adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Aprel 2014 18:20
11840
MƏMLƏKƏT
A- A+

Prezident fərman verdi

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli qanunun tətbiqi barədə fərman verib.

Adalet.az xəbər verir ki, Nazirlər Kabinetinə tapşırılıb ki, qanunların və prezidentin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Eyni zamanda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar barədə nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilməsi, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sisteminin üç ay müddətində Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati xəta haqqında iş üzrə icraat SMS məlumatlandırma sistemi yaradıldıqdan sonra həyata keçiriləcək. Yəni xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan elektron sənəd formasında xətanın törədildiyi gün tərtib ediləcək və elektron imza ilə təsdiqlənəcək. İnzibati xəta haqqında protokol Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib ediləcək. Hüquqi şəxsə məxsus olan və sərnişin və ya yük daşıma xidmətləri göstərən nəqliyyat vasitəsi tərəfindən törədilən xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim ediləcək.