adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YOXUŞLAR

22049 | 2012-03-10 12:41
"Nahid, qardaşım, sən bu yazınla elə bil məni özümə tanıtdın. Etiraf edim ki, həyatımın ağrılı-acılı günlərini gətirib qoydun gözümün önünə...
   
   Əziz dost, böyük zəhmət çəkmisən. Təşəkkürlər, təşəkkürlər."
   
   
   
   Bəxtiyar Vahabzadə
   
   
   
   Uzaq dağlıq rayonun buz nəfəsli ucqar kəndindən paytaxtın qaynarına düşən ucaboy, şüvərək, gur saçlı, xoş sifətli bu oğlan heç cür ağlına sığışdıra bilmirdi ki, elə bir gün gələcək, ustad Rəsul Rza ona deyəcək: "Nahid, sənin o yazıların lirik miniatür deyil, bəyaz şeirlərdir. İstəyirsən gətir onları misralara düzüm. Yaxşı olar ki, belə yazıların olanda "Mənsur şeirlər" başlığı altında verəsən"...
   
   ...Yarım əsri arxada qoyan o çağlar sanki dünən olub. Biz - universitetin "təzə" tələbələri "köhnələrə" - yuxarı kurslarda oxuyanlara qəribə bir maraqla baxardıq. Yaşar Qarayevi, Şamil Salmanovu, Ağacavad Əlizadəni, Famil Mehdini, Şamil Qurbanovu... tez-tez görürdük, yazılarını oxuyurduq. Əlibala Hacızadənin lirik hekayələri universitet qəzetində çap olunurdu. Onun yaxın dostu Nahidin səsini efirdən eşidirdik, Azərbaycan radiosunun efirindən!
   
   İllər ötdükcə bu səs gurlaşdı, Nahid qələm və söz sahibi oldu, əvvəl Azərbaycan radiosunun, sonra televiziyasının yaradıcı kollektivlərinə rəhbərlik etdi...
   
   Tale elə gətirdi ki, onunla çiyin-çiyinə işləmək mənə nəsib oldu: altmışıncı illərin axırlarında Azərbaycan Televiziyasının Gənclik Baş Redaksiyasında. O, baş redaktor idi, mən şöbə müdiri. Mərhum şair Tofiq Mütəllibov məktəblilər, yazıçı Fuad Tarıverdiyev kiçikyaşlı uşaqlar redaksiyalarına rəhbərlik edirdilər.
   
   Məni üçüncü mərtəbəyə (o vaxt radio ikinci, televiziya üçüncü mərtəbədə yerləşirdi) baş redaktor qaldırmışdı. O, özünəməxsus operativlik və istiqanlılıqla az vaxt içərisində Komitə sədri İmran Mirzəyev, müavin Nəbi Xəzri, radionun Xəbərlər və Təbliğat Baş redaksiyasının baş redaktoru Hacı Hacıyevlə danışıb (o vaxt həmin redaksiyada redaktor idim) onların razılığını almış, məni özünün dediyi kimi "aləmin bir-birinə qarışdığı" "Gənclər" redaksiyasına gətirmişdi.
   
   Nahidin sonralar xatirələrində yazdığı kimi: "Yaşımızın, ömrümüzün gözəl çağları idi. Ürək-ürəyə verib işləyirdik. "Gənclər" redaksiyası az vaxtda önə çıxdı, şöhrətləndi, tamaşaçıların rəğbətini qazandı..."
   
   Baş redaktorun təşəbbüsü ilə "Gənclər" redaksiyası həftəlik "Səhər" verilişi hazırladı. Moskvada nəşr olunan "Radio i televideniye" jurnalı bu proqram haqqında qoşa səhifəlik reportaj dərc etdi. Respublika qəzetləri, jurnalları, xüsusilə də gənclər mətbuatı baş redaksiyanın ayrı-ayrı verilişləri haqqında vaxtaşırı olaraq materiallar verməyə başladı.
   
   Hələ qələmi bərkiməmiş, təcrübəsiz cavanların çalışdığı "Gənclər" redaksiyası üçün baş redaktorumuz əsil nümunə, örnək idi: təvazökarlığı, redaktəsi, yazıları - əlindən düşməyən qələminin "məhsulu" ilə!
   
   Bizə elə gəlirdi ki, onun qələmində qeyri-adi bir sehr var. Sanki nağıllardakı "sehirli çubuq" kimi qələmini hazırladığımız materialların, süjetlərin, müsahibələrin, kompozisiyaların, müxtəlif verilişlərin üstündə gəzdirərək yazıların elə bil "rəngini" dəyişdirirdi: dili rəvan, səlis, tamaşaçıları özünə cəlb edən baxımlı, maraqlı verilişlər yayınlanırdı.
   
   Baş redaktor televiziya tamaşaçılarının ürəyinə yol tapmağı bilirdi və bunu gənc jurnalistlərə öyrədirdi: özünəməxsus qayğı ilə, səylə, səbrlə, yorulmaq bilmədən. O, qələminin fəhləsi, əsil zəhmətkeş idi. Və bu zəhmətin, gərgin işə dözümün kökü onun uşaqlığına kölgə salan müharibə illərinə gedib çıxırdı.
   
   Nahid anasını bir yaşında itirmişdi, sonra atası vəfat etmişdi. O, arxa cəbhə deyilən zillətdə boy atmışdı: sal daşlar arasından sivişib boylanan şiv kimi. Ruzigarın qovğasında hər cür əzaba dözmüş, bir əlində kitab, o birində çubuq, qabağında quzular, üfüqdə başı buludlu dağlar, sonralar həsrətini çəkdiyi, yuxularında gördüyü dağlar...
   
   Yarıac-yarıtox dolanıb çörəyə həsrət qalsa da, dərsdən qalmadı, analığının "Bəs quzuları kim otaracaq?" sualına sinif müəlliminin "dərsini də oxuyar, quzulara da baxar" cavabını qulağında sırğa elədi. Zəhmətinə güvəndi, məğrur böyüdü, aclığın əzrayıl üzü onu özgə qapısı döyməyə məcbur edə bilmədi. Ancaq tələbə vaxtı qapı döyməli oldu: üçüncü kursda oxuyanda statdankənar müxbir kimi, baş redaktorun tapşırığı ilə, əsərlərini oxuyub özlərini görmədiyi məşhur sənətkarların qapılarını açdı, Rəsul Rza, Mir Cəlal, Süleyman Rəhimov kimi görkəmli qələm sahiblərindən müsahibələr aldı. 1957-ci ilin yazında ilk oçerki efirdə səsləndi və az sonra verilişlərinə görə aldığı qonorar əlaçı tələbə təqaüdünü üstələdi.
   
   Beləcə, taleyini efirlə, ekranla bağladı. Yaddaşına silinməz izlər həkk edən uşaqlıq çağları arxada qalsa da, unuda bilmədi o illəri, cəbhəyə yola salınan oğulları, ataları, bir də... atları: lap axırda kəndin atlarını yığıb müharibəyə göndərəndə atlar kəndə, örüşə, dağlara sarı boylanıb elə kişnəmişdi ki, arvad-uşağı qəhər boğmuşdu...
   
   Zaman keçdi, o çağlar, o mənzərələr necə varsa, eləcə Nahidin mənsur şeirlərinə, hekayələrinə, povestlərinə köçdü. O, yalnız radio dinləyicilərinin, televiziya tamaşaçılarının deyil, çoxsaylı oxucuların ürəyinə yol tapan əsərlərin müəllifi - istedadlı yazıçı kimi şöhrətləndi. Bakıda və həmçinin sovet dönəmində dünyaca məşhur olan "Sovetski pisatel" (Moskva) nəşriyyatında kitabları çapdan çıxdı.
   
   Öz zəhmətinə güvənən, yaradıcı işindən zövq alan, vəzifə borcuna məsuliyyətlə yanaşan Nahid Hacızadə səlahiyyət pillələrində də yüksəldi. Vaxtilə Azərbaycanda yeganə efir-ekran məkanı olan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rəhbər vəzifələr daşıdı: 30 il gənclər və ədəbi dram verilişləri baş redaksiyalarının baş redaktoru, Komitə sədrinin birinci müavini.
   
   Yaxınları, həmkarları həmişə Nahidə qibtə ediblər və əslində elə indi də həsəd aparırlar. Əlbəttə, ona görə yox ki, o, istedadı, qələmi, bacarığı, təşkilatçılığı sayəsində zaman-zaman inkişaf edib, püxtələşib, yüksəlib. Həm də ona görə ki, vəzifə, səlahiyyət heç vaxt onu bir insan kimi dəyişə bilməyib, səmimiyyətini, sadəliyini, düzgünlüyünü, bir sözlə, şəxsiyyət bütövlüyünü!
   
   İngilis yazıçısı Tekkerey mütəfəkkircəsinə obrazlı şəkildə deyib: "Rəftar əkərsən - adət biçərsən, adət əkərsən - xasiyyət biçərsən, xasiyyət əkərsən - tale biçərsən". Tələbəlik çağlarından tanıdığım, çiyin-çiyinə çalışdığım, rəftarına, adətinə, xasiyyətinə vaqif olduğum Nahid ömrü boyu öz taleyinin əkinçisi olub. İndi müdrik yaşında zəhmətinin bəhrəsindən qürur duyub deyir: "Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına yetirdi məni".
   
   Taleyinə şükür edən bəndəsinə Tanrısı nə verməyib? İnsan, Ziyalı, Yazıçı olmaq istedadı, Ər, Ata, Baba olmaq səadəti!
   
   Sənət aləminə öz dəst-xətti ilə qədəm qoyan istedadlı nasirin şeir kimi axıcı dili müqtədir sənətkarların, çoxsaylı oxucuların diqqətini cəlb etdi. Söz sənətinin silahı olan Dilin Nahid Hacızadə qələmində sanki muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə öz yerində işləndiyi xüsusi vurğulandı.
   
   Real həyat materialı, poetik duyum, hisslərin zənginliyi - bütün bunlar yazıçının qələmindən çıxan hekayələrin, povestlərin, pyeslərin, romanların cövhəri, əsas məziyyətləridir. Onun əsərlərini oxuyanda elə bil adamın ürəyinə bir işıq seli axır. Bu əsərlərdə insana, təbiətə, gözəlliyə məftunluqdan doğan poetik təsvir gözümüzü, könlümüzü oxşayır, məhəbbətin yaşarılığı, qüdrəti ("Məhəbbət ölüncə var", "Payız leysanları"), torpağa, doğma yurda bağlılıq ("Dağlar, sizdə gözüm qaldı"), müharibəyə, haqsızlığa, qəddarlığa nifrət ("Bir ana tanıyırdım", "Köçündən ayrılan durna"), mənəvi-əxlaqi keyfiyyətlər təbii, həyati, bədii boyalarla qələmə alınıb.
   
   Nahid Hacızadə yarım əsrdir ki, yazıb-yaradır. Radio, televiziya, qəzet və nəşriyyatlarda işlədiyi uzun illər ərzində söz-sənət adamları ilə sıx ünsiyyətdə olan yazıçı-jurnalist deyir: "Könül dünyamda lay-lay, bəlkə də qalın cildlərə sığmayan xatirələr uyuyur".
   
   O, görkəmli yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, səhnə ustaları haqqında xatirələrini qələmə alır, mətbuatda dərc etdirir. Bu xatirələr oxucular tərəfindən rəğbətlə qarşılanır, maraq doğurur. Onlar çoxdan tanıdıqları, əsərlərini dönə-dönə oxuduqları məşhur sənət adamlarını Nahid Hacızadənin "təqdimatında" elə bil təzədən tanıyır, özləri üçün "kəşf" edirlər.
   
   Adətim üzrə qələm dostumun hər bir xatirəsini oxuyan kimi zəng edib təəssüratımı "isti-isti" onunla bölüşür, "gün o gün olsun ki, sənin xatirələrini kitab şəklində görək" deyirdim, hər dəfə yeri düşəndə söhbəti təzələyirdim.
   
   Və nəhayət, "Yada düşdü" oxuculara üz tutdu. "Bu, mənim üçün bir borc idi - mənəvi borc", - deyə yazıçı vurğuladı. O, həyatı boyu ünsiyyətdə olduğu insanlara - Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyətində böyük xidmətlər göstərən söz və sənət adamlarına, el sənətkarlarına, görkəmli şəxsiyyətlərə öz mənəvi borcunu verdi.
   
   Kitabın redaktoru, təcrübəli jurnalist Dilarə xanım Vəkilova "Yada düşdü"nün son səhifəsində müəllifə müraciətlə yazdı: "Siz müasir oxucuya, xüsusən də gənclərə çox gərək olacaq bu kitabın nəşrini gerçəkləşdirməklə yaddaşlarda yaşayan insanlara, həmçinin özünüzə sözdən bir abidə qoydunuz, təməlində nəciblik, sədaqət, etibar duran bir abidə - İnsanlıq abidəsi!"
   
   "Yada düşdü" cəmiyyətimizdə artıq unudulmaqda olan çox məsələləri yada saldı. Oxucu qıtlığından şitkayətləndiyimiz bir zamanda problemlərimizi ürək ağrı-acısı ilə qələmə alan, maraqla oxunub əks-səda doğuran publisistik yazılar müəllifi İradə xanım Tuncay "Yada düşdü"nü özünün dediyi kimi birnəfəsə oxuyanda "artıq unutmağa başladığımız olub-keçənlər" yadına düşdü. Və keçib gəldiyimiz "həqiqətən mədəniyyətimizin intibah dövrü"nü "maddiyyata başı qarışmış millətimiz"in yadına saldı.
   
   İradə xanım Tuncayın böyük həcmli, dolğun məzmunlu, oxucunun ağlına, ürəyinə işləyən məqaləsi Yazıçılar Birliyinin Natəvan klubunda "Yada düşdü" kitabının təqdimatı mərasimində birmənalı olaraq təqdir edildi.
   
   Xalq şairi Fikrət Qoca, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli, yazıçı Elçin Hüseynbəyli, şair Oqtay Rza "Yada düşdü"nü Nahid Hacızadənin yaradıcılığında və ümumən ədəbiyyatımızda təqdirəlayiq hadisə kimi dəyərləndirdilər.
   
   Son illərdə dünyada ən çox memuar ədəbiyyatının oxunduğunu diqqətə çatdıran şair Fikrət Sadıq Nahid Hacızadənin "Yada düşdü" kitabı ilə bu janrın Azərbaycan ədəbiyyatında "yüksək mərtəbəyə qalxdığını" diqqətə çatdırdı.
   
   Qələm dostumun həyatı xatirələr xəzinəsidir. O, "Yada düşdü"nün ikinci kitabını yazıb tamamlayıb və eyni adlı ədəbi-bədii, nostalji jurnalın nəşrinə başlayıb. Bu gözəl təşəbbüsü alqışlayan ədəbiyyatşünas alim Nizami Cəfərov jurnalın ilk nömrəsində yazmışdı: "İnanıram ki, tanınmış söz adamı, görkəmli ziyalımız, yazıçı Nahid Hacızadənin redaktorluğu ilə belə bir ədəbi jurnalın - "Yada düşdü"-nün nəşri nüfuz qazanacaq və o bu nüfuzu qoruyub saxlayacaqdır".
   
   Artıq üçüncü nömrəsi çoxsaylı oxucular tərəfindən rəğbətlə qarşılanan, nəfis şəkildə nəşr olunan, gözəl tərtibatı zövqləri oxşayan dərin məzmunlu, bənzərsiz ədəbi dərgi göstərir ki, Nizami müəllim zənnində yanılmayıb. Bu da ürəkaçan faktdır ki, indiki mətbuat bolluğunda "Yada düşdü"-nün xeyli abunəçisi var.
   
   * * *
   
   Nahid Hacızadənin ad günündə birlikdə işlədiyimiz unudulmaz çağları xatırladım. O zaman hələ qırışlarla naxışlanmamış alnında qıvrılan gur saçları, qayğılı, fikirli, narahat anlarında belə təbəssümlə işıqlanan çöhrəsi, Gədəbəy bulaqlarının suyu kimi dumduru gözləri xəyalımda canlandı. Və bir də yoxuşlar... büsbütün yaşıl, gül-çiçək çələngli, bağlı-bağatlı dağ yamacına söykənən kənddən zirvəyə yüksələn yoxuşlar. Uşaqlıq, yeniyetməlik, ilk gənclik çağlarında üz tutduğu yoxuşlar. Və sonralar unutmayacağı, yuxusuna girəcəyi, qələmə alacağı yoxuşların zirvəsi dağlar.
   
   "Dağlar, sizdə gözüm qaldı", - deyə qələminə güc verəcək, ürəkdən bağlandığı sənətinin yoxuşlarında ömrü boyu yol gedəcək, yüksələcək, sevəcək, seviləcək, sevinəcək, Allahına şükür edəcək. "Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına yetirdi məni", - deyəcək qələm dostlarına, sənətsevərlərə, oxucularına. Və onlar da yazqabağı ad günü münasibətilə bahar ovqatlı gözəl qələm sahibinə zirvəyə üz tutan sənət yolunun yoxuşlarında uğurlar diləyəcəklər!

TƏQVİM / ARXİV