adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Aprel 2014 17:25
11110
MƏMLƏKƏT
A- A+

Əli Həsənov yeni sektorun yaradılmasından danışdı

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Adalet.az xəbər verir ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, sektorun yaradılmasında məqsəd gənclər siyasətinin vahid mərkəzdən həyata keçirilməsi, Prezident Administrasiyasının gənclər təşkilatları ilə əlaqələrinin yaradılması və koordinasiya edilməsi, bu istiqamətdə gənclərdən gələn təşəbbüslərin ümumiləşdirilərək ölkə başçısına təqdim olunması və gənclər siyasətinin təkmilləşdirilməsidir. Əli Həsənov qeyd edib ki, gənclərə münasibət həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub: 

"Vaxtilə prezident Heydər Əliyevin Azərbaycanda təməlini qoyub, konsepsiyasını formalaşdırdığı daxili siyasət istiqamətlərindən bir məhz gənclər siyasəti olub. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Elə o vaxtdan Azərbaycan gəncliyinin inkişafı ilə bağlı xeyli dövlət proqramı qəbul olunub. Bu istiqamətdə dövlətin siyasəti mütəmadi olaraq yenilənərək təkmilləşib. Bu gün də həmin siyasət davam etdirilir. Azərbaycan gəncliyi dövlətimizin gələcəyidir. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı təminatıdır. Ona görə də bu istiqamətdə siyasət davam etdirilir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclərlə iş sektorunun yaradılması zərurətdən doğur. Bu iş əvvəllər də ictimai-siyasi şöbədə aparılırdı. Amma digər şöbələr də gənclər siyasəti ilə ara-sıra məşğul olurdu. Bu səbəbdən yeni sektor yaradıldı.

Azərbaycanda ayrıca Gənclər və İdman Nazirliyi mövcuddur. Nazirlik gənclər siyasətinə bilavasitə rəhbərliyi həyata keçirir. Prezident Administrasiyasında yaranan sektor isə nazirlik və Gənclər Fondu ilə birlikdə gənclər siyasətinin bütün sahələr üzrə vəziyyətini təhlil edəcək, gənclərin təşəbbüslərini ümumiləşdirəcək və uyğun dövlət siyasəti yönündə təkliflər verəcək”