adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

SİLİNMƏK VƏ... UNUDULMAQ DƏHŞƏTİ

VƏSİLƏ USUBOVA
38256 | 2014-04-12 09:49
Bəlkə çox oxumağın elə də faydası yoxdu, deyə özümü qınadığım anlar da olur. Mənəvi tərəfi bir yana dursun, ən azından, gözünün nurunu itirirsən. Gözdən şirin şey yoxdu-bütün mövcudluğun qəlbimizə, beynimizə açılan qapılarıdı gözlərimiz. Onlarsız mütaliə zövqü də mümkün deyil, üstəlik...
Bir tərəfdən də, çox oxuduqca, çox da əzab çəkirsən...
Ancaq... özümüzlə nə vaxt bacarmışıq ki?! Yaxşı ki, yorğunluqdan, bezginlikdən doğan bu ötəri hissin əsiri olmuruq. Yoxsa...
Yoxsa, ruhumuzun ən dəyərli qidasını, zövqümüzün bəlkə də yeganə sığınacağını itirərdik. Sonra da içi boş qab kimi cingildəməkdən başqa heç nəyə yaramazdıq...
Bütün oxuduqlarımız da qəlbimizdəki boşluğu yetərincə doldurmur desəm, "Kaspi" qəzetinin ötən şənbə sayındakı "Ədəbiyyat" əlavəsində dərc olunmuş bir yazıdan aldığım zövqdən, zövqdən çox öyrənib təsəlli tapmağımdan danışmağa yaxşı bir giriş vermiş olaram. "İçimdə kədərə aid heç nə yoxdur" adlı yazıda Xose Luis Borxeslə 1984-cü ildə Buenos-Aires Universiteti fəlsəfə professorları və psixologiya fakültəsində təhsil alan tələbələrin görüşündə səsləndirilən suallar və yazarın cavabları təqdim olunur. Öncə yazının adı mənə qəribə göründü. Necə yəni, içimdə kədərə aid heç nə yoxdu?! Yazar olasan, kədərsiz yaşayasan?! Yazarların dünyanın dərdini çəkmək və qələmə almaqçın doğulduqlarını düşünmüşdüm həmişə. Yazar bir yana dursun, adi adamların da kədərsiz, düşüncəsiz siması mənə mənasız və darıxdırıcı görünüb, həmin şəxslərdən uzaq durmağıma səbəb olub indiyədək...
Deyəsən, tələsmişəm...
"...Ömrümü hər şeydən çox mütaliəyə həsr etmişəm. Və qiraətlə fərqinə vardım ki, fəlsəfi mətnlər oxumaq heç də ədəbi nümunələr oxumaqdan daha az əyləndirmir, daha az zövq vermir. Hətta aralarında elə də bir ciddi fərq belə yoxdur. Atam mənə kitabxanasını göstərəndə kitabxana mənə sonsuzmuş kimi görsənmişdi. Nəyi oxumaq istəsəm, oxuya biləcəyimi dedi, yəni sərbəst idim. Ancaq onu da dedi ki, nə oxuduqca mənə sıxıcı gələrsə, onu dərhal yerinə qoymalıyam... Oxumaq bir fəaliyyət kimi, iş kimi insanı əyləndirməlidir. Fəlsəfə də..."
Xəyala dalmaqçın əlimə fürsət keçmişdi. Sözləri bütöv oxumağa başlayan gündən əlimə düşən hər kitabı, qəzet-jurnalı necə acgözlüklə oxuduğum zamanlar ömrümün ən unudulmaz və zəngin çağları kimi gözümün önündən keçdi. Yorğunluq və bezginlikdən doğan düşüncələrim də həmin xatirələrin cazibəsində əriyiyb yox oldu... "Bir oxucunun, qiraətlə məşğul olan birinin həyatı mərhəmət oyandıracaq qədər səfil görünürdü mənə. Amma indi buna təbii ki, inanmıram. Sıradan bir oxucunun da həyatı digərlərininki kimi zəngin ola bilər".
Sonuncu cümləni oxuyanda ürəyindən tək bir arzu keçir: Tanrı mənə elə bir ömür verəydi ki, indiyəcən yazılan bütün kitabları oxuyaydım. Amma nə yazıq ki, mütaliəsi zəngin olanlar bu günümüzdə də çoxlarına səfil kimi görünürlər...
Dünyada istedadlı adamlar çoxdu. Amma ağıllılar və şəxsiyyətlər azdı. Lap nadirdi.
İstedadıyla yanaşı, həm də çox ağıllı kişiymiş bu Borxes...
Müsahibəni oxuduqca anlayırsan ki, yazarın fikrincə, mütaliə insanı tənhalıqdan da qoruyurmuş. Uzun ömür yaşadıqda illər ötdükcə yaxınlarını, doğmalarını bir-bir itirirsən. İtirdiklərinin yerini xatirələr tutur. Doldurmur, tutur. Xatirələr heç zaman canlı insanın təmasını-səsini, nəfəsini, toxunuşunu, söz-söhbətini əvəz edə bilməz. Sən olsa-olsa, özünü aldada bilirsən. Yoxluğuna dözə bilmədiklərindən ötrü dəli olmamaqçın saman çöpünə əl atırsan. Kitablar və xatirələr bütün darıxdıqlarının yerini doldura bilməsə də, səni həyata bağlamaqçın nəyəsə yarayır... "Mənim yaşımda birinin müasiri olmur, hamısı ölür. Səksən beş yaşıma girmək üzrəyəm, amma içimdə kədərə aid heç nə yoxdur. Arxada macəralar və kitablardan ibarət xatirələrlə dolu bir həyat var. Keçmiş həyatımı düşünəndə hərdən dostluqlarım, sevgilərim təbii ki, yadıma düşür, amma ən çox düşündüyüm şey kitablardır..."
Bu yerdə bir az tərəddüdlüyəm. Bilmirəm, kədərlənim, yoxsa, qibtə eləyim. Sözün düzü, səksən beş yaşlı sənətkarın bu nikbinliyi qarşısında kədərlənməkdən də utanırsan. Fəlsəfə ilə bağlı dediklərindən yazarın nikbinliyinin sirri açılmış kimi olur. Borxesin həyat fəlsəfəsi nikbinlikdən yoğrulub sanki. Hətta burada "sanki" sözü də artıqdı. Ona görə fəlsəfənin əyləncəli tərəfləri də var. Bu da-şübhələr üzərində işləməkdən ibarətdir. Doğrudan da, hər gördüyünə, oxuyub, eşidib öyrəndiyinə şübhə ilə yanaşanlar arayıb-axtarıb öz həqiqətlərini mütləq tapırlar. Bu həqiqətlər də onun həyatını istiqamətləndirəcək şəxsi fəlsəfəsindən başqa bir şey deyil...
"Fəlsəfə bizi dünyanın düşündüyümüzdən daha əsrarəngiz bir yer olduğunu göstərərək zənginləşdirir..."
Deyəsən, bu sözlərin müəllifindən fərqli olaraq, mən axıracan nikbin ola bilməyəcəm. Ölümün əsrarəngizliyi barədə suala verdiyi cavabdan sonra buna bir səbəb də tapa bilmədim.
"Məncə, ölüm bir ümiddir. Yox olmağın, mövcud olmamağın beynin dərk etmədiyi mütləqliyidir. Silinmək və unudulmaqdır..."
Hamletin monoloqu sayaq düşüncələr qəlbimi didib həmişə. Sonsuzluğun və əbədi sükutun olacağı barədə suallar və şübhələrə cavab tapmaqdan ötrü çox vurnuxmuşam içimdə. Ölümdən sonrakı həyata inanmaq istəmişəm. Bu dünyada doyunca görə bilmədiklərimə O Dünyada qovuşmaq ümidiynən yaşamışam...
Silinmək və unudulmaq dəhşəti dondurdu qəlbimi...
Yaxşı ki, müəllifin özü də bu fikirlərindən şübhəlidi. "...ola bilər ki, yanılıram. Bəlkə də başqa bir planetdə yaşamağa davam edəcəyik, fərqli bir həyatda yaşayacağıq. İndiki həyatımızdan heç də darıxdırıcı olmayacaq, amma bu həyatı qəbul etdiyim kimi onu da qəbul edəcəyəm. Ancaq doğrudan elə bir həyat olacaqsa, o həyata gənclik illərimdəen başlamaq və buradakı həyatımı tamamilə unutmaq istəyərdim".
Hə... indi rahat nəfəs ala bilərəm. Yoxsa...
Yoxsa, nə? Görəsən, əl uzatmadığın saman çöpü qalıbmı bu günəcən?!.

***
Məşhurluğu hərə bir cür istəyir. Kimi göz çıxarmaqdan ötrü, kimi fərqlənməkdən, kimi də yararlanmaqdan ötrü...
Amma məşhurluğun bir gözəl tərəfi var: özünə çoxlu həmfikir toplamaq, qəlbini tənhalıq sökəndə hardasa səni tanıyan və düşünən birilərinin olduğuna inanmaq... Bir də ona inanmaq ki, sən heç vaxt silinməyəcəksən, unudulmayacaqsan...
Ədəbiyyatımızın İsa Muğannasını itirdik. Silinəcəyini və unudulacağını düşünmək belə istəmirik. Dünyanın o başında xəstəxanalıq olan Markes bəlkə də Azərbaycan adlı məmləkəti tanımır. Burda isə bizlər onun halından xəbərdarıq...
Məşhurluğa haqq eləmək xoşbəxtlikdi. Gəlişini bilməsə də, gedişindən xəbər tutur dünya...
P.S. Görəsən, biz adi adamlardan bir zərrə də olsa, Kainatda qalacaqmı?!.


Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV