adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ELƏ BİLİRSİNİZ ASANDI?..

BABƏK YUSİFOĞLU
60706 | 2014-04-09 07:45
Yəqin insanlarımız bir zamanlar çox məşhur olan "uzaqdan döyüş adama asan görünür" ifadəsini yaxşı xatırlayır. Xüsusilə sovet dövründə yaşayanlar. Doğrudan da etiraf eləyək ki, o vaxtlar niyəsə hər şey bizlərdən uzaq idi. Bizim öhdəmizdə olanlar oktyabryata keçmək, ardınca pionerə, sonra komsomola, nəhayət kommunist partiyasına keçməkdi, bir də hər gün işə, işdən evə qayıtmaq idi... Nə isə, bunları ilə sözgəlişi xatırladım.
Deyirəm indi uzaqdan Barak Obamaya baxanlar fikirləşir ki, bəxtəvərin oğlunun nə vecinə, Amerika kimi əjdaha bir dövlətin başçısıdır, elə bu səbəbdən də dünyaya şeflik eləyir. Kimsə qabağında söz fırlada bilmir, kefi istədiyi müsəlman dövlətinin başına raket yağdırır, insanlarını qırır, bir "duxlu" adam da qarşısına çıxıb deyə bilmir ki, ə Barak, niyə belə eləyirsən?
Şef adamdı, kefi istədiyi ölkəyə gedir, istədiyi adamı yanına çağırtdırıb söhbətləşir, arvadının qohum-əqrabasına bəyəndiyi şadlıq evində toy çaldıra bilir. Hələ üstəlik dəbdə olan "lyuboy" müğənini də çağırır. Pulu-parası, evi-eşiyi, "telooxranitelləri", adı-sanı, tay nə bilim nələri də öz yerində. Belə baxanda fikirləşirsən ki, camaat ona da bəxtəvərlik verməsin, bəs kimə versin? Hə, mən ölüm?..
Amma inanın ki, hər şey uzaqdan belə görünür. Bir az dərinə gedəndə məlum olur ki, bu bədbəxtoğlu bədbəxt prezident seçildikdən sonra başı qalmaqallardan heç ayılmır. Gah Amerikaya qonaq gələn xalasını vizasının vaxtı bitdiyinə görə ölkədən kənara vızıldadırlar. Gah çıxış edərkən burnun ucunda uçaraq zəhləsini tökən milçəyi "rezki" hərəkətlə tutduğuna görə ölümcül tənqidə məruz qoyurlar, gah da ögey qardaşı jurnalistləri başına yığıb ağzına gələni danışır... belə müsibət, müsibət dalısınca. Təzəlikcə arvadı Mişel xanım da məhkəməyə ərizə verib ki, Barkla yaşamaq istəmirəm, vızqırdsın getsin Danimarkadakı baş nazirin yanına.
Saymaqla qurtarır məgər? Son vaxtlar da yazığın başı lap şişib. Xamlayıb öz tərəfinə çəkdiyi amerikapərəst iraqlılar, əfqanlar, səudiyyəlilər, ukraynlar, polyaklar... sifariş dalısınca, sifariş göndərirlər ki, filan şey filan oldu. Hələ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla, Abdullah Gülü demirəm. Hırx-nırx dirəniblər ki, Fətullah Güləni gərək bizə göndərəsən...
Hələ bu harasıdı, təzəlikcə bir dəb də düşüb. Kim bir oyun çıxarmaq, ya hansısa hoqqasına ad qoymaq istəyirsə onun adından istifadə eləyir. Bir bu adamlardan soruşan yoxdu ki, ayə, bu yazıqdan axı nə istəyirsiz? Niyə qoymursunuz oturub yavaş-yavaş prezidentliyini eləsin???
Dünən bir rus saytından Obamayla bağlı bir şey oxumuşam. Ona lap yazığım gəlib. Krasnodardakı super-market mağazasının kassacısı polisə verdiyi açıqlamasında bildirir ki, birdən gördüm ki, əlində silah tutmuş Barak Obama qarşımda dayanıb və kassaya yığılmış pulları tələb eləyir. Əvvəlcə fikirləşdim ki, kimsə zarafat eləyir, amma Obama acıqlı səslə dilləndi ki, beynini dağıdaram, tez ol. Ruslar əvvəl istəyiblər həmin xəbəri Putunə də çatdırsınlar ki, "brat" nə arxayın oturubsan Kremldə, Obama Rusiyada reketliyə başlayıb. Amma sonra öyrəniblər ki, o, Obama yox, Obama maskasını taxmış soyğunçudur.
Eşitdiyimə görə, amerikalı siyasilər belə hesab edirlər ki, Rusiya hakimiyyəti Obamanın imicinə ziyan vurmaq üçün qəsdən oğrulardan Obama maskasını geyərək "fəaliyyət" göstərmələrini istəyib. Və amerkanlar bununla bağlı Moskvaya etiraz notası verməyə hazırlaşırmışlar ki, Amerikadakı bir başqa olay bunu əngəlləyib. Yəni, amerikalıların öz alimləri yenicə kəşf olunmuş bir balıq növünə Obama adını veriblər. Məlumat üçün onu da qeyd edim ki, bu balıqların mavi naxışlı narıncı vücudları var. Yəni, Obamaya heç bənzərliyi yoxdu. Guya həmin amerikalı alimlər balığa alayı ad tapa bilmirdilər? Öz amerikalısı bu hoqqadan çıxandan sonra rusa nə deyəcəksən ki?
Və kimsə deməsin ki, balığa Obama adını verməkdə nə pis şey var ki? Var, qardaşım, var. Təsəvvür eləyin ki, birisi bazara gedir, balıq satana deyir ki, itim və ya pişiyim üçün mənə beş kilo Obama çək. Satıcı da cavab verir ki, mağazadakı Obamalar iylənib, sabah gələrsən və s.
İndi mən demirəm, siz deyin, bundan sonra bu bədbəxt oğlu Obama o kresloda oturub necə prezidentlik eləsin?.. Hamısını yox, vallah, elə bu qədərini bilmək kifayətdi ki, Obamanın əslində nə gündə olduğunu biləsən və ona bəxtəvərlik verməyəsən. Sadəcə uzaqdan hər şey asan görünür...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV