adalet.az header logo
  • Bakı 18°C
11 Aprel 2014 19:40
11212
GÜNDƏM
A- A+

Belə xəbərlər təslimçilik ruhu aşılayır yoxsa qisas? - Sorğu

Mətbuatda erməni KİV-nə istinadən  müxtəlif məlumatlar yayılır. Yayılan məlumatların böyük əksəriyyəti işğal altında olan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlıdır. Son məlumatlara görə, ermənilər Zəngilanın Aptek Evini yenidən istifadəyə veriblər.


İşğal olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə bağlı Ermənistan KİV-nin yaydığı məlumatlarn Azərbaycan mediasında yayılması nə dərəcədə düzgündür? Belə informasiyalar cəmiyyətin ruhuna necə təsir göstərir? Son günlər ermənilərin Zəngilanda necə rahat yaşadıqlarını, istirahət etdiklərini, bizə məxsus bir sıra obyektlərin açılışlarını həyata keçirdiklərini özündə əks etdirən şəkillər yayılır. Sizcə bu görüntülər işğala məruz qalan azərbaycanlıların psixologiyasında təslimçilik ruhu aşılayır yoxsa qisas

Adalet.az bu sualları tanınmış media rəhbərlərinə ünvanlayıb. Sorğuda psixoloqun da münasibəti yer alıb.   


"İctimai əhəmiyyət kəsb edən istənilən xəbər yayımlanmalıdır”

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı:

-Media ictimai əhəmiyyət kəsb edən istənilən xəbəri yayımlamalıdır. Lakin xəbəri yayımlayarkən onun təqdimat formasını seçmək hüququ da medianın özünə, onun informasiya siyasətinə aiddir. Qeyd etdiyiniz xəbəri Azərbaycanın işğal olunmuş və beynəlxalq birlik tərəfindən faktiki işğal faktının tanındığı ərazilərdə ermənilərin qeyri-qanuni məskunlaşması kimi təqdim etmək, həmin ərazilərdəki qədim Azərbaycan abidələrinin dağıdılması, o ərazilərə məxsus memarlıq üslubunun məhv edilməsi kimi təqdim etmək mümkündür və hətta vacibdir. Çünki əslində həqiqət də budur. Amma əlbəttə Azərbaycanın hansısa media qurumu bunu ermənilərin uğuru və ya inkişafı kimi təqdim edirsə, mən bunu pisləyirəm və bunu təkcə milli maraqlara qarşı çıxmaq yox, elə həm də reallıqları təhrif etmək baxımından qeyri - peşəkarlıq hesab edirəm.

 

"Qulağımızı tıxayıb, gözümüzü yummaqla heç nə olmaz”

Müsavat.com saytının baş redaktoru Xalid Kazımlı:

-Erməni KİV-ə istinadən xəbər yaymaq düzgündür. Əgər informasiya varsa, ondan xəbər tutmaq lazımdır. Qulağımızı tıxayıb, gözümüzü yummaqla heç nə olmaz. Bu cür xəbərlər revanh hissini itiləyir, cəsur insanları mübarizəyə səsləyir, qorxaqları, təslimçi ruhda olanları daha da ruhdan salır.

 

"Bəlkə bunu düşmən bilərəkdən bizlərə ötürür...

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu  Elnur Rüstəmov:

-Bu cür şəkillərin paylaşmasında xüsusi diqqətli olmaq lazımdı. Çünki, psixologiyamıza bunun mənfi təsirləri ola bilər. Ən azından insanlarda bir ümidsizlik yarada bilər ki, artıq orada düşmənlərimiz rahat bir şəkildə həyatlarına davam edirlər, infrastrukturlar yaradırlar. Bəlkə bunu düşmən bilərəkdən bizlərə ötürür. Bunu qəti şəkildə söyləmək də çətindi. Qarabağ bizim hər birimizin atrılmaz tərkib hissəsidi. Yaxşı olardı ki, Qarabağ torpaqları ilə bağlı bizim orada yaşadığımız dönəmləri əks etdirən çəkillər paylaşılsın. Məscidlər, iaşə yerləri, babalarımızın məzarları və s bu istiqamətdə paylaşımların olması düşünürəm daha effektli olardı və insanlarımızda düşmənə qarşı daha sərt mövqedə dayanmağa təsirini göstərərdi.  Biz hələ ki, müharibə şəraitində yaşayırıq. İnsanlarda torpaqlarımızı geri qaytarmaq istiqamətində mənəvi güc daim qorunub saxlanmalıdır. Hər bir vətəndaş da bu istiqamətdə əlindən gələni əsirgəməməlidir. KİV də bu istiqamətdə xüsusi diqqətli olmalıdır. İnformasiyanın doğru bir formada çatdırılması vacib məqamdı.  


Sübhan Mahmudlu