adalet.az header logo
  • Bakı 12°C

NÖVBƏTi GEDiŞ

BABƏK YUSİFOĞLU
62293 | 2012-03-14 07:53
Bütün xarici və daxili siyasətini Moskvanın diqtəsi ilə həyata keçirən Ermənistan hakimiyyəti Rusiyadakı sonuncu prezident seçkilərindən sonra özlərinəməxsus bir hiyləgərliklə əslində köhnə olan yeni prezidentin diqqətini indidən üzərlərinə çəkməyə çalışırlar. Məqsədləri də Putinin Dağlıq Qarabağ problemində Ermənistana daha çox dəstəkçi çıxmasına nail olmaqdır. Rəsmi Yerevan qazandığı qələbəyə görə Putini yaltaqcasına təbrik etsə də pərdəarxası fərqli oyunlar sürdürməkdədir. Hakimiyyətin tapşırığı ilə bir sıra siyasilərə və politoloqlara tapşırıq verilib ki, Rusiyadakı seçkilər haqqında neqativ rəylər bildirsinlər.
   
   Sifariş alan həmin dəstənin sırasında Regional Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Riçard Qiraqosyan srağagün Yerevanda bəyan edib ki, Rusiyada keçirilən prezident seçkiləri şəffaf və qanuni olmamışdır. Onun sözlərinə görə, seçki məntəqələrində quraşdırılmış 90 mindən artıq kameranın çox böyük əksəriyyəti işləməmişdir və bu zaman çox əməllər törədilmişdir. Qiraqosyan ona da diqqət çəkib ki, Qərb Rusiyadakı seçkilərdə olan qanunsuzluqlara heç bir reaksiya göstərməmişdir. Qiraqosyan deyib: "Maraqlı faktlardan biri də budur ki, Rusiyanın müxalifət qüvvələri Putinə qarşı birləşsə də digər məsələlərdə ayrılıq nümayiş etdirirlər və bu da müxalifətin təsirini zəiflədir".
   
   Yerevan bu cür təbliğatla Moskvaya bildirmək istəyir ki, ermənilərin bir qismində narazılıqlar var və Putin bütün ermənilərin rəğbətini qazanmaq üçün Ermənistana daha çox diqqət ayırmalı, xüsusilə də Qarabağ məsələsində onları daha çox dəstəkləməlidir. A. Qiraqosyan da açıqlamalarında bildirib ki, Rusiyadakı hakimiyyət dəyişikliyi Qarabağ probleminin həlli istiqamətində heç nəyi dəyişməyəcək. Çünki hər şey Rusiyadan asılı deyil.
   
   Ermənistanda "hər şey Rusiyadan asılı deyil" fikrinin hazırkı məqamda dövriyyəyə buraxılması da məhz Moskvanın bu fikrin əksi istiqamətində siyasət yürütməyə təhrik məqsədi daşıyır. Əslində hər kəs, elə Riçard Qiraqosyan da çox gözəl bilir ki, Ermənistan Azərbaycan ərazilərini Rusiyanın köməyi olmadan heç bir zaman işğal edə bilməzdi. Rusiyasız həmin torpaqları 20 il işğal altında saxlamağa da gücü çatmazdı. Və indi ermənilərin Moskvanın yanına şərik qoşması elə-belə göydəndüşmə bir şey deyil. Heç bunu hansısa politoloqun fikri hesab etmək də düzgün olmaz. Çünki heç bir müxalif ideyanı yaxın buraxmayan hakimiyyətyönlü informasiya vasitələrinin bu cür iddiaları səxavətlə gündəmə gətirməsi göstərir ki, həqiqətən də Yerevan müəyyən dəstək qazanmaq üçün cilddən-cildə girməyə çalışır.
   
   Ümumiyyətlə, Ermənistanda hiss edirlər ki, beynəlxalq aləmdə Azərbaycan onları çox üstələyib. Artıq hər yerdə ermənilərin iç üzünü açan təbliğat xeyli güclənib. Elə Xocalı soyqırımının dünyanın əksər ölkələrində qeyd olunması, bir neçə ölkə tərəfindən Xocalı soyqırımının tanınması, Fransa konstitusiya şurasının türklər leyhinə qərar çıxarması, Türkiyə-Rusiya əlaqələrinin daha da genişlənməsi, Azərbaycanın sürətlə inkişaf etməsi... buna əyani sübutdur. Bu və ya digər səbəblər ermənilərdə Rusiyanın qucağına daha çox sığınmaq zərurətini yaradıb. Və qeyd etdiyim kimi belə bir situasiyada ermənilərin Kremlin yeni sahibi haqqında fərqli təbliğata yer verməsi boşuna deyil.
   
   Əslində bir sıra politoloqlar belə hesab edir ki, ümumiyyətlə, Moskvanın daha çox ilgisini çəkmək, daha çox dəstəyini qazanmaq üçün Ermənistan Qərbyönlü kursu bir qədər gücləndirməli, xüsusilə də Birləşmiş Ştatlarla təmaslarını artırmalıdır. Çünki Moskva artıq Ermənistanı unudub, daha çox düşmənlərlə əlaqələri genişləndirir. Onlar buna misal kimi "Qazprom"un Azərbaycandan daha çox qaz almaq planlarını, Türkiyə ilə mal dövriyyəsinin getdikcə inanılmaz şəkildə artmasını... göstərirlər. Bəziləri belə hesab edir ki, Kremlin özünün iqtisadi maraqları naminə Ermənistanı qurban verməsi gözləniləndir. Onlara görə Gümrüdəki 102-saylı hərbi bazasını isə ruslar ermənilərin təhlükəsizliyini təmin etmək üçün deyil, özlərinin Cənub sərhədlərinin qorunmasından ötrü saxlayırlar.
   
   Yazının əvvəlində qeyd etdiyim kimi, hakimiyyət isə Putinin daha praqmatik, daha çevik siyasət yürüdən siyasətçi kimi təqdim edir. Çünki onların başqa yolu da yoxdur. Yerevan hər cür sifətə düşür, hər cür oyunbazlıq edir ki, heç olmasa mövcud situasiyanı qoruyub saxlaya bilsin. Amma yaddan çıxarırlar ki, bütün istiqamətlərdə vaxt onların əleyhinə işləyir.

TƏQVİM / ARXİV