adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Virtualdan reala: "Ölü Yazarlar Dərnəyi"

20846 | 2012-03-10 08:05
Günlərin bir günü facebook sosial şəbəkisində üç ölü yazar peyda oldu və Azərbaycanda çox oryinal bir dərnəyin, Ölü Yazarlar Dərnəyinin əsası qoyuldu. Yazar-naşir qruplaşmalarına protest olaraq yaranan bu dərnəyi tanıdığım və yazılarına bələd olduğum üç imza qurmuşdu. Amma "ölüb-dirilməyə" qərar verən gənc dostlarım öz həqiqi imzaları ilə yox, Nicolas, Solaxay və Yalquzaq imzaları ilə yazırdılar. İnsafən bu "ölüb-dirilmə" dostlarıma düşmüşdü. Öz imzaları ilə şəxsi profillərində paylaşdıqları yazıları görməzdən gələn facebook əhli Nicolas, Solaxay və Yalquzaq imzası ilə Ölü Yazarlar Dərnəyində paylaşılan yazıları acgözlüklə oxuyurdular. Dərnək barədə ilk məlumatı dostum Nicolasdan aldım. (tələsməyin, bir azdan Nicolas, Solaxay və Yalquzaq bardə məlumat alacaqsınız) Tələbə yoldaşım Nicolas ədəbiyyat haqqında fərqli düşüncələri olan, bu işə xüsusi yanaşması olan istedadlı və zəhmətkeş, üstəlik inadkar və əzmli insandır. Onunla 2004-cü ildə Gəncə Dövlət Universitetində Firəngiz İdrisqızının rəhbərliyi altında fəaliyyət göstərən "Gəncliyin səsi" Ədəbi Birliyində tanış olmuşuq. Ədəbi mühitdə bəzi tənqidçilərin dediyi kimi, "roman bumu" hələ başlamamışdı. O zaman cəmi-cümlətanı 20 yaşı olan Nicolas roman yazırdı və hərdən "Xan bağı"nda çay içə-içə sonralar çap etdirmədiyi romandan bizə parçalar oxuyurdu. Sonra Nicolas Bakıya döndü və bizim yollarımız illər sonra Bakıda yenidən kəsişdi. Nicolas ədəbiyyata olan sevgisində və sədaqətində sabitqədəm oldu. Bir müddət "Doqquz İklim", "Ənvər Paşa" dərgilərində çalışandan sonra özəl telekanalların birində çalışmağa başladı. ABŞ-da Obama prezident seçilən ərəfələrdə Nicolas onun "Atamın arzuları" kitabını dilimizə tərcümə elədi. Mən Gəncədən Bakıya köçəndə onun ən böyük arzusu ABŞ-a getmək idi və axır ki, arzusunu gerçəkləşdirdi. ABŞ-ı görüb gələndən sonra, Nicolas çox dəyişib. Bu barədə yazımda heç bir məlumat verməyəcəm. İstəyirəm Nicolasın heç olmasa bir neçə sirri açılmamış qalsın.
   
   Solaxay və Yalquzaqla Nicolasın vasitəçiliyi ilə tanış olmuşam. Xüsusilə Solaxayın şeirləri mənim çox xoşuma gəlib. Maraqlı şeir duyumu var bu gənc qələm adamının. Yalquzaq yurnalistika fəaliyyəti ilə məşğul olsa da, ədəbiyyatı sevən və ədəbiyyat üçün təmənnasız çalışan gənclərimizdəndir.
   
    Ədəbiyyata sidq-ürəkdən xidmət etməyi qarşılarına məqsəd qoyan, facebook-da 3000-dən artıq istifadəçiyə xitab edən bu qəribə adlı dərnəyin qurucuları haqqında məlumat verməmişdən qabaq istəyirəm onların yenicə çap olunan "Ölü Yazarlar Dərnəyi" kitabı haqqında sizlərə məlumat verəm. Yenicə işıq üzü görən "Ölü Yazarlar Dərnəyi" kitabı ədəbiyyatımızda virtual dərnəyin işıq üzü görən ilk real kitabıdır. Bir neçə gün öncə oxuculara təqdim olunan bu kitabda Nicolas, Solaxay və Yalquzaq imzaları ilə facebook-da yazılar paylaşan gənclərin nəzm və nəsr əsərləri yer alıb. Kitabın təqdimatı da son illərin ən yaddaqalan təqdimatlarından bir hesab oluna bilər. Xalq artisti Flora Kərimovadan sıravi oxuculara qədər geniş bir oxucu çevrəsinin toplaşdığı tədbir olduqca maraqla keçirildi və...Və bu tədbirdə oxucuların bir ildən artıq maraqla izlədiyi imzaların kimliyi açıqlandı. "Apastrof" nəşriyyatında işıq üzü görən kitaba ön sözü Nicolas, Solaxay və Yalquzaq özləri yazıb. Dərnəyin və kitabın yaranma ideyası haqqında məlumat verən gənc dostlarımız, əsl qayələrini bu kiçicik giriş sözündə ifadə ediblər.
   
   "Azərbaycanda isə hərdən hansısa marağa görə istisnalar olsa da, aralarında olmadığın yazar-naşir qruplaşması heç vaxt sənin yazını öz dairəsində çap etməz. Hətta adını da çəkməz."
   
   Gənc müəllifləri narahat edən bu yanaşma ədəbiyyat sevdasıyla yanıb qovrulan onlarla gəncin yaralı yeridir. Ancaq Azərbaycan reallığında gənc yazarın alternativ variantı yoxdur. Ya hansısa ədəbi "dəstəyə" qoşulub çıxdaş olmalı, ya da təkbaşına mübarizə aparmalısan. Təkbaşına göstərilən çabalar bəzən fayda vermir. Haqsız tənqidlər, yersiz hücumlar və çıxdaş olmaq təhlükəsi gənc yazarı qarabaqara izləyir. Bütün bunları nəzərə alsaq Nicolas, Solaxay və Yalquzaq virtual aləmdə "ölüb-dirilməklə" maraqlı bir ilkə imza atıblar. Giriş sözünün ilk cümlələri məni olduqca kədərləndi. "Azərbaycanda ölmək üçün çox səbəb var. Bu ölkədə mənəvi boşluqdan, gözlənilməz bahalaşmadan, işsizlikdən, həyat tərzindən, insanların bir-birilərinə olan münasibətindən çox asanlıqla intihar etmək olar." Həqiqətən də bu ölkədə intihar etmək üçün onlarla səbəb var. Ancaq mənim qəhrəmanlarım daha optimist addım atıb. Həm virtual dərnək yaradır, həm də həmin virtual dərnəkdə oxucu qazanaraq real kitab nəşr etdirir.
   
   
   
   Kimdir bu "ölülər"?
   
   
   
   Nikolas- Raqif Raufoğlu.
   
   Əliyev Raqif Rauf oğlu. 1984-cü ildə Bakı şəhərində anadan olub. İqtisadçıdır. 2003-cü ildən etibarən dövrü mətbuatda müxtəlif yazılar və şeirlərlə ilə çıxış edib. 2007-2009-cu illərdə "Ənvər Paşa" ictimai-fikir dərgisində redaktor kimi çalışıb. 2 kitab müəllifidir. Bundan əlavə ABŞ-n ilk qaradərili prezidenti Barak Obamanın "Atamın arzuları" kitabını oryinaldan dilimizə tərcümə edərək, oxuculara təqdim edib.
   
   Solaxay- Mətləb Muxtarov.
   
   Mətləb Muxtarov 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin kinoşünaslıq bölümünə daxil olub. Hal-hazırda İstanbulda yaşayır və operator fəaliyyəti ilə məşğuldur. Arzusu reyissor kimi film çəkməkdir. Bildiyim qədər ailəli deyil, amma deyir ki, ata olacaq.
   
   Yalquzaq - Asəf Zeynallı.
   
   Asəf Vidadi oğlu Zeynalov 1988-ci il iyulun 29-da Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib, həmin ildə də Odlar Yurdu Universitetinin Yurnalistika fakültəsinə daxil olmuş, 2009-cu ildə bitirmişdir. "Yeni yol" ictimai-siyasi qəzeti, "Stadion" müstəqil idman qəzeti, "Futbolpress" qəzetlərində köşə yazarı və müxbir işləmişdir. Hazırda "Futbolpress" online idman portalında redaktor vəzifəsində çalışır.
   
   "Ölü Yazarlar Dərnəyi" kitabında toplanan nəzm və nəsr nümunələrinin çoxusuyla tanış idim. Kitabı həvəslə mütaliə etdikdən sonra bir daha əmin oldum ki, gənc həmkarlarım haqqında düşüncələrimdə yanılmamışam. Raqif də, Mətləb də, Asəf də olduqca maraqlı qələm adamlarıdır. Gənclər arasında boyundan böyük iddiada olanlar bu kitabda toplanmış yazılarla tanış olduqdan sonra yəqin ki, öz iddiaları haqqında yenidən düşünməli olacaqlar. Raqif və Mətləbin şeirdəki fərdi üslubları çox maraqlıdır. İllərlə alışdığımız qəlibləri yıxmağa cəhd göstərmək və göstərilən cəhdlərdə uğurlu olmaq hər şairə qismət olmur. Bu baxımdan mən Raqifi və Mətləbi uğurlu şair hesab edirəm. Raqif Raufoğlu nəsrdə də, nəzmdə də eyni dərəcədə uğurlu imzadır. Onun şeirlərində köhnəlmiş fikirləri və ənənələri yıxmaq cəhdləri özünü açıq-aşkar biruzə verir:
   
   
   
   "Biz, keçid dövrünün gəncləriyik!
   
   Uşaqlığımız, çörək növbəsində,
   
   Cavanlığımız, avtobus növbəsində,
   
   Ümidlərimiz, növbəti sabahlarda..."
   
   
   
   Ədəbiyyata iddiasız qədəm basan Mətləb Muxtarov bu cür yüksələn xətlə irəliləsə şeirimizin sevilən imzalarından birinə çevriləcəkdir. Mətləbin "Azərbaycan" şeiri poeziyamızda demək olar ki, əsl yenilikdir.
   
   
   
   "Üfüqdən bizə baxır günəşin övladları
   
   nədənsə qaranlıq sevmir onları
   
   Tanrıdan xəbərsiz hamilədir Məryəm
   
   Məryəmdən xəbərsiz xəbərdardır Tanrı.
   
   uşaqlar yuxulayır, qaranlığı oyadın!
   
   
   
   çox gözəl oxuyur bu lal qadın
   
   çox gözəl...sakit və səssiz."
   
   
   
   Bir kiçik yazıya sığışmayacaq qədər oryinal fikrlər sahiblərinin oxuculara təqdim etdiyi "Ölü Yazarlar Dərnəyi" kitabı şübhəsiz ki, ədəbiyyat sevərlərin diqqətini cəlb edəcək. Yazımı isə qələm dostlarımın öz kitabları üçün yazdıqları ön sözdən götürdüyüm bu fikirlə tamamlayıram: "...Biz davam edirik xanımlar və cənablar."c

TƏQVİM / ARXİV