adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Buyur, keç içəri, qəlbin yeni təmirdən çıxıb...

SAMİRƏ ƏŞRƏF
49934 | 2014-04-12 09:50
O günləri anamgilə qonaq getmişdim. Onlardan çıxanda, telefonu gödəkcəmin döş cibinə qoydum. Sonra çevrilib anamın üzündən öpmək istəyəndə o, qəzəblə üzümə baxıb dedi: "Yenə öz bildiyini edirsən. Yüz dəfə demişəm ki, telefonu ürəyinin üstünə qoyma. Vaxt gələcək bu şüaların altını çəkəcəksən".
Anamın mavi gözlərinin dibinə baxıb özümü dərk edəndən bəri ürəyimdə yığılıb bərkiyənlərin yanında gözlə görülməyəcək şüaların, radiasiyaların onların yanında heç nə olduğunu demək istədim. Amma deyə bilmədim. Dilimin ucuna gələn sözləri bir-bir geri qaytardım. Deyə bilmədim ki, mənim ürəyim artıq indidən başqa ağrıların altını çəkir. Bunun üçün qocalıb saçımın birini ağ, o birini qara hörməyə ehtiyac yoxdur.
Mən həm də anama deyə bilmədim ki, ana, biri var insanların yanından ötüb keçmək, biri də var onların içindən keçib getmək. Mən artıq xeyli vaxtdır ki, insanların içindən keçib gedirəm. Hər gün, hər saat rastlaşdığım, gördüyüm insanların baxışlarında ilişib qalıram. Hərə öz dərdinin ağırlığına uyğun əyilib yol gedir.
Necə edim, hara baxım, hara gedim ki, insan gözləri, baxışları, ağrıları görməyim? İçimdəki rentgen cihazı dayanmaq bilmədən işləyir. Bu cür dəqiq və amansız cihazı mənim daxilimə nə zaman quraşdırdılar?! Bu pisliyi mənə hansı zalım etdi? Heç xəbərim olmadı. Yorulmuşam artıq. Söndürmək istəyirəm bütün bədənimi lərzəyə gətirəm bu cihazı.
Axı nə qədər insan dərdlərinə özünü ortaq bilmək olar?! Hara yoxa çıxıb bu dərdlərin "yaradıcıları?" Niyə üzə çıxıb öz günahlarını etiraf etmək istəmirlər? Niyə onların əvəzinə həmişə bir İsa Məsih, bir İmadəddin Nəsimi, bir Çe Gevara cavab verməli olur? Niyə bəşəriyyətin bütün yükünü həmişə bir könüllü qurbanın çiyinlərinə yıxırıq? Sonra da onun ruhunun əzabları qarşısında diz çöküb yalvarır, səssiz göz yaşları axıdırıq.
Son vaxtlar məşhur insanların həyatları haqqında yazılar hazırlayanda, onların hamısının həyatının keçməkeşli və məşəqqətli olduğunu oxuyuram. Həyatın sərtliklərinə tab gətirə bilənlər, onun bitib-tükənməz çöllüklərində ayaqyalın, baş açıq qaçaraq birtəhər ömrü baş vurublar. Amma tab gətirə bilməyənlər ən çətin olanı intiharı seçiblər.
Təsəvvür edirsinizmi, bir insan yazır, pozur, oxuyur, oynayır, yaradır, milyonların sevimlisinə çevrilir, yüzlərlə sərhədi ayaqlarının altında qoyub adlayır, dünyanın hər cür ləzzətinə vaqif olur. Amma... Amma xöşbəxt ola bilmir. Arzusunda olduğu qəlb rahatlığına qovuşa bilməyib intiharı seçirlər. İntihar... İnsanın daim xəlvətdə saxlayıb yalnız özünə rəva gördüyü qanunsuz, buz kimi soyuq silah.
O zaman belə çıxır ki, hər insan özlüyündə potensial cinayətkardı. Və yaxud da hər insan həyatının müəyyən bir mərhələsində özünün qatilinə çevrilə bilər?! Dəhşətli suallardı.
İntihar edən insanların fotolarlarına, gözlərinin içinə baxa bilmirəm. Mənə elə gəlir ki, onların hər birinin intiharında, ölümündə mənim və mənim əcdadlarımın da payı var. Onların ağrılarını damarlarımda axan qanın hər damlasında hiss edirəm, duyuram. Onlar qədər əzab çəkirəm. Axı heç nə səbəbsiz olmur. İntihar dediyimiz mərəz o insanın qəlbinə yol tapır ki, o qəlb sevgidən tar-mar olub, min parçaya bölünür. Sevgisizləşir, xarabaya çevrilir. Elə isə harda gizləniblər həmin xarabalıqların səbəbkarları?! Niyə biz onları axtarmırıq? Bəlkə hamılıqla onları tapıb cinayət məsuliyyətinə cəlb edək? Cinayət məcəlləsindəki maddələri də öz xeyrimizə dəyişək.
Məsələn, maddə 1. Bilərəkdən insan məhəbbətinə xəyanət etmək. Maddə 2. Bir insan qəlbini qəsdən xarabalığa çevirmək. Maddə 3. Bütün bunlardan sonra həmin qəlbləri tərk etmək.
Ən ağır cinayətkarlar isə sonuncu maddəylə məsuliyyətə cəlb olunanlar olsunlar. Onları ömürlük sevgisizlik cəzasına məhkum edək. Sonra da onların ayaqlarına ağır qandallar bağlayıb viran qoyduqları qəlblərə katorqa cəzasına göndərək. Qoy, zəhmət çəkib gecə-gündüz çalışıb, xaraba, viranə qoyduqları qəlbləri təmir edib, yeni sevgi divarları qursunlar. Sonra onları azadlığa buraxaq. Başlarını götürüb gedə biləcəkləri uzaqlıqlara qədər getsinlər.
Təmir olunmuş qəlblərin qapılarını isə açıb öz sahiblərini ora buraxaq. Deyək buyur, keç içəri qəlbin yeni təmirdən çıxıb. Amma bu dəfə daha diqqətli ol. İmkan vermə, qəlbsizlər sənin qəlbini ikinci dəfə linç etsinlər!
Bir az da xöşbəxtlik-filan arzulayaq...
Sonunda isə bütün viran olunmuş qəlblərin sahiblərinə bircə kəlməlik resept yazaq. Sevgi!

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV