adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YEL çƏRŞƏNBƏSi çOXLARINI YELLƏNDiRDi

OQTAY SALAMOV
23121 | 2012-03-10 07:36

   
   Bu nəiydi, əə?.. Bu nə çərşəndə idi, bu nə çöküş idi, dünya birjalarının qabağından hansı qara pişik keçdi, Yunanıstanın borcu dünyanını axırına çıxmışdı, dünyanı bircə gündə yıxmışdı ki... Xəbəriniz oldumu ki, dünyanın 20 ən varlı adamının var-dövləti bir yerdə götürüləndə 11,3 milyard dollar azaldı? Bloomberg Billionaires Index-in hələ kiminsə bığının altından keçməsindən sonra, itkiləri ciddi korrektə edəndən sonra açıqladığı bu rəqəm dünyanın taleyinin necə bir teldən, hətta pul kisəsindən asılı olmasını əyani nümayiş etdirdi...
   
   Dostları amerikan milyarder Uorren Baffetə zəng edib başsağlığı verdilər, bəziləri hətta "keçmişolsun"a da gəldilər ki, bəs kişinin var-dövləti bir gündə 407,3 milyon dollar azalaraq 43,9 milyardlıq həddə düşdü. Yaxşı ki, adamın ürəyi partlamayıb.
   
   Bəzilərinin özgəsinin bu qədər pulunun batmasından ağlı çaşa bilərdi. Ta durub Baffetin kim olmasını söyləməyəcəm ki. Bilirəm ki, Bakıda təzə "novostroyka"da hələ qonuşularını tanımayanlar də Uorenn Baffetin kim olduğunu bilir, pulunun miqdarını da dəqiq bilirlər.
   
   Müsəlman deyilik? Müsəlmanın da peşəsi özgənin pulunu saymaqdır...
   
   Mən ölüm, telefonunu bilirsinizsə Mittalın düşmənlərinin birinin nömrəsini deyin, onun hesabına özünə zəng vurub deyim ki, Lakşmi Mittalın dövlətinin bircə gündə 4 faizi, yəni, 918 milonu batdı.
   
   Əminəm ki, dünya poladəritmə sənayesinin lideri olan Arcelor Mittal-ın başçısı Mittalı tanıyarsınız. Mən tanımırdım, amma cürət edib yuxumda görə bilmədiyim məbləğin 917 milyon artığını bircə gündə itirən adamı elə tanıdım ki...
   
   "Bədbəxt"ın şirkətinin aksiyaları Amserdamda satışlarda 5,5 faiz düşüb. Pul cəhənnəm, Mittalı dünyanın ən varlı adamlarının siyahısından çıxması öldürə bilər. Bloomberg-in reytinqində indi kişinin adı planetin varlıları içərisində 21-i yerə düşüb...
   
   Ola bilsin ki, indi adlarını çəkəcəyim iki adamın adlarını bilmirsiniz. Amma bundan tanıyarsınız. Deyir iki Avropa riteyler maqnatı, Bernar Arno və Amansio Orteqa -LVMH Moet Hennessy Louis Vuitton (MC) SA vəi Inditex SA-ın sahibləri yel çərşənbəsi günündə 1,2 milyard dolları yelə veriblər...
   
   Ağ eləməyin, Microsoft-un banisi Bill Qeyts (bizimkilər onun adını Bilqeyis deyib milliləşdirirlər) birjalarda düşmə sayəsində həmin gün 804,4 milyon itirib. İndi yazığın varidatı cəmi 61,3 milyard dollardır...
   
   Las Vegas Sands Corp. (LVS) kazinosunun başçısı Şeldon Adelsonun güzəranı bir gündə 765,5 milyon dollarlıq pisləşib. Balam, bu kazinonun pulu niyə batsın axı. Allah bilir daha haralara pul qoyurmuş ki, bir də ayılıb ki, gündəlik qazancın 765 milyondan çoxu əskik çıxıb...
   
   Bovespin fond indiesi oktyabrdan bəri ən aşağı həddə, 2.8 %-ə düşdüyü üçün OGX Petroleo (OGXP3) & Gas Participacoes SA neft şirkətinin majoritar paket aksiyasının sahibi Uyke Batistin vatridatı 29,2 milyard dollara qədər düşdü. Bizim neftimizdən uzaq!..
   
   Oracle Corp şirkətinin aksiyahılarının 22,5 %-inin sahibi olan Larri Gllison şirkətin aksiyalarının qiyməti 1% düşməsi uçbatından bir gündə 385,7 milyon dollar itirdi.
   
   Sahibkarlarının adlarını bilməsəniz də, Google Inc şirkətini tanıyırsınız. Bax onun sahibləri Sergey Brin və Larri Peydcin varidatları Google-nin aksiyasının qiymətinin 1,5 % düşməsi sayəsində 560 milyon dollar zibilə düşdülər.
   
   Yel çərşənbəsində ABŞ fond indeksləri 1,3-1,5% itiriblər. Avropa birjalarında vəziyyət daha pis olub-1,8-3,6% itkilərə məruz qalıblar.
   
   İstəsəniz maliyyə bazarında baş verənləri bir az da uzada bilərəm.
   
   Amma mənasını başa düşmədiyim üçün bu da bəsdir. Onsuz da yoruldum özgənin pulunu saymaqdan.
   
   Amma, düzünü deyin, başqa vaxt olsaydı bir yazıda bu qədər varlı, özü də planetin ən varlı adamlarının adlarını, iş yerlərini, nə qədər pulu olduğunu, bir gündə nə qədər pul itirdiyini öyrənə bilərdiniz?
   
   Bilirsiniz bu məlumatı verdiyim üçün bu yazıya nə qədər qonorar alacam? Deyə bilməzsiniz, heç təsəvvür də edə bilməzsiniz. Kommersiya sirri olmasaydı deyərdim...

TƏQVİM / ARXİV