adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Casusluğun tarixi və dünyanın məzhur casusları

23264 | 2012-03-08 08:55
Tarixdə bilinən ilk casusluq şəbəkəsini Musa peyğəmbər yaradıb. Musaya nazil olmuş səmavi kitabda - "Tövrat"da bu barədə müəyyən detallara da rast gəlinir. "gMusa Tanrının əmriylə onları Faran səhrasından Xanaan torpağına göndərərkən dedi: "Bu cənub ölkəsinə gedin, dağa çıxın və ətrafa baxın, burada hansı xalqın yaşadığını, onların güclü, yaxud zəif, azsaylı, ya çoxsaylı olduğunu, böyük evlərdə, yoxsa daxmalarda yaşadıqlarını, bu torpaqlarda ağac bitib-bitmədiyini öyrənin..."
   
    Dörd səmavi kitabdan biri hesab olunan və yəhudilərin peyğəmbəri Musaya göndərilmiş "Tövrat"dan oxuduğumuz yuxarıdakı parçadan aydın görünür ki, dünya tarixində bilinən ilk casuslar yəhudilər olub. Bəzi qədim qaynaqlarda qədim Şərqdə, xüsusilə Misirdə casusluq şəbəkəsinin olması ilə bağlı məlumatlara da rast gəlinir. Belə ki, böyük dövlətləri idarə eləmək üçün fironlar casuslardan və kəşfiyyat dəstələrindən istifadə edirdilər. Ucsuz-bucaqsız torpaqları idarə etmək üçün Misir fironlarının və sərkərdələrinin "yerli casuslar"a ehtiyacı olurdu. "Yerli casuslar"la bağlı isə bir qədər sonra...
   
   
   
   İlk peşəkar casuslar: çinlilər
   
   
   
   Tarixdə məlum olan ilk peşəkar casus şəbəkəsi çinlilərə məxsusdur.
   
    Çin nəzəriyyəçisi Sun Szı tarixdə ilk dəfə casusları kateqoriyalara bölmüş nəzəriyyəçidir. O, casusları 4 kateqoriyaya bölüb:
   
   - Yerli casuslar - ölkə daxilində fəaliyyət göstərib daxildə baş verən hadisələr barədə məlumat hazırlayırlar;
   
    - Düşmən tərəfindən göndərilmiş və ikili casusluğa hazırlananlar. Sun Szı ələ keçən düşmən casuslarını öldürməyi məsləhət bilmir. Onları yenidən hazırlayıb qarşı tərəfə göndərməyi məsləhət görür;
   
    - "Gedər-gəlməz" casuslar - bu tip casuslar qarşı tərəfə keçib dezinformasiya verənlərdir ki, məsələnin üstü açılan kimi onlar edam olunurdular;
   
    - "Qayıdan" casuslar. Bu tipə aid olan casuslar düşmən tərəfə keçib lazım olan informasiyanı əldə edib geriyə qayıdanlardır. Belə casusların xidməti çox vacib idi. Bu tipə aid olan casuslar yüksək peşəkarlığa malik olurdular.
   
   Ümumiyyətlə, tarixə bəlli olan ilk peşəkar casuslar çin xalqının nümayəndələri idi. Onların türk ordusu və dövləti içərisindəki qurduqları şəbəkə ən güclülərdən sayılır.
   
   
   
   Fransanı məhv edən casus - Mata Hari
   
   
   
   Birinci Dünya Müharibəsi haqqında oxuyanlar bu qadın casusu yaxşı tanıyır. Əsl adı Marqarit Zelle olan bu qadın dünyanın ən ünlü casuslarından biridir. Onu ifşa edib ikili casusluğa məcbur edən fransızların siyasi strategiyası Matanın məşhurlaşmağına böyük təsir edib. 1876-cı ildə Hollandiyada doğulan Marqarit Zelle rahibə məktəbini yarımçıq buraxaraq belçikalı bir kapitana aşiq olur və onunla evlənir. Şərqi Hind adalarına əri ilə səfər edən Zelle bir müddət sonra ərindən boşanır. Hind rəqslərinin gözəl ifaçısı Zelle sonradan Mata Hari (Şəfəqin gözü) adı ilə məşhurlaşdı. Nüfuzlu dövlət adamları onun rəqslərini izləməyə gəlirdi və Mata Hari bunun sayəsində nüfuzlu rəsmilərlə əlaqələr qururdu. Birinci Dünya Müharibəsi vaxtı almanlar onu kəşfiyyata dəvət etdilər. Az sonra fransız əkskəşfiyyatı onu deşifrə edib Mataya ikili casusluq təklif etdilər. Mata Hari özünü bu təklifi qəbul etmiş kimi göstərsə də, fransızlar ona inanmırdılar.
   
   İngilis kəşfiyyatı Matanın almanlara işləyən Klara Benediks adlı casus olduğunu düşünürdü. Ona görə də ingilis kəşfiyyatı Matanın hər addımını nəzarət altına almışdı. 1916-cı ilin oktyabrında ingilis kəşfiyyatı Matanı tutaraq sorğu-sual etdi. Ancaq məlum oldu ki, onun Klara Benedikslə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, Matanın almanlara işləyib-işləməməsini aydınlaşdırmaq üçün də cəhdlərə baş vuruldu. Lakin Mata almanlara işləməsi barədə deyilənləri rədd edərək, rəqqasə bir qadının belə işlərlə məşğul olmasının mümkün olmadığını söylədi. Beləliklə, Matanın almanlara işləməsi barədə hər hansı fakta malik olmayan ingilis kəşfiyyatı onu rahat buraxmağa məcbur oldu.
   
   Fransa kəşfiyyatı, nəhayət, Mataya almanların bəzi sirlərini öyrənməyi təklif etdi. Mata buna etiraz etmədi və onun üçün fransız kəşfiyyatı xüsusi kurs keçdi. Lakin fransızlar ona inana bilmirdilər və işin içində "nə isə" olduğunu düşünürdülər. Ona görə də Matanı yoxlamaq üçün Belçikaya göndərdilər. Orada o, 6 fransız casusu ilə əlaqə yaradacaqdı. Bununla da, Matanın Almaniyaya casusluq etdiyini sübut etmək mümkün oldu. Belə ki, Matanın görüşdüyü 6 fransız casusu 2 həftədən sonra almanlar tərəfindən ələ keçirildi və güllələndi. Beləliklə, Matanın taleyi həll edilmiş oldu. Fransızlar onun bir daha geriyə qayıtmayacağını düşündükləri bir vaxtda Mata Parisə qayıtdı. Əvvəlcə onu həbs etdilər. Evində axtarış zamanı çoxlu sayda alman markası tapıldı. Fransız kəşfiyyatı bunun casusluğa görə almanlardan alındığını bildirdi. Mata isə bu markaları yaxın əlaqədə olduğu almanlardan aldığını söyləyərək, iddiaları rədd etdi. Matanın evində həmçinin görünməz yazı yazılması məqsədi ilə istifadə edilən mürəkkəb də tapdılar. O isə bunun makiyaj olduğunu söylədi. Amma bu mürəkkəblə yazılan bəzi yazılar ortaya çıxanda Mata susmağa üstünlük verdi. Alman casusu Matanın həbsi Fransada böyük uğur kimi qələmə verildi və o, 50 min fransız əsgərinin ölümündə təqsirli hesab edildi. Mata Hariyə qarşı irəli sürülən ittihamda onun düşmənə ötürdüyü 8 gizli dosye barədə informasiya yer alırdı. İstintaq ərəfəsində Mata Harini yaxından tanıyan və fransız kəşfiyyatının onun barəsində qaldırdığı iddiaya şübhə ilə yanaşan Hollandiya kraliçası Fransaya müraciət edərək, onun buraxılmasını xahiş etdi. Lakin Fransa hökuməti kraliçanın bu xahişini yerinə yetirmədi. Almaniya isə Mata Harini fransızların istədiyi şəxslə dəyişməyə razı olduğunu rəsmi şəkildə bəyan etdi. Lakin fransızlar almanların Matanı dəyişdirmək təklifini də qəbul etmədilər.
   
   1917-ci il, oktyabr ayının 15-də Mata edam olundu. Edamdan əvvəl onun gözünü bağlamaq istədilər. Amma Mata buna razı olmadı və gözüaçıq şəkildə edam edildi. Məşhur casus edam olunanda 41 yaşı vardı. Onun cəsədinə sahib çıxa biləcək qohum-əqrəba isə tapılmadı. Bu səbəbdən də kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edildi. Mata ölümündən sonra dünyada Fransanı məhv edən qadın adı ilə məşhurlaşdı. 1921-ci ildə Almaniyada Mata haqqında film çəkildi. 1931-ci ildə isə Mata Hari adlı daha bir film çəkildi. Bu filmlərdə Matanın şəxsi həyatından götürülmüş sənədli məlumatlardan istifadə edilib.
   
   Mata bu gün də dünyanın axarını dəyişən əfsanəvi casus qadın olaraq qalır.
   
   
   
   Stalini çərlədən casus
   
   
   
   Rus yazıçısı, şifrə açmaq üzrə mütəxəssis Sovet DTK-sının casusu İvan Sergeyeviç Qouzenko 1919-cu ildə Rusiyada, Roqaçev şəhərində doğulub. Müəllimə olan dul anası tərəfindən tərbiyə edilən Qouzenko ilk təhsilini də anasından alıb. Müvəfəqiyyətli məktəb illərindən sonra Qouzenko 1938-ci ildə Moskva Universitetinin Memarlıq fakültəsinə daxil olur. III kursda təhsil alarkən II Dünya Müharibəsi başlayır. Bir çox sovet gənci kimi II Dünya Müharibəsi Qouzenkonun həyatına da təsirsiz ötüşmür. Ağır müharibə şəraitində olan ölkənin digər gəncləri kimi o da istəklərindən, memar olmaq arzusundan vaz keçməli olur. III kurs tələbəsi Qouzenko təhsil aldığı universitetdən ayrılır və dövlət onu Hərbi Kəşfiyyat Akademiyasına oxumağa göndərir. Həmin il Memarlıq fakültəsində tanış olduğu Svetlana Quseva ilə ailə həyatı qurur. Kəşfiyyat Akademiyasını 1943-cü ildə leytenant rütbəsi ilə tamamlayan Qouzenko SSRİ-nin Kanadadakı səfirliyinə şifrə mütəxəssisi kimi çalışmağa göndərilir. Kanadada olduğu müddətdə Sovet quruluşuna olan nifrəti səbəbindən SSRİ-nin əleyhinə casusluğa başlayır.
   
   1945-ci ildə 109 gizli sənəd sovetlər birliyindən oğurlanaraq Kanada kəşfiyyatına təhvil verilir. Bu sənədlər SSRİ-nin Kanada, İngiltərə və ABŞ-da önəmli casus şəbəkələrinin olduğunu açıqlayan yeganə dəyərli sənədlər idi.
   
   SSRİ-nin atom bombası hazırlaması ilə bağlı məlumatların da daxil olduğu həmin sənədləri geri almaq üçün Stalin çox çalışır. Bu hadisədən sonra sovet kəşfiyyatı Qouzenkonu öldürmək üçün Ottavada əməliyyat həyata keçirir. Amma başqa bir casus Stefenson Qouzenkonu ölümdən qurtarır. Məhz bu hadisədən sonra 40 il davam edən soyuq müharibə başlayır.
   
   Qouzenkonu və ailəsini qorumaq üçün Kanada hökuməti onlara fərqli-fərqli adlar altında sənədlər verir.
   
   Qouzenko həmçinin gənclik illərindən ədəbiyyatla və yazıçılıqla məşğul olur, qısa hekayələr yazırdı. Ən önəmli əsəri "Bir divin yıxılması" (The fall of a titan) adlanır. Roman Sovet quruluşunun tənqidi üzərində qurulub. Kitabda olmuş hadisələr şərti adlar altında nəql edilir. Əsərin qəhrəmanı Mixail Qorinin Maksim Qorkinin prototip olduğu ehtimal edilir. Əsərdə Sovetlər qurulmağa başladığı gündən 1954-cü ilə qədər baş verən hadisələrdən, Sovetlərin qurulmasında iştirak edən şəxslərdən bəhs olunur. Eyni zamanda, Sovetlərin qurulmasında qatqısı olan insanların düşdüyü vəziyyət, üzləşdikləri çətinliklər də məharətlə qələmə alınıb. Qouzenko 1954-cü ildə "Bir divin yıxılması" əsərinə görə Kanadada "Qovernor-General" Ədəbiyyat Mükafatını alır.
   
   Qouzenko 1982-ci ildə Kanadada Mississauga şəhərində infarktdan dünyasını dəyişib.

TƏQVİM / ARXİV