adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Siqar düzkünü olan dahi

25347 | 2012-03-16 07:58

   
   Freyd yoxsa Froyd?
   
   
   
   Sigismund Scholomo Freud (Düzgün oxunuşu: Ziqmund Şolomo Froyd. Alman dilində "eu" diftonqu "oy" kimi oxunduğu üçün Freud sözü də dilimizdə Froyd kimi səslənməlidir. Ancaq nədənsə bizdə Froyd əvəzinə hələ də Freyd deyilir.) 6 may 1856-cı ildə Avstriya-Macarıstan imperiyasında (indiki Çex Respublikası) doğulub, 23 sentyabr 1939-cu ildə Londonda vəfat edib. Psixoanaliz təlimini inkişaf etdirmiş nevroloqdur.
   
   Psixiatriyada "psixoanaliz" adı verilən müalicə üsulunu inkişaf etdirib. Ziqmund Froyd ruhi problemlərin qaynağını, xəstələrin gizlədikləri və şüuraltına itələdikləri problemlərdə axtarırdı. Xəstələrin şüuraltındakı duyğularını üzə çıxarmağa söykənən "psixooterapiya" adı verilən üsulla xəstələrini sağaltmağa çalışırdı.
   
   
   
   Yəhudi ailənin dahi övladı
   
   
   
   Froydun atası yəhudi əsilli yun taciri idi. Froyd dörd yaşında olarkən iqtisadi problemlərlə əlaqədar olaraq ailəsi Vyanaya köçür və Froyd 1938-ci ilə qədər burada yaşayır.
   
   Çalışqan bir tələbə olan Froyd məktəb illərində latın, ingilis və fransız dillərini, daha sonra isə şəxsi səyi nəticəsində ibrani, ispan və italyan dillərini öyrənib. 1873-cü ildə Vyana Universitetnin tibb fakültəsinə daxil olur. Universitet illərini ağır keçirən və daima yəhudi olduğu üçün ayrıseçkiliyə məruz qalan və tələbə yoldaşları tərəfindən də qəbul edilməyən Froyd 1876-cı ildə fizioloq Brükenin (Brücke) laboratoriyasına daxil olur və burada insanın sinir sistemləri üzrə tədqiqatla məşğul olur. 1881-ci ildə təhsilini başa vurduqdan sonra 1883-cü ildə doktor Teodor Maynertin (Dr. Theodor Meynert) başçılığı altında psixatriya klinikasında asistent olaraq işləməyə başlayır. Bu illərdə kokain üzrərində tədqiqatlar aparır.
   
   1885-ci ildə təqaüd qazanaraq Parisə gedən Freyd Salpetri Xəstəxanasında stajor kimi fəaliyyətə başlayır. Bir il ərzində bu xəstəxanada çalışır, təlqin və hipnoz haqqında tədqiqatlar aparır. 1886-cı ildə Berlinə gedir və burada uşaq nevropatalogiyası ilə məşğul olur. Həmin il Vyanaya qayıdır və burada dörd il nişanlı olduğu Marta Bernays (Martha Bernays) ilə evlənir.
   
   Froyd Vyanada yaşadığı illər ərzində bir çox kitablar yazmaqla yanaşı Psixoanalizi inkişaf etdirir, bununla yanaşı həkim işləyir və dərnək quraraq seminarlar keçirir.
   
   
   
   Xərçəngə görə 33 əməliyyat
   
   
   
   1923-cü ildə həkimlər tərəfindən ağız boşluğunda xərçəng xəstəliyi aşkar edilir və bu xəstəliyə görə 33 dəfə əməliyyat olunur.
   
   O, gənc yaşlarından siqar çəkməyə başlamış və bu vərdişindən ömrünün axırına qədər xilas ola bilməmişdi. Hətta özü edirdi ki, siqarın tüstüsü olmasa işləyə bilmirəm. Müasirləri onu barmaqları arasında siqar olmadan təsəvvür etmirdilər. Çox vaxt mühazirələrə, mötəbər yığıncaqlara da siqarla daxil olurdu. Bununla əlaqədar nəzarətçilərin, gözətçilərin ona nəzakətlə etiraz etməsinə belə əhəmiyyət vermirdi. Professorun vərdişi ona baha başa gəlmiş, Froydun ağız boşluğunda xərçəng xəstəliyi yaranmışdı. Amma Froyd siqara əvvəlkindən də artıq bağlanmışdı. Ağzı lazımınca açılmayanda o, sıxac vasitəsilə aralayıb siqarı dişləri arasına qoyurdu.
   
   1938- ci ildə almanların Vyanaya girməsi ilə əlaqədar olaraq Froyd Londona köçür və ömrünün sonuna qədər orada yaşayır və 1939-cu ildə burda xərçəngdən vəfat edir.
   
   
   
   Yuxuyozmalardan
   
   psixoanalizə qədər...
   
   
   
   Froyd prinsipləri ilə əlaqədar olaraq özünə aid olan bütün sənəd, məktub və dəftərləri yandırmışdır. Məhz buna görə, onun haqqında ən geniş məlumatı alimin yaxın dostu və məsləkdaşı olan ingilis psxiatrı Ernest Consun "Ziqmund Froyd, həyatı və əsərləri" adlı əsərdən əldə etmək olar. Froyd araşdırmalarını kitaba çevirməyi bacaran bir elm adamı olduğu üçün onun əsərləri haqqında xüsusi danışmaq lazımdır. Sadəcə əsərlərinin siyahısına nəzər salmaq kifayətdir ki, Froydun zəngin biliyinə heyran olasan.
   
   - "Gündəlik yaşamın psixopatalogiyası", "Yuxu yozmalar" (Xəyalların şərhi), "Psixoanaliz haqqında beş dərs" , "Totem və Tabu", "Narsizm tədqiqatına giriş".
   
   "Mədəniyyətin əndişəsi" ,"Musa və Təkallahlılıq", "Psixoanalizin tarixi", "Psixoanalizə giriş dərsləri" və s.
   
   
   
   Dini ən böyük təhlükə
   
   sayan "Totem və Tabu" əsəri
   
   
   
   Froydun Azərbaycan dilinə tərcümə edilən hələlik yeganə əsəri "Totem və Tabu" bu yaxınlarda "Qanun" nəşriyyatında işıq üzü görəcək. Əsərin tərcüməsinə təxminən 2 il əvvəl başlasam da, tərcümə və redaktə işi yalnız bu ilin fevral ayında yekunlaşıb. Həm ədəbiyyatımız, həm də fəlsəfə elmimiz üçün faydalı olan bu əsərin tərcümə edilib oxucuya təqdim edilməsi məncə çox vacib idi. Froyd ilk dəfə bu əsərində psixoanalizi antropologiya ilə əlaqələndirib. Əsərdə ünlü psixoanalitik dövrünün nevroz xəstələri ilə ibtidai insan arasında müəyyən bir bağın və ya araşdırılmamış bir əlaqənin olmasını isbat etməyə çalışır. Eyni zamanda psixoanalizin sintez gücü əsərdə özünü daha qabarıq şəkildə büruzə verir.
   
   Tarixdə qadağaları olmayan heç bir qövm və toplum yoxdur. Bu qadağaların hər birinin psixoloji səbəbləri var. Əsərdə ibtidai toplumlardakı qadağalar, əsatir və din, insest və totem, Edip kompleksi, tabu və libido mövzuları geniş təhlil edilir.
   
   Froyd araşdırmalarında insanların dini yaratmasını psixoloji mənada uşaqlıq illəri ilə əlaqələndirir. İnsan aciz olduğu zaman zehnində uşaqlıq illərinə qayıtmış kimi olur. Necə ki, uşaq vaxtı çətinliklərlə qarşılaşdığı zaman valideynlərinə sığınır və onlardan kömək istəyirsə böyüdükdən sonra da sığınacaq bir qüvvə axtarır ki, bu qüvvə də dindir. Müəllif əmindir ki, ibtidai insanın dinə, totemlərə, tabulara, cinlərə olan münasibəti ilə aparılan analogiya ilə günümüzün nevrozluların psixoanaliz tərəfindən müalicə etmək mümkündür. Dinə qarşı sərt mövqeyi ilə tanınan müəllif bu əsərində din haqqında sərt fikirlər səsləndirir. Müəllifə görə din ən böyük təhlükələrdən biridir. Çünki tarix boyu cəmiyyətə ziyan vuran sinfi təbəqələşmənin cəmiyyət içərisində möhkəmlənməsinə səbəb olub. Bu da öz növbəsində cəmiyyəti geriyə aparmış, inkişafdan dayandırmışdır. Froyd "Edip kompleksi" haqqındakı araşdırmalarını ilk dəfə bu kitabda oxucularına təqdim etmişdir.
   
   
   
   Froydun inkişaf etdirdiyi
   
   təlim - psixoanaliz nədir?
   
   
   
   Froydun əsasını qoyduğu psixoanaliz nədir? Bu metodu ən sadə formada necə izah etmək olar? 10 il psixoanalizlə məşğul olan Froyd nəyi sübut etməyə çalışırdı?
   
   Froyd psixoloji xəstəliklərin keçmişdə, xüsusilə uşaqlıq dövründə hiss edilən narahatlıqlardan, psixi xəstəliyi olan şəxslərin izah etmək istəmədikləri, hətta unutmuş olduqları qayğılardan, istəklərdən irəli gəldiyini düşünürdü.
   
   Ona görə bu narahatlıqlar, insan ruhunun dərinliklərində qalır, onların xoşbəxt olmalarına maneə törədirdi. Bəzən narahatlıq elə ciddi bir hal alırdı ki, xəstəni xəstəxanaya yatırtmaq lazım gəlirdi.
   
   Bu kimi xəstələri müalicə etmək üçün Froyd psixoanaliz adını verdiyi bir üsul tapdı. Froyd xəstəni mümkün qədər rahat danışdırır, təkcə gizli düşüncələrini deyil, ağılına gələn hər şeyi, hətta ona axmaq, ayıb, ya da əhəmiyyətsiz kimi görünən, sözgəlişi köhnə bir hadisənin və ya bir xəyalının xatirəsini belə dinləyirdi.
   
   Bir psixoanaliz, həftədə bir və ya bir neçə seans olmaqla illərlə davam edə bilər. Analizçi (analizi idarə edən və xəstəyə xatirələrini izah etməkdə və anlamaqda köməkçi olan adam), bu fərdi araşdırma işini bir başqa analizçiylə birlikdə də tamamlaya bilər.
   
   
   
   Eros və Tanatus
   
   
   
   Kainatda baş verən fəaliyyətlərin əsasında Eros və Tanatus adlandırılan bir-birinə zidd olmaqla yanaşı, həm də vəhdətdə olan iki başlanğıc məfhumun mübarizəsi dayanır. Eros həyat, Tanatus isə ölüm instinktidir və bunlar daima bir-biriylə mübarizə içərisindədirlər. Erosa öz müvcudluğunu qoruyub-saxlamaq tələbatını (adi fizioloji tələbatlar) və cinsi tələbatı aid etmək olar. Tanatusa isə aqressivlik, sadizm, mazoxizm, özünəqəsd və s. bu kimi hisslər aid edilir. Kainat özlüyündə xaosa, dağılmağa meyllidir. Həyat isə bu iki hal arasıdankı bir zaman kəsiyidir. Amma bu anlayış mütləq mənada anlaşılmamalıdır. Bununla yanaşı orqanizmlər də həyat boyu olumla ölüm arasında, sabitliklə xaos arasında qalır və mübarizə aparırlar. Orqanizmin sabitlik halına orqanizmin sağlam və normal halını, xaosa isə əsəbi, gərgin, qeyri-taraz vəziyyəti aid edilir. Xaos halının yaranmasının ən başlıca səbəbi Eros instinktlərinin tam ödənilə bilməməsidir. Bunun səbəbi isə praktiki olaraq imkansızlıq və cəmiyyətin qoyduğu əxlaqi, mənəvi normalardır ki, buna qarşı da çıxmaq ağır nəticələr doğura bilir.
   
   Froyda görə həmin ehtiyaclar ödənilə bilmədikdə insanın şüur adlandırılan hissəsindən bu hisslər altşüura sıxışdırılır və burada özünün realizə olunmasını gözləyir. Bir necə dəfə altşüurdan şüura doğru yeni mesajlar göndərilir və hər dəfəsində yox cavabı alınır. Bunun nəticəsində müəyyən bir zamandan sonra orqanizm normal fəaliyyət şəklini dayandırır və nevroz halına keçir. Bu halın yaranmasının ən böyük səbəbi psixoanalizdə cinsi istəklərin təmin olunmaması kimi göstərilir. Yaranmış bu vəziyyət müəyyən bir zamandan sonra kritik bir vəziyyətə çatır. Belə olan təqdirdə orqanizm özünü məhv olmaq təhlükəsindən xilas etmək üçün fəaliyyətə başlayır. Müvəqqəti olaraq bu cinsi istəyi süni şəkildə unutmağa başlayır. Bu orqanizmdə müvəqqəti cinsi zəiflik halının yaranması ilə müşayiət olunur. Orqanizmdə olan o cinsi istəklər və ehtiras unudulmaqla yanaşı başqa fəaliyyətlərə çevrilir və ya o enerji transformasiya olunur, başqa fəaliyyətlərlə özünü realizə edir. Buna müxtəlif yaradıcılıq, ixtiralarla məşğul olmağı misal göstərmək olar. Froyd araşdırmalarında daha çox altşüura itələnən istəkləri üzə çıxarmağa və bu metodla xəstəyə kömək etməyə çalışırdı. Psixoanaliz daha çox uşaqlıqda yaşanan travmaların təhlilini aparmağa və bununla xəstəliyin səbəblərini üzə çıxarmağa çalışır.
   
   Psxoanaliz yalnız xəstələrə xas bir müalicə üsulu deyil: hər kəsin ruhunun dərinliklərində şüuruna çatmadığı, amma zaman-zaman həyat sevincini dadmağa maneə ola biləcək xatirələri, həyəcanları vardır.

TƏQVİM / ARXİV