adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

TAPINDIğIMIZ HƏQiQƏT - iNSAN HAQQI

CEYHUN MUSAOĞLU
30671 | 2012-03-10 07:36
"Ədalət"in şənbə sayının iki səhifəsini ədalətdən danışmağa həsr edirik. Yeni layihədi. Uzun müddət davam etməsinə çalışacağıq. Ədalətin qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda reallaşır. Ədalət hər gün bir az da yoxa çıxır. Onu düşüncəmizdə yaratdıq, dilimizə gətirdik, nəhayət əməlimizə çatanda büdrədik. Bəlkə geriyə qayıdaq: daha dəqiq düşünək, düşündüyümüzü təhrif etmədən çatdıraq. Belədə ədalətin qalib olma ehtimalı artar.
   
   Uzun və incə olmayan yola çıxırıq. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynlidən sonra söz verdiyimiz kimi, ədaləti İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova ilə birgə axtardıq. Rəbiyyət xanımdan ali səviyyəyə yüksəlməsinin sirrini öyrəndik. Onun da hüquqlarının bir vaxtlar pozulduğunu bildik. Hətta hüquq pozuntusuna yol verdiyinin etirafını da eşitdik. Bəs necə, ədalətli olmaq bu qədər çətin.
   
   - Nə vaxt ədalətsiz oluruq?
   
   - İnsan yarandığı gündən həmişə ədalət axtarışında olub. Hansı məqamlarda ədalətli, hansı məqamlarda ədalətsiz oluruq? Bu suala birmənalı cavab vermək mümkün deyil. Əksər hallarda özümüzdə deyil, daha çox ətrafdakılarda ədalətin səviyyəsinə qiymət verməyə çalışırıq. İnsanın özündən uzaqlaşaraq başqalarının hadisələrə münasibətindəki ədaləti qiymətləndirmək hissi subyektivdir. Başqalarının taleyinin səndən asılı olduğunu anlayanda çox vaxt ədalətsizlik başlayır, çünki maraq və mənafelər önə çıxır. Mənafeyini, istək və arzularını kənara qoyub, ideal mövqe göstərənlərin sayı azdı. Kommunizm ideologiyası meydana gələndə sosial ədalət prinsipi önə çıxdı və ictimai marağın şəxsi maraqdan üstünlüyü fikrini cəmiyyətə təlqin etdilər. Zaman keçdikcə məlum oldu ki, bu, süni, bürokratik ideyalar idi. İnsanın iç dünyasındakı "mənim marağım, mənim istəyim" ədalət hissini üstələməyə başladı.
   
   - Bəs nə vaxt ədalətli oluruq?
   
   Ədalətli insan ilk növbədə özünün mənsub olduğu mənəvi məkanla başqasının mənəvi məkanı arasında toqquşma yaratmamalıdır. Hər kəsin yaşadığı maddi, mənəvi bir mühit var. Başqası həmin məkanın sərhədlərinə azacıq da olsa toxunacaqsa, ədalət prinsipi, birgəyaşayış qaydaları pozulacaq. Ədalətli olmaq, öz hüquqlarının harada bitdiyini, başqasınınkının harda başladığını sona qədər dərk etməkdir. Bu, yüksək kamillik zirvəsi adlanır. Birgəyaşayışın əsas atributu konfliktə yol verməmək, psixoloji münaqişəyə getməmək, qarşı tərəfin hüquqlarının çərçivəsini anlamaqdır.
   
   - Hansı dövlət ədalətlidir?
   
   - Filosoflar deyirdilər ki, yaşlı insanların taleyinə məsuliyyətlə yanaşan, orta nəslin gözəl yaşamasını təmin edən, doğulan hər bir körpənin sağlam böyüməsinə, cəmiyyət üçün layiqli vətəndaş olmasına yardım göstərən dövlət ədalətlidi. Bu prinsiplər sosial dövlətin filosoflar tərəfindən irəli sürülən tezisləridir. Təcrübədə isə gördük ki, sosializmdə həmin model alınmadı.
   
   - Bizim cəmiyyətdə ədalətin payı çoxdur, yoxsa ədalətsizliyin?
   
   - Demokratiyanın ən vacib cəhətlərindən biri odur ki, ədalət prinsipini gerçəkləşdirir və ona arxalanır. Azacıq da olsa pozuntu varsa, artıq meydana anarxiya, partokratiya, totalitar rejim çıxır. Rejimləri bir-birindən fərqləndirən ədalət prinsipinə münasibətdir. Azərbaycan hüquqi, demokratik, dünyəvi - yəni ədalətli dövlətdir.
   
   - Korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə halları ilə əlaqədar Ombudsman aparatına daxil olan şikayətlərin sayı ötən ilə nisbətən 30,6 faiz artıb. Bunu son hesabatında insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.
   
   - Azərbaycan vətəndaşının müvafiq qurumlara şikayət etməsi yaxşı haldı. Birincisi ona görə ki, insanlar hüquqlarının müdafiəsinə qalxır, ikincisi isə vacib qanunların qəbul edildiyi təsdiqini tapır. 20 il əvvəl insanlar hansı qanunlara əsasən hara, necə, müraciət edəcəklərini bilmirdilər. Bu gün Milli Məclisin qəbul etdiyi qanunlar Azərbaycan vətəndaşına müvafiq strukturlarda qanunvericiliyin gerçəkləşməsi üçün öz tələblərini irəli sürməyə imkan verir. Qanunlar çərçivəsində hüquqlarının müdafiəsini tələb edən insanın haqqını kimsə poza bilmir. Özünə qarşı əvvəlki laqeydlik yoxdu. Şəffaf cəmiyyət belə olur. Sevinirəm ki, Azərbaycan insanı şikayət edir, deməli, kifayət qədər maariflənib, hüquqlarına məsuliyyətlə yanaşır və qanunların gerçəkləşməsi üçün iddiasını irəli sürmək əzmindədir.
   
   Müraciətlərin xarakteri də dəyişib. Daha hüquq sisteminə aid dövlət strukturlarından şikayətlər demək olar ki, yoxdu. Zaman keçdikcə problemlər həllini tapır.
   
   - Bəlkə zaman problemləri yaddan çıxartdı, onları daha böyük miqyasda yeniləri ilə əvəz etdi?..
   
   - Problem aradan qaldırılmayana qədər unudulmur. Əksinə, zaman dəyişdikcə daha da şaxələnir. Bir vaxtlar bizə qlobal görünən əngəllər ciddi islahatlar nəticəsində indi yoxdu. Artıq Azərbaycan vətəndaşı məhkəmə - hüquq sistemindən şikayət etmir. Ümumiyyətlə, müraciətlərin məzmunu yuxarı vəzifəli məmurlara aid deyil. Əsasən aşağılarda məmur-vətəndaş, yaxud sadə vətəndaşlar arasında anlaşılmazlıqlar olur.
   
   - Ailə-məişət zəminində mübahisələri özündə əks etdirən şikayətlər sayına görə birinci olar...
   
   - Təəssüf ki, belə şikayətlərin sayı çoxdur. İnsan birinci növbədə təfəkküründə islahat aparmalıdır. Başa düşməlidir ki, onun azadlığı başqasının azadlığı başlayana qədərdir. Demokratiyanın bu aksiomunu tərəflərdən ən azı biri dərk etməyəndə mübahisələr yaranır. Və hamı özünü haqlı sayır. Şikayətləri araşdıranda isə məlum olur ki, iddiaçı özü qanun pozuntusuna yol verib. Haqsız olduqları halda öz istəklərini gerçəkləşdirmək üçün Milli Məclisə müraciət edirlər. Milli Məclis isə məhkəmə deyil, yalnız bir tərəfi dinləyir. İkinci tərəfi dinləmək imkanımız yoxdur. Məhkəmə hər iki tərəfi dinləyib, yekun qərar verir.
   
   - Məhkəmədə olan işi Milli Məclis nəzarətə götürə bilir?
   
   - Milli Məclisin müvafiq komitəsi həmin işlə bağlı qanunun işlək mexanizmə malik olub-olmamasını nəzarətdə saxlayır. Məlum olanda ki, qüvvədə olan qanunun problemi həll etmək gücü yoxdur, əlavə və dəyişikliklər edilir. Milli Məclisdə qəbul olunan qanunlara zaman-zaman olunan əlavə və dəyişikliklər yeni tələblərdən irəli gəlir. İnsanların qarşılaşdıqları istənilən problemin həlli üçün qanunlar bir az da zənginləşməlidir ki, bir daha onların hüquqları pozulmasın.
   
   - Rəhbərlik etdiyiniz İnsan Hüquqları Komitəsinin həll edə bilmədiyi şikayətlər olur?
   
   - Deməzdim ki, həll edə bilmirik, sadəcə, müraciət müəllifləri ünvanı düzgün seçmirlər. Sonuncu qəbulda nə qədər insan işə qəbul olunmaq üçün şikayət etmişdi. Əksəriyyəti Fövqəladə Hallar, Daxili İşlər nazirliklərində, sərhəd xidmətində, yaxud hansısa dövlət orqanlarında işləmək istəyirlər. Biz onlara izah edirik ki, dövlət qulluğuna qəbulla bağlı fəaliyyət göstərən quruma müraciət etməli, müvafiq testlərdən keçməlisiniz. Bəzən insanların istəkləri ilə qanunların müddəaları üst-üstə düşmür. Həmçinin də övladlarının xaricdə müalicəsi üçün müraciət edənlər var. Düzdür biz bununla bağlı Səhiyyə Nazirliyinə müraciət edirik, amma elə məsələlər var ki, bu Milli Məclisin səlahiyyətinə daxil deyil.
   
   - Bəzi deputatlar gileylənirlər ki, seçicilərinin şikayətlərini rəsmi qurumlar qarşısında qaldıranda laqeydliklə üzləşirlər. Siz belə hallarla qarşılaşmısız?
   
   - Göndərdiyimiz məktublara nazirlər ən yüksək səviyyədə cavab yazırlar. Daxili İşlər Nazirliyinə göndərdiyim elə bir məktub yoxdur ki, nazir Ramil Usubovun şəxsi imzası ilə mənə cavab gəlməsin. Bütün həmkarlarıma da eyni münasibət göstərilir. Milli Məclislə icra strukturları arasındakı münasibətlər elə qurulub ki, çox böyük məsulliyyət hissi ilə yanaşma özünü göstərir. Yüksək vəzifəli rəsmilər ildə iki dəfə parlamentə hesabat verməyə gəlirlər. Narazılığını mətbuat vasitəsilə bildirən deputat parlamentdə hesabat zamanı gileyini dilinə gətirsə, pis olmaz. Millət vəkillərinin əllərinin altında 3 və 4 nömrəli dövlət telefonları var. İstədikləri zaman sözlərini deyə bilərlər. Qəzet səhifələrində məsələ qaldırıb, reklam olunmağa ehtiyac yoxdur. Yaxşı olar ki, yuxarı instansiyalara vacib məsələ ilə bağlı müraciət etsinlər. O qədər şəxsi xahişlər olur ki. Subyektivliyə yol vermək lazım deyil.
   
   - Müşahidələrinizə əsasən hansı sahələrdə inkişaf, hansı sahələrdə geridəqalma özünü göstərir?
   
   - Cənab prezidentin tez-tez səsləndirdiyi bir fikir var: "İslahatlar bütün sahələrdə paralel getməlidir". Cəmiyyətin dinamik inkişafına nail olmaq istəyiriksə, bir tərəfi inkişaf etdirib, digər sahəni yaddan çıxarmaq olmaz. Malaziyanın keçmiş baş naziri Azərbaycanda səfərdə olanda ondan Malaziya möcuzəsinin sirrinin nədən ibarət olduğunu soruşduq. Cavab verdi ki, sənayeləşməyə üstünlük veriblər. Nəticədə Malaziya iqtisadiyyatı böyük uğurlar qazanıb. Bu gün dünyada konkret model yoxdur, Çin, Malaziya, Yapon və başqa modellər var. 20 il ərzində Azərbaycanın keçdiyi yolun özü bir modeldir. Düşünürdülər ki, Azərbaycan yalnız neft sahəsinə böyük diqqət yetirəcək, amma belə olmadı, qeyri-neft sektorunun inkişafına da ciddi fikir verildi. "Azərbaycan gələcəyə baxış-2020" konsepsiyası irəli sürüldü. Bu, ölkənin bütün sahələr üzrə paralel inkişaf konsepsiyasıdır, prioritet istiqamətlərin gündəmə gətirilməsidir. Hazırda hər hansı bir sahədə yüksək tələblərə cavab verilməməsi müvəqqəti hal kimi qəbul olunmalıdır. Müqayisə etmək imkanı olan hər bir şəxs 10-15 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı görür. Müxtəlif sahələrdə bizi qane etməyən məqamlar ola bilər. Bu, ondan irəli gəlir ki, hazırda Azərbaycan dünya miqyasında ən aparıcı dövlətlərdəki inkişafı görür və məhz ona doğru gedir.
   
   - İnkişaf etmiş bir çox ölkələrin təhsil sistemindən bəhrələnmək istəyimizsə hələ ki, nəticə vermir...
   
   - İngiltərə, Almaniya, Fransa, Amerika təhsil sistemini Azərbaycana köçürmək istəyirik. Bu, mümkün deyil. 40 ildir Bakı Dövlət Universitetində dərs deyirəm. Bilirəm ki, Harvardın, Oksfordun təhsil sistemini Azərbaycana köçürmək üçün çox böyük islahatlar lazımdır və ilk növbədə islahatların nədən başlayacağını müəyyənləşdirməliyik. İslahat təkcə ali məktəb qapılarını dəyişdirmək, tələbələrə hansısa məişət tipli şərait yaratmaqla deyil, müəllimlərin yetişdirilməsi nəticəsində baş verəcək. Xaricdə təhsil alıb gələn gənclərimiz təhsildə müasir düşüncənin bərqərar olmasına çalışacaq və yeni nəsil yetişəcək. Sovet zamanında təhsil alan şəxs kimi, düşüncəm nə qədər yeniləşsə belə, konservativliyini saxlayacaq. Məni Marksizm-Leninizm fəlsəfəsi yetişdirib. Heç vaxt keçmişə yox deyə bilmərəm, çünki o mənimlə birlikdə gəlir. Bu baxımdan yeni gələn nəsil təbii ki, məndən fərqlənəcək, yeni mənəvi mühitin formalaşmasında maraqlı olacaq.
   
   - Yeni nəsil görünmür axı, sanki kölgədə qalıblar...
   
   - Necə yəni görünmür?.. Yeni nəsil çox aydın görünür, sağınıza, solunuza baxın onları görə biləcəksiniz.
   
   - Xaricdə yüksək səviyyədə təhsil alıb gələnlər var. Onlar söz sahibinə çevrilmirlər, hansısa sahənin inkişafına təsiretmə imkanları yoxdur.
   
   - Atalar-oğullar qarşıdurması həmişə olub, olacaq da. Xaricdə adlı-sanlı universitet bitirib ölkəyə qayıdan kimi böyük bir sahənin idarəçiliyinin onlara verilməsindən danışırlar. Bu, belə olmur. Yerli məkanın özünəməxsusluğunu və idarəetmə təcrübəsini nəzərə almaq lazımdır.
   
   - Kimlərdən öyrənsinlər?
   
   - Vəzifədə olan təcrübəli insanlardan.
   
   - Konkret mexanizm var?
   
   - Onlar dövlət strukturlarında yerləşdirilməlidir. Bu gün xaricdə təhsil alıb, ölkəyə qayıdan gənclərin müəyyən hissəsi hələ də öz yerini tapmayıb, cəmiyyətdə bir gərəksizlik yaşayır. Ona görə də çox vaxt özəl strukturlara üz tuturlar.
   
   - Təhsil aldıqları müddətdə yüksək inkişaf etmiş cəmiyyətdə yaşayanlar ölkələrində az məvaciblə işləməyə razı olmurlar...
   
   - Elə insanlar tanıyıram ki, onlar Amerikada yüksək maaşla çalışırdılar, indi isə vətənlərində iki dəfə az əməkhaqqı alırlar. Vətən təəssübkeşliyindən çıxış edən bu gənclər durumlarından razıdırlar. Onlar yeni nəslin başqa ölkələrdə yaşamasının qarşısını almaq üçün bu ənənəni formalaşdırmaqda maraqlıdırlar.
   
   - Yəni arzuladığın, yaşamaq istədiyin dünyanı özün qurmalısan?
   
   - Bəli, həmin gənclərin körpə övladları - gələcəkləri var. Onlar övladlarını da aparıb Amerikada yaşaya bilməzlər. Əksinə, övladlarının yaşayacağı gələcək mühiti yeni baxış forması ilə burda qurmalıdırlar. Pessimist deyiləm, inanıram ki, belə də olacaq. Mənim də öz övladım xaricdə təhsil alır. Onunla birlikdə təhsil alan gənclər Azərbaycanda baş verən proseslərin həqiqi mahiyyətini dünyaya çatdırmaq istəyi ilə təşkilatlar yaratmağı düşünürlər. Ən böyük arzuları geri qayıtmaq, Azərbaycanı böyük dövlətlər səviyyəsinə qaldırmaq üçün bilik və bacarıqlarını səfərbər etməkdir. Vətəndən kənarda yaşayan həmin gənclərin vətənpərvərlik hissini yüksək qiymətləndirirəm. Eyni zamanda Azərbaycanda təhsil alan gənclərin hissləri təqdirəlayiqdir. Təhsil sahəsində ən vacib məqamlardan biri istedadlı gənclərin seçilməsidir. Dünyanın adl-sanlı universitetlərində belə, təhsil alanların hamısı yüksək istedada sahib olmurlar. Bəşəriyyətin yükünü 4-5 faiz istedadlı insan daşıyır. Ölkəmizdə İslam ölkələrinə mənsub olan beyin mərkəzlərinin toplantısı keçirildi. Artıq Azərbaycan dünyaya bəyan edir ki, təkcə eşitməyə deyil, həm də sizə deməyə sözümüz var. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında sağlam rəqabət mövcuddur. Azərbaycan rəqabətə nə dərəcədə davamlı olduğunu ortaya qoymaq üçün onları bura dəvət etmişdi. Zəif, dünya fövqündə rəqabət gücü olmayan dövlət onları dəvət etməzdi. Əgər biz böyük bir elm, bilik məkanına inteqrasiya olunuruqsa, bu, yalnız bərabər hüquqlar arasında baş tuta bilər.
   
   - Biz güclü dövlətik. Amma ərazimiz hələ də işğaldadır...
   
   - Biz çox güclüyük, ancaq torpaqlarımızı işğal edən və onu işğalda saxlayanın kim olduğunu hər kəs yaxşı bilir. Düşmənimiz yalnız Ermənistan deyil. Dünyada böyük xristian həmrəyliyi, onu nümayiş etdirən güclər, dövlətlər mövcuddur. Azərbaycanın gücü həmin qüvvələr qarşısında dura bilməsindədir, balanslaşdırılmış siyasət yeritmək iqtidarında olmasındadır, öz həqiqətlərini yavaş-yavaş qəbul etdirmək əzmindədir. Bu gün Azərbaycan müstəqil siyasət yeridirsə, bloklara qoşulmursa, Cənubi Qafqazda digər dövlətlərdən fərqli olaraq iqtisadi qüdrətini, sosial, siyasi, mədəni, beynəlxalq nüfuzunu qoruyub saxlayırsa, bu, böyük gücün nəticəsidir. Bizə dost olan və olmayan ətrafımızdakı dövlətlərin hər birində nə qədər həll olunmayan, nəzarətdən çıxan münaqişələr var. Dağlıq Qarabağ problemi olmasa, Azərbaycan dünyanın ən güclü, uğurlu siyasət yürüdən dövlətlərindən biri olar.
   
   - Dağlıq Qarabağ probleminin həlli istiqamətində yürüdülən siyasətdə ziddiyyətli məqamlar nəzərə çarpır. Bir tərəfdən ermənilərin vəhşi olduğunu təbliğ edirik, o biri tərəfdən vəhşilərlə müxtəlif səviyyələrdə görüşərək, əvvəlki münasibətləri bərpa etmək istəyirik. Vəhşi ilə dost olmaq nə qədər mümkündür?
   
   - Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar götürülən xətt çox düzgündür. Həqiqəti ortaya qoymamızın əsas qayəsi odur ki, ermənilər yüzilliklər boyu türk insanını, azərbaycanlını dünyaya vəhşi şəkildə təqdim edib. Azərbaycanlı obrazını əvvəlki təqdimat, təssəvürdən xilas etmək, onun yüksək ziyalı, mənəviyyat sahibi olduğunu dünyaya çatdırmaq əsas vəzifədir. Görülən işlərin nəticəsidir ki, Azərbaycan dünyanın ən aparıcı beynəlxalq təşkilatlarının forumlarını keçirdiyi mədəniyyət mərkəzinə çevrilib. Xocalı soyqırımının 20-ci ilinə görə keçirilən böyük yürüş ermənilərin dünyada bizim barəmizdə yaratdıqları iyrənc mifin aradan qaldırılmasına yönəlmiş addım idi. Düşmən ölkə, millət olan ermənilərlə aparılan danışıqlara gəlincə, nə erməniləri Ermənistandan, nə də azərbaycanlıları Azərbaycandan köçürmək mümkündür. Taleh bizi bir yerdə yaşamağa məhkum edib. Deməli, heç olmasa birgəyaşayış prinsiplərini düzgün müəyyən etməliyik. Beynəlxalq hüquq normalarına uyğun bütün imkanlardan istifadə edəcəyik. Ermənistan bu gün hələ ki, qeyri-konstruktiv mövqedədir və onun arxasında duran böyük, qlobal güclərə arxayındır. Amma dünyanın işini bilmək olmaz.
   
   - Deyirsiz, balansın xeyrimizə dəyişmə ehtimalı var?
   
   - Balans hər dəqiqə dəyişə bilər. İqtisadi baxımdan gücləndikcə, dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyinin təminatçısı olduqca, Azərbaycana münasibət dəyişir. Dünyada hər şeyi maraqlar idarə edir. Çörçilin məşhur ifadəsində deyildiyi kimi, "Əbədi dostlar deyil, əbədi maraqlar var". Qonşularımızın Azərbaycana qarşı sərgilədiyi mövqeyə baxmayaraq, yenə də böyük təmkin nümayiş etdiririk. Beynəlxalq standartlara uyğun olaraq qonşuluq siyasətini gerçəkləşdirir, bizə qarşı beynəlxalq hüquq münasibətlər sisteminə sığmayan əməllərinə rəğmən hansısa qüvvələrin plasdarmına çevrilməyəcəyimizi bəyan edirik. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunu almağımız Azərbaycanın regional etirafdan, qlobal etirafa yüksəlmiş nüfuzuna sübutdur. Qətiyyətlə "biz varıq" deyə bilirik. Lakin vaxtı ilə "biz Azərbaycandanıq" ifadəsini dilə gətirib sözümüzü qətiyyətlə deyə bilmirdik. Azərbaycan münaqişələr içərisində itib-batmış qeyri-stabil dövlət imicini yaşayırdı və bura gəlməkdən qorxurdular. Bu gün əksinədir, Beynəlxalq "Eurovision" Mahnı Müsabiqəsinin keçirildiyi məkan olan Azərbaycana bütün dünya gəlməyə can atır.
   
   - Ermənistan təmsilçisi isə gəlmir.
   
   - Onların beynəlxalq müsabiqədən imtina etmələri mədəni səviyyələrinin aşağı olduğunun bir daha təsdiqidir.
   
   - Bəlkə Avronestin İrəvanda keçirilən tədbirində iştirak edən azrbaycanlı millət vəkillərinin sərt çıxışlarından çəkiniblər?
   
   - Ermənistana gedib parlament tribunasından onlara işğalçı olduqlarını demək, həqiqəti söyləmək çox böyük cəsarət tələb edirdi. Millət vəkilləri ora qonaqlığa yox, missiyalarını həyata keçirməyə getmişdilər. Kimin işğalçı, kimin işğala məruz qaldığını düzgün etiraf etmək lazımdır. İşğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoymaq olmaz.
   
   - Hansı orta məktəbdə oxumusuz?
   
   - Oxumadığım məktəb qalıb ki... Azərbaycanın demək olar bütün bölgələrində uşaqlığımın xatirələri var. Çox maraqlı taleyim olub. Kəlbəcərdə doğulmuşam. Kəlbəcərin dağları, İstisu, ordan Basarkeçərə gedən yol, gözümün qarşısından çəkilmir. Sonra Tərtərə gəlmişik, Oğuzda, Qaxda yaşamışıq. Ən nəhayət Bakı. Orta məktəbin sonuncu siniflərini paytaxtda oxumuşam.
   
   Atamın hərbiçi olması bu rayonları yaşayış məskənimə çevirib.
   
   - Nə vaxtsa hüququnuzu pozublar?
   
   - Mənə dəyən zərbələr, hüquqlarımın pozulması və onun bərpası yolunda qiyamçı ruhum olmasaydı, bəlkə də bugünkü Rəbiyyət Aslanova olmazdım. Hər bir insanın həyatında başqaları tərəfindən hüquqlarının pozulması ehtimalı, cəhdləri var. İnsan o zaman güclü, qətiyyətli olur ki, həmin sədləri qıra bilir, öz hüquqlarının müdafiəsində dayanır, həqiqət uğrunda mübarizəsini ortaya qomaq cəsarətini özündə tapır. Şərlə xeyirin mübarizəsi həmişə olub və bundan sonra da olacaq. Xudu müəllimdən dünyada xeyir, yoxsa şər əməlin çox olduğunu soruşmuşdum. Demişdi ki, onlar həmişə bərabərdir, birinin digərini üstələdiyi vaxt olsa da, müvəqqətidir. Dünyanın balansını bu iki qüvvə qoruyur. Xoşagəlməz düşüncənin gün ərzində insan xəyalında fırlanması da şərə xidmətdir. Həmişə xeyirin içərisində yaşamaq mümkün deyil.
   
   - Siz necə, kiminsə hüquqlarını pozmusuz?
   
   - Mənim də kimlərinsə hüquqlarını pozduğum hallar olub.
   
   Çox dəcəl, dərslərdə rahat oturmayan şagirdlərdən, tələbələrdən olmuşam. Baxmayaraq ki, yüksək qiymətlərlə oxuyurdum, amma sakit ola bilmirdim. Dərsdən qaçdığım, qrupla birlikdə yayındığımız vaxtlar olub. Bununla yanaşı, müəllim tərəfindən hüquqlarım pozulanda onun müdafiəsinə qalxmaq iqtidarındaydım. Müəllimlərimi böyük hörmətlə xatırlayıram. Qədim dünya tarixindən dərs deyən Yusif müəllimin metodikası o qədər yüksək səviyyədə idi ki, bu gün də onu heç nə ilə müqayisə edə bilmirəm. İmtahanda "5" almaq istəyirdim, o isə dedi ki, "5"-ə bilmirəm. Dedim ki, onda "2" yazın. Evdən məni cəzalandırdılar, yay tətilində heç yerə aparmadılar. Bütün yayı oxudum və qiymətimi düzəltmək üçün avqustun 25-də universitetə getdim. Yusif müəllimin rəhmətə getdiyini eşitdim. Çox pis oldum, o halımı hələ də unuda bilmirəm. Kimə imtahan verəcəyimi soruşdum. Kafedradan dedilər ki, göndəriş yoxdur, çünki kəsilməmisən, Yusif müəllim elə imtahan günü "5" yazıb.
   
   - Hər ikinizin istədiyi oldu: Yusif müəllimin tələbəsi dərsi əla mənimsədi və "5"- ni də aldı.
   
   - Möhtəşəm müəllim idi. Həmişə onun ruhuna dualar oxuyuram. Yusif müəllimin əməli ədalətdən yoğrulmuşdu. Tələbə kimi, həmin an keçirdiyim hissi müəllim kimi, fəaliyyətimdə qoruyub saxlayıram.
   
   O prinsiplə yaşayıram ki, kiminsə haqqını tapdamaq lazım deyil. İmkan ver, tələbə oxusun gəlsin, sonra onun qiymətini yaz.
   
   - 80-ci illərdə Dövlət Televiziyasında veriliş aparırdız. Necə oldu ki, məhz Sizi seçdilər?
   
   - Təklif gələndə Bakı Dövlət Universitetinin dossentiydim. O zaman üç güclü veriliş vardı: "Qoşma", "Zəriflik", "Gözəllik". Gözəllik verilişinin aparıcılığı üçün Az.TV-dən mənə dəvət gəlmişdi. Müsahibə aldığım insanlar Xudu Məmmədov, Firudin Köçərli, Nürəddin Rzayev, Bəxtiyar Vahabzadə kimi ziyalılar idi. Onlarla mənəvi gözəllikdən danışmaq, cəmiyyətdəki gözəlliyi qorumağın elmi yollarını axtarmaq tamaşaçıya böyük zövq verirdi. "Qoşma"-nı Kamal Abdulla, "Zəriflik"-i Zəhra Quliyeva aparırdı. Çox təəssüf ki, bu gün elə verilişlər yoxdur. "Gözəllik"in ömrü 3 il oldu. 90-cı il hadisələri başladı. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra "Gözəllik" verilişinin hər kadrını yandırdılar.
   
   - Niyə?
   
   - Deyilənə görə, həmin lentlərdə gümüş vardı və onları yandırıb gümüşü çıxarıblar. Bu, Xalq Cəbhəsinin mədəni irsə olan münasibətinin göstəricisidir. Biz həmin çəkilişləri çox axtardıq, tapmadıq. Böyük insanların gözəl fikirləri yer alan lentləri yandıranlara nə ad verəsən...
   
   - Hansı kriteriyalara görə, verilişi Sizə tapşırdılar?
   
   - Bir çox kriteriyalara görə mən bu verilişə seçilmişdim. İlk növbədə gənc və gözəl idim.
   
   - İndi televiziyada tələblər dəyişib.
   
   - O zaman belə məsələlərə çox ciddi yanaşılırdı və təsadüfi adam seçilmirdi. Bu gün isə təsadüfi adamları dəvət edirlər, onların heç sual vermək qabiliyyətləri yoxdur.
   
   - Sizinlə söhbət maraqlıdır.
   
   - Ancaq məndən cavabını bildiklərinizi soruşdunuz. Xoşuma gəlməyən bir cəhət var: kollektiv düşüncə tərzi. Uşaqlarımı heç vaxt bağçaya verməmişəm. Çünki bağçada uşaqlara eyni şeyləri öyrədirlər. Maddi imkanım olmadığı vaxtlarda belə, övladlarıma dayə tutmağa çalışırdım. Dayələr tamamilə başqa kitablardan onlara nələrisə mənimsədirdilər. Oğlum 5 yaşında olanda ona Mixail Korşunovu oxutdururdum. Ağlaya-ağlaya oxuyurdu, heç nə başa düşmürdü, amma mən onu başa sala-sala oxutdururdum. Böyük rus yazarının fərqli düşüncə tərzini onun beyninə yeritməyə çalışırdım. Başqa ədibləri də onun kimi. İnsan hər gün yeniləşməsə, maraqsız olar. Biz bəzən düşündüyümüzü deyil, kimin nə düşündüyünü deyirik.
   
   - Fərqli məzmunda verdiyimiz suallara rəsmi şəxslər ənənəvi cavablar verirlər. Siz də rəsmi şəxs hesab olunursuz. Bilmədiklərimizə bildiklərimiz səviyyədə cavab verəcəyinizi düşünürük.
   
   - Yəni statusum daha açıq danışmağa imkan verməyəcək?
   
   - Jurnalist təcrübəmizdən çıxış edərək, bəli deyirik.
   
   - İstəmədən belə alınır demək.
   
   - Sizin daha çox müdafiə mövqeyində duracağınız artıq düşüncəmizdə oturuşub.
   
   - Xeyr. Mən müdafiə xarakterli deyil, pessimist əhvali-ruhiyyəli olmaq istəmirəm. Çünki bədbinlik insanı məhv edir.
   
   Hazırladı:
   
   Gültəkin Qəhrəmanlı

TƏQVİM / ARXİV