adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Maonun Sonuncu Balerini!

FƏRHAD ŞABANOV
30807 | 2012-03-10 07:36
Sizin də bildiyiniz kimi Xocalı mitinqindən sonra universitetimizdə sol fikirli tələbələrlə azərbaycanlı tələbələr arasında münaqişə yaşanmışdı. Münaqişə sözü bəlkə də bu hadisənin qarşısında yetərsiz qalır. Yaxşısı elə bu hadisəyə "qırğın" deməkdir. Bu hadisədən bir həftə sonra dərsə getdim. Tələbələrdə hələ də hadisələrin izlərini görmək mümkün idi. Birinin qolu gipsdə, biri axsayır, birinin üzündə zərbə izləri və s. Bu insanların yaşları da təxminən 18-25 arası. Bu gənclər həyatlarının ən yaşamalı anını cəhənnəmə çevirir. Yazığım gəldi... Bizimkilərə də, onlara da...
   
   Xocalı mitinqinin üstündən 10 gündən artıq bir zaman keçməsinə baxmayaraq əks-sədasını hələ də Türkiyə mətbuatında görmək mümkündür. Ən son gördüyüm yazılardan biri diqqətimi cəlb etdi. "Yeni Şəfəq" qəzetinin yazarı Hilal Kaplan köşəsində bir müəllimədən gələn məktubu heç bir hərfini dəyişmədən yayımladı. (Özü belə deyir!)
   
   Məktubun qısa məzmunu ilə sizi tanış edəcəm:
   
   "Hər gün dərsə gecikən bir şagirdim var idi. Niyə gecikdiyini soruşanda, şəxsi səbəbdir, müəllimə deyirdi. Çox tərbiyəli və sözə baxan bir şagird olduğu üçün çox üstünə getmirdim. Bir gün yenə dərsə gecikdi və əsəbi formada niyə gecikdiyini soruşdum. Eyni səbəbi dedi və onu sinifdən çölə çıxartdım səbəbini soruşdum. Dedi ki, anam və atam ayrılıb. Mən babamın yanında qalıram. Çünki atam evlənib, anam da Fransaya köçüb. Soruşdum ki, anan niyə Fransaya köçüb? Dedi ki, cavab vermək istəmirəm, utanıram. Dedim niyə? Çünki anam ermənidir. Xahiş edirəm şagird yoldaşlarımdan heç biri bunu bilməsin. Dedim ki, burada utanacaq nə var ki? Nədən qorxursan? Cavab vermədi və...
   
   Həmin həftə tarix dərslərində müəllimlər şagirdləri görüntülü dərs keçilən sinif otağına aparırdı. Bir gün mən də bu dərslərdən birinə qatıldım və gördüklərim məni dəhşətə düşürdü. Həmin görüntülü dərs keçilən sinif otağında Xocalı qətliamının video çarxı nümayiş etdirilirdi. 2-3 dəqiqə dözə bildim. Müdirin otağına qalxdım və etiraz etdim. Bu 14-16 yaşlı uşaqlar üçün deyil. Onlarda psixoloji travmalar yarada bilər. Siz buna necə icazə verirsiniz axı?! Müdir mənə cavab verdi ki, şagirdlər öz yaxın tarixlərini öyrənməlidirlər. Bunu öyrətmək də bizim borcumuzdur. Öyrətməyək sonra çıxsınlar meydanlarda "hamımız erməniyik" deyə bağırsınlar?
   
   Müdirlə dialoqdan heç bir nəticə almadım və müəllim yoldaşlarımın yanına getdim, onlar da müdirlə eyni fikirdə idilər: Ermənilər ibtidai sinif kitablarında türklərin əleyhinə ciddi propaqanda ilə məşğuldur, biz onların qarşısında əzilməməliyik, dik durmalıyıq!"
   
   Bu məktubu bacardığım qədər qısaltmağa çalışdım. Sonda isə müəllimə öz tələbəlik dövründə yaşadığı çətinlikləri, ayrımçılığı öz şagirdlərinin yaşamaması üçün can atdığını deyirdi. Başı bağlı olduğu üçün universitetin ortasında professor ona ağzından çıxanı deyib və başını açıb bufeti dövr etdirib. Deyir ki, mən inancıma görə əziyyət çəkdim. Bu şagird də erməni doğulduğu üçün niyə əziyyət çəkməlidir? Problemlərin həlli nifrətdə deyil, sevgidədir deyə məktubunu bitirir müəllimə!
   
   Bu məktuba biganə qala bilmirəm. Bilirsiniz, burdakı azərbaycanlı tələbələrlə qırğına çıxan o sol düşüncəli sosialistlərin, kommunistlərin də düşüncələri belədir. Deyirlər ki, bütün xalqlar qardaşdır. Heç kim erməni olduğu üçün, kürd olduğu üçün nifrətə layiq deyil. Hadisələri, qətliamları bir kənara qoysaq bu insanların necə humanist, insan sevər, sevgi dolu olduğunu düşünərik. Ancaq belə deyil, mənim əzizlərim. Həmin o erməni uşağın günahsız olduğuna mən də inanıram. Ancaq bütün ermənilər sevgiyə layiq deyil. Xocalıda o vəhşiliyi edən bir insana qarşı necə sevgi duymaq olar? Metroları, binaları partladıb günahsız insanların ölümünə səbəb olan PKK-nın üzvlərinə qarşı necə sevgi duymaq olar? H.O.S.T-un yaxşı bir devizi var: Sevgiyə qarşı sevgi, nifrətə qarşı nifrət. Bu insanın ən təbii halıdır. Əgər erməni əli silahlı əsgərlər yetişdirirsə, sən qucağını açıb getməməlisən onun üstünə! Burada heç bir sevgidən söhbət gedə bilməz. Ya qarşılıqlı olaraq düşmənçiliyi bitirmək lazımdır, ya da bunu qarşılıqlı olaraq davam etdirmək.
   
   Bu kommunistlərin də divarlarına qürurla yapışdırdıqları Stalin posterləri heç də sevginin rəmzi deyil. Onlar yaşamadıqları kommunizmə həsəd aparırlar. Ancaq kommunizmi yaşayanlar anlar işin əslini. Ziyalıların necə sürgün edildiyini, diktaturanın əzab-əziyyətini. Min nəsihətdənsə, bir müsibət yaxşıdır.
   
   Ötən günlərin birində "Maonun Sonuncu Balerini" adlı film izlədim. Bilirsiniz, Rusya üçün Lenin nədirsə, Çin üçün də Mao həmin şeydir. Bu filmdə kommunist rejimin əsgərləri kəndlərə gedir və Rəqs Akademiyası üçün uşaqlar yığır. Çox ucqar bir kənddən bir uşaq götürürlər. Kino həmin uşaq haqqındadır. Hələ ibtidai sinif tələbəsidir. Bu uşağı ailəsindən ayırıb mərkəzə aparırlar. Öz standartlarında bu uşağı yetişdirirlər. Bu balaca uşaq böyüyür məşhur bir rəqqas olur. Daha doğrusu balerin. Amerikaya gedir. Bütün bunlar baş verərkən ailəsindən uzaqda olur, ailəsi ilə telefondan başqa heç bir təmas olmur. O da ki, ayda bir dəfə falan. Amerikaya gedən gənc balerin burada yaşamağı seçir. Çin höküməti ciddi şəkildə etiraz edir, bu gənci qərarından döndərməyə çalışır. Ən maraqlı yeri isə sondadır: Kommunist rejimin polis və əsgərləri bu gəncin ucqar kənddə yaşayan ailəsinin evinə gedir. Valideynlərini təhqir edirlər, söyürlər. "Bu nə cür övlad yetişdirməkdir!" Anası dözə bilmir və qışqırır: "Mənim uşağım hələ balaca ikən bizim əlimizdən aldınız, öz istədiyiniz kimi tərbiyə etdiniz, böyütdünüz. İndi gəlib bizi günahkar edirsiniz?! Rədd olun, bizim evdən!"
   
   Bu da sizin üçün ideal kommunist rejim...

TƏQVİM / ARXİV