adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Aprel 2014 15:52
49872
MƏMLƏKƏT
A- A+

İtitalada iki millət bir xalq yaşayır - Fotoreportaj

Gəlin sizə Baləkənin İtitala kəndində keçirdiyim günlərdən danışım. Cəmi 5 gün. Ancaq cəmi 10 dəqiqənizi alacam.

İlk günüm… Adətən ilk deyərkən sənə tanış olmayan çevrənin yaratdığı çəkincəlik, bəzən utancağ sima, qeyri-sərbəstlik təlatümü yada düşür. Bir az da səmimi olmayacağından qorxursan. Qısası belə bir məkana uyğunlaşmaq ən azından 1 ay vaxtını ala bilər (Nəzərə alsaq ki, bu bölgənin insanları şirindil və mehriban olurlar).

Bağışlayın yanılmışam, bir ay nədir, iki günə mən özümü heç ummadığım tərzdə rahat hiss edirdim. Doğrudur, hərdən dil sarıdan məni nəzərə almırdılar. Bəlkə şəxsi söhbətləri və bəlkə də mənim dinləməyə ehtiyacım olmadığı mövzular var idi. Və yaxud düşünürəm ki, burada yerli İtitala camaatının İngiloy dilinə bağlılığı, üstəlik qəsəbə orta məktəbində Azərbaycan və Gürcü sektorunun ayrılması hər iki dilin parallel qorunmasına böyük dəstək olub. Bəlkə o səbəbdən ki, bu asan və rahat ünsiyyət psixologiyası yerli xalqa yaxşı mənada eqoistlik vəd etmişdi. Görmürsüz, onlar məni nəzəra almadan eləcə "Qamarcoba1, riqoraxar?2” və s. kəlmələrilə söz mübadiləsi aparırldırlar. İngiloyların eqoist olmalarının yaxşı tərəfi odur ki, istəmədən məni də öz dillərinə alışdırırdılar. Çox demirəm, yarımca il burada qalsam onların dilini necə lazımdır öyrənərəm.

Yuxarıda sadaladığım həmin iki kəlməni, eləcə də sıfırdan ona qədər saymağı, və üstəlik bir neçə söz daha… Beləcə, sən istəsən də istəməsəndə öyrənməyə başlayırdın ay Rüfət.

Niyə qayıtdın axı bu tozlu dumanlı, hisli-dalanlı Bakıya?! Vallahi nə qədər də olmasa illər sonra atamın tapdığı tələbə yoldsaşıgilə qonağ getmək və orada nə qədər səmimi, gülərüz, eyni zamanda mehriban qarşılansa belə heç kəs ev sahibinə əziyyət vermək istəməz. Ayıbdır axı, sən gəl dirəş ki, mən burada qalacam, nə bilim İtitala havasını udaraq yaşamaq istəyirəm falan… Sözü yox, əminəm ki, İngiloylar qonaqpərvərdir, düşünmədən səni himayə edərlər. Lakin, qonağ da uzun ömürlü olmur axı! Bu, qonağlığın dəyərini və ləzzətini öldürər. Hər halda orada mənim kimi başqa müsafirlər də vardı.Öyrəndim ki, onlar ildə bir neçə dəfə və ya hər yay fəslində gəlib İngiloylaşanazərbaycanlılardır.

Bir gün qəsəbədə gəzirdim. Yerli həmyaşıdlarımdan biri ilə söhbətimiz oldu.Ona belə bir sual verdim ki "sənin üçün doğma dil hansıdır?”heç düşünmədən "Azərbaycan dili” dedi. Eyni millətdən olduğum gənc də "ingiloy” dilində sərbəst danışdığını və doğma dili qədər hörmət bəslədiyini bildirdi.

Günümüz gözəldir, məkan imkan versə.Yenə istəyirəm qayıdım Bakı-İtitala məsələsinə.Ələlxüsus ekoloji fərqin dərinliyinə dalaq ki, sizin içərinizdə bir az meqapolisə qarşı savadlı ikrah hissi və eyni zamanda doğma saydığınız şəhərə qarşı qayğıkeşlik oyadım. "Təmiz hava” - Bilirəm, bu şablondur. Sizi inandırmaq üçün, təkcə bununla kifayətlənməyəcəm. Təmiz hava ona görədir ki, İtitalada səhərlər şeh olanda, ultra bənövşəyi rənglərə rast gəlmirsən, ciyərlərin sənə bir başa siqnal verir: Burada hava çox gözəldir, beləcə ciyərlərdə təmizlənmə işləri yüksək sürətlə davam edir; Su ehtiyatı: Üzr istəyirəm, təmiz su ehtiyatı, daha daha üzr istəyirəm, bol və təmiz su ehtiyatı. Kiçik qəsəbədə yeriyərkən hər on addımbaşı "krant”sız bulaqlara rast gəlirsən.Orada olduğum ilk iki günü oruclu olduğum üçün küçəyə az-az çıxırdım.Hələ bağlara ümumiyyətlə gedə bilmirdim.Heç şübhəsiz Azərbaycanın ən münbit rorpağı və aqroiqlim şəariti Baləkəndədir deyə bilərəm. Gəlin meyvələri sayaq: Alma, armud, Nar, Üzüm, Göyəm, Şaftalı, fındıq, qoz, yer fındığı, ağlınıza gələ biləcək ilk tərəvəzlər, yemiş, qarpız… Daha nə deyim… Böyürtkən, sarıdan qırmızıya rəng dəyişən zoğal ağacları adlarını unutduğum təbiətin bir neçə təamı… Nəticə etibarilə mən sizdən daha xoşbəxtəm.

Nəqliyyat…

Avtomobilə az rast gəlmək olardı. Ekoloji cəhtdən sərfəli olan velosipedlər, təbiətin canlısı və məşhur qoşqu vasitəsi at arabaları. Kənd camaatının dediyinə görə, avtomobillər son bir neçə ildə kənddə peyda olublar. Əvvəllər əsas nəqliyyat vasitəsi at və verlosiped olub. İşdi birdən evin kəndin ayağında olar və sən evinə gedərkən at arabası yanından keçər, heç çəkinmədən minirsən arabaya və at aparır səni düüüz kəndin ayağına. Mənzilin başına çatanda sonrası sənin insafına qalır - bir təşəkkür elə ki, etik standartı pozmayasan.

Qəsəbənin mərkəzi küçəsi…

Neçə ki "kəndin kruqu” deyirlər, baxın ondan burada da vardı. Gənclər hər axşam ora toplaşıb söhbət edirlər. Məşhur "Əli və Nino” əsərində oxumuşdum ki, bir kənddə qızlar bulaq başına çıxanda çiyinlərində dolça ilə oğlan xeylaqlarının yanından keçər və bəyəndikləri biriləriylə baxışıb gülərək oradan uzaqlaşardılar. Burada isə mən o hadisənin tamaşaçısı oldum.

Güllərin əfəndisi, əfəndizadəsi…

Yeniyetmə və sevgi məsələlərində xam olmasaydınız, çəmənlikdəki laləzarlar siz gözləyirdi. Onlar sevgi yolunda qırılmağa vəzifəlidirlər. Sevin, böyüyüyəndə onsuzda anlayacaqsınız. Onsuzda sizə qarşı 17-18 yaşında ikən sevdin ayrıl deyə bir məsləhət qədər yersiz və lüzumsuz bir istək yoxdur.

İtitalada yaxın bir dostum var idi, ona kiçik qardaşım da deyə bilərəm. Yenicə Universitetə daxil olmuş, Tibilisi də təhsil alırdı. Sevdiyi qız isə həmin kənddə onun uşaqlıdan bəri dostudur. Hərdən məni bayıra çıxarıb gəzdirmək adıyla qızın yaşadığı döngəyə qədər bələdçilik edirdi. Elə ki, o döngəyə çatdıq, bələdçiliyi öz-özümə etməyə başlayırdım. Balaca qeyri-iradi vəziyyətdə səmtini dəyişib döngəyə sarı uzaqlaşırdı. Belə məsələlər məni qətiyyən özümdən çıxarmır. Uşaqdırdə, hələ bu onun həyatında ilk və uğurlu bir hadisədir. Desəm ki, dərs götürüb və yenə səhv edir, bəlkə onu bağışlamaq olmazdı.Amma mənim balaca qardaşım hələ yeniyetmədir. Qoy istədiyini eləsin.Qeyd etdiyim kimi, gəldiyim ilk günlərdə gördüyüm səmimiyyət mənim ətrafımda tanışlarımı çoxaltmışdı.Yəni tək başına da vaxt keçirəcəyim məkanlar insanalar hətta nəzəri doğmalar vardı. Get balaca, sevgilin səni gözləyir…

Bayramlar necə qeyd olunur?

İtitala camaatı çox fərqli bayram qeyd edir. Burada üç ən çox sevilən milli bayramı keçirmişəm. Maraqlısı o idi ki, İtitalada bayramın hansı məzmun daşımasından asılı olmayaraq onu sadəcə bayram olduğu üçün qeyd edirlər.Belə ki, Qurban bayramı, Ramazan və "Yeni il”i bu kənddə keçirəsi oldum. Peşman deyiləm, çox gözəl, müthiş və ilk dəfə olduğu üçün maraqlı idi.

Bayram günü günortadan sonra qəsəbə əhalisi mərkəzə toplaşır və kiçikdən böyüyə hər kəs əlində dolu torbalarla öz rəqibini axtarırdı. Torbalar yumurtalarla dolu idi. Yəni bizim təkcə novruz bayramında yaşatdığımız ənənə burada hər bayram yada salınır. Yuxarıda sadaladığım üç əlamətdar gündə bu hadisə ilə rastlaşdım. Belə ki, qəsəbənin mərkəzində bir çayxana var ki, hər kəs ora toplaşır və yumurta döyüşdürməyə başlayırlar. Oyunun şərtləri yoxdur. Lakin bizim gördüyümz adi yumurta döyüşdürmədən fərqli olaraq burada yaşlılar da iştirak edirlər. Uduzan yumurtaları əldən verir, qazanan isə həyətindəki toyuq və hinduşkaları sevindirirdi.

Bayramların daha bir özəlliyin ondan ibarət idi ki, səhər tezdən evlərdə müxtəlif şirniyyatlar, şişirtmə balonlar və bəzi evlərdə hətta oyuncaqlar öz balaca sahiblərini gözləyirlər. Digər tərəfdən isə kəndin küçələrindəəsasən qrup halında 3-8 yaşlı uşaqlar gözə dəyir.Onlar qapı-qapı gəzərək əllərində torbalarla bayram təbrikinə çıxırlar. Əslində çox maraqlı adətdir. Qəsəbələri Şəhərlərdən fərqləndirən amil budur ki, burada adətən dil mənsubiyyəti də qorunub saxlanılır.

Bunlarla bərabər biz şəhərlilərin get-gedə unutduğumuz "yaxın qohumları yad etmək” adəti İtitalada öz möhkəmliyini qoruyub saxlamışdı. Bunu əbəs yerə demirəm. Qəsəbədə dostlarımdan birinin 6 dayısı vardı və mən onunla hər birinin evinə qonağ getdim.

Məscid

Gürcü mədəniyyətinin təsiri bu qəsəbədə hiss olunur. İslama bağlılıq baxımından İngiloylar zəifdir. Bir dəfə məscidə yollandım.Köhnə məscid idi. Bələdiyyə yeni təmir etsə də məscidin çölünə toxunmamışdı. Mənim fikrimcə belə daha yaxşıdır.Lakin bir şeyə təəssüf edirəm ki, İbadət edənlərin sayı bəzən barmaqla sayılırdı.

1.Salam,2.Necəsən?

Rüfət Soltan