adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BUNDAN NiYƏ DANIŞMIRSINIZ?..

BABƏK YUSİFOĞLU
34500 | 2012-03-08 08:55
Nikola Sarkozinin Fransasında Konstitusiya məhkəməsi qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan o bədnam qanunu ləğv etdikdən sonra Türkiyə və Azərbaycanın Fransa ilə çox sərtləşmiş münasibətlərində istilik müşahidə olunur. Düzdür, hələlik bu istilik diplomatik sahədə özünü qabarıq göstərməsə də hər halda sərt bəyanatlar daha səsləndirilmir. İndi bəzi mətbu orqanlarda Bakının Fransanın Minsk qrupundakı üzvlüyündən imtina etməyəcəyi haqqında fikirlər səslənməkdədir. Türkiyədə isə hələlik belə çağırışlar səslənir ki, Fransaya qarşı nəzərdə tutulan addımlar öz qüvvəsində saxlansın. Bu iddianın da rəsmən nə ilə nəticələnəcəyi hələlik məlum deyil.
   
   Əslində isə yaranmış situasiyadan istifadə edib ümumiyyətlə Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə beynəlxalq səviyyədə qiymət verilməsi məsələsi çox ciddi şəkildə qaldırılmalıydı. Doğrudur, Minsk qrupuna hansısa düzəlişi etmək, onların fəaliyyətlərinin təftişinə nail olmaq tək Azərbaycanın gücü daxilində görünmür. Amma şübhəsiz, Ankaranın da Bakı ilə birgə təkidi bəzi məsələlərə çox böyük impuls vermiş olardı. Çünki bu qədər uzun müddət keçdikdən sonra Minsk qrupu üzvlərinin çox absurd açıqlamalarla prosesə və özlərinin fəaliyyətlərinə rəy verməsi adamda gülüş və təəssüfdən başqa bir şey yaratmır. Xatırlayırsınızsa yaxın günlərdə Qrup qınaqlara, tənqidlərə rəğmən bildirmişdi ki, onlar problemi həll etməsələr də müharibənin başlamasının qarşısını ala bilmişlər.
   
   Bu da onu göstərir ki, Minsk qrupuna həqiqətən də münaqişənin həll edilməsi deyil, necə deyərlər, işğala məruz qalan tərəfin başını qatmaq tapşırığı verilib. Əslində söhbət onların şəxsindən deyil, təmsil etdikləri dövlətlərin mövqeyindən gedir. Sadəcə olaraq bu diplomatik turist qrupunu münaqişənin həlli ilə məşğul olan qrum kimi adlandırılmasına son qoyulmalıdır. Ən azı problemin birbaşa BMT müstəvisinə keçirilməsinə nail olmaq lazımdır. Çünki 20 il davam edən bu "turist-turist" oyununun hələ bundan sonra da 20 il davam edəcəyi haqqında artıq fikirlər söylənir. Və bu üzdən də işğalçı tərəf olan Ermənistan Minsk qrupunun fəaliyyətindən çox məmnundur.
   
   Bu günlərdə Minsk qrupu üzvləri yeni bəyanatla çıxış ediblər. Robert Bradtke, Jak For və İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Andji Kasprşik Ermənistan və qondarma separatçı rejimin qondarma rəhbərliyi ilə problemin müzakirəsində bundan sonra humanitar məsələlərin daha çox önə çəkilməsini zəruri sayıblar. Bu sırada onlar belə hesab edirlər ki, hər iki xalqın nümayəndələrinin təmaslarını təşkil etməklə müəyyən nəticələrə nail olmaq mümkündü. Həmsədrlərin bildirdiyinə görə, siyasətçilərlə bir şey alınmadığına görə indi də xalqı inandırmağı sınaqdan keçirmək lazımdır.
   
   Robert Bradtke deyib: "Vasitəçilər artıq hər iki xalq arasında humanitar əlaqələri yaratmağa başlayıb. Bu hələ ilk addımlardı. Bu etapda belə əməkdaşlıq bizi çox ümidləndirir". Amma bunun boş bir məsələ olduğu ilk zamanlardan da aydın görünür. Çünki hələ ortada heç nə yox ikən ermənilər Azərbaycana qarşı yenə mənfur, yalan iddialar irəli sürməkdədir. Özləri işğalçı olduqları, Xocalı soyqırımı törətdikləri... halda qarşı tərəfi günahkar bilirlər.
   
   Ermənilərin uydurma iddiaları nə yenidi, nə də təəccüblü. Ona görə də bu haqda danışmağa dəyməz. Lakin böyük bir beynəlxalq təşkilatın diplomatlarının növbəti mənasız laylası ən adi vətəndaşı belə heyrətləndirir. Bu üzvlər 20 il ərzində ən kiçik bir irəliləyişə nail olmayıblar, amma növbəti bir 20 il qazanmaq üçün boş sözlər, boş bəyanatlar verməkdən çəkinmirlər. Belə çıxır, Azərbaycan daha 20 il gözləməlidir ki, erməni dığaları bizimlə humanitar, məişət təmasları qursunlar. Həmsədrlər daha real faktları nəzərdən keçirsələr bunun onlara faydası olar. Onlar bilməmiş olmazlar ki, ermənilər əvvəllər Azərbaycanın paytaxtından tutmuş istənilən şəhərində, kəndində "bəy balası" kimi yaşayıblar. Rayondan gəlib Bakıda işləyənlərin, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin çox böyük əksəriyyəti ermənilərin evlərində kirayədə qalıblar... Bu cür faktları istənilən qədər sadalamaq olar. Amma ermənilər bütün bunların əvəzində azərbaycanlıları düşmən bildilər və hesabına yaşadıqları xalqı arxadan vurdular. İndi hansısa təmaslar hesabına erməniləri inandırmağa ümid etmək ya bizi dolamaqdı, ya da özünü axmaq yerinə qoymaqdı.
   
   Siz ədaləti, hüququ bərpa etməyə gəlirsinizsə onda nağılları, mənasız sözləri, təmasları bir yana buraxın, eləcə BMT-nin qəbul etdiyi dörd qətnamənin həyata keçirilməsinə çalışın. Həmin qətnamələri ki, Bakı qəbul etməyib? Beynəlxalq missiyanı yerinə yetirən diplomatlar deyilsiniz məgər? Bundan niyə danışmırsınız???

TƏQVİM / ARXİV