2013 - ilin ədəbi mənzərəsi

VAQİF YUSİFLİ
72128 | 2014-04-12 09:46
Mətbuatda yüzlərlə şairin şeirlərini oxuyur, amma bu yazıların böyük bir qisminin şairlik sənətinə, poeziyaya heç bir dəxli olmadığı qənaətinə gəlirik. Şeirimizi yaşadan, ona yeni qollar, budaqlar artıran istedadlar isə kütləvi şəkildə deyil, tək-tək gəlirlər ədəbiyyata.
Ədəbi gənclik, ədəbiyyatın gələcəyi deməkdir. XXI əsrin əvvəllərində poeziyada, nəsrdə ilk qələm təcrübələri, ilk şeir kitabları ilə ədəbiyyatda ilk addımlarını atan gənclərin ən istedadlıları heç şübhəsiz, on-on beş ildən sonra poeziyada və nəsrdə aparıcı qüvvəyə çevriləcəklər. XX əsr Azərbaycan ədəbiyyatının tarixində bunun əyani şahidi olmuşuq. Azərbaycan Yazıçılar Birliyində Rəşad Məcidin təşəbbüsü ilə yaradılan "Gənc ədiblər məktəbi" artıq bir neçə ildir ki, fəaliyyət göstərir və dərnək səviyyəsindən xeyli dərəcədə üstün olan bu "məktəbdə" istedadların parlaması üçün geniş imkanlar açılır, onların yazıları "Azərbaycan" və "Ulduz" jurnallarında, "525-ci qəzet"də dərc edilir, tezliklə Yazıçılar Birliyinə də üzv seçilirlər. Aysel Əlizadə, Aysel Qarabəyli, Feyziyyə, Gündüz Sevindik, Emin Piri, Anar Həbiboğlu, Ramil Əhməd, Ruslan Dost Əli, Şahinə Könül, Əli Əlioğlu, Qismət, Anar Amin, Günel Eminli, Arzu Hüseyn, Könül Həsənoğlu, Xuraman Hüseynzadə, Nazilə Gültac, İradə Aytel, Əvəz Qurbanlı, Nuranə Nur, Arzu Nehrəmli...gBu adlarını çəkdiyim cavan şairlərin əksəriyyətinin yaşı heç otuza çatmayıb, bəziləri əyalətdə yaşayır. Onlardan Emin Pirini və Ramil Əhmədi xüsusilə fərqləndirmək istəyirəm. Bu iki gənc Qarabağ müharibəsi başlayanda bəlkə heç doğulmamışdılar, amma müharibə və onun doğurduğu fəlakətlər barədə hər cür patetikadan, məlum və şablon ifadə üsulundan tam fərqli şeirləri ilə diqqəti cəlb edirlər. Onların müharibədən söz açan şeirlərində müharibə uşaqlarının atasızlıq duyğuları, davanın doğurduğu maddi, fizioloji və mənəvi itkilər öz əksini tapır. İki kiçik şeir parçasını misal gətirmək istəyirəm:

Biz atamızın
ayaqqabısına
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz pencəyinə baxıb
böyüdük.
"Ata!" dedik divardan baxan şəklə.
Şəkil kimi yaraşıqlıydı atamız,
şəkil atamız!..

(Ramil Əhməd)

Hər əsgər tabutu
bir ağ gəlinliklə köçər,
əsgər deyil,
sevən qızın
arzularını götürüb gedər
hər atılan güllə.

(Emin Piri)

Bəs 2013-cü ilin Azərbaycan poeziyası hansı səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb edir? Təbii ki, mənə verilən vaxt müqabilində müasir Azərbaycan poeziyasının bir ili barədə geniş söz aça bilmərəm və bu barədə iki məruzədə ətraflı söhbət gedəcək. Amma iki fikrimi nəzərinizə çatdırmaq istəyirəm.
1. Böyük şairimiz Rəsul Rza deyirdi: "Yaxşı şeir yenilik deməkdir. Deyilənləri təkrar etməmək, söz axtarışı, yeni deyimlər deməkdir. Yaxşı şeir məxsus olduğu xalqın bədii yaradıcılıq ənənəsini duymaq, yeni çalarlar tapa bilmək deməkdir, bir sözlə, həmişə inkişafda, zənginləşməkdə olmaqdır". Bəli, müasir Azərbaycan şeiri bu ənənələrə sadiq qalır, amma ənənələrə kor-koranə itaət göstərmir, onu yeni çalarlarla zənginləşdirir. Bircə misal göstərəcəyəm: Xalq şairi fəxri adı olmasa da, bütün xalqın qəlbinin, ruhunun şairi Musa Yaqubun hər şeirlər silsiləsi onun yerində saymadığını, yeni uğurlar qazandığını, həmişə axtarışda olduğunu sübut edir. Amma təəssüf ki, şeirimizdə kütləviliyin baş alması səbəbindən minlərlə bir-birinə oxşar, deyim tərzilə bir-birindən seçilməyən nəzm nümunələri meydan sulayır. Minlərlə qoşma, gəraylı, hecanın müxtəlif nümunələri arasında yaxşılarını seçmək çətin deyilsə də, bir belə eyniliyin, bu eynilikdən doğan bəsitliyin qarşısını almaq heç cür mümkün deyil. Bu fikri sərbəst şeir adı ilə çap olunan çoxsaylı şeirlər haqqında da demək olar. Bir nöqsanı da xüsusi qeyd etmək istəyirəm: şablonçuluq sevgi şeirlərində lap həddini aşır. Hazır ifadələr, deyimlər təkcə şeirlərdən şeirlərə, kitablardan kitablara deyil, müəlliflərdən müəlliflərə də keçir Nə qədər demək olar "sevgidən ölürəm", "üzmə ürəyimi, gəl insaf elə", "qarşında qul olum, əsir olum mən", "sənsizləmişəm", "ayrılıq-dar ağacı" və s.
2. Şeirimizdə Qarabağla, müharibə və onun doğurduğu sosial və mənəvi bəlalar, yurd itkisi ilə bağlı yüzlərlə şeirlər, onlarla poemalar yazılıb. Bu nümunələrin əksəriyyətinin, lap elə deyərdim hamısının vətənpərvərlik duyğularından yarandığına şübhə etmirik. Amma POEZİYA adlı müqəddəs bir söz də var və biz bilirik ki, hər yazılan şeir poeziya sayıla bilməz. Məşhur Argentina şairi Armando Texado Qomes müxbirlərlə müsahibə zamanı "Siz poeziyaya hansı tələblərlə yanaşırsınız?" sualına cavab verərkən demişdi: "Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun. Mən zarafat etmirəm, düz sözümdür: şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir, şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir. Sözlər, misralar unudula bilər, qalan nədirsə, o - poeziyadır. Yaddaqalan sözlər və misralar da ola bilər, onları yadda saxlayan, yaşadan da poeziyadır".
Qarabağdan, müharibədən yazılan əksər şeirlərin ömrü elə çap olunduğu gündəcə başa çatır, onlarda yaddaqalan sözlər və misralar tapmaq müşküldür. O şeirlərin ömrü bir kəpənək ömrü kimidir, o gün doğulur, o gün ölür. 2013-cü ildə də bu mövzuya nisbətən az müraciət edilib. Buna kədərlənmək yox, sevinmək lazımdır ki, şeirimizdə stereotiplərin, şablonların sayı azalıb. Amma dərdimizə, içimizin yanğısına çevrilən mövzuda Xalq şairi Zəlimxan Yaqubun "Şuşa şikəstəsi" kimi gözəl bir poemasını keçən ilin uğurlu bir poetik "Qarabağnaməsi" hesab edirik, Əşrəf Veysəllinin, Rəfail Tağızadənin, Ələmdar Quluzadənin, Əbülfət Mədətoğlunun bu mövzuda yazılan şeirlərini təqdir edirik.

Vətən harayına çatan əsgərin,
Özünü odlara atan əsgərin,
Şəhid məzarında yatan əsgərin
Bəlkə Xocalıda qıçı göynəyir.

Bağrı şan-şan olub dilsiz daşın da,
Vətən savaşında, yurd savaşında.
Kövrək anaların doqqaz başında
Təndiri göynəyir, sacı göynəyir.

Gözəl Qarabağın acı həsrəti,
Ömrümü talayır, könlümü didir,
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.

(Əşrəf Veysəlli)

Poeziya haqqında bu qədər.
Müasir Azərbaycan nəsrinin 2013-cü ildə mənzərəsi də maraqlı nümunələrlə diqqəti cəlb edir. Baş ədəbi dərgi olan "Azərbaycan" jurnalında il ərzində 4 roman, 6 povest, 40-a yaxın hekayə dərc edilib. "Ulduz" jurnalında isə 5 povest və 35 hekayə ilə tanış olduq. Ancaq bu rəqəmlər nəsrin ümumi kəmiyyət göstərici deyil. "Ədəbiyyat qəzeti"ndə il ərzində 30-a yaxın hekayənin çap olunduğunun şahidiyik. Bundan başqa elə nəsr əsərləri var ki, onlar ayrıca kitab halında oxuculara təqdim olunub. Bir sözlə, Nəsr də kəmiyyət baxımından Şeirdən dala qalmayıb. Bəs keyfiyyət baxımından necə? Azərbaycan nəsri indi hansı durumdadır, yazılan romanlar, povestlər, hekayələr öz bədii sanbalı ilə seçilirlərmi? Başlayaq romanlardang
Bu yaxınlarda müxtəlif sənət adamları arasında "Ən yaxşı üç Azərbaycan romanı hansıdır?" sorğusu keçirildi. Bu sorğuda deyilənə görə 78 sənət adamı iştirak edirdi. Yusif Səmədoğlunun "Qətl günü" romanı sorğuda birinci, Qurban Səidin "Əli və Nino" romanı ikinci, İsmayıl Şıxlının "Dəli Kür" romanı üçüncü oldu. Əlbəttə, o sorğuda iştirak edənlərin əksəriyyəti tanınmış yazıçılar və jurnalistlər idi və gözləyirdik ki, son iyirmi-iyirmi beş ildə yazılan romanlardan birinin adı bu üçlükdə olsun. Amma belə olmadı. Əlbəttə, biz heç də o iddiada deyilik ki, son iyirmi-iyirmi beş ildə yazılan yüzə yaxın roman arasında "Qətl günü", "Əli və Nino", "Dəli Kür", həmçinin Azərbaycan romanının tarixinə düşən "Qılınc və qələm", "Gələcək gün", "Qarlı aşırım", "Geriyə baxma, qoca", "Mahmud və Məryəm", "Fətəli fəthi", "Məhşər", "Dünyanın arşını" ilə bir səviyyədə dura biləcək bir nümunə yoxdur. Amma bu da bir həqiqətdir ki, Azərbaycan romanının sonuncu qızıl fəsli keçən əsrin səksəninci illərinə aiddir və doğrudan da, ötən iyirmi beş ildə biz açıq-aşkar ƏDƏBİ HADİSƏ kimi xatırlana biləcək yeni bir romanla qarşılaşmamışıq. Amma bu o demək deyil ki, bizdə roman janrı böhran içərisindədir. Doğrudur, son illərdə Ədəbi hadisə sayıla biləcək bir roman ortada yoxdur, amma axırıncı üç ildə bir sıra maraqlı romanlar dərc edilib və bu da haqq verir deyək ki, gec-tez Roman bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növləri arasında aparıcı bir mövqe əldə edə biləcəkdir. Çünki ədəbiyyatı romansız, özü də müasir cəmiyyətin bədii təhlilini verən romansız təsəvvür etmək mümkün deyildir. Bu haqda heç də bədbin deyilik və bizdə son illər, elə 2013-cü ildə bir sıra maraqlı romanlar yazılmışdır. Anarın "Kərəm kimi", Seyran Səxavətin "Qaçaqaç", Aqil Abbasın "Dolu" və "Allahı qatil edənlər", Kamal Abdullanın "Unutmağa kimsə yox", Elçin Hüseynbəylinin "Metor vadisi", "Yolayrıcında qaçış", Məqsəd Nurun "Şəhər meri", Mübariz Cəfərlinin "Bənna", "Bərpaçı", "Bağban", Kamil Əfsəroğlunun "Çadır", Əyyub Qiyasın "Sonuncu büt", Aslan Quliyevin "Yaşıl təpələrin üstündəki buludlar", Əlabbasın "Qaraqovaq çölləri", Natiq Məmmədlinin "Körpüdə ümid", Yunis Oğuzun "Təhmasib şah", Hüseynbala Mirələmovun "Sonuncu fateh", Vaqif Sultanlının "Səhra savaşı", Mustafa Çəmənlinin "Ölüm mələyi", Cavid Zeynallının "Leyla", Şərif Ağayarın "Haramı", Azad Qaradərəlinin "Günəş tutulan yerdə", Eyvaz Zeynalovun "Qisas", Gülşən Lətifxanın "Azər və Aida" romanları bizi lap yaxın gələcəyə ümidlə baxmağa sövq edir.
Roman haqqında söylədiklərimizi povestlər və hekayələr xüsusunda da deyə bilərik. Elçinin "Kaşeyin taleyi", Qərib Mehdinin "Skripka üçün mi simi", İlqar Fəhminin "Akvalanq", Elçin Hüseynbəylinin "Mən necə qəhrəman oldum" povestlərini xüsusi qeyd etmək istəyirəm. Kamal Abdullanın, Məmməd Orucun, Aydın Tağıyevin, Azər Abdullanın, Alpay Azərin, Gülşən Lətifxanın, Rövşən Yerfinin, Kamran Nəzirlinin, Xumar Ələkbərovanın, Rasim Qaracanın, Şərif Ağayarın, Pərvinin, Sahilənin hekayələri son illərin nəsr əsərləri içərisində seçilə bilirlər.

(ardı gələn şənbə sayımızda)

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV