HƏR GECƏ BİR NAĞILDI

ƏBÜLFƏT MƏDƏTOĞLU
84603 | 2014-04-12 09:49
Şəxsən mənim üçün elə anlar olur ki, hər şeydən bezib usanıram. Elə bil ki, doyunca yemiş adam kimi süfrədəki heç nə gözümə görünmür. Onun çeşidi də, onun təqdimatı da həmin o anda heç bir əhəmiyyət kəsb etmir. Çünki mən özümü doymuş, tükənmiş, gərəksiz durumda hiss edirəm, görürəm... Bilmirəm, bu hamıda belədi yoxsa yox, amma mən həmin o anlarımda həm laqeydləşirəm, həm ümidsizləşirəm, həm də bu anlaşılmazlığın içində bir az dözümsüz, yəni aqressiv oluram. İstəyirəm ki, vurub dağıdam, məhv edəm hər şeyi. Mənə aid olan, özümə doğma bildiyim, güvəndiyim hər şeyi öz içimdə görmək istəyirəm, özü də öz əllərimlə...
İnanın ki, sonradan həmin məqamları xatırlayanda, o prossesi ağlımın ucundan keçirməyə qorxuram. Qorxuram ki, birdən nə vaxtsa belə bir addım ata bilərəm və bu addım təkcə mənim sonum yox, həm də mənə doğma olanın, mənim içimdə olanların, çevrəmin məhv olması demək olar. Burda söhbət təkcə mənim cismani yoxluğumdan getmir. Burda söhbət heç də mənimlə birlikdə kimlərinsə dünyaya "əlvida" deməsindən getmir. Bu gülünc bir yanaşmadı. Çünki həmin era artıq tarixin arxivində yalnız tarixin özünə bəlli zamanın işartısı kimi qeyd olunur. Göstərilir ki, kimsə dünyasını dəyişəndə yaxınlarını, silahını, daha nə bilim nələrini onunla birlikdə dəfn ediblər...
Yəqin anladınız da söhbət kimdən, nədən getdi. Ona görə də fironluq erasını çözməyə lüzum görmürəm. Amma yazdıqlarım da səbəbsiz deyil. Yəni içimdə neçə gündü ki, var-gəl edən, iç dünyama rahatlıq verməyən bir söz, bir fikir məni həmin o dediyim duruma gətirib çıxarır - bitmiş, tükənmiş duruma. Mən də bir təhər silkələnib özümü ələ almağa, o durumdan çıxmağa çalışıram. Amma həmin söz, həmin fikir o qədər ağırdı, o qədər tutumludu ki, ürəyimdən üzü aşağı çəkir - torpağa tərəf...
Hə, adətən arzuların surəti, miqyası o qədər böyük olur ki, adam xəyala dalanda həmin o arzuların yaratdığı aura onu yer üzündən qoparır və özünü ən azı mələklərin əhatəsində hiss edirsən. Dərd də yadından çıxır, ağrı-acı da, bəzən işini-gücünü də unudursan, eləcə də o arzuların reallaşdığı xəyalın içində özün üçün bir az pafoslu desək, kef edirsən. Bir kimsə xətrinə dəymir, bir kimsə əl-ayağına dolaşmır, necə deyərlər, bir özün olursan, bir xəyalda gerçəkləşmiş arzuların, bir də ki, Tanrın. Amma dəhşət orasıdı ki, o xəyal birdən şüşə kimi çiliklənir və sən onun qoynundakı sənə xoşbəxtlik bəxş etmiş arzuların da necə çilikləndiyini, puç olduğunu görürsən, qalırsan real həyatın bomboz çöllüyündə tək-tənha. Təbii ki, səni yaradan Allahla birlikdə. Yaxşı ki, Yaradan bütün hallarda olduğu kimi, bu dəmində də, bu məqamında da səni tək buraxmır. Yoxsa...
Oturmuşam. Öz dünyamın, öz düşüncələrimin axarına qoşulub getmək istəyirəm. Belə bir məqamda xəfif bir pıçıltı eşidirəm. Qızımın səsidi. Onun dilindən eşitdiklərim bir anlıq məni dondurur, keyidir:
- Görəsən, məzarı ev kimi tikmək olar?
Təəccüblə dönüb ona baxıram.
- Onsuz da bilirəm, bizim evimiz olmayacaq. Heç olmasa qəbiri ev kimi tikələr, orda bir rahatlıq tapaq, istədiyim kimi bəzəyim onu...
... Heç nə deyə bilmədim. Sakitcə otağı tərk etdim. Məhz həmin məqamda mənə elə gəldi ki, dünyanın sonu ilə üzbəüzəm, qarşı-qarşıya gəlmişik. O da susur, mən də ... O da haqlıdı, mən də. Bəs günahkar kimdi? Elə bu sualın özü də bir günahın ifadəsidi. Axı bu sualı vermək çoxmu vacibdi? Nəyi dəyişəcək ki? Heç nəyi...
Özümlə birlikdə işə gətirib-apardığım, özümlə birlikdə hətta Bakının ən hündür nöqtəsinə qaldırıb gözlərinin içinə baxdığım həmin o sual üzümə gülümsəyir. Özü də elə rahat gülümsəyir ki, mən gah əsəbləşirəm, gah da ona qoşulub gülürəm. Hiss edirəm ki, bu haqlı sual mənimlə əylənir və başa salmaq istəyir ki, cavab axtarmağa, çözüm üçün baş sındırmağa dəyməz. Demək istəyir ki, həyatın əvvəlindən sonuna qədər necə başlanıbsa, o cür də davam edəcək. Yəni özünün keçdiyi, özünün yaşadığı nədisə, o da səndən törənənlər üçün bir yoldu, onlarda davam edir. Bax elə bu məntiq də mənim nə qədər çətinliklərdən keçdiyimin mənə bəlli olan digər çətinliklərin də övladlar üçün olacağına bir işarədi... Həmin işarə ona göz yummağa da işarə edir, yummamağa da. Yenə meydan qalır fikirlərə, düşücələrə, yəni öz içinlə baş-başa qalmağa. Yaxşı ki, baş-başa qalanda bölüşmək, dərdləşmək daha rahat olur. Onda səni Allahdan başqa heç kim eşitmir və sən də Allahdan başqa heç kimin qarşısında nələr çəkdiyini göstərmirsən. Görürsən ki, unutduğunu büruzə vermək kimi bir biganəlik pərdəsinə bürünmək daha münasibdi, daha uyğundu. Yoxsa, sənin nə çəkdiklərini biləndə, hiss edəndə daha ağır olur. Odur ki, misraların axarına qoşulmağı, misraları ürəyimə su kimi səpməyi indi daha çox istəyirəm.

Təriflədim boyunu
Gözümün üstə tutdum
Qəmə can qurban dedim-
Mən özümü unutdum...

Sevdim nazın, ədasın
Aldım hər gün qadasın
Mən qəmin nəm odasın -
Ürəyimlə qurutdum...

Sayaraq naxışların
Öpərək yağışların
Bulanıq baxışların -
Gözlərimdə durultdum...

Qəmlərlə daşıb doldum
Gördüyün qədər oldum...
Mən sənə kədər oldum-
Sən düz edib, unutdun!

***
Bütün nağılların sonunda göydən üç alma düşür. Bunu nağıl danışanlar deyirlər. Təbii ki, nağıla da uşaqlar inanır. Amma indi o uşaqlar yoxdu, yəni nağıla inanan uşaqlar özləri nağıllaşıblar. İndinin uşaqları göydən nə düşdüyünü daha yaxşı bilirlər. Onlar bilirlər göydən yerə yağış düşür, qar düşür, dolu düşür, meteroid düşür, ildırım düşür, bəzi ölkələrdə ölü quşlar düşür, qurbağalar düşür, amma alma düşmür...
İndi fikirləşirəm ki, yaxşı ki, göydən üç alma düşmür və ümumiyyətlə göydən alma düşmür. Əgər alma düşsə, onun üstündə, yəni o almaya sahib olmaq üçün göyə nə qədər əl uzanar. Bir anlıq gözünüzün qarşısına gətirin. Özü də təkcə uşaqları yox ha, elə böyükləri də. Axı almadan kim imtina edər, özü də pulsuz ola, yəni müftə. Bax, o göyə uzanmış əllər növbə-zad gözləməzlər. Elə alma hələ göydən qopmamış, yerdə bir-birlərini almaya görə qanına qəltan edərlər. Şükür Allahın böyüklüyünə, insan psixologiyasını çox gözəl bilir. Ona görə də göydən qurbağa düşür, amma alma düşmür. Çünki qurbağaya görə göyə əlini açan yoxdu və heç bir nağılda da bu barədə işarə vurulmur. Mən də düşünürəm ki, burda nə isə bir sirr var. Yəni almanın düşməməsinin sirri...
Gəldiyim bir nəticə var. Əgər nağılların sonundakı almalar göydən düşsə, onda heç kim sabaha ümidlə baxa bilməz. Hamı almanın düşməsini gözləyir. Deməli, hamı sabaha ümidlidi. Hətta bu yazını diktə etdiyim məqamda bilgisayar yazarımız sözümə müdaxilə etdi:
- Hər qaranlığın bir səhəri var!
Onun nə dediyini anladım. Elə anladığıma görə də nağılları və nağılların sonundakı almaları xatırladım. Bəli, hər gecə bir nağıldı... Və hər gecənin sonundakı səhər də göydən düşən almadı. Biz həmin o nağıllı gecələrin alma gətirən səhərinə doğru gedirik - birimiz yüyurək, birimiz əli əsalı... Burda günahkar həm özümüzük, həm də zaman - itirdiyimiz, dəyərləndirmədiyimiz ZAMAN!

Barmaqlarımın ucunda
Çətin də olsa
Cəs salmadan
Nəfəs almadan
Lap düzünə qalsa
Yerimirəm
Sadəcə
Yerimi dəyişirəm...

Baxışlarım
O qızın saçında
Durub
Əlinə daraq alsa
Səsimi görəcək
Nəfəsimi hörəcək
Əslində
Düzünə qalsa
Küləyə verəcək
Darağın ucunda
Baxışımı...

İndi barmaqları
Səsimi
Nəfəsimi
Baxışımı
Bir sözlə
Özümü
Və bütün işimi
Darağın dişində
Və yaxud da
Küləyin əlində
Hiss edə-edə
Gəlmişəm
Halallığını almağa-
Ürəyinin də!

Bəli, itirdiyim zamanın, dəyərini bilmədiyim zamanın mənə hədiyyə etdiyi yalnız indi halallığını umduğum duyğulardı, ürəkdi. O da, əgər o hallalığı versə...

***
Çox qəribə hadisələr baş verir. Və bu qəribə hadisələri qəribələşdirən də elə ona bizim baxışlarımız, münasibətimizdi. Çünki hadisə əslində prosesdi. Biz fərd olaraq ona ad qoyuruq, ona don biçirik. Bax, bu anlamda istər qlobal olsun, istər fərdi hər bir hadisə ona baxanın gözündə qəribə anlamını qazanır. Ola bilsin ki, bu, bizim hadisəyə verdiyimiz tituldu - qəribə hadisə!
Bax, mən də müşahidə etdiyim, özümə doğma saydığım iç dünyama qapını açıb girməyə etiraz etmədiyim hadisələri elə bu titulla qəbul edirəm. Onları qəribə bilib öncə özümünküləşdirirəm. Sonra onun ağrısı, onun şirinliyi məni silkələyəndə nə baş verdiyini anlamağa çalışıram. Məhz onda dərk edirəm ki, bu olanlar, bu eşitdiklərim tək mənə, mənim ailəmə, mənim çevrəmə aid deyil. Bütün dünyada öz yuvasını qurmaq, öz yuvasına sahib olmaq istəkli milyonlarla insan var. O milyonların içərisində mən də varam, sən də varsan, o da var. Deməli, mən də tək deyiləm, sən də tək deyilsən, o da tək deyil... Deməli, biz bir-birimizə söykənib yaşamaq haqqı olanlarıq. Və bizi birləşən, üst-üstə düşən bu nöqtəmiz həm də dolayısı ilə bir nağıldı. Yəni mənim o uydurduğum, mənim öz uşaqlarıma danışdığım nağıl. Bax, bu nağılın da sonunda mən, sən, o həm də göydən düşən almayıq - özümüz üçün, ailəmiz üçün, bizdən ev gözləyənlər üçün...

Hərdən içimdən
nədənsə birdən
ayaqlarımı yerə
yumruqlarımı
daşa-divara
çırpa-çırpa
dəli kimi
bağırmaq
və bağıra-bağıra da
ağac kimi
kökündən üzülüb
necə gəldi
yıxılmaq
və heç nədən çəkinmədən
sıxılmaq hissini unudaraq
adını pıçıldamaq
gəlib keçir...
Doğrudan,
deyəsən
həqiqətən
havalanıram
dəli oluram
həsrətindən...

P.S. Bu yazıya oxucu münasibətinin necə olacağını fəhm edirəm. Amma neyləyim ki, başqa cürə yaza bilmirəm. Ona görə də siz də məni fəhm edin...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV