə demək olar ki, bir dənə də maraqlı film çəkə bilməyib. Bunun günahı təkcə rejissorlarda və aktyorlarda deyil. Kino bazarının, böyük kinoteatrların və yaxşı film ərsəyə gətirmək üçün lazımi maddi-texniki bazanın olmaması Azərbaycan kinosunun yerlərdə sürünməsinin əsas səbəbidir. Bizim rejissorlar film çəkə bilmir, vəssalam. Tək-tük uğurlu cəhdləri nəzərə almasaq, bizdə yaxşı film anlayışı da yoxdur. Ssenaristlərin ala-babat cəhdləri, uğursuz rejissor işi, duzsuz musiqi tərtibatı haqqında danışmağa isə dəyməz. Nə, isə...
   
   Bu yazımda Azərbaycan kinosu haqqında tənqidi fikirlərimi tirajlamaq istəmirəm. Ola bilsin ki, növbəti yazılarda Azərbaycan kinosu haqqında daha geniş bir araşdırma ortaya çıxarmağa cəhd edəcəm. Bir sözlə, mövzum Türkiyə kinematoqrafiyası, daha doğrusu Türkiyə kinematoqrafiyasında açıq-saçıq səhnələr və bu səhnələrdə rol alan aktyorlar haqqındadır. Dünya kinosu öz inkişafına sənədli süjetlərlə başlayıb. Türk kinosu da ilk inkişafına əcnəbilərin köməyi ilə bu şəkildə başlayıb. Türkiyəyə sənədli süjetlər vasitəsi ilə kinonu gətirən Əli əfəndi adlı bir restoran sahibi və Şakir və Kamal Seden qardaşlarıdır. Osmanlı torpaqlarına qədəm basdığı gündən bu günədək Türkiyədə kinoya gəlir mənbəyi kimi baxıblar. Bəlkə də Türkiyədə kino sənətinin bu qədər sürətli inkişafının səbəbi bu amildir. Türkiyədə ilk sənədli süjetləri Ziqmund Veynberq çəkib. Osmanlı ordusunun komandanı Ənvər paşanın atları və onların yeni doğulmuş qulunları haqqında çəkilən bu süjetlər Türk film tarixinin ilki sayılır.
   
    İlk türk rejissor Fuat Uzkınay (o, zabit idi) hesab olunur. Onun 14 noyabr 1914-cü ildə İstanbulda (Yaşılköydə) çəkdiyi "Ayastefanosdakı rus abidəsinin yıxılması" filmi bütün kinematoqrafçılar tərəfindən Osmanlı İmperiyasında çəkilən "ilk film" kimi qəbul edilib. Bu tarixi türk kino tarixinin başlanğıcı da hesab etmək olar. "Ayastefanosdakı rus abidəsinin yıxılması" eyni zamanda ilk türk sənədli filmidir. İlk türk rejissorunun zabit olması çox maraqlı bir məqamı işıqlandırır. Türk kinematoqrafiyası uzun müddət orduya və hərbi gücə xidmət edib. Osmanlı imperiyasında yaradılan kino departamenti də demək olar ki, İmperatora və orduya xidmət edirdi. Əsasən imperatorun gəzintiləri və hərbi yürüşlər kino lentinə çəkilirdi. Atatürkün İstiqlal savaşına başlamasından sonra da çox ciddi dəyişiklik kino sahəsində özünü göstərməyib. Bu dəfə kino departamenti qazilərə və yeni qurulan Türkiyə cümhuriyyətinin ordusuna xidmət göstərib. Bütün cəhdlər isə bu gün uğurla inkişaf edən Türkiyə kino sənayesinin formalaşmasına xidmət edirdi. Türkiyədə bütün durğunluqlara baxmayaraq, film sahəsində irəliləyişlər günbəgün hiss olunurdu. 1922-ci ildə "Kemal Film" adlı ilk özəl türk kino şirkəti qurulub. Şirkət 1923-cü ildə "Zəfər yolları" adlı sənədli film çəkir və Qurtuluş Savaşı ilə bağlı çəkilən sənədli filmlərdən sonra Türkiyədə bu sahədə birinci durğunluq dönəmi yaşanır.
   
   Maraqlıdır ki, durğunluğa hamıya tanış olan bir isim son qoyur. O, 1934-cü ildə "İpək film" şirkətində "İstanbulun senfonisi" və "Bursanın senfonisi" adlı iki sənədli film çəkməklə türk sənədli filminə yenidən start verib. Bu şəxs türk şeirinin unudulmaz imzalarından olan, Nazim Hikmət idi.
   
   Xatırladaq ki, N.Hikmət Azərbaycanda da kinossenarist kimi fəaliyyət göstərib. O, "Bir məhəlləli iki oğlan" filminin ssenari müəllifidir. Türkiyədə ssenarist kimi N.Hikmət adı ilə deyil, Mümtaz Osman təxəllüsü ilə çalışıb.
   
   Türk kino tarixində, istisnaları çıxmaq şərti ilə, ən çox hərbi və melodram janrına müraciət edilib. Amma müasir dövrdə türk kinosu bu janrlardan uzaqlaşaraq yeni və dünyanın diqqətini çəkən filmlər istehsal etməkdədir.
   
    Bu gün Türkiyədə kifayət qədər cəsarətli səhnələrlə zəngin, açıq-saçıq hesab olunan, hətta erotik görüntülərlə zəngin filmlər istehsal olunur. Qeyd etmək lazımdır ki, Türkiyədə qeyri-leqal yollarla porno filmlər də istehsal olunur. İstənilən halda Türkiyə kimi mühafizəkar cəmiyyətdə bu cür filmlərin yayılması və çəkilməsi qıcıq doğurmamış deyil. Bizim tanıdığımız və dünyanın qəbul etdiyi Türkiyə cəmiyyəti kifayət qədər demokratik görüntü sərgiləyir. Ancaq prezidentinin və baş nazirinin xanımı türbanlıdırsa, baş nazir daha çox cümə namazlarına getməyini TV-lərdə nümayiş etdirirsə cəmiyyətin əsil üzü bir az sual yaratmalıdır.
   
   Az qala bütün seriallarda və filmlərdə yataq, sevişmə səhnələri var. Getdikcə islamın hegemonluğu hiss olunan Türkiyə cəmiyyətinin bu cür səhnələrə münasibəti necədir? Bu sual haqqında düşünməyə və cavab axtarmağa dəyər.
   
   Filmlərdə sevişmə səhnələri, seriallarda isə öpüşmə səhnələri reytinq yığmağa və populyarlığa hesablanır. Bu cür səhnələrə qarşı çıxmaq mənə görə doğru deyil. Ancaq rejissorlar və film istehsalıyla məşğul olan şirkətlər bunun çox şitini çıxarmamalıdırlar. Bu səhnələrə həddindən artıq marağın olması isə başa düşülən deyil. Türkiyə kinosunun inkişafından danışdıqda bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bəzən kütlənin diqqətini cəlb etmək üçün çox ünlü rejissorlar da filmlərində bu cür səhnələrin çoxluğu və daha qabarıq verilməsinə çalışır. Gənclər və yeniyetmələr bu səhnələrə internetdən dəfələrlə baxmağa, valideynlər isə qarşı çıxmağa davam etdikcə bu cür səhnələr həm kəmiyyətcə, həm də "keyfiyyətcə" daha da çoxalır.
   
   Türkiyə cəmiyyətinin bu məsəyə münasibəti birmənalı deyil. Avropaya meylli kəsim bu səhnələri və bu qəbildən olan filmləri normal qarşılasa da, dindar və mühafizəkar insanların bu cür filmlərə çox sərt və barışmaz münasibəti var. Ən maraqlısı isə, bu cür səhnələrdə rol alan aktrisaların tənqidlərə və təpkilərə göstərdikləri münasibətdir.
   
   "Zeynəbin 8 günü" filmində rol almış və sevişmə səhnələrinə görə mətbuatda tənqidlərə məruz qalmış Fadik Sevin Atasoy ona qarşı yönələn tənqidlərdən narahat olmadığını bildirir: "Mən filmdə bir obraz canlandırmış, ona can vermişəm. Bunu etmək ayıb deyil. Bu cür səhnələri tənqid hədəfi seçib, mətbuat səhifələrinə çıxarmaq ayıbdır."
   
   Azərbaycanda kifayət qədər məşhur olan "Yaprak dökümü" serialında Fikret obrazını canlandıran aktrisa Bennu Yıldırımlar da bu cür tənqidlərə məruz qalan aktrisalar arasındadır. Bülent Emin Yararla evli olan aktrisa "Gökten üç elma düştü" filmindəki sevişmə səhnələrinə görə sərt tənqid edilib. Filmdə Nilgün adlı tənha bir fahişəni canlandıran Bennu Yıldırımlar ona tənqidi yanaşanlara cavab verib. "Heç kim mənim sevişmə səhnələrimdə çəkilməyimə qarşı çıxa bilməz. Filmdə fahişəni canlandırmışam və obrazın tələblərinə uyğun rolumu oynamışam".
   
   "Kurtlar vadisi" serialındakı Elif obrazıyla məşhurlaşan Özgü Namal çəkildiyi bir çox filmlərdəki sevişmə səhnələri ilə gündəmdə olan aktrisalardandır. Özgü Namal onu bu səhnələrə görə qınayanları anlamadığını bildirir. "Mən aktrisayam və öz rolumu mükəmməl və qüsursuz ifa etməyə çalışıram. Rol aldığım bu cür səhnələrə daha çox diqqət çəkənləri başa düşə bilmirəm". Qeyd etmək lazımdır ki, Özgü Namal aktrisa kimi çox populyardır və türk film tarixinin yeni ulduzlarından hesab olunur. "O...Çocukları" filmində Sarp Apakla olan sevişmə səhnəsi kifayət qədər tənqid olunub və birmənalı qarşılanmayıb.
   
   Bir sözlə, cəsarətli səhnələrdə çəkilən türk aktrisaları oynadıqları rolların tələb etdiyi səhnələri canlandırmaqdan çəkinmirlər. Cəmiyyətin və mətbuatın sərt tənqidlərinə məruz qalsalar da bu cür filmlər gənclər tərəfindən daha çox izlənilir və sevilir.
   
   Ancaq cəmiyyətin mühafizəkar və dindar kəsimi bu cür filmlərə qarşı olduqca barışmazdır. Nüfuzlu din xadimləri öz xütbələrində və çıxışlarında bu tendensiyanı tənqid edir və pisləyirlər.
   
   Təsadüfi hallarda türk aktrisaları bu cür obrazlardan imtina edir. Məsələn, uzun müddət "Yeşil çam" filmlərinin seks simvolu sayılan Hülya Avşar Murat Saraçoğlunun ekran həyatı verdiyi "O...çocukları" filmində yaşlı fahişə obrazından imtina edib. Teatr aktrisası Demet Akbağ isə bu rolu qəbul edib və ölümsüz bir obraz yaradıb.
   
   Açıq-saçıq səhnələrdə rol aldıqdan sonra aldadıldığını iddia edən aktrisalar da var. Məsələn, "Gecenin kanatları" filmində rol alan və sinəsinin güzgü vasitəsi ilə göstərilməsini iddia edən Beren Saat filmin nümayişindən sonra mətbuat səhifələrindən məhkəmə salonlarına qədər yol keçdi. Filmin rejissoru və tərəf müqabili onun sinəsinin görünməsindən xəbərdar olduğunu desə də, Beren Saat bu səhnənin xəbərsiz çəkildiyini iddia etdi. Bu səhnənin çəkilişi zamanı rejissor tərəfindən aldadılmasını da xüsusilə qabardan aktrisa söylədiyi fikirlərlə qalmaqala səbəb olub. "Mənə beldən yuxarı çılpaq, bir səhnə çəkəcəklərini söylədilər. Bu səhnədə ancaq kürəyim görünməli idi. Amma filmdə sinəmin görünməsinə heyrət elədim. Mən aktrisayam, bu cür səhnələri istəyərək oynaya bilərəm. Ancaq bu rejissorun səhvi və günahıdır. Mən lazım gələrsə Mata Harini, lazım gələrsə Tereza ananı canlandıra bilərəm".
   
   Son olaraq qeyd etmək lazımdır ki, tənqidlərə və müxtəlif münasibətlərə baxmayaraq, Türkiyə kinosu inkişaf edir və dünya kinosuna öz töhfələrini verir. Cəsarətli və açıq-saçıq səhnələr isə kütləni cəlb etməyə hesablandığı üçün populyar filmlərdə rejissorlar bu səhnələrsiz keçinə bilmirlər. Zənnimcə, həyatın bir parçasını səhnələşdirmək və izləyiciyə təqdim etmək normaldır. Mühafizəkar cəmiyyətlərdə isə bu cür səhnələrə sərt tənqidi münasibət başa düşüləndir.

TƏQVİM / ARXİV