adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2014 18:16
11838
ƏDƏBİYYAT
A- A+

Viktor Hüqonun Onore de Balzakın məzarı üstündə söylədiyi nitq

- Məzara yatırdığımız bu insan, cəmiyyətin ağrı ilə yola saldığı şəxsiyyətlərdən biridir. İndi elə biz zamandır ki, insanların nəzəri bizi idarə edənlərə deyil, düşünənlərə, mütəfəkkirlərə yönəlib. Buna görə də, mütəfəkkirlərdən kimsə dünyasını dəyişəndə, bütün ölkə sarsılır. İstedadlı insanın ölümü çoxlarının matəmi, dahi insanın ölümü isə xalqın matəmi deməkdir.
Cənablar, Balzakın adı zəmanəmizin tarixdə buraxacağı parlaq bir izdir...
Onun ölümü bütün Fransanı sarsıtdı. Bir neçə ay idi ki, o, evinə qayıtmışdı. Ölümünü əvvəlcədən hiss edərək, o bir daha vətənini görmək, uzaq səfərdən qayıdan oğul anasını qucaqlayan kimi, doğma yerləri bir daha bağrına basmaq istəmişdi. Onun həyatı qısa, amma zəngin oldu, onun həyatı günlər sarıdan deyil, zəhmət sarıdan daha bol oldu.
Heyhat! Bu əzabkeş zəhmətkeş, bu filosof, bu mütəfəkkir, bu şair, bu dahi bizim aramızda hədələr, mübarizə, dava-dalaşlar, döyüşlərlə dolu bir həyat keçirdi. Zəmanəmizin böyük şəxsiyyətlərin hamısı belə həyat yaşamağa məhkumdur.
İndi o dinclik tapıb. İndi, o, rəqabət və düşmənçiliyin fövqündədir. O, eyni gündə həm şöhrətə, həm də məzara qovuşur. Bu gündən sonra başımızın üstündəki buludlardan daha yüksəkdə dayanaraq, o vətənimizin göylərindəki ulduzlara qoşulub, üstümüzə işıq saçacaq. Siz, burada toplaşanların hamısı, məgər ona həsəd aparmırdınızmı?
Belə bir itkinin qarşısında kədərimiz nə qədər böyük olsa da, biz məyus olmayacağıq. Gəlin, bu itkini içindəki bütün qəddarlıqlar və kədərlə birlikdə qəbul edək. Bəlkə də, bu, bizim xeyrimizədi, bəlkə də zaman-zaman böyük şəxsiyyətlərin ölümü zəmanəmizdə şübhələr və inamsızlıq içində boğulan ürəkləri sarsıtmalıdı. Tale nə elədiyini bilir, o, xalqı nəhəng bir sirrlə üz-üzə qoyanda, ən ali bərabərlik və ən ali azadlıq olan ölüm barədə düşünmək imkanı verir. Ali təfəkkür təntənə ilə başqa dünyaya köç edəndə, kütlənin üzərində həmişə öz dühasının gözəgörünən qanadlarında dolaşan adam tamam başqa, gözə görünməyən qanadlarını açıb, görünməzliyə qərq olanda, hamının qəlbini təntənəli, ali hisslər bürüməlidir. Amma o dühaların köç etdiyi yer görünməzlik deyildir! Bunu bir dəfə kədərli bir hadisə zamanı demişdim, indi də yorulmadan təkrar edirəm: o yerin adı görünməzlik deyil, əbədiyyətdir. Bu son deyil, başlanğıcdır.
Ey məni dinləyənlər, deyin, məğər belə deyilmi? Balzakın məzarı kimi məzarlar ölümsüzlüyün sübutu deyilmi?!
Tərcümə etdi: Günel Mövlud
Kultura.az