adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ADƏM NƏ DEYƏCƏKDi?!.

VƏSİLƏ USUBOVA
27669 | 2012-03-10 07:36
Azadlıqg mənim təkcə etmək istədiklərim deyil. Ala bildiklərimdi, edə bildiklərimdi. Həm də kimsəni incitmədən. Ürəyimin hər istədiyini edə bilməyim də tam azadlıq deyil. Hərdənbir onun şıltaqlığını boğa bilməyim də ancaq mənə aid olan azadlıqdı...
   
   Uzun, qaranlıq tunellərin ucunda nöqtə kimi görünüb, sonda böyüyərək dünya boyda olan işıq daha parlaqdı, gözqamaşdırandı...
   
   Mənim azadlığım sənə qədərdi. Aradakı məsafə bitən kimi qurtarır. Burdan o yana sənin azadlığın başlanır. Azadsansa, deməli, sevmirsən. Bölüşməyə heç nəyin olmadığı kimi, itirməyə də heç nəyin yoxdu. Ona görə belə ürəklisən. Yersiz, gərəksiz qürurunu qoruya bilirsən. Darıxma, itirəcəksən. Bundan ötrü yol getməlisən. Mənim sənə gəldiyim qədər sən də üzü o yana getməlisən... Gec-tez qayıdacaqsan. Ancaq bu dəfə məni də üzü o tərəfə görəcəksən. Bu dünyada hamı bir-birinə borcludu. Hamı bir ucdan borc qaytarmaqla məşğuldu.
   
   Hayıf ömrümüzdən...
   
   
   
   ***
   
   Uşaqlıqda əlimizə düşən köhnə-təzə parça qırıqlarından özümüzə "bala" düzəldərdik. Agacların aşağı budaqlarından yüyrük asıb gəlincik "bala"larımızı ora qoyar, yelləyə-yelləyə eşidib öyrəndiyimiz laylaları, oxşamaları deyərdik. O anların sanki uşaqlığımızdan ayrılar, gələcək həyatımıza- qadınlıq, analıq dövrümüzə yol alardıq. Böyüklər bic-bic qımışıb başlarını bulayardılar: "Nə asanmış..." Beləcə günbəgün, aybaay böyüyərdik. Böyüdükcə uşaqlıq oyunlarımızdan uzaqlaşır, oyunlarımızı böyüklər belə yadımıza salanda utanardıq. Bu duyğuları ancaq qəlbimizdə gəzdirməyə başladıq. Gəzdirə-gəzdirə də anladıq ki, o budaqlardan asılan yüyrüklərin gerçəkləşməsi üçün iplərindən təkcə bizim əllərimiz deyil, daha güclü bir əl də yapışmalıdı...
   
   Anlayan gündən də qulaqlarımız bir sözün həsrətini çəkməyə başladı...
   
   
   
   ***
   
   Bir-birinə oxşayan iki hekayə oxumuşam. İkisində də özünü suya qərq edən qadın və qız var. İnanan, xəyallar quran,... qarşılığında onu da sürüyə qatan birisini görüb soyuq suların qoynunu seçən iki könül əsiri...
   
   Ağlı olanlar könülsüz də yaşaya bilirlər...
   
   Sənət adamının da baxışı elə bundan o yana getməyib. Güldandakı gül, meyvəqabındakı meyvə, bağdakı ağac, çiçək kimi görüblər, çəkiblər Onu. Sonra gələnlər də canlı qadını qoyub Cokondanın, Mona Lizanın xəyalıynan yaşayıb, eşqiynən vəcdə gəliblər...
   
   İnsanın ən zəif yeri sevgisidi. O, sevməyi, əsir olmağı, sürünməyi bacarır. Diziynən yox, ürəyiynən sürünür. Ayaqlarda yox, ucalıqlarda sürünür. Mələklərin də qibtə elədiyi, ilahiliyə çatan ucalıqlarda...
   
   Qəlbindən vururlar onu. Qəlbindən asırlar, çarmıxa çəkirlər. Sevdiyi insan olsa da, dərdini şama, çırağa, Aya, ulduzlara pıçıldayır. Yan-yörəsindəkilərdən qorxa-qorxa. Qorxur ki, ürəyinə girərlər, orada özlərinin anlamadıqlarını, nəsibləri olmayanı görüb didərlər, qanadarlar, qoparıb atmaq istəyərlər. Dünyaya dağıtmalı olduqlarını yumruq boyda ət parçasına büküb sinəsində gizlədir. Daş ürəklərdən, yad, biganə baxışlardan qorumaqçın...
   
   ... Çox şey istəmir. Qəlbinin umacağı özünün verdiklərinin mində biri deyil. Bircə yeganəliyinə, bənzərsizliyinə, şəriksizliyinə, ...unudulmadığına inanmaq istəyir. İnandırılmasını istəyir. Başqa heç nə...
   
   Heç bunlar da az deyil... Bir könül qalasının alınmazlığıdı...
   
   Bunları ona versinlər...
   
   Könül gülşəninə bayquşlar dadanmaz...
   
   Ürəyinin közü qaralmaz...
   
   Səninlə kol dibində də oturar. Şah saraylarını toyuq hini də bilməz.
   
   Yola salmağı da bacarır, gözləməyi də. Gəlməsən... Səhərlər balışını günə sərər- nəmi çəkilməkçin. "Ahından yaranan dumanlı dağlar" bir anda əriyər sən dönsən...
   
   Dönmək istəsən... Dönməyi bacarsan... Dönməyə üz qoysan...
   
   Təkcə yuxularda əl gəzən pərişan saçlarının tumarı pozular o üzə-bu üzə çevrilməkdən. Mələfəsini hamarlamaqdan əlləri yorular...
   
   Bir ilahi yuxu eşqiynən yumar gözlərini. Yuxularına gəlsən istəməz nur üzlü sabahların açılmasını. Gecələrin zülmətində gün doğar yuxularına. Canı qızar bir isti nəfəsdən...
   
   Sabahların gözüynən açılar ürəyinin dərd sandığı. Örtülməz gözünü yuxu alana kimi.Xəyalı dağı, aranı dolaşar. Bir yerdə qərar tutmaz könül quşu...
   
   Yaxşı tapıb qəlb ovundurmağın yolunu. Ağlayar... Gicgahlarına süzülən duzlu damcılar vaxtsız ağardar əllərinin tumarına həsrət saçlarını...
   
   Sənsə... inanmırsan göz yaşlarına. Ovundurmağı necə?! Bacarmırsan, yoxsa, istəmirsən?! Deyəsən, ikincidi, axı... Onda heç olmasa, incitmə. Göz yaşları pis tutur ha, adamı! Uzunsaçın ahı yerdə qalmaz. Nə qədər sevir, səni qarğımayacaq. Bir gün onun da üzü dönsə. O zaman kimsəni günahkar bilmə. Hərdənbir günahları özündə axtarmağı da bacar...
   
   Amma bir zamanlar yaman "incə" ruhun vardı. Məclislərdə Tofiq Bayramdan deyərdin...
   
   
   
   Sən onu incitsən,
   
   bil ki, a qansız
   
   Ağlayan kamandı
   
   qadın ürəyi.
   
   
   
   Hamı da inanırdı. İnandırmağı bacarırdın. Başqasının sözüynən, özündə olmayan duyğuları dilə gətirməknən inandıra bilirdin...
   
   Ancaq Şekspir Tofiq Bayramdan da yaxşı inandıra bilirdi. Gör, Hamlet nə deyir...
   
   
   
   İnanma ki,
   
   gün dolanır səmada
   
   İnanma ki,
   
   ulduz saçır şəfəq, nur.
   
   İnanma ki,
   
   həqiqət var dünyada
   
   Ancaq inan,
   
   mənim eşqim doğrudur.
   
   ***
   
   Mənimsə ürəyimə bir şeir parçası daha çox yatır. Bu şeir parçası indiyədək deyilənlər və deyilməyənlər arasında elə bir tarazlıq yaradır ki, kim nə desə, necə desə, o sirri, o hikməti ötə bilməyəcək...
   
   
   
   Bir söz deyəcəkdi
   
   Həvvaya Adəm
   
   Hələ ki, min ildi
   
   üyüdüb tökür...
   
    (Barat Vüsal)
   
   
   
   Görən, nə deyəcəkdi torpağımızın ilk Kişisi? ( İnsan övladının bu işıqlı dünyaya düşməsinə görə Həvvanı o qədər qınayırlar ki, adam o yazıq kişinin dodaq tərpətməsinə də inana bilmir). Nə söz idisə, ilk Qadın imkan vermədi. Zərif barmaqlarıynan üsulluca kişinin ağzını qapadı: "Suss...Danışma! Bilirəm, nə deyəcəksən. Qoy ürəyində qalsın! Qoy məndən sonra gələnlər həsrətlə yaşasınlar! Ömür boyu gözləsinlər, axtarsınlar O Sözü..."
   
   Qoymadı nənəmiz... Nə hikmət vardısa o sözdə bu günədək ağlı söz anlayanlar qarasına uçurlar. Yanıb-yaxılırlar onu bircə yol eşitməkdən ötrü. Yer üzünün nə rəngdə, nə biçimdə qadını varsa, əllərini göyə açıb o sözü tutmaq istəyir. Gecə-gündüz qulaqları o şirin kəlmənin həsrətindədi. Heç kəslə bölüşmək istəmədikləri kəlmənin...
   
   Adəm oğlu! Sən necə, deyə bilərsənmi O Sözü?! Yox, yox, sən dediklərin O Söz deyil! O söz aldatmırdı! Aldada bilmirdi...
   
   Yaxşı ki, ilk Qadın qoymadı o söz ilk Kişinin ağzından çıxa. Çıxsaydı, dünya dağılardı yəqin. Bilirmiş bunu. Bir də ki,...axı, onlar cənnətdən qovulub dünya qurmağa göndərilmişdilər, dünyanı dağıtmağa yox...
   
   Həm də Sevgi əzabları gətirmişdilər özlərindən sonra dünyaya gələnlərə...
   
   Sən də sus, Qarşımdakı! Demə o sözü! Onsuz da deyə bilməyəcəksən. O sözü eşitmək bəxtəvərliyi mənim də alınma yazılmayıb. Dünyamızın xətrinə sus. Qoy yaşasın!
   
   Sevgisiz də olsa...

TƏQVİM / ARXİV