adalet.az header logo
  • Bakı 13°C

SİNOPTİKLƏR ÜÇÜN PUBLİSİSTİKA

MƏZAHİR ƏHMƏDZADƏ
67224 | 2014-04-12 09:51
...Hər halda sazaqlı soyuq günlər arxada qaldı. Gecikmiş ilk bahar ilin əvvəllərindən ayrı-ayrı həftələrdə özünü göstərən "anomal havalı günlərini" də unutdurmaqdadır. Ancaq çoxları üçün acı bir həqiqət, acı bir dərs də oldu. Elə bu sətirlərin müəllifi üçün də.
Və bir daha o müdhiş aprel sazağı! Tumurcuqların, çiçəklərin, böcəklərin qənimi!
Əfəndim (səni unuda bilmirik, Abi!!!), yoxsa bu olayın özü də təsirinə düşdüyümüz bir mistikadır?
On il öncəni xatırlayırsınızmı?
6 aprel 2004-cü il...
6 aprel 2014-cü il...
Tarix tarixdir, ancaq təbiətin on il sonra eyni gündə və gecədə təkrarı nəyi təsdiqləyirdi, nəyi göstərirdi, nəyi xatırladırdı ki! İndi gəl, Həmid Herisçiyə şəkk elə!
O vaxt, yəni on il bundan əvvəl aprel ayının 5-də gündüz havanın hərarəti müsbət 15-17 dərəcə olub. Sevimli sinoptiklərimizin məlumatlarını sevimli aparıcılarımız indiki kimi dingildəyə-dingildəyə təkrarlamasa da, hər halda aprelin altısı, yeddisi və digər günlər üçün qeyri-adi proqnoz verməmişdilər. Ancaq şahidi olanlar həmin o dəlisov gecəni qorxulu kabus kimi xatırlayırlar. Aprel ayının 6-da gecə saat üç radələrində ölkənin şimal-qərb bölgəsini və bu bölgə ətrafında yerləşən bəzi rayonları "çarpaz" bir şaxta vurdu. Havanın temperaturu gecə yarısı 2-3 saatın ərzində müsbət 7-8 dərəcədən mənfi 6-8 dərəcəyə, bəzi yerlərdə hətta 10 dərəcəyə endi. Şaxta Balakəndən tutmuş Zaqatalanın, Qaxın, Şəkinin, Oğuzun, Qəbələnin, İsmayıllının, Şamaxının təzəcə çiçəkləyən qoz və fındıq bağlarını "yandırdı". Ağacları yox, ilin meyvəsini məhv etdi. Digər meyvələri də gücü çatan qədər "qaraladı". Şimal-qərb bölgəsinə sərhədlənən Şirvanın bəzi rayonları da 5-6 dərəcəni keçən şaxtanın acısını yetərincə daddı. Konkret olaraq Göyçay rayonunda istixanalarda yetişdirilən faraş xiyar-pomidor məhsullarının 80-85 faizi zay oldu. Həmin vaxtlar Göyçayda və qonşu rayonlarda kənd əhalisi təsərrüfatın əsasən bu sahəsi ilə çörək pulu qazanırdı.
Təbiətin xoş olmayan bu qəfil sürprizini hidrometeoroloqlar əvvəlcədən heç ehtimal da edə bilməmişdilər. Elm və cihazlar həmin gün görünməz bir qüvvənin acizi, əlacsızı olmuşdu.
Tanrı yaz fəsliylə qış fəslinin yerlərini sanki bir neçə saat müddətinə dəyişmişdi. Planetin kiçik bir ərazisində... "Dəyişib yerini bəlkə qış-bahar, Qarışıb dünyanın şəhəri, kəndi..." İndi gəl, ilk baxışda uzaq bir assosiasiya yaradan bu misraların təsirindən ayrıl görüm, necə ayrılırsan? Hər halda belə vəziyyətdə o cür gözəl şeirin təsiri xeyirə olar. Sonadək mən də ondan uzaqlaşmayacağam.
...Təsadüfən oyaq olanlar və ya təsadüfən istixanaya baş çəkməyə çıxanlar təbiətin bu anlaşılmaz anomaliyasından şoka düşmüşdülər. Çünki əksəriyyəti özünün var olan vəsaiti ilə deyil, ya sələmçilərdən, ya da sələmçilərdən də betər "xeyirxah banklardan" faizlə götürdükləri pullarla qurmuşdular bu parnikləri. Yəni istixanaları. Bəziləri cəld tərpənərək arvad-uşağı, qohum-qonşunu köməyə səsləyib istixanaların yan-yörəsini, üstünü bağlamaqla, ətraflarda kiçik ocaqlar yandırmaqla artıq məhsul verməyə başlayan şitillərin müəyyən hissəsini qoruya bilmişdilər. Yatıb qalanlar, bunu Tanrının bir cəzası və ya sınağı kimi yozanlar dinməz duraraq düçar olduqları bəlanı hələ ki, içlərində, alt-üst olmuş düşüncələrində yaşayırdılar.
Səhər olunca, baş vermiş hadisədən də betər qəribə bir ritualın sədası eşidənləri sarsıtmışdı. İstixanaları daha çox "şaxtadan yanıb" tələf olan və daha çox borca düşənlər dünyada, eləcə islam aləmində analoqu olmayan bir hərəkətə yol vermişdilər. Yası düşmüş adamlar kimi həyət qapılarını açıq qoyaraq üstünə də qara kəlayağı bağlamışdılar... Yalnız günortaya yaxın bir sıra təmkinli ağsaqqalların və hörmətli din adamlarının müdaxilə və xahişlərindən sonra qapıların üstündəki "hüzr parçalarını" açıb götürmüşdülər.
Sonralar bu ağrı-acılar tədricən unuduldu. Xiyar-pomidor və digər tərəvəz məhsulları da bollaşdı. Əksərən normal qiymətlər civarında.
Qoz-fındıq məhsulu isə növbəti ildən başlayaraq, bir daha ucuzlaşmadı. Bunu bağbanlar deyil, işbazlar yaratdı və ölkənin kasıb təbəqəsi belə bir vəziyyətdə öz ziyanına geri çəkilmək məcburiyyətində qaldı.
On il əvvəlki ilk bahar anomaliyası elə həmin ayın, həmin günün, həmin gecəsi bir daha təkrarlandı. Təbii, bir az zəif formada və əvvəlcədən edilmiş xəbərdarlıq siqnalları ilə. Ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın tez-tez telekanallarda görünməsi, ənənəvi gündəlik hava məlumatlarından qabaq qısa xəbərdarlıq təsirli çıxışları da əbəs deyildi. Gülşad xanımın özü də on il qabaq baş vermiş həmin o istixana faciəsi bölgəsindəndir.
Həmin gecə temperatur mənfi 1-3 dərəcəyədək ensə də parniklər "yanmadı". Qabaqlayıcı tədbirlər görülmüşdü.
Ancaq həmin o 1-3 dərəcə şaxta kifayət idi hansı xurma ağacı ki meyvəsini bu dünyanın günəşinə boylandırmışdı, onu aprel sevincinə peşman eləsin.
Son illər Şirvanın bu yerlərində kənd camaatı daha çox xurma yetişdirib satmaqla dolanırdı.
On il sonraki 6 aprel bu dəfə də nar, alça, gilas, gavalı, heyva ağaclarını kəsib yerində xurma əkənləri "cəzalandırdı". Xurma "əslən" bizim meyvə deyil. O üzdən də belə vədəsiz şaxtalara dözümlü olmur.
Vəssalam.

P.S. Yuxarıda belə bir cümləm vardı: "Tanrı yaz fəsliylə qış fəslinin yerlərini sanki bir neçə saat müddətinə dəyişmişdi. Planetin kiçik bir ərazisində..." Elə o andaca yadıma dost şairin bir şeri düşmüşdü ki, bunu da xatırlatmışdım. Və gerçəkdən yaxşı mənada ilişib qalmışdım, şeir qoymurdu məqalənin gerisini sırf meteoroloji hadisə kimi yazım. Birtəhər, ancaq elə həmin ovqatın təmiz və sehirli cazibəsində bu mistik əhvalatın müəyyən nüanslarını açıqlaya da bildik deyəsən. Və həmin o şerin, Ramiz Rövşənin "Ayrılıq"ının bu yazıya birbaşa elə də dəxli yoxdur. Sadəcə danılmaz bir həqiqət vardır ki, bütün ayrılıqların, itkilərin, hətta faciələrin də bətnindən dərk edə bilmədiyimiz sevgilər doğulur, sevgilər yaşanır. Sonralar dərbədər düşüb unudulsalar da...
Sözün qısası, mən o şeirdən kiçik bir parçanı köşəyə əlavə etmək istəyirəm. Sinoptiklərimizin də oxumasını çox arzulayardım. Çünki təbiətin bizə bəxş etdiklərindən savayı, psixolojinin və duyğuların da dəyişkən, mövsümünü azan havası olur. Həm də ki, gözəl şeir də nemətdir. Hətta onun bir parçası da...

...Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapantdan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib nəsə,
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi...


Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV