adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

islahat, islahat, ciddi islahat!

CEYHUN MUSAOĞLU
66806 | 2012-03-17 11:28
Ədalət"in şənbə sayının iki səhifəsini ədalətdən danışmağa həsr edirik. Yeni layihədi. Uzun müddət davam etməsinə çalışacağıq. Ədalətin qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda reallaşır. Ədalət hər gün bir az da yoxa çıxır. Onu düşüncəmizdə yaratdıq, dilimizə gətirdik, nəhayət əməlimizə çatanda büdrədik. Bəlkə geriyə qayıdaq: daha dəqiq düşünək, düşündüyümüzü təhrif etmədən çatdıraq. Belədə ədalətin qalib olma ehtimalı artar.
   
   Uzun və incə olmayan yola çıxırıq. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova şənbə günlərində bizimlə birgə bu yolda olub. Onlarla irəliyə doğru gedə bilmişik. Hazırda yol yoldaşımız Prezidentin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun sədri, millət vəkili Azay Quliyevdi. Qaldığımız yerdən Azay müəllimlə gələcəyə doğru uzanan yolda addımlamaq rahatdı. Qarşımıza çıxa biləcək maneləri dəf etməyin üsullarını bilir. Arxadan gələnləri də düşünür. Deyir ki, gərək elə iz qoyasan onu tutub gedənlər azmasın. Hə, əziz dostlar, yol üstündəki izi ilə tanınar.
   
   - Mərtəbələri qalxıb, "Ədalət" qəzetinin redaksiyasına çatana kimi "Azərbaycan" nəşriyyatının görkəmi ilə tanış olduz. Təəssüratınız necədir?
   
   - "Azərbaycan" nəşriyyatında axırıncı dəfə təxminən 10 il əvvəl olmuşam. Bu zaman ərzində vəziyyət nəinki yaxşıya doğru dəyişib, əksinə bir az da pisləşib. İstəməzdim ki, çoxlu sayda mətbuat orqanlarının işıq üzü gördüyü bir məkan diqqətdən kənarda qalsın. Nəşriyyat Azərbaycanın inkişafı ilə tamamilə tərs mütənasibdir. Binanın yenidən bərpasına və burada yerləşən mətbuat orqanların şəraitinin yaxşılaşdırılmasına ehtiyac var.
   
   - Başqa hansı sahələrdə ölkənin inkişafı ilə tərs mütənasibliyi müşahidə etmisiz?
   
   - 10 il əvvəllə müqayisədə böyük dəyişikliklər baş verib. Ölkədə elə bir yer yoxdur ki, orada inkişafın, dəyişikliyin şahidi olmayım. İstər bölgələrdə, istərsə də paytaxtda ciddi inkişaf tendensiyası yaşanır. Proses demək olar bütün sahələrdə özünü göstərir. Bütün nazirliklərin, komitələrin, ümumiyyətlə dövlət qurumlarının ya yeni binası tikilir, ya da təmir olunur. Rayonlarda da icra hakimiyyəti orqanlarının binaları, məktəblər, xəstəxanalar yenilənir. Əlbəttə bütün məktəblərin, xəstəxanaların hamısının təmir edildiyini, infrastrukturun təzələndiyini deyə bilmərik. Amma onlar da bu inkişafdan kənarda qalmayacaq. Bakıya gələn qonaqlar bir neçə aydan sonra növbəti səfərləri zamanı böyük dəyişikliklərlə üzləşdiklərini bildirirlər. Ola bilsin, biz bu mənzərə ilə hər gün rastlaşdığımızdan inkişaf prosesini o qədər də hiss etmirik. Azərbaycan dövlətinin adına yazılan böyük nailiyyətləri qoruyub saxlamaq lazımdır. Ayrı-ayrı qurumların rəhbərləri ayrılan vəsaitlərin doğru-dürüst istiqamətdə sərf olunmasında təşəbbüs göstərməlidir. Azərbaycan bizim ölkədi. Vətəni özümüzdən daha çox dəyərləndirməyi bacarmalıyıq, bu fəlsəfəni təfəkkürümüzə yerləşdirməliyik.
   
   - Yəni dəyişikliklərə mənəviyyatımızdan başlamalıyıq?
   
   - İnsan ən yaxşı hadisələri ilk növbədə daxilində yaratmalıdır. Bizi beynimiz idarə edir. O qədər dəqiq düşünməliyik ki, nəticədə xoşbəxtliyə nail olaq. Mövlana demiş, gözəl düşünən gözəl görər. Təəssüf ki, bu məntiqə tam sahiblənə bilmirik. Çölümüzdəki inkişafla, içimizdəki inkişaf arasında tərs mütənasiblik davam edir. Mütləq şüurumuzu yeniləməliyik. Biz XXI əsrin tələblərinə cavab verən vətəndaş hazırlamalıyıq, özümüzü bu istiqamətdə yetişdirməliyik.
   
   - Xaricimizlə daxilimiz arasında ziddiyyətə əsas səbəb nədir?
   
   - Zaman. Bu cavabla da kifayətlənmək olar. Sadəcə, bir qədər aydınlıq gətirim. Xarici qısa zaman ərzində dəyişmək mümkündür. Daxili dəyişiklik üçün çox böyük zamana ehtiyac var. Nəzərə alaq ki, insanlarımız 60-70 il başqa bir sistemdə yetişdirilib, fərqli təhsil məkanında böyüyüb və bəlli dəyərlər formalaşıb. Birdən-birə 180 dərəcə dəyişmək qeyri-mümkündür və istəsək də bunu edə bilmərik. Baxmayaraq ki, bir neçə istiqamətdə insanlar artıq məcburən dəyişiblər. Çünki 50-60 il əvvəl mövcud olan tələblər və dəyərlərlə bugünkülər kökündən fərqlidir. Amma baxış bucağı, yanaşma, idarəetmə və bütövlükdə dünyada gedən prosesləri izləmək, ona yetişmək, onun arxasınca sürünməmək nöqteyi-nəzərindən fərqlər çoxdur. Ümidverici haldır ki, yeni nəsil gəlir. Onlar müstəqil Azərbaycanda doğulublar, uşaqlıqdan müstəqil ölkədə yaşayıblar. Onlar suveren dövlətimizin abu-havası, qayğısı, uğurları, problemləri ilə birgə yaşa dolurlar.
   
   - XXI əsrin tələblərinə cavab verən vətəndaş necə olmalıdır?
   
   - Ən vacibi yüksək təhsilli, müasirliyin, inkişafın nəbzini tutan, özünün çevikliyi, dövrün tələblərinə cavam verməsilə seçilən vətəndaş olmalıdır. O vətəndaş hər yerdə Azərbaycanı yüksək səviyyədə təmsil etməyi bacarmalı, dünyanın qəbul etdiyi dildə danışmalıdır. Yeni insanın davranışı, həyat tərzi, hadisələrə baxışı inkişaf etmiş qabaqcıl dünyanın tələblərinə uyğun formalaşmalıdır. Ən vacibi isə XXI əsrin Azərbaycan vətəndaşı dövlətini və vətənini sevməli, ona bağlı olmalıdır. Bəziləri hesab edir ki, yeni dünya insanlara kosmopolit olmağı, dövlətindən, vətənindən kənarda qalmağı tərciyə edir. Səhv yanaşmadı. Avropa ölkələrində inkişafın tempi yüksəldikcə vətəndaşlar dövlətinə, xalqına daha çox bağlanır, bunula yanaşı bəşəri dəyərlərin daşıyıcısı olurlar.
   
   - Azərbaycan gəncinin dövlətə münasibətindən razısız?
   
   - İstənilən məsələni qiymətləndirərkən ümumiləşdirmə aparmağa ehtiyatla yanaşıram. Bütün gənclər barəsində eyni fikir səsləndirmək düz deyil. Rənglər müxtəlif olduğu kimi, gənclərimiz də müxtəlifdir. Hər şey ailədən başlayır. Bu fikir tez-tez səsləndirilsə də, fakt olduğu üçün təkrara həmişə ehtiyac var. O ailədəki təməl sağlamdır, təhsilə, tərbiyəyə, dövlətə, millətə bağlılıq mütləq olacaq. Belə ailələrdən çox nadir hallarda problemli övlad çıxar. Özümüzə almanların "Sən vətən üçün nə etmisən" sualını verməliyik. Hamımız paytaxtımızı gözəl, səliqəli, təmiz görmək istəyirik. Yaxşı arzudu, indi görək təmizliyin tələbinə uyğun hərəkətlər edirikmi?.. Şəhəri kağız, siqaret, kontur kartı, bir sözlə, zibil yeşiklərinə atılmalı olan əşyalarla çirkləndirən adamlara azmı rast gəlirik... Hər kəs özünə nəzarət etməyi bacarmalıdır.
   
   - Küçəni zibilləyən adama irad bildirəndəki həmin əşyanı zibil qutusuna atmalıdır, cavab verir ki, yaxınlıqda belə yeşiklər yoxdu...
   
   - Çox qabarıq bəhanədi. Atmaq istədiyin əşyanı, çantaya, cibinə qoya bilərsən, harda zibil yeşiyi gördün atarsan. Görürsüz, bir daha təsdiq olunur ki, insan özündən başlamalıdır, başqasının hərəkətsizliyini bəhanə gətirib, necə deyərlər, "sudan quru çıxmağa" çalışmamalıdır. İnsan üç əsas mərhələ üzrə formalaşır. Birincisi ailə, ikincisi məktəb, üçüncüsü cəmiyyət. Bu mərhələlər bir-birilə o dərəcədə bağlıdır ki, birində problem olan kimi dərhal digərlərində özünü göstərəcək. Ona görə sizin dediyiniz və bizim arzuladığımız gəncliyin formalaşması, yetişməsi və gələcəkdə bu dövlətə sahib çıxması üçün hər üç subyektin üzərinə düşən vəzifə yüksək səviyyədə həyata keçməlidir. Mən pessimist deyiləm. Tələblərə cavab verməyən gənclərlə yanaşı, bu gün yüksək təhsilli, müxtəlif dillərdə danışmağı bacaran, dünya texnologiyasından baş çıxaran, xalqına, dövlətinə bağlı olan çox hazırlıqlı, inkişaf etmiş gənclik var. Əsas strategiyamız 20 ildən sonrakı vətəndaş modelidir. Orta nəslin nümayəndəsi kimi, düşünürəm ki, 20 ildən sonra bizim yetişdirəcəyimiz vətəndaş necə olmalıdır? Bütün inkişaf - tikdiyimiz binalar, çəkdiyimiz yollar, çıxardığımız qəzetlər, yaratdığımız qurumlar hamısı gələcəyin vətəndaşının, Azərbaycan insanının necə olmasını müəyyənləşdirməyə yönəlməlidir. Belə olduğu təqdirdə həmin vətəndaş yaxşı menecer, yaxşı nazir, yaxşı icra başçısı, yaxşı jurnalist, yaxşı QHT rəhbəri, yaxşı qonşu, yaxşı həyat yoldaşı olacaq. Bu istiqamətdə çox ciddi yatırımlar qoyulur, işlər görülür və hələ görüləcək işlər də çoxdur. Problemlərimiz də çoxdur, amma birgə töhfəmiz nəticəsində o problemləri tezliklə aradan qaldıra bilərik.
   
   - Müasir tələblərə cavab verən əsl vətəndaşın yaradılmasında təbliğatın danılmaz rolu var. Televiziyalar isə ən təsirli təbliğat vasitəsi sayılır. Azərbaycan televiziyaları 20 il sonranın vətəndaşını yetişdirməyə xidmət edir, yoxsa, yaranmamış məhv etməyə. Təbii ki, Sizdən tamaşaçı kimi cavab istəyirəm. Kütləvi İnformasiya Vasitələrinin bugünkü mənzərəsinə baxanda gələcəyin insanını yaradacaq istiqamətdə getmədiklərini görüb təəssüflənirəm. Ən çox mənəviyyata diqqət ayırmalıyıq. Televiziyalarda mənəviyyatımızın aşılanmasına təsir edən elementlərin təsir dairəsinə düşürüksə, əlbəttə sonunda acı nəticə ilə qarşılaşacağıq. Milli Məclisdə məsələ qaldırmışdıq ki, Azərbaycan insanının mənəviyyatına, şüuruna mənfi təsir edən verilişlərdən imtina olunsun, insanlarımızın normal vətəndaş kimi formalaşmasına xidmət edən, şüuraltında müəyyən baza yarada biləcək fəaliyyət qurulsun. Ən yüksək səviyyədə çağırışlar olsa da, nəticə ürəkaçan deyil.
   
   - Yəqin televiziyalar yeni demokratik üsul idarə kəşf ediblər: ultra-müstəqillik...
   
   - Televiziyalara irad bildirəndə özlərinə məxsus arqument səsləndirirlər. Ciddi-cəhdlə reklam bazarının olmamasını əsas gətirərək, deyirlər ki, reytinq müəyyənləşdirən şirkətlər bayağı verilişlərin auiditoriyasının geniş olduğunu təsdiqləyirlər. Reklam verən biznes qurumları da məhz həmin reytinqlər əsasında bayağı verilişləri seçirlər. Mən bu arqumenti qəbul emirəm və əmin deyiləm ki, reytinq ölçən şirkətlər haqlıdır. Azərbaycan vətəndaşlarının zövqünün mənəviyyatı korlayan verilişlərə uyğun olduğuna inanmıram. Verilişlərin reytinqlərini müəyyənləşdirənlər ciddi səhvlərə, kobud yanlışlıqlara yol verirlər. Bu, bilərəkdən də ola bilər, çünki bir toplumu, xalqı məhv etmək üçün onun ideologiyasını, mənəviyyatını ilk növbədə dağıtmaq, parçalamaq lazımdır. Çirkin məqsədə çatmaq üçün insanların beyninə, mədəniyyətinə, mənəviyyatına birbaşa hücum edə biləcək proqramlar, seriallar siyahısını uzatmaq lazım gəlir.
   
   - Çıxış yolu bilirsiz?
   
   - Almaniyada olarkən bu məsələ ilə maraqlandım. Onlar bildirdilər ki, uzun müddətdir Amerika filmlərinin Almaniyada nümayişinə qadağa qoyulub. Çünki həmin filmlər alman zehniyyətinə, düşüncəsinə mənfi təsir göstərir. Onlar xüsusi konsepsiya da hazırlayıblar. Alman vətəndaşına ilk növbədə özünə inam, qürur, milli mənlik hissi aşılanır. Qəribədir ki, bizdə ikinci qrup millət olmaq hissi hakim olub. Hətta aşağılayıcı ruh folklorumuzda özünə yer tapıb, elə nağılımız yoxdu ki, orda qardaş, dost xəyanətindən danışılmasın. Novruz bayramının atributu kosanı xristianların şaxta babası ilə müqayisə edirəm. Şaxta baba bizim kosamızla müqayisədə çox gözəl, yaraşıqlı, hər zaman insanları sevindirən, onlara hədiyyə gətirən xeyirxah əməllər sahibi obrazında çıxış edir. Bizdə kosa təlxəklik edir, öz torbasını doldurub aparır. Bütün bunlar sanki şüuraltı beyinlərimizə yeridilir ki, sən ələ baxmalısan, sənin daxilində yaltaqlıq olmalıdır, qeyri-natamamlıq hissi yaşamalısan.
   
   - Bəlkə yaranışdan belə təfəkkürə malikik?..
   
   - Yox, belə deməzdim. Tariximizdə çox yaxşı nümunələr var. Qüruru, mənəviyyatı, sevgini, vətənpərvərliyi, bir sözlə, insanlığı hər şeydən üstün tutan nümunə insanlarımız olub, indi də var. Sadəcə pis hisslər altyapımıza əsrlər boyu xüsusi texnologiyalarla qəsdən hopdurulub. İndi də ruhumuzun işğalından qurtula bilmirik. Bizdə natamamlıq sindromu dərin kök salıb. Xarici səfərlərdə tez-tez oluruq və aşılanan mentalitetə görə, hədiyyələr aparmağa meyilliyik. Bunu qəbul etmirəm. Protokol hədiyyəsindən kənar bütün hədiyyələrin həmişə əleyhinə olmuşam. Çünki hədiyyələri alanlar bizə ikinci, üçüncü qrup millət kimi baxır. Biz bununla sanki özümüzü yaxşı göstərmək istəyirik. Belə olmamalıdır, əslində onlar bizə hədiyyə verməlidir. Biz heç də onlardan geridə qalmırıq. Yaxud da qonaqpərvər xalq olmağımızla öyünürük. Qonaqları aeroportda qarşılayıb gətiririk, bütün günü başının üstündə dayanırıq. Bəs xaricdə necə, belə diqqətlə qarşılaşırıqmı? Əlbəttə yox. Onlar artıq özlərini oturuşmuş xalq, dövlət hesab edirlər. Biz isə özümüzü sanki axtarışda olan, özünü sübut edən ikinci, üçüncü dərəcəli xalq kimi təqdim etməyə çalışırıq. Bəlkə də kimlərəsə fikirlərim qəribə görünə bilər. Olsun, yenə öz fikrimdə qalıram və deyirəm ki, belə düşüncədən çıxmalıyıq. Amerikalıların 300 yüz ilə yaxın tarixi olsa da, "mən amerikanlıyam" mənliyi ilə dünyanın super dövlətinə çevriliblər. Amerika ilə Azərbaycanı müqayisə etmirəm. Sadəcə nümunə göstərirəm. Azərbaycanlılar da mənsub olduqları xalqa görə fəxr etmək haqqına sahibdirlər.
   
   - Xalq yaradıcılığında əksini tapan neqativ məqamlar ola bilsin ona görə vurğulanır ki, görək və pis olduğunu bilib xilas olaq, problemlər gələcək nəsillər üçün qalmasın...Bu yanaşmada həqiqət payı var?
   
   - Maraqlı yanaşmadı. Problemi gülüş hədəfinə çevirməklə həll etmək də ədəbiyyatda bir janrdır. Hər bir xalqın tarixində mənfi və müsbət hallar olub. Xalqların folklorunda qəhrəmanlıqlar da olub, qorxaqlıqlar da. Düşünürəm ki, xalq olaraq müsbətlərdən faydalanmağa, pozitiv tərəfləri qabağa çəkməyə, yaxşı əməllərimizlə dünyanın pozitivlərini birləşdirməyə çalışmalıyıq. Neft gəlirlərindən istifadədən çox danışılır. Bizim neftdən rassional istifadəmiz bir çox neft ölkələri üçün örnəkdir. Neftlə zəngin olan Hollandiya, Norveç, Nigeriya variantları mövcuddur. Məsələn, Nigeriya neftdən üç yüz milyard dollar gəlir əldə etdi və neft bumu başa çatdıqdan sonra onun xarici borcu üç yüz əlli milyarda çatdı. Norveç isə bu gəlirlərdən tam rassional istifadə etdi və bu gün dövlət neft fondunda yüz milyard dollardan çox vəsait var. Azərbaycan da bu məsələdə çox ağıllı bir strategiya götürdü və həm Nigeriyanın mənfilərindən dərs aldı, həm də Norveçin müsbət addımlarından faydalandı. Bunun əsasında Azərbaycan öz modelini yaradır. Həm Neft Fonduna pullar toplanır, həm də neftin verdiyi imkanlardan digər sahələrin inkişafı təmin olunur. Gəlirlərin digər sahələrə də tətbiqini reallaşdıra bilərik.
   
   - Türkiyənin nə qazı var, nə nefti. İnkişafını isə artıq Avropa Birliyi etiraf edir.
   
   - Razıyam, son 10-15 ildə Türkiyə çox böyük sürətlə inkişaf edib. Tibb sahəsindəki irəliləyişi xüsusilə vurğulamaq olar. Artıq Türkiyə özünün hərbi, mülki təyyarəsini istehsal edir və bu gün dünyanın 16-cı ən böyük iqtisadi dövlətidir. Bu, elə-belə baş vermədi, istək, inam oldu və beynəlxalq innovasiyanın qəbulu ilə yanaşı, özünün töhfəsini də əlavə edib belə bir formaya gəlib çıxdı. Azərbaycan da bu yolla gedir. Gənc dövlət olaraq bəlli hədəflərimiz var. Hədəfimiz Şərqi Avropanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilməkdir.
   
   - Ağrıdıcı faktlar da var. Məsələn, azərbaycanlı müalicə üçün ən çox İrana, təhsil üçün isə Türkiyəyə, o cümlədən bəzi Avropa ölkələrinə üz tutur. Sağlamlığı və elmi öz əlində olmayan insanları əsl vətəndaşa çevirmək nə qədər mümkündür?
   
   - Qeyd etdikləriniz ciddi faktlardır və biz hamımz bunları gündəlik həyatımızda hiss edirik. Çox təəssüflər olsun ki, dedikləriniz həqiqətdir. Şübhəsiz, Azərbaycan səhiyyəsində peşəkarlar var və ayrı-ayrı həkimlərimiz tibb sahəsində çox nadir uğurlara imza atıblar. Amma bu, sistem halında olmalıdır, çox ciddi islahatlar aparılmalıdır. Səbəblərdən birincisi odur ki, bu gün həkimin təminatı çox aşağı səviyyədədir. Ölkədə məcburi tibbi sığorta məsələsi öz həllini tapmayıb. İkincisi, tibb xidmətinin aşağı səviyyədə olması insanların Azərbaycan səhiyyəsinə inamını qırıb. İmkanı olan kimsə sağlamlığını risk altına salmaq istəmir. Ona görə də insanlar Türkiyəyə, İrana üz tuturlar. Burada həm böyük bir kapital axını, həm də Azərbaycan səhiyyəsinin on illərlə geri atılması faktı var. İnsanlar başqa ölkələrə üz tutduqca burdakı həkimlərin həm maddi, həm də professional klassifikasiyası baxımından imkanları məhdudlaşır. Bu, birbaşa dövlət islahatlarını tələb edən zəruri məsələdir. Hesab edirəm ki, dövlət bütün yükü öz üzərinə götürməli, çox ciddi radikal islahatlar aparmalıdır. Eyni zamanda özəl səhiyyəyə də xüsusi önəm verilməli, burada liberallaşma çox yüksək səviyyədə olmalıdır, sərbəstlik verilməlidir. Azərbaycan səhiyyə sahəsində bütün dünyaya açılmalıdır və mövcud qanunlara uyğun şəkildə xarici ölkələrin tibb müəssisələrinin açılmasına daha yaxşı şərait yaradılmalıdır. Hətta lazım gələrsə, onları vergi güzəştləri ilə təmin etmək olar.
   
   - Müasir tələblərə cavab verən səhiyyə ocaqlarında fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssisləri necə hazırlayaq?
   
   - Təbii ki, həmin səhiyyə müəssisələrini işlədən mütəxəssislərə, müasir aparatları idarə edən peşəkarlara professionallara böyük ehtiyac var. Şəxsən mənim müayinəmdə çox ciddi yanlışlıqlara yol verilmişdi. Olduqca bəsit problemi Türkiyədə çözdüm.
   
   Əsas bazası təhsildə qoyulur. İstənilən sahə ilə bağlı təhsili necə alırsansa, bu, birbaşa həmin sahəyə təsir edir. Ona görə də biz ilk növbədə təhsilimizi beynəlxalq, Avropa standartlarına çatdırmalıyıq.
   
   - 20 ildir hamı bunu deyir...
   
   - O qədər mürəkkəb problemlər var ki, onu başlamaq da, bitirmək də çətindir. Hər bir işin arxasında duran bacarıqlı kadrlara, hər bir islahatı apara biləcək böyük menecerlik institutuna ehtiyac var. Eyni zamanda hər bir işin həyata keçirilməsi üçün münbit şəraitin olması zəruri şərtdir. Çox böyük ürək ağrısı ilə dünya universitetlərinin reytinqinə baxırıq və orada Azərbaycanın adını görmürük. Gördüyümüz universitetlər 4-5 mininci yerlərdədir. Təəssüflər olsun ki, aclıq, səfalət içərisində olan düşmən qonşumuz Ermənistan universitetlərinin reytinqləri bizdən çox-çox fərqlidir. Hələ mən Türkiyəni, postsovet məkanı ölkələrini bir kənara qoyuram. Bəli, burada hökumətin də çox böyük məsuliyyəti, yükü var. Eyni zamanda da insanların üzərində böyük məsuliyyət düşür. Biz hamımız nəsə etməliyik, nəyinsə qulpundan yapışmalıyıq. Növbədə durmaq əvəzinə, kiməsə rüşvət verib növbəmizi pulla almamalıyıq. Hansısa işimizi qanunsuz şəkildə həll etmək üçün min cür qanunsuz əməllərə yol verməməliyik...
   
   - Biz həm də rüşvət almamalıyıq...
   
   - Bəli, almamalıyıq. Özümüzdə cəsarət tapıb haqqımızı tələb etməliyik, rüşvət istəyən məmurlara irad bildirməyi, yeri gələndə tənqid etməyi bacarmalıyıq. Götürək elə mətbuatımızı. Hansı birini açıb oxuyursan, hamısında şəxsi maraqların olduğunu görürsən. Hansısa məsələ şəxsi, siyasi maraqlarına uyğun deyilsə, dünya dağılsa da dəstək verməz. "Eurovision" ən böyük qələbəmizdir. Bu gün kimsə onun əleyhinə gedirsə, ona nə deyəsən... Lap deyək ki, problemlərimiz var, bunu heç kim də inkar etmir. 57 ölkədə keçirilən bu müsabiqənin baş tutduğu hansı bir dövlətdə problem yoxdur ki? Onların hansında bu qədər əks kampaniya aparılıb? Axı bu bizim hamımızın uğurudur. Biz ölkənin hüdudlarından kənara çıxanda adımız alnımıza yazılmır ki. Bizim alnımızda bir yazı var - azərbaycanlı. Yaxşı da, pis də adımızla bağlıdır. Əgər bunu hiss etmiriksə, şəxsi və siyasi ambissiyalarımız naminə "dünya necə tarac olur-olsun, nə işim var" deyiriksə, xoşbəxt gələcəyin qurulması mümkünsüz olacaq.
   
   - Alnında azərbaycanlı yazılan xalqın iqtidarı ilə müxalifəti arasında düşmənçilik davam edirsə, hansı ümumi işdən danışmaq olar?
   
   - Bizim bir düşmənimiz var, o da Ermənistan. Başqa düşmən axtarmağa haqqımız yoxdur. Bir-birimizə rəqib, opponent ola, razılaşmaya bilərik. Amma bizim üç məsələdə bir-birimizlə razılaşmamağa haqqımız yoxdur. Onlardan biri milli maraqlar, ikincisi, qanunların aliliyinin təmin olunması, üçüncüsü, haqq-ədalətin sosial birliyin təminatı. Hamımız bir olmalıyıq. Dağlıq Qarabağa, "Eurovision"a münasibətdə kimsə niyə fərqli düşünməlidir? Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasına necə sevinməmək olar? Ağıllı şəxs, ağıllı siyasətçi bilməlidir ki, "Eurovision"un əleyhinə çıxmaqla o, həm də ictimai dəstəyin əleyhinə çıxır. Əgər Azərbaycan xalqı tərəfindən dəstək qazanmırsansa, deməli, sənin hədəfin xalq deyil, xalqın rəyindən narahat deyilsən. Önəmli olan sifarişi yerinə yetirməkdir, səninlə xalq arasında böyük bir uçurum var.
   
   Məmurun, deputatın, QHT-nin, qəzetçinin, sıravi vətəndaşların, umumilikdə hər bir şəxsin vətəndaş, dövlətçilik təfəkkürü bütün parametlərlə arzuladığımız səviyyədə olsa, neqativ halların böyük əksəriyyəti baş verməz. Axı mənəvi aşınmalar həmin yerlərdən başlayır. İnsan addım atanda ya Allahı, ya qanunu, ya da vicdanını fikirləşməlidir. Bunların heç birini fikirləşmirsənsə, deməli, istənilən addımı ata, istənilən rəzaləti törədə bilərsən.
   
   İqtidarla müxalifət düşmən olmalı deyil. Əksinə, bu gün müxalifət iqtidara konstruktiv, sağlam mövqe sərgiləməlidir. Ölkədə olan problemi çox səmimi şəkildə ortaya qoymağı bacarmalıdır. Hakimiyyət isə müxalifətin bu jestindən maksimum yararlanmalıdır və iqtidar çalışmalıdır ki, nöqsanları məhz müxalifətin dilindən eşitsin, aradan qaldırmağa çalışsın. Təəssüflər olsun ki, bu gün müxalifət əldə edilən bütün uğurları inkar edir. Axı bu hakimiyyətə də pis təsir edir və bu qədər görülən işin inkarı ilə barışmır. Haqsızlıq görəndə dilə gətirməsən də daxilən təsirsiz ötüşmür. Hər bir şey qarşılıqlı olmalı və müşahidə etdiyimiz bu buz sındırılmalıdır. Toyları bir kənara qoyaq, heç yas mərasimlərində belə, iqtidarla müxalifəti bir yerdə görə bilmirik. Belə hadisələr mənəvi tellərin bağlanmasına, mənəvi körpülərin yaranmasına fayda verər. Bu ümumi adət-ənənələrimizə uyğun gəlmir. Əbülfəz Elçibəy rəhmətə gedəndə ulu öndər Heydər Əliyev yüksək səviyyədə onun dəfn mərasiminin keçirilməsi barədə göstəriş verdi, nəşi önündə təzim etdi. Bu, ən böyük mənəvi-əxlaqi nümunə idi. Bunun müqabilində isə biz onun varislərindən özünə qarşı nə gördük? Bunlar çox ciddi məqamlardır və insanların şüurunda dərin yaralar buraxır.
   
   - Prezidentin yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müxtəlif qütblərdə təmsil olunanların bir araya gəlməsi nümunəsini ortaya qoya bildi. Şuradan qrant alan təşkilat rəhbərləri arasında müxalifət partiyalarının yetkililəri də var. Cəmiyyətin birləşməsi üçün dəyərli mövqedi. Amma qalib layihələrin təqdim olunan problemin həllində təsiri azdır. İnsan haqları, jurnalistika, təhsil və başqa sahələr üzrə minlərlə layihələr həyata keçirilsə də, nəzərəçarpacaq dəyişiklik yoxdu. Hətta həmin sahələrdəki vəziyyət əvvəlki dövrlərə nisbətdə daha kəskin tənqid olunur. Layihələr niyə effekt vermir?
   
   - Şura yarananda dövlət başçısı bizim qarşımıza bir məqsəd qoymuşdu: vətəndaş cəmiyyəti institunun inkişafına köməklik, QHT-lər arasında hər hansı bir formada ayrı-seçkiliyə imkan verməmək, dünyaya baxışı, siyasi mövqeyindən asılı olmayaraq ən yaxşı layihəni dəstəkləmək. Şura yaranmamışdan əvvəl bu qurumun yalnız hökumətyönümlü təşkilatları maliyyələşdirəcəyi barədə skeptik düşünənlər vardı. QHT-lərdə bu çox yararsız yanaşmadır və bu qurumla bağlı iqtidar-müxalifət bölgüsü aparmaq olmaz. Əgər biz fərq qoysaydıq, çətin vəziyyətə düşərdik. QHT-lər vətəndaşların könüllü şəkildə birləşdiyi, nəcib ideyalar uğrunda mübarizə apardığı qurumlardır. Ona görə də QHT-lər özlərində cəsarət tapıb problemləri açıq şəkildə bildirməlidir. Heç də hər şeyi dağıtmaq, parçalamaq, cəbhələrə, düşərgələrə bölmək lazım deyil. Biz bu müxtəlifliyi formalaşdırmaqla, mənəvi bir mühit yaratmışıq. Bu çox yaxşı bir platformadır və nəzərə alsaq ki, Şura özü bütövlükdə QHT-lər tərəfindən idarə olunur, aydın olar ki, bu, həm də vətəndaş cəmiyyəti institutlarının özü-özünü idarəetməsi üçün xüsusi bir töhfədir. Avropanın bir neçə inkişaf etmiş ölkələri Azərbaycanda bu Şuranın yaranıb formalaşma mexanizmi, təbliğat istiqamətləri, maliyyə şəffaflığı ilə bağlı təcrübəsini öyrənirlər.
   
   O ki, qaldı QHT-lərin zəruri problemlərlə bağlı həyata keçirdikləri layihələrə, biz həmişə bunun arxasında olmuşuq. Dövlət vəsait ayırır, amma təəssüflər olsun ki, gözlədiyimiz təklifləri irəli sürənləri görmürük. Bütün bunlar həm də QHT-nin ayaqda durması üçün ona dəstək olar. İctimai yükü olan təkliflərlə QHT-lər çıxış etsələr, biz onları dəstəkləməyə hazırıq. İndi QHT-lərimiz hədən artıq tənbəlləşiblər. QHT o demək deyil ki, dövlət ona hansısa məsələ ilə bağlı vəsait ayırsın, qrant onların hansısa ideyasının həyata keçirilməsi üçün bir vasitədir. Əlbəttə ki, nəticələr var, amma bunun sürəti məni qane etmir.
   
   - Bura gəlib çatana kimi bəlli bir yol keçmisiz. Xatırlayırıq: Sizin rəhbərlik etdiyiniz Milli QHT Forumunu dövlət qeydiyyatına almırdılar. Hətta bir neçə dəfə icazəsiz piketlər də keçirmisiz...
   
    - Sosial sığorta ilə bağlı yeni bir qanun qəbul olunmuşdu. Onun geriyə şamil olunması məsələsi vardı. Biz ona görə Sabir bağında icazəsiz piket keçirdik. Onda ulu öndər dərhal reaksiya verdi və QHT-lərin rəyini nəzərə alaraq, bu məsələni müsbət həll etdi. Çünki səmimi olduğumuz çox aydın görünürdü. Mən həmişə sözümü deməyə, QHT-lərin maraqları ilə dövlətçilik maraqlarını uzlaşdırmağa çalışmışam. Əsas məsələ də budur. Amma QHT çətiri altında siyasi maraqlarımı həyata keçirməyə çalışsaydım, artıq bu qurumun fəlsəfəsinə zərər vurmuş olardım. O dövrdə QHT-lərə münasibət bir qədər fərqli idi və hökumət əleyhinə olan təşkilat kimi qəbul edirdilər. Bu da təbiidir, çünki sovet ideologiyasından çıxmış bir ölkədə sərbəst cəmiyyət institutlarının fəaliyyətinə, tənqidi fikirlərinə bir qədər dözümsüz yanaşırdılar. 1999-cu ildə Milli QHT Forumunu yaradanda regionlarda BMT proqramları çərçivəsində onun mərkəzlərini formalaşdırmaq istəyirdik. Buna görə icra hakimiyyətləri tərəfindən bizə o qədər təpkilər oldu ki... Biz tədbirlərimizə hansısa deputatı, naziri dəvət edə bilmirdik. 1999-cu ilin noyabrında İstanbulda ATƏT-in sammiti keçirilirdi. Heydər Əliyev üç nəfər QHT nümayəndəsini də, o cümlədən məni özü ilə həmin sammitə apardı. Ondan sonra böyük bir müşavirə keçirildi və QHT nümayəndələri də dəvət olundu. Həmin müşavirədə çıxış etdim və ondan sonra bizə münasibət büsbütün dəyişdi.
   
   - Növbəti seçkidə Şura sədrliyinə namizədliyinizi irəli sürəcəksiz?
   
   - Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə ixtisaslaşmış QHT qrupları üzrə seçkilər beynəlxalq təşkilatların müşahidəsi ilə çox şəffaf, demokratik keçirildi və səkkiz qrup üzrə, hər qrupda üç nəfər olmaq şərtilə 24 nəfər seçildi. Biz yaxın zamanlarda siyahını cənab prezidentə təqdim edəcəyik. Prezident hər qrupdan bir nəfər olmaqla səkkiz nəfər QHT-dən, üç nəfər hökumət təmsilçilərindən ibarət 11 nəfər Şuranın yeni üzvlərini təyin edəcək. Şuranın ilk toplantısında isə yeni sədr, müavin və katib seçiləcək.
   
   - Yenə də sədr olmaq istəyirsiz?
   
   - Bunu Şuranın öhdəsinə verirəm, amma səmimi olmaq istəyirəm. Bu gün bizim başladığımız yarımçıq işlərimiz var və onu yekunlaşdırmaq lazımdır. Əgər prezident mənə etimad göstərsə, Şuranın üzvü təyin etsə və Şura üzvləri də yenidən mənə bu postu həvalə etsələr, onu məmnuniyyətlə yerinə yetirməyə hazıram. İndi hökumət QHT-ləri bir nömrəli partnyor kimi qəbul edir. Yeni hədəflərimiz var və bu hədəflər Azərbaycanda vətəndaş cəmiyyəti institutlarını inkişaf etmiş ölkələrin standartlarına çatdırmaq, bu qurumun immunitetini artırmaq, cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyasını təşkil etmək, hər bir vətəndaşın hüquqlarının qorunmasında bu mexanizmin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə təminat verməkdir.
   
   - Yarımçıq işləri növbəti dörd ildə çatdırmaq olar, yoxsa yenə yarımçıq işlərin qalma ehtimalı var?
   
   - Heç vaxt işləri tam çatdırmaq mümkün deyil, amma bizim konkret layihələrimiz var. Dörd qanun layihəsi və həmçinin QHT-lərin standartını hazırlamışıq. İlk dəfə Cənubi Qafqaz və postsovet məkanında "QHT-lərin kateqoriyaya bölünməsi və faydalı QHT" statusunun yaradılması ilə bağlı fəaliyyətə başladıq. Eyni zamanda ilk dəfə QHT-lərin məşğuliyyət xəritəsini hazırlamaqla yanaşı təkcə dövlətdən deyil, özəl strukturlardan faydalanması barədə yeni bir platforma qurduq. Ümid edirəm ki, bunları üç ilə yekunlaşdıra bilərik. Problem, arzu heç vaxt qurtarmır, ancaq yəqin ki, bir müddətdən sonra mən də yorulacam.

TƏQVİM / ARXİV