adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Qəbirqazanlar - Qəbristan fəhlələri

20908 | 2012-03-07 08:29
"Məzarçı qardaş..."
   
   
   
   "mezarcı kardeş;
   
   bi çukur da bana kaz elin değmişken.
   
   ah hiçine harcadım güzelim yılları hiçine.
   
   hiçine harcadım ben bu sevdaları hiçine.
   
   belki bu akşam gelip uzana bilirim içine".
   
   
   
   Bu misralar mərhum Yusuf Hayaloğlunun "Mezarcı kardeş" şeirinin son misralarıdır. Badamdar qəbiristanlığına reportaj hazırlamağa gedəndə nədənsə bu şeir yadıma düşmüşdü. Anadolu türkcəsində işlənən "məzarçı" sözü adamı bir o qədər də ürpəndirmir. Nədənsə "qəbirqazan" sözü məndə qəribə assossasiya yaradır. Özümü qürbətdə gülllənmiş dissident kimi hiss edirəm. Qürbətdə güllələnmək, qürbətdə ölmək... "Məzarçı" qazmayacaq qürbətdəki qəbrimi, hansısa qəbiristanlıq fəhləsi - "qəbirqazan" bir quyu qazacaq mənə. Badamdar qəbiristanlığına gedəndə yol boyu bu şeiri pıçıldadım. Bu gün də yazıya başlayanda nədənsə bu şeiri xatırladım. Məqsədim qəbir qazan fəhlələrin biriylə söhbətləşmək, onun müşahidələrindən dünyaya boylanmaqdır.
   
   
   
   Qəbirqazan Dünyamalının göz yaşları
   
   
   
   Kənddəki evimizin yanındakı qəbirstanlığın ştatdankənar iki qəbirqazanı vardı, Dünyamalı və Zikir. İkisi də kasıb, eyni zamanda içkiyə aludə tiplər idi. Dünyamalının kəndin kənarında taxta daxması, kiçicik bir həyəti vardı. Övladları bu daxmada doğulmuşdu. Bir oğlu, iki-üç qızı vardı. Dünyamalı kəndin naxırına gedər, günəmuzd fəhləlik edərdi. İndiyə kimi onun qədər içki içən ikinci adama rastlamamışam. Arağı bəzən su yerinə, sərinləmək üçün içdiyini də danışırdılar. Övladlarını məktəbə göndərmirdi, çünki buna imkanı yox idi. Yalnız ilk övladı, 8-ci sinifə qədər oxumuşdu. Zikir ondan daha fərasətli idi. İçkini az içir, fəhləlik edir, qızlarını məktəbə göndərirdi. Əksər vaxt birlikdə işləyirdilər. İkisi də yaxşı odun yarır, kol qırır, kərpic kəsir, naxır otarırdılar. Zikir ağır xəstəliyə tutulanda mən universitetdə oxuyurdum. Kənd camaatı pul yığıb onu əməliyyat etdirsə də, çox yaşamadı. Dünyasını dəyişəndə uşaqları çox körpə idi. Qəbir qazmağa da onları bir çağırırdılar. Bəzən bir arağın, bir pors yeməyin puluna qəbir qazırdılar, bəzən isə heç pul almırdılar. Görənlər danışır ki, Zikirin qəbrini ağlaya-ağlaya,Dünyamalı təkbaşına qazıb. Bunu sinif yoldaşım mənə gülə-gülə danışanda bərk sarsılmışdım. Onlar birlikdə yüzlərlə qəbir qazmışdılar, birlikdə fəhləlik eləmişdilər. Həmişə də çox bəsit şeylər haqqında mübahisə edə-edə işləyirdilər. Amma Dünyamalı, Zikir üçün qəbir qazanda ağlamışdı. Və hamıya şəbədə qoşan kənd cavanları dəfndən sonra onu xeyli məsxərəyə qoyub axırda da bir şüşə araq almışdılar. Dünyamalı arağı da ağlaya-ağlaya içmişdi. O gün oğlu onu sürüyüb evə aparanda da, "Zikir" deyib ağlayırmış.
   
   Sonra nə baş verdiyini bilməsəm də, Dünyamalı o gündən qəbir qazmağın daşını atmışdı.
   
   
   
   Qəbiristan fəhlələri
   
   
   
   Qəbirqazan ayrıca bir peşə növü deyil. Xüsusən də kənd yerlərində bu işi bəzən dünyasını dəyişən insanın yaxın qohumları yerinə yetirir. Çox vaxt bunu mərhum üçün son borc hesab edirlər. Şəhər qəbiristanlıqlarında isə qəbirqazanlıq xüsusi bir peşəyə çevrilib. Yəni demək olar ki, hər qəbiristanlığın xüsusi qəbirqazanları var. Onlar özlərini qəbirqazan yox, "qəbirstan fəhlələri" adlandırır. Yəqin ki, qəbirqazan sözündən xoflandıqları üçün bu adı seçiblər. Badamdar qəbiristanlığından ilk reportajı hazırladığım gün qəbirqazanlarla söhbət eləməyə çalışsam da, alınmadı. Bir gün sonra xüsusi olaraq qəbiristanlığa, qəbirqazanla söhbət eləməyə gəldim. İki ortayaşlı, üzü tüklü, üst-başı palçıq içində iki nəfər qəbiristanlığın girişində dayanıb söhbət edirdi. Hərdən zarafatlaşıb gülsələr də, üzlərindən yorğun olduqları hiss olunurdu. Hiss elədim ki, qəbirqazanlardır. Həmsöhbətlərimi tapdığıma sevinsəm də, onları danışdırmaq elə də asan olmadı. Yaxınlaşıb salamlaşdım, özümü təqdim edib, gəlişimin məqsədini bildirdim. Məqsədimi bilən kimi ikisi də bir ağızdan etiraz elədi:
   
   -Yox qardaş, bizlik deyil. Müdir belə şeylərə icazə vermir. Get ondan icazə al, nə qədər istəsən danışaq. Onsuz da bekarçılıqdı.
   
   Əlacsız qalıb müdirin yerini soruşdum:
   
   -Müdir hardadır?
   
   -Odeeey, orda. Sexin ofisində.
   
   
   
   Qəbiristanlıq biznesi
   
   
   
   Göstərdikləri tikiliyə yaxınlaşıb içəri keçdim. Üzbəüz otaqlarda sakitçilik hökm sürürdü. Otaqların birində masa arxasında səliqəli geyinmiş bir nəfər əyləşib qarşısındakı vərəqdə nə isə çəkirdi. Salam verib, müdiri soruşdum.
   
   -Müdir mənəm, eşidirəm. Nə lazımdı?
   
   Uzun-uzadı məqsədimi izah elədim. Heç nə anlamırmış kimi çiynini çəkdi.
   
   -Bura mənim şəxsi seximdir, mənim jurnalistlərlə nə işim? Hörmətim var jurnalistlərə, ancaq mənim biznesim sizi niyə maraqlandırır, başa düşə bilmirəm?
   
   Yenidən məqsədimi izah elədim. Adam isə inad elədi ki, bura mənim xüsusi seximdir.
   
   Adını gizlədən bu sex müdirindən güc-bəla ilə bir-iki suala cavab aldım.
   
   Öyrəndim ki, bu qəbristanlıqda qəbirqazan fəhlələr aylıq maaşa çalışır. Qəbirlərin qazılması, tikilməsi və üstünün betonlanmasının rüsumu 136 manatdır. Qəbirqazan fəhlələri isə Məşğulluq mərkəzindən göndərirlər..
   
   Sexin müdiri qapıda gözləyən "müştəriləri" göstərib məni tələsdirdi:
   
   -Başqa sualınız yoxdursa "kliyentləri" gözlətməyim. Məzar daşı sifarişi üçün gəliblər. Nə istəsən bizim fəhlələrə müraciət elə, amma bizim fəhlələrin, sexin şəklini çəkmə.
   
   Sonradan öyrənirəm ki, sexin yanındakı gül mağazası da, adını gizləyən bu şəxsə məxsusdur. Necə deyərlər, hərtərəfli qəbiristanlıq biznesi.
   
   
   
   Qəbir qazan Fərhad
   
   
   
   Başqa yol qalmamışdı. Sağollaşıb çıxanda otağa göz gəzdirdim. Masanın üstündə xeyli fotoşəkil vardı. Çoxusu da məzar daşlarının şəkli. Kitab şkafında isə dörd-beş fəxri diplom vardı. Fürsət tapıb diplomları hansı nəaliyyətinə görə aldığını müdirdən soruşa bilməsəm də, fəhlələrdən biri bu diplomları müdirə hansısa jurnalistlərin gətirdiyini dedi.
   
   İlk qarşıma çıxan fəhlələrdən biri kənarda siqaret sümürürdü. Yaxınlaşıb müdirdən icazə aldığımı dedim. Danışmağa razılaşdı. Adı Fərhaddır (ironiyaya baxın), 53 yaşı var.
   
   Neçə ildir qəbirqazırsan?
   
   -10 ildən çoxdur. Əvvəl tikintidə işləyirdim. Sonra bir tanışım məni müəllimin(sexin müdiri) yanına göndərdi. Onda bu sex təzə açılmışdı.
   
   -Tikintidə yaxşı pul qazanırdın, yoxsa burda?
   
   -Burda yaxşı qazanıram. Hərdən başdaşı hazırlayan, qurlaşdıran fəhlələrə də kömək edirəm. Ailəmi dolandırıram, çox şükür. Bir oğlum var, texnikum qurtarıb. Amma burda başdaşı düzəldən ustanın köməkçisidir.
   
   -Çətindirmi qəbir qazmaq? Nə fikirləşirsən bu işi görəndə?
   
   -Bir metr eni, iki metr uzunu olan quyu qazırıq, sonra içini hörürük kubiklə. Ən axırda da piltələri döşəyib, üstünü betonlayırıq. İki nəfər üçün o qədər çətin deyil. Bəzən yer daşlı olanda əziyyət çəkirik. Amma hər qəbir qazanda, ölməkdən çox qorxuram. İşdən çıxan kimi, içməsəm dəli olaram.
   
   -İçib qəbir qazmısan?
   
   -Yox.
   
   -Niyə?
   
   -Günahdır...
   
   Fəhlələrdən biri uzaqdan Fərhada işarə eliyir. Üzr istəyib həmin fəhləyə yaxınlaşır, əl-qolla nə isə danışırlar. Sonra yanıma qayıdır.
   
   -Müəllim, sən allah, bağışla iş üçün gedəcəm. Başqa vaxt danışarıq.
   
   -Qəbir qazmağa? Olar mən də gedim?
   
   -Qəbir qazmağa gedirəm, amma olmaz. Ölü yiyəsindən ayıbdır. Bir də müdir bilsə, qovar məni.
   
   Başa düşürəm ki, israr eləməyim yersizdir. Bu dəfə nədənsə qəbristanlıqda çox dayanmaq istəmirəm. Yadıma kəndimizin qəbirqazanı Dünyamalı düşür. Görəsən övladlarını orta məktəbdə belə oxutmayan, işi-gücü fəhləlik olan Dünyamalı dostunun qəbrini qazanda nə üçün ağlayırmış? Dost itkisinəmi, tək qaldığınamı? Görəsən o niyə hər gün içirmiş? Ölümdən qorxduğu üçünmü, ölümü unutmaq üçünmü?
   
   Cavabsız suallarla qəbiristanlıqdan uzaqlaşıram. Dünyada bunca sənət varkən, qazanc yolu varkən qəbiristanlıqda xidmət göstərmək üçün şirkət, sex quran adamı da anlamağa çalışıram. Mənə elə gəlir ki, Fərhadla Dünyamalının, bu iki qəbirqazanın içməyi arasında mütləq bir bağlılıq var.

TƏQVİM / ARXİV