adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Sizif haqqında Azərbaycan əfsanəsi

34800 | 2012-03-17 08:06
Mənim tanıdığım Mirmehdi
   
   
   
   Mirmehdinin özü haqqında danışmaq mənim üçün olduqca asandır. Çünki münasibətlərdə və ünsiyyətdə o qədər sadə və mütəvazidir ki, haqqında "yaxşı insandır", "gözəl dostdur", " bütöv xarakterlidir" sözlərini işlətməkdən çəkinmirsən. Ədəbi mühitdə tanıdığım azsaylı səmimi insanlardan biridir. Onun səmimi münasibətinin, dostyana jestlərinin arxasında heç bir kin və paxıllıq gizlənmir. Başqalarından(bu başqaları haqqında başqa bir yazıda) onu fərqləndirən ən böyük özəlliyi Mirmehdinin öz potensialını düzgün qiymətləndirməsi, istedadını və intillektini realizə edə bilməsidir. Yəni Mirmehdi heç vaxt özü haqqında əndişəli deyil. O öz nasir istedadını və yazıçılığını dərk edir. Özü uğurlara addım-addım irəlilədiyi üçün heç kəsin uğurunu qısqanmır. Hətta deyərdim ki, o qədər səmimidir ki, başqalarının uğuruna sevindiyini qətiyyən gizlətmir, ən önəmlisi isə başqalarının uğuruna sevinə bilir. Mənim tanıdığım Mirmehdinin insani keyfiyyətləri olduqca yüksəkdir. Az-az görüşsəkdə aramızda çox səmimi bir ünsiyyət var. Onun ilk kitabını - "Görüş" romanını həm çapdan əvvəl, həm də kitab halında oxumuş, haqqında kiçik bir yazı da yazmışdım. Bir sözlə, Mirmehdi Ağaoğlu həm yazıçı, həm də insan kimi bir çoxlarından fərqli olaraq olduqca səmimi və dəyərli insandır. Heç vaxt ucuz qalmaqallarda və yersiz oyunlarda iştirak etmədiyi üçün demək olar ki, ədəbiyyatdakı bütün qruplar, dəstələr onun yaradıcılığını obyektiv qiymətləndirir. Mirmehdi həm Azadlıq radiosunun "Ədəbi Azadlıq" hekayə müsabiqəsində, həm də Milli Kitab Müsabiqəsində uğurla iştirak edib. Müsabiqələrdəki nəticələrinə əsasən, yəni müxtəlif münsif dəyərləndirməsinə görə, müsabiqədə iştirak edən yazarlar arasında Mirmehdi on ən yaxşı nasirdən biridir. Ümumiyyətlə, Mirmehdi həm yazıçı, həm də publisist kimi potensialını lazımınca istifadə edə bilən qələm adamıdır. Uzun müddət kulis.az elektron dərgisində birlikdə çalışmışıq. Yəni hər ikimiz bu saytla əməkdaşlıq etmişik. Səmimi olaraq deyim ki, mən bir neçə nəfərin, o cümlədən Mirmehdinin bütün yazılarını istinasız olaraq oxuyuram. Və Mirmehdi haqqında ilk yazımda ifadə etdiyim fikirlərə yenidən qayıdıram, Mirmehdi Ağaoğlu müasir ədəbiyyatımızın gənc imzaları içərisində öndər isimlərindən biridir. Mirmehdinin yazıçı kimi istedadı danılmazdır.
   
   
   
   General qızı ilə sevişən əsgərin memuarı
   
   
   
    Mirmehdinin "Küləyi dişləyən" memuar-hekayəsini kitab halında çap olunmamışdan çox əvvəl oxumuşam. Milli Kitab Müsabiqəsində "onluğa" düşən, on təcrübəli yazıçı arasında Mirmehdiyə beşinciliyi qazandıran bu hekayəni olduqca maraqla və birnəfəsə oxumuşam. Eyni zamanda kitabının çapını da səbirsizliklə gözləmişəm. Əsəri oxusam da, onun kitab halında çap olunmasını da səmimi qəlbdən arzulayırdım. Nəhayət ki, "Küləyi dişləyən" "Qanun" nəşriyyatında "Ən Yeni Ədəbiyyat" seriyasından çap olunaraq oxucuların ixtiyarına verildi.
   
   Əsər hərbi xidmətdə generalın qızı ilə sevişən və buna görə cəzalandırılan bir əsgərin xatirələridir. General qızıyla sevişdiyi üçün əsgərə psixoloji-fiziki cəza verilir. Əsgər bütün günü eyni işi təkrarlayır, gördüyü işin heç bir mənası yoxdur. O bütün günü daşları burdan ora, ordan da bura daşıyıb qalaqlamaqla məşğuldur. Əsgərlikdə bu cür cəzalalar fiziki cəza sayılsa da, Mirmehdinin qəhrəmanı bu cəzadan daha çox psixoloji əziyyət çəkir.
   
   
   
   Sizifin milliləşmiş prototipi-Asif
   
   
   
   "Küləyi dişləyən" məşhur bir yunan mifinin, Sizif haqqında əfsanənin müasir və milliləşmiş variantıdır. Eyni zamanda Generalın qızı ilə sevişmək məsələsini də əfsanə hesab etmək olar. Bu məsələnin üzərində bir az dayanmaq istəyirəm. Olduqca maraqlıdır ki, Azərbaycanda hərbi xidmətdən gələn gənclərin buna bənzər intim hekayələri çox olur. Xüsusilə əyalətlərdə hərbi xidmətdən gələn gənclərin əsgərlik hekayələri uzandıqca uzanır. Hər on əsgərdən birinin "komandirin qızıyla görüşürdüm" kimi bir yalanı var. Üstəlik hərbi xidməti əks etdirən fotolarda hamı xoşbəxt və qəhrəmandır. Gördüyüm fotoların əksəriyyətində Azərbaycan əsgərinin əlin əlində silah var. Və ya mətbəxdən yenicə çıxdığı çirkli geyimindən hiss olunan bir əsgər zirehli texnikanın yanında dayanıb məğrur baxışlarla irəli baxır. Xülasə, Mirmehdinin bu məsələnin bədii həllini tapması oxucu kimi mənim çox xoşuma gəldi. Mirmehdinin qəhrəmanın sevişərkən də avtomatı çiynindən çıxarmaması da çox yayılmış və populyar əfsanələrdən biridir.
   
   Mirmehdinin qəhrəmanı Asiflə Sizif arasında ən böyük oxşarlıq hər ikisinin qadına görə əzab çəkməsi və mənasız cəza ilə cəzalandırılmalarıdır. Əsərdəki digər obrazlar da, Sizif haqqındakı əfsanənin qəhrəmanlarına bənzəyir. Əsərin mən oxuduğum ilk variantında bunu asanlıqla anlamaq olurdu. Son variantda isə Mirmehdi qəhrəmanların adını dəyişib. Əsərin uğuru ondadır ki, müəllif Asif obrazı ilə Sizif əməyinin mahiyyətini tam olaraq aça bilib. Generalın Asifə verdiyi cəza onun yaddaşını,düşüncəsini kütləşdirir. Bununla da Asif lazımsız, küt və mexaniki bir varlığa çevrilir. Asifdə cəmiyyətimizin faciəsi, onun iyrəncliyi gizlənir. Əslində istəmədən və arzulamadan biz hamımız Sizif əməyinə məhkum edilmiş insanlarıq. Cəmiyyətin ağır şərtləri bizə ülvi və gözəl hissləri unutdurur. Sözsüz ki, Asif obrazı çox dərin mətləbləri aydınlaşdırır. Qəhrəmanın ölümü isə əsərin gizli kodlarını açmaq üçün gözəl açardır. Müəllif cəmiyyətdə asiflərin- Sizif əməyi ilə məşğul olanların olmasını istəmir. Cəmiyyətdə Asif kimilərə yer yoxdur.
   
   
   
   Əsərin dili
   
   
   
   Əsərin dili haqqında geniş danışmaq yerinə düşər. Çünki, Mirmehdiyə tutulan iradlar içərisində əsərin dili ilə bağlı iradlar çoxluq təşkli edir. Onun çoxlu vulqar ifadələr işlətməsi tənqid olunur. Müəllif hərbi xidməti, əsgər həyatını qələmə alır. Hərbi xidmətdə olan hər kəs bilir ki, əsgərlər ütülü sözlərdən, ədəbi dildən istifadə etmir. Əsgərliyin özünəməxsus "dili" var. Burda hər kəs söyüşlə danışır. Şəxsən mən hərbi xidmətdə söyüşsüz danışan bir nəfərə də rast gəlməmişəm. Məhz bu səbəbdən obrazların xarakterini və mahiyyətini açmaq üçün əsərdə işlənən vulqar ifadələr estetik cəhətdən xoşagələn olmasa da, əsərin mövzusuna uyğun olaraq yerli-yerindədir. "Küləyi dişləyən" sevgi uğursuzluğundan bəhs etsə də, hər halda klassiklərimizin qələmə aldığı aşiq-məşuq, gül-bülbül dastanı deyil. Əsərin mövzusu vulqarizmi tələb edir. Mirmehdinin yazı dili olduqca axıcıdır və bu uğur mütaliə prosesini zövqə çevirir. Mirmehdi yersiz əhvalatçılığa, mənasız söz yığınına, quruluş və kompozisiya dolaşıqlığına, təhkiyə intonasiyasının pozulması, mənasız dialoqlara, saysız təkrarlara, fikrin solğun, qeyri-bədii ifadəsi hallarına, anlaşılmaz ifadə tərzinə, qarışıq söz sırasına yer vermir. Hərdən söz sırasının süni pozulması hallarına, uğursuz müqayisələrə, yersiz rəmzlərə rast gəlsək də, əsərin mövzusu və mahiyyəti bu xırda qüsurları mütaliə prosesində unutdurur. Açıq-saçıqlıq, vulqarizm bu əsər üçün irad ola bilməz. Ən pis halda sevgiyə münasibətin tənqid olunacağı gözləniləndir. Ancaq müəllifin sevgiyə münasibətində də, bayağılıq yox, ironiya axtarmaq lazımdır.
   
   Əsərin ideyası və fəlsəfi kodları çox maraqlıdır. "Küləyi dişləyən" də sevgi, humanizm, əzab, laqeyidlik, qəddarlıq, işgəncə və bir çox insana aid mətləblər çözülür. Əsər insandan, insan faciəsindən bəhs edir. Ona görə də burda bayağılıqdan, açıq-saçıqlıqdan şikayətlənmək məncə yersizdir.
   
   
   
   Yekun
   
   
   
   Mirmehdinin bu əsəri onun yazdıqları arasında mənim ən çox bəyəndiyim əsərdir. Düşünürəm ki, əsər ədəbiyyatımız üçün lazımlı əsərlərdən bir kimi, ədəbi tənqidlə məşğul olan ədəbiyyatşünaslarımızın da diqqətini çəkəcək. Mirmehdinin yazıçı kimi potensialı isə ona daha böyük əsərlər yazmağa imkan verir. İnanıram ki, Mirmehdi daha gözəl əsərlərlə oxucularını və qələm dostlarını sevindirəcək.

TƏQVİM / ARXİV