Don Juan və gürcü familiyası

ETİBAR CƏBRAYILOĞLU
45272 | 2012-03-10 08:05
Martın 10-u Azərbaycanda peşəkar teatrın yaranması günü kimi qeyd olunur. 1873-cü ilin baharında böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə oynanılan Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri-Xani Lənkəran" tamaşasından sonra çətin və şərəfli yola çıxan peşəkar milli teatrımızın uğurlu zamanları da olub, tənəzzül dövrü də.
   
   Bayram günü uğurları xatırlamaq daha yaxşıdı məncə. Milli teatrlarımızın flaqmanı sayılan Akademik Milli Dram Teatrı ötən bu illər ərzində çoxlu uğurlu tamaşalar hazırlayıb. İstedadlı dramaturq, rejissor, aktyor qüvvəsinin, tələbkar və zövqlü tamaşaçı nəslinin yetişməsində bu teatrın özünəməxsus rolu var. Nə yaxşı ki, bu proses bu gün də davam edir.
   
   Yeni teatr mövsümündə repertuarını maraqlı tamaşalarla zənginləşdirməyə çalışan Akademik Milli Dram Teatrı bu günlərdə növbəti premyerasını gerçəkləşdirdi. Maks Frişin "Don Juan və ya həndəsəyə məhəbbət" pyesi əsasında hazırlanan "Don Juan və həndəsə" tamaşası sənətsevərlərin müzakirəsinə verildi.
   
   
   
   Gürcü familiyası
   
   
   
   Əsrlərdi ki, dünyada bir Don Juan əfsanəsi dolaşır. İsveçrəli dramaturq Maks Friş bu məşhur obraza tam fərqli tərzdə yanaşıb. Dramaturqun Don Juanı başqalarının onun haqqında yaratdığı imicin əsirinə çevrilib.
   
   Əsərə quruluş vermək üçün dəvət olunan Kote Marcanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzenin özünəməxsus dəsti-xətti tamaşanın başlanğıcından finalınadək aydın hiss olunur. Ünlü rejissor bu tamaşanın həm də səhnə tərtibatçısıdı. Levan Tsuladze bu iki ağır və məsuliyyətli işin öhdəsindən bacarıqla gəlib. Dünya teatrlarında gedən prosesləri yaxından izləyən və ondan bəhrələnən istedadlı gürcü rejissoru "Don Juan və həndəsə"də yeni texnologiyalardan, vizual effektlərdən məharətlə istifadə edib. Qısa müddətdə hazırlanan tamaşada quruluşçu rejissorun aktyorlarla işləmək bacarığı xüsusi qeyd olunmalıdı.
   
   Məşhur gürcü rejissoru baş rolu Elşən Rüstəmova həvalə edib. Gənc Tamaşaçılar Teatrında oynadığı maraqlı rollarla tamaşaçıların rəğbətini qazanan Elşən Rüstəmov son zamanlar Akademik Milli Dram Teatrının səhnəsində də tez-tez görünür. Gənc aktyor baş teatrın repertuarındakı bir neçə əsərdə rol alıb. Yeni əsərdə yaratdığı Don Juan obrazı ilə Elşən Rüstəmov Akademik Milli Dram Teatrının kollektivinə tam uyğunlaşdığını bir daha sübut etdi. Ziddiyyətli, hər an tərəddüdlər içində olan Don Juan sonda tamaşaçının gözləmədiyi halda könlünü təslim edir. Övlad atası olduğundan Don Juanlıq missiyasını başa vurur. Gənc aktyor Elşən Rüstəmov bu mürəkkəb obrazın öhdəsindən məharətlə gəlir, Don Juanın daxili aləmini açmağı bacarır və quruluşçu rejissor Levan Tsuladzenin bu əsərlə bağlı traktovkasını uğurla tamamlayır.
   
   Xalq artisti Rafael Dadaşov üçün səhnədə Don Juan mövzusu yeni deyil. Bir vaxtlar baş teatrın səhnəsində görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi "Bəşəri komediya və ya Don Juan" əsərində Don Juanı yaradan Rafael Dadaşov bu dəfə tamaşaçılar qarşısına Don Qonsalo obrazı ilə çıxır. Xalq artistinin məharətlə yaratdığı Don Qonsalo Don Juanın gələcək qayınatasıdı. O, qızının xoşbəxtliyi yolunda döyüşməyə və ölməyə belə hazırdı. Don Qonsalonun ölüm səhnəsini bacarıqla oynayan Rafael Dadaşov tamaşaçıların rəğbətini qazanır.
   
   Don Qonsalonun həyat yoldaşını əməkdar artist Vəfa Rzayeva oynayır. İstedadlı aktrisanın ifasında Donna Elvira hökmlü, işvəli və kişiləri ram etməyi bacaran ehtiraslı bir qadındı. O, hər fürsətdəcə bu xüsusiyyətlərini büruzə verir.
   
   Əməkdar artist Əli Nur bu tamaşada ona həvalə olunan Tenorio obrazını inandırıcı boyalarla təqdim edir. Tenorio son nəfəsinə qədər oğlu Don Juanın qadınlara qarşı biganə olduğuna və yalnız həndəsə ilə maraqlandığına inanır. Əli Nur bu sadəlövh atanın yaşantılarını tamaşaçılara bacarıqla çatdırır. Tenorio əməkdar artist Əli Nurun məncə son illər Akademik Milli Dram Teatrının səhnəsində oynadığı ən yaxşı rollardan biridi.
   
   Dieqo ata əməkdar artist Ayşad Məmmədovun ifasında inandırıcı şəkildə təqdim olunur. Tamaşaçı ilk səhnələrdə Dieqo atanı ruhani kimi tanısa da, hadisələr inkişaf etdikcə onun əsl siması üzə çıxır. Məlum olur ki, Dieqo ata hiyləgər və qadın düşkünüdü.
   
   "Don Juan və həndəsə" tamaşasında teatrın gənc aktyorları maraqlı ifaları ilə yadda qalırlar. Akademik Milli Dram Teatrının repertuarına yeni daxil olan əsərlərin əksəriyyətində bir-birindən maraqlı rollar oynayan aktrisa Şəlalə Şahvələdqızına bu tamaşada İspaniyanın baş ara düzəldəni Selestina obrazı həvalə edilib. Gənc və istedadlı aktrisa təbii ifası ilə bu obrazın da öhdəsindən gələ bilir.
   
   Əməkdar artist Elşən Cəbrayılov (Don Rodreqo), Nigar Güləhmədova (Miranda), İlahə Həsənova (Donna Anna), Rövşən Kərimduxt (Don Baltasar Lopes) və Aslan Şirinov (Loerello) öz oyunları ilə tamaşadakı maraqlı aktyor ansamblını daha baxımlı edirlər.
   
   Tamaşanın uğurlu alınmasında geyim üzrə rəssam İlham Elxanoğlunun, musiqi tərtibatçısı Zurab Qaqloşvilinin, xoreoqraf Georgi Marqanianın, rejissor assisentləri Rəfiqə Musayevanın və Anar Sadıqovun da əməyi qeyd olunmalıdı.
   
   Səhnədə baş verən hadisələri maraqlı edən bir məqamı da xüsusi vurğulamaq lazımdı. Pyesi doğma dilimizə tanınmış yazıçı-tərcüməçi Yaşar özünəməxsus istedadla tərcümə edib. Tamaşanın sonunda səslənən seyrçi alqışından ona da pay düşür.
   
   
   
   Beynəlxalq layihə
   
   
   
   Yeni tamaşanın yaradıcı heyəti arasında Gürcüstanın tanınmış sənət xadimlərinin yer alması təsadüfi deyil. Akademik Milli Dram Teatrı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "GUAM-ın Teatr Məkanı" layihəsinin icrasına başlayıb. GUAM ölkələrindəki teatr kollektivlərinin əməkdaşlığını özündə ehtiva edən bu maraqlı beynəlxalq layihə müştərək tamaşaların hazırlanmasını, rejissor və aktyorların təcrübə mübadiləsini, texniki heyət üzvlərinin treninqlərini, o cümlədən də qarşılıqlı qastrolların reallaşdırılmasını nəzərdə tutur.
   
   "GUAM-ın Teatr Məkanı" Akademik Milli Teatrının Gürcüstana, Ukraynaya, Moldovaya yolunu açıb. "Don Juan və həndəsə" kimi maraqlı tamaşalar hazırlamağa qadir Akademik Milli Dram Teatrı müxtəlif xarici ölkələrdə öz yaradıcılıq potensialını uğurla nümayiş etdirə bilər.
   
   Niyə də olmasın?

TƏQVİM / ARXİV