adalet.az header logo
  • Bakı 11°C

KÖFTƏR ALI

MƏMMƏD DƏMİRÇİOĞLU
36421 | 2014-04-12 09:47
Cöyüzdü bulağınının ətrafı xırda talalarla bəzənmiş, iri palıd ağaclarının kölgələri qara-qara buludları xatırladırdı. Arxadan gələn köç camaatı da, hərə bir ağacın kölgəsində düşərgələndi, qızlar-gəlinlər sənəklərini çiyinlərinə alıb Cöyüzdü bulağa tərəf yollandılar. Bar-barxananı düşürüb süfrələr saldılar, özləriylə dağa sürdükləri xırda sürülərdən erkəklər tutulub kəsildi, tonqallar tüstülənməyə, samavarlar buğlanmağa başladı.
Köftər Alı yaxınlıqdakı sürüyə təfərinclə baxıb, Xanpaşaoğlu Səmədi yanına çağırdı:
- A bala, get o sürüyə yaxınlaş, erməni çobanlarına de ki, bizə bir erkək versinlər, bulağın başında kabablayaq. Əgər vermək istəməsələr mənim adımı verərsən.
- Baş üstə, Alı əmi - deyib, Xanpaşaoğlu sürüyə tərəf yollandı.
Sürü doğrudan da erməni sürüsü idi. Aralarında donquldana-donquldana söhbət edən erməni çobanları onlara yaxınlaşan ucaboylu gənci görüb xosunlaşdılar:
-Ara, bu türki dığadan xeyirli xəbər gözləmə.
-Qoy gəlsin görək nə istəyir, - deyən yekə peysər gənc çoban özünə güvənirmiş kimi Xanpaşaoqluna tərəf addımlamaq istədi. Əliylə onu saxlayan yaşlı çoban dilləndi:
-Akber, bu köç İncəli köçünə oxşayır, onlarla bir az ehtiyatlı olun.
-Bunları çox başımıza çıxarmışıq! Daha arvad-uşaqlarımıza da göz dikirlər. Rubenin qızı Asya ötən il bir türkü dığa ilə nə oyundan çıxmadı. Kopak oğlunun qızı ela hamımızın papağını yerə soxmadımı. Zurnaçı Sandroy olmasydı qan su yerinə axacaqdı, - deyən yekə peysər erməni dişlərini xırçıldatmağa başladı. Yaşlı çoban isə çox yaxşı bilirdi ki, Köftər alını sakitləşdirməsəydilər doğrudan da qan su yerinə axacaqdı. Odur ki, üzünü sarı, seyrək tük basmış gənc çobanı sakitləşdirdi...
Bu hadisə ötən yay baş vermişdi. Qaymaqlı Söynoğlu İbrahim qıvrım saçlı Asyanı bəndə salmışdı. İbrahim özü də çox gözəl və gənc idi. Onların binə yerləri Asyagilin qalın meşə kənarındakı kirəmid damlı yosma evlərinin yaxınlığında idi və həmin evdə yaşayan ağsaçlı, qırmızı sifət Rubenin qızı Asya onun coşqun ürəyini oynatmışdı yerindən.
Günlərin birində İbrahinTurş bulağın üstündə haqladı qıvrım telli Asyanı. Koftasının yaxasını deşən sinəsi, incə beli, ağ totuş ayaqları, alma yanağı, püstə dodağı dünyasına od salmışdı. Qıyğacı baxışlarıyla İbrahimi əsir-yesir etmiş Asyanın özü də vurulmuşdu bu enli kürək, şıvırtı Türk balasına. Qardaşları bir neçə dəfə üstünə bozarsa da qızı evdə saxlaya bilmirdilər. Gənclik ehtirası damarlarında tüğyan eyləyən İbrahim bulaq başına əyilib su götürən Asyanın sallanmış yaxalığından pırtlayıb çıxmış ağ, yumru sinəsini aydınca gördü. Qanı beyniə sıçradı. Alıcı quş kimi Asyanı bulağın arxa tərəfindəki qalın kolluğa dartıb apardı. Asyanın dartınmağa, müqavimət göstərməyə taqəti yox idi. İbrahimin güclü qolları onun belinə sarılmış, odlu nəfəsi yanağına, sinəsinə od salmışdı. Köksü həyəcanla enib qalxan Asyanın nəfəsi təngiyir, dodaqları titrəyir, dünya-aləm başına hərlənirdi. O, İbrahimi dəlicəsinə sevirdi. Bu an gözünə heç nə görünmür, İbrahimin alövlu öpüşlərindən məst olub, dünyanın harasında olduğunu belə unutmuşdu. Coşqun, hərarətli öpüşləriylə Asyanı özünə təslim etmişdi İbrahim.
Yaxasının düymələri qırılıb tökülmüş Asya üst-başını düzəldərək nələrin baş verdiyini anladı, xoşbəxt anlarından avazıyaraq özünə gəldi. Zingildəyən qulağı, döyünən ürəyi, təngiyən nəfəsi əvvəlki halını aldı. Qan-tərə batmış İbrahimin yanaqlarına səpələnmiş tellərini arxaya sığallayaraq: "Mən sənin oldum, sənə təslim oldum" - deyərək hıçqırmağa başladı. Otların arasına səpələnmiş düymələrini döyşürərək: "Nə olacaq bu işlərin axırı?" - deyərək bu dəfə hönkürərək dərə yuxarı qıvrılan cığıra tərəf qaçdı.
Bir neçə gün evlərindən bayıra çıxmayan Asya bu gün qızlara qoşulub Turş bulağa enmişdi. Gözucu o günkü yerə - ismətini itirdiyi yaşıl kolluğa nəzər saldı, ürəyi yerindən qopdu, İbrahimi görmək istədi.
Həmin gecə iri bir şənlik məclisi qurulmuşdu. Qaymaqlı aşıq Avdıllanın zil avazı erməniləri mat-məəttəl etmişdi. Zurnaçı Sandroy Zambıroğluyla bəhsə girib qıy çəkir, dəfçilər əllərindəki dəmbər toxmaqlarla dəfləri o ki var döyəcləyir, damarlarında qanı coşdanan əryən oğlanlar meydan sulayırdılar. Meydanı dövrəyə almış gəlinlər, qızlar gənc oğlanların oyunlarını oğrun-oğrun seyr edir, buruq-buruq telləri çiyninə səpələnmiş Asya şux qamətli İbrahimdən gözlərini çəkə bilmirdi. İbrahim oynaya-oynaya heç kimə məhəl qoymadan Asyanı qabağına çağırdı. Dünyanı unutmuş Asya da harada olduğunu unutmuş kimi, bığı burma qardaşlarına, ağsaçlı atasına məhəl qoymadan onun qabağına çıxdı. Başından sürüşmüş ağ kələğayısı çiyninə dolaşıb qaldı. Yeddi hörüyü iki yerə bölündü. Yarısı kürəyinin arxasında, yarısı al qırmızı koftasını deşən köksunun üstündə ilan kimi qıvrılmağa başladı. İbrahim cezv məqamındaydı. Qollarını, qardaşları zəncir çeynərən Asyanın belinə doladı. Onu ağuşuna alıb əlvan xallı kəpənəklər kimi fırlada-fırlada səmaya bülənd olurdu sanki İbrahim.
Lopa bığlarını eşən Köftər Alı da həmin məclisdə idi. Sağında, solunda özündən yaşca kiçik olmalarına baxmayaraq, xətirlərini istədiyi Xanpaşaoğlu Səmədlə Ələkbər oturmuşdu. O, iri toppuzu xatırladan çomağına söykənib bu mənzərəyə tamaşa edirdi. İbrahimin cəsarətinə heyran qalıb bərkdən nərildədi: "Ağrın alem, ağrını. İgid belə olar, gör heç erməniləri vecinə alırmı".
Onsuzda bir himə bənd olan qardaşlar Köftər Alının bu tənələrinə dözməyib meydana atıldılar. Məclisə çaxnaşma düşdü. Bir an içində şiltik-piltik olan məclis pərən-pərən düşdü. İbrahim Asyanı aradan çıxarmaq istəyəndə onun üstünə əli xançallı üç erməni şığıdı. Dərhal da yerə sərildilər. Köftər Alının vahiməli nəriltisi ürəkləri yerindən qopardı. Bir çomaq zərbəsinə yerə dəyən erməni dığaları al-qan içində çapalayırdılar. Yeni həmlələr erməniləri pərən-pərən saldı. Başıalovlu erməniləri qabağına alıb teyləyən Köftər Alının hər zərbəsində 3-4 nəfər yerə dığırlanırdı.
Bu qanlı savaşdan ürkən ermənilər tezcə sakitləşdilər və Köftər Alını sakitləşdirmək üçün dəridən-qabıqdan çıxdılar. Zurnaçı Sandroy qırmızı sifəti bir az da qızarmış Rubeni danladı ki, oğlanların nə cırtqozluq edir. Bir qız bir oğlanındı. Bir yerdə oynayanda nə olar ki. Ruben başını aşağı saldı...
Səməd ermənilərə yaxınlaşıb öz dilində salam verdi. Ağsaqqal coban yanındakı daha iki ermənidən qabağa tərəf gəlib bizim dildə onun salamını aldı. Demək olar ki, yurd yerlərimizdə yaşayan ermənilərin hamısı Azərbaycan dilində danışa bilirlər. Odur ki, öz ləhcələrində Xanpaşa oğlundan soruşdu:
-Ha, na buyuracaqsan, turki dığa?
-Erməni, əmim dedi ki, bizə bir qoç ver, bulağın başında kabablayaq.
Kənardan söhbəti eşidən yekəpeysər gənc çoban qəzəblə qışqırdı:
-Ara, sizə borcumuz var balka? Bir yekaxanalığa bax, bir qoç ver buna. Get amina de ki, dadamın dadana borcu yoxdu.
Yekəpeysərə məhəl qoymayan Səməd yaşlı çobanın cavabını gözlədi. Yaşlı çoban gənci belə ötkəm gördükdə öfgəsi sancdı:
-A bala, pulsuz-parasız adama qoçmu berarlar. Get amina de ki, bizda satlıq heyvan yoxdu. Axi siz kimsiniz ki, biz siza havayı qoç verək?
-Məni bura Köftər Alı göndərib.
Köftər Alının adını eşidən yekəpeysər gənc erməninin rəngi sapsarı saralıb saqqalının rənginə qarışdı, canına titrətmə doldu. Yaşlı çobana macal vermədən:
-Ara, Köftar Alıya canımız da qurbandı. Bunu bayaqdan niyə demirsan, - deyəyərək tösmərək, dolu bədənli çobanın üstünə qışqırdı: - Tez ol, o sürüdən iki yaxşı erkək tut gətir buraya. Yaxşı deyil, kişi bizi gözləyir.
Köftər Alı gələn erməniləri xatırlamasa da Yaşlı və yekəpeysər erməni az qala onun qabağında diz çökərək yaltaqlanmağa başladılar:
-Ara, Alı kirvə, bu cavan oğlan birbaşa demadi ki, erkaklari san istersan. Vallah bütün sürü sana qurbandı. Ara xoş galmisiniz. Bu ildə yena haman yerdami bina quracaqsınız?
Yekəpeysər erməni erkəyi kəsmək istəyirdi ki, Köftər alı dilləndi:
-A kirvə, ona əl vurma, erməni qıvlasına kəsib erkəyi murdar eləmə, - deyib, Xanpaşaoğluna işarə elədi ki, erkəyi özün kəs.
İşi belə görən yekəpeysər od-ocaq işinə baxdı. Meşənin qurumuş ağaclarından daşıyıb gətirdi, iri bir tonqal qaladı.
Yaşlı çoban daşın üstündə oturmuş Köftər Alının dizlərinin arasına aldığı uzun saplı çomağı heyrətlə süzürdı. "Evin yıxılmasın çomaq yiyəsi, bu boyda da çomaqmı olar, gəzdirməyə iki adam istəyir" - deyə öz-özünə mızıldandı və o günü xatırladı: "derəm yaxşı ki, mən o günü bu çomağa tuş gəlmədim. Ara, bu o çamaq deyil, evi yıxılmış çomağını bir az da yekələndirib. Billahi ki, bu çomaqla bir qoşuna doy gələr. Allah elamasin bunu qəzəbləndirəsən".
- A kirvə, yenə sizin qaçaq-quldurlar varmı buralarda?
Köftər Alının nəriltiyə bənzəyən səsi onu xəyallardan ayırdı:
-Yox, Alı can. Amma eşitmişam sizin hokmatdan gizlənən iki qaçağınız... Ara deyasan Qaça Karamdi nadi, biri o, o biri da qaçaq İsmayıldı. Buralarda görüblar onları. Deyirlar zalımın oğlanları alıcı quş kimidilar. Zahimlarindan adamın bağrı yarılır.
Qaçaqların adlarını eşidən Köftər Alı ayağa durdu, tüstülənən ocaqdan aralıda, göy çəmənin üstündə kilimlər döşənmiş süfrəyə tərəf döndü, samovardan süzülüb süfrəyə düzülmüş buğlanan çayı göstərib:
- Kabab bişənə qədər bir çay içək, - deyib, təklikdə danışırmış kimi, - hə, onlar çox igid adamlardı, - deyib sözünə davam etdi. - Əgər onlar buralardadırsa, hökmən mənim də qonağım olacaqlar. Onlar məni, mən də onları üzbəsurat görməmişik. Amma çox istəyirəm yığval bizi görüşdürsün.
-Ara, axber can, yığval kimdi, neynirsən onu, ölməmişəm ki, sənin sorağını özüm onlara çatdıraram...

***
Yamyaşıl dağların ətəklərində bədöylər kişnəşir, əlçim-əlçim olmuş yumşaq buludlar ağappaq qanadlarını dağların zirvələrindən aşağı salayıb ağ kəlağayılar kimi qayalardan qayalara sürüşür, dərə yuxarı qalxan boz duman Göy dağı iki yerə bölmüş ağ buludlara qovuşmağa tələsirdi. Armuddunun cələngi olan köklü yoxuşu ("Köklü yoxuş Armuddunun çələngi..." İbrahim Qarasultanoğlu.) ləhliyə-ləhliyə çıxmış kəllər boyunduruqdan azad olmuş, köç karvanları bölük-bölük olub yurd yerlərinə səpələnmiş, hər yanda çadırlar, dəyələr qurulurdu.
Sarıbulaq yaylağının ətəklərində, dağ bulaqlarının gölləndiyi yerlərdə kom-kom bitmiş ceyil qamışları yamyaşıl meşəyə bənzəyirdi. Dəyə qurmaq üçün qamış qıran uşaqlar, gənclər uzunqulağa yükləyib gətirdikləri qamışları böyüklər dəyələrin ustünə döşəyirdilər. Qamışlardan süzülən suların dəyəyə dolmaması üçün dəyənin dörd yanından qarımlar (arxlar) qazılırdı, çadırların iplərini bağlamaq üçün yerə uzun mıxçalar çalınırdı. Kimi qoyun-quzu üçün xalxal düzəldir, kimi ocaq yeri, kimi altında çörək bişirmək üçün çalalar və s. tikirdilər. Bir tərəfdə komalaşmış uşaqlar çeyil otlarından səbət, papaq hörür, bir tərəfdə qızlar dərdikləri əvəlikləri salxım-salxım hörüb ağacların budaqlarından asırdılar. Bir sözlə qaynaşırdı yurd yerləri.
Sarıbulaq yaylağının yanından ötən qaçaqlar atlarını yavaşıtdılar. Uzaqlardan gələn tütək səsi - Layla Vəlinin eydirə-eydirə çaldığı tütəyin həzin nəğməsi quşların cəh-cəh səsinə qoşulub Sarıbulaq yaylağına şeir bəstələyirdi sanki:


SARIBULAQ QIMQIMISI

Yenə yaylaqların bahar vaxtıdı,
Yenə binə qurdu el yaxasından.
Çiçəkli ağaclar gəlinlik geyib,
Asıldı dağların tül yaxasından.

Qarlı gədiklərə göllər aynadı,
Port-portun suları coşub qaynadıg
Göylər guruldadı, şimşək oynadı
Axdı quzeylərin sel yaxasından.

Qaranlıq dərədən sular sallanıb,
Daşlar şır-şırları içib, hallanıb.
Çiçəklər allanıb, qönşə ballanıb
Arılar sallanıb gül yaxasından.


Körpəcə bulaqlar nə sızlar yen,
Başına cəm olub o qızlar yenə.
Sallaşdı lilparlar, yarpızlar yenə
Köklü yoxuşların lil yaxasından.g

Dostum, gəl sevindir bu oylaqları,
Küsgün bənövşəyə bənd olan yarı.
Nisgili, həsrəti, dərdi, qübarı,
Mamırlı daşların sil yaxasından.

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV