GECiKMiŞ TƏBRiK...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28876 | 2012-03-10 07:36
Sinoptiklərin verdiyi xəbər özünü təsdiqlədi. Tanrı da özünün sevə-sevə yaratdığı xanımlarımızı 8 Martda yada saldı. Necə deyərlər, mətbuatın sürpriz xəbəri yalan olmadı. Həqiqətən Bakıya və Azərbaycana qar yağdı. Doğrudur, qarın yağması təbii hadisədir və burda qeyri-adi nə isə axtarmaq bəlkə də doğru deyil. Ancaq qarın rəngi, paklığı, təmizliyi xanımlarımıza son dərəcə yaraşdığından mən bunu Allahın qadınlara töhfəsi kimi dəyərləndirirəm. Necə deyərlər, günləri ağ olsun!!!
   
   Bu bir alqışdı və mən də bu alqışın işığında yaşadığım ömrün bir neçə mərhələsini göz önünə gətirirəm və xatırlamağa çalışıram, istəyirəm yadıma salım. Yaşadığım bu 53 ildə necə yadda qalmışam və mənim yadımda necə qalıblar. Təbii ki, söhbət xanımlardan gedir. Başlayaq uşaqlıqdan, orta məktəb illərindən...
   
   Çoxları kimi kənddə böyüdüm. Çəpərdən də keçdim, ağaca da dırmaşdım, qoyun-quzu dalınca, çölə-çəmənə də iz saldım, təndirə çırpı gətirdim, mal-davara biçənəkdən ot. Bunları hamı edib. Yəni kənddə böyüyən, kənddə doğulan oğlan uşaqları bu həyatı yaşayıblar. Amma inanmıram ki, hamı biçənəkdən, meşədən qaydanda özü ilə bir qom bənövşə və yaxud nərgiz toplayıb gətirsin. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, mən hər dəfə meşədən qayıdanda axtarıb hətta soluxmuş olsa belə bənövşə, nərgiz toplamışam. Onu da evdə stəkanda suyun içərisində saxlayıb səhərisi məktəbə müəllimlərimə aparmışam. Onda mən məşhur bir komediyada deyildiyi kimi, altı aylığımda sevmədiyimə görə, qızlara gül vermək yadıma düşmürdü. Ancaq müəllimimə aparırdım o gülləri. 10-cu sinfə qədər də belə oldu. Yox, yalançıya lənət, 8-ci sinifdən qızlara da gül aparmağa başladım. Özü də istəyirdim o gülü kimə verdiyimi heç kim bilməsin. Bilirdim ki, qızlar xatirə dəftəri yazır və verdiym o gül də həmin dəftərin vərəqləri arasında olacaq. Belə də oldu. 10-cu sinifdə xatirə yazmaq üçün mənə verilən o dəftərin vərəqləri arasında o gülləri gördüm. Quruyub yapışsa da, ətri azacıq da olsa qalmışdı. Təkcə ətrimi? Bəs xatirəsi? O qızı deyə bilmərəm, amma məndə xatirəsi də qalırdı. Əllərimi qaratikan kolları cıza-cıza o bənövşələri dərdiyim - xatirə... əllərim əsə-əsə o bənövşələri bağışladığım - xatirə...
   
   Bilmirəm, daha doğrusu, xatırlamıram indi o xatirə dəftəri hardadı? Ermənilər yandıran evimizdə qaldı, yoxsa kiminsə əlinə düşdü, cırıb zibilliyə atdı?..
   
   Ancaq bildiyim bir şey var. Mən o xatirəni kağıza köçürsəm də ürəyimə, yaddaşıma da yazmışdım. İndi də onun müəyyən məqmalarını təkrarlamaq iqtidarındayam, amma lüzum bilmirəm, gərək bilmirəm. Çünki o tarixdən çox böyük bir zaman keçib. Onu yazanda mənim 16 yaşım var idi, indi 53. Fərqi özünüz görürsünüz. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən, oyatma mürgülü xatirələri...
   
   Hə, oyatmayaq xatirələri. Bu, uşaqlığımla, orta məktəb illərimlə bağlıdı. Sadəcə, bir işarə vurdum. Elə bir işarə ki, bir az ürəklər səksənsin, bir az da elə bu 8 Mart günü yağan bu qar kimi əriməzdən öncə öz paklığımızın işığına bürünək. Axı onda biz hamımız həm qayğılardan, həm xəbislikdən, həm həsəddən, həm də həsrətdən uzaq idik. Ürəyimiz yalnız sevgi ilə, arzu ilə dolu idi, heç bir sərhəd tanımırdıq. Hər şeyi elə rahat düşünür, elə rahat xəyallar qururduq ki, indi xatırlayanda adamın özünün özünə gülməyi tutur. Elə gülə-gülə də bunu özümə ərkim, nazım kimi qiymətləndirirəm.
   
   
   
   yazıma qoyma həddi
   
   yazım yarımçıq olur...
   
   qış vurub keçir səddi-
   
   yazım yarımçıq olur...
   
   
   
   ruhum susur, sozalır
   
   çoxu verib az alır...
   
   çox bildiyim azalır-
   
   azım yarımçıq olur...
   
   
   
   yara söz dəstləyirəm
   
   əl edib səsləyirəm
   
   naz etmək istəyirəm-
   
   nazım yarımçıq olur...
   
   
   
   ***
   
   Tələbəlik illərim, ondan öncə isə həyatda yerimi tapmaq üçün işlədiyim və əl qabarının dadını yaşadığım illər mənim üçün daha əzizdi. Çünki onda istər gecə növbəsində, istər fəhlə kimi daş daşıyıb qum ələyəndə yorğunluğun nə olduğunu bilmirdim. Bax, elə indinin özündə də fikirləşirəm ki, adamın məqsədi olanda, iç dünyası sevgi ilə aşıb-daşanda doğrudan-doğruya yorulmur. Ən ağır işdən sonra da səni şirin bir görüş gözləyirsə, ürəyin o görüş üçün atlanırsa, yorğunluq bir quş kimi çiyinlərindən, bədənindən uçub gedir. Özünü o qədər gümrah hiss edirsən ki, sanki bir saat bundan öncə daş daşıyıb, qum ələyən sən deyildin. Deməli, insanı yaşadan, insanı qocalmağa qoymayan əslində ürəkdəki o böyük sevgidi. Bəzən deyirlər ki, Məcnun çöllərə düşdü, ac-susuz qaldı, daha nə bilim nələr oldu və sonra da həsrətə dözməyib öldü. Xeyr, mən bununla razılaşmıram. Mənim düşüncəmə görə, Məcnunu dünyaya sığmayan sevgisi öldürdü. Sevgisi o qədər böyük idi ki, yerə sığmadı və Məcnun da Yer kürəsinə, bu cahana sığmayan sevgisindən ölüb o biri cahanda, o biri dünyasında sevgisinə qovuşdu.
   
   Ola bilsin ki, fikirlərim kiməsə şairlik kimi görünsün, fərq etməz. Bütün hallarda insanın insana, insanın təbiətə, xüsusilə, insanın Allahına sevgisi böyük olmalıdır. Ürəyindən, varlığından, evindən-eşiyindən, dünyasından böyük! Belə olmasa, ilk zərbədən o sarsılacaq, o şüşə kimi çiliklənəcək və onun adı sevgi olmayacaq, nə isə ayrı bir şey olacaq.
   
   Tələbəlik illərində zarafatla dostlarımın mənə pıçıldadığı şeirlərdən biri bizim illərin gənclərinin demək olar ki, hər görüşdə xalq şairi Hüseyn Arifdən istədiyi və çoxlarının da əzbər bildiyi "Sən dərsə gəlməyəndə" şeiri idi. Doğrudan da o, dərsə gəlməyəndə gözüm dörd olurdu. İllər ötdü və mən əslində bu dünyaya dörd gözlə baxdığımın fərqinə vardım. Axı həm də biz bir-birimiz üçün baxırdıq. Eyni zamanda birimiz ikimiz üçün də baxırdıq. İllər ötdü və günlərin birində mərhum Hüseyn Arifin ruhuma hopan misralarının təsiri altında mən də "Harda görüşək" şeirini yazdım.
   
   
   
   dünya bizə bağlı qapı
   
   bir açar tap - aç görüşək
   
   sevib dərsdən qaçıb hamı-
   
   sən də işdən qaç, görüşək...
   
   
   
   şehdə çimən ləçəklərdən
   
   seçib, dərim çiçəklərdən
   
   bir-birindən göyçəklərdən-
   
   hörüm sənə tac, görüşək...
   
   
   
   ömür ötür, gün qısalır
   
   illər bizdən qisas alır
   
   günahımız qüsullanır-
   
   verək ona bac, görüşək...
   
   
   
   keçib daha qəbahətdən
   
   bizə düşən səadətdən
   
   dünya boyda məhəbbətdən-
   
   tamarzı tək - ac görüşək...
   
   
   
   varımız, həm gərəyimiz
   
   suyumuz, həm çörəyimiz
   
   görüş yeri - ürəyimiz!-
   
   Tanrım, işıq saç, görüşək.
   
   
   
   ***
   
   Bu gün çox qəribə bir ovqat yaşayıram və bu yazını əslində mən 8 Mart günü yağan qarın dənələrini ovcumda saya-saya ürəyimdə yazırdım. Və qar dənələrini saydıqca mənə elə gəlirdi ki, keçmişə doğru qayıdıram. Daha doğrusu, ömrümdəki həmin o sevdiklərimin, məni sevənlərin işıqlı xatirələrini oxuyuram, görüş yerlərini gəzirəm. Dayanıb şəkil çəkdirdiyimiz dəniz kənarını xatırlayıram və ...
   
   Əslində yağan qar mənə həm də günahlarımı xatırladırdı. Sevdiklərimi nə özümün istədiyim kimi, nə də onların arzuladığı kimi həyat sınaqlarından çıxara bilmədiyimdən, maddi-mənəvi təminatlarını qurmağı bacarmadığımdan. Ən xırda ehtiyaclarına dəstək ola bilmədiyimdən və daha nələrdən, nələrdən... sıxılırdım. Ürəyimin küncündə zəif bir şam işarırdı. O da həmin o sevdiklərimə bağışladığım söz çələnci idi. Mən insanlara, daha doğrusu, sevdiklərimə, məni sevənlərə ancaq bir-birindən isti sözlər bağışlamışam, ayrı heç nə. O sözləri ürəyimdə mayaladıb, ürəyimdə dünyaya gətirmişəm, bağışladığım insanlara da elə ürəyim kimi də bağışlamışam...
   
   Bəli, illər ötür, biz bu ömür karvanında hərəmiz bəlli mənzildə karvandan ayrılırıq. Amma karvan gedir. Çünki milyon illərdi ki, bu karvanın işi yol getməkdi. Adəmdən üzübəri gəlir və bundan sonra da nə qədər insanlıq var, o karvanı yolundan saxlamaq mümkün olmayacaq. O, Allahın hökmüdü. Yəqin ki, mənim də karvanımın hardasa bir anlıq ləngiyəcəyi, mənim də ondan ayrılacağımın bəlli günü var. Mən bu qarın altında həmin o gündə günahımı necə yuyacağımı düşünməyə çalışsam da, tutarlı bir səbəb tapmıram. Çünki əl-ayağı sağ olan, düşünmək, işləmək qabiliyyəti olan birisinin heç nəyə yarımaması artıq təkcə günah deyil, həm də ayrı bir şeydi. Onun adını kim necə istəyir, o cür də qəbul etsin. Mən isə bu qarın altında gəzə-gəzə gül verə bilmədiklərim xanımlardan yayınıram. Zəng vurub mürgülü xatirələrini oyatmaq istədiyim insanlardan gizlənirəm. Özüm də bunun səbəbini həm bilirəm, həm də bilmirəm. Qalmışam iki daş arasında. Ona görə də qarın daha çox yağmağının, elə məni də öz qoynuna alıb öz paklığında itirməyini istəyirəm. Bəlkə kiminsə əlində, kiminsə çiynində, kiminsə lap kirpiyinin ucunda qar dənəsinə çevrilim, yanağına qonum?..
   
   Hə, yenə şairlik, yenə xatirələr, yenə günahlar və sairələr... Elə bu qarın altında da öz-özümə pıçıldayıram:
   
   
   
   hərdən çıxıb gedirəm
   
   uzaqlara əzizim
   
   baxıb, yığıb gəlirəm
   
   uzaqları əzizim-
   
   gözümə!
   
   
   
   oxşarlıq da tapıram
   
   bəzən fərq də görürəm
   
   sənə təzə olacaq
   
   məqamları hörürəm-
   
   sözümə!
   
   
   
   baxışımı duruldan
   
   cəlbedici təbiət
   
   olsa da, məni hər an-
   
   qaytarır saf məhəbbət -
   
   özümə!
   
   
   
   Deməli, bu 8 Mart günündə kimlərisə sözlə, kimlərisə səslə, kimlərisə yuxumla, xəyalımla, kimlərisə xatirəmlə özüm-özlüyümdə təbrik etdim. Xəbəri olan da oldu, olmayanda. Amma elə çox istəyirəm ki, bütün insanlar bir-birlərini təkcə xatirələrlə, yuxularla, hədiyyələrlə, isti sözlərlə yox, həm də böyük ürəklə, od-alov saçan baxışlarla, ruhu oxşayan təbəssümlə təbrik etsinlər. Özü də təkcə bayramlarda yox, bütün zamanlarda, bütün günlərdə, bütün anlarda. Təbriklər həm də səmimiyyət deməkdi axı. Elə həmin o səmimiyyətlə də, yadımda, yaddaşımda, ürəyimdə olanları təbrik edirəm, gec də olsa. Söz qanadlıdı, yəqin ki, sahiblərinə gedib çatar...

TƏQVİM / ARXİV