adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

SƏNƏTDƏN DANIŞMIRAM, SƏNƏ ƏTDƏN DANIŞIRAM

OQTAY SALAMOV
68566 | 2012-03-17 08:26
Yenə bayramlar gəldi, bayramlarınız mübarək! Avtomatik olaraq qiymətlər bahalaşdı. Bu qanunauyğunluqdu, qanun-manun hərləmir. Əsasən də ətin qiyməti. Sənayedə benzinin qiyməti, ərzaq bazarında ətin qiyməti həlledici rol oynayır. Ətin də qiyməti artıq ceyran belinə olmasa da, dana belinə yaman qalxıb, Bakının havası kimi 1900-cu ildən olan rekordları vurur, odey, martın 12-də sonuncu dəfə 1900-cü ildə qeydə alınmış -2 dərəcədən çox, -2,8 dərəcə şaxta olub...
   
   Yarmakada ət satan qəssab iddia edirdi ki, inək əti dana ətindən daha yaxşıdır, kalorisi daha çoxdu, qiyməti də nisbətən ucuzdur. İnanan daşa dönsün, bu qəssab özü külfətinə bazardan dana əti alırdı...
   
   Bu yazıda şikayətlənmək, kimisə qınamaq, dinnən,xeyirxahlıqdang danışmayacam, sənətdən yox, sənə ətdən danışacam. Bir neçə gün əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda istehsalat sahəsində aparılan yoxlama zamanı istehlakçıların çaşdırılaraq aldadıldığı və haqsız rəqabətə yol verildiyini müəyyən edib. Ayıb olsun, adam da istehlakçıları aldadar? Yadıma sovet vaxtı olan hamamlar və onlarda olan oğurluqlar düşdü. Filan hamamı yarıb iki vedrə qaynar su aparıblar...
   
   Sən demə, adı,ünvanı məlum olan obyektdə normativ sənədlərə əsasən düşbərə, pelmeni, "gürcü xəngəli" və "gürzə" yarımfabrikat məhsullarının saxlama müddəti mənfi 10 -dən yüksək olmayan temperaturda ən çoxu bir ay, mənfi 5 -dən yüksək olmayan temperaturda ən çoxu 48 saat təşkil etdiyi halda, müəssisədə istehsal olunmuş həmin məhsulların etiketində saxlama müddətinin 3 ay göstərildiyi müəyyən edilib. Dəhşətə bax ki, ətli blinçik, yarpaq dolması, "gürzə" və "gürcü xəngəli"nin etiketlərində qoyun ətindən hazırlandığına dair məlumat verildiyi halda, həmin məhsulların dondurulmuş mal ətindən istehsal edildiyi, habelə pelmeni, "gürzə", "gürcü xəngəli", ətli blinçik və yarpaq dolmasının uyğunluq sertifikatı olmadan istehsal olunduğu müəyyən edilib.
   
   Adama deyərlər ki, düşbərə istəyirsən, xəngəl istəyirsən, nə bilim gürzə yarpaq dolması istəyirsən, ətini al, arvada da cürətin çatırsa sifariş elə bişirsin, daha niyə yarımfabrikat məhsulları alırsan ki, tərkibinə, saxlanma şəraitinə şübhən də olsun. O biri yandan da elə bazarlarda ətin keyfiyyəti, mənşəyi, saxlama şəraiti, qiyməti və başqa parametləri şübhəlidən şübhəli, qiyməti də canalandı.
   
   Deyirəm, bizi elə vəziyyətə salacaqlar ki, o yarımfabrikat dolmaya, xəngələ də həsrət qalacağıq. Ayıb da olsa, Hollandiyada laboratoriya şəraitində hazırlanan ətin payızda satışa çıxarılacağı planlaşdırılır. İstəyirsiniz inanın, istəmirsiniz inanmayın, hollandiyalı alimlər sintetik ət hazırlayıblar. Dünyanın ilk sintetik ətlə hazırlanmış hamburgerinin bu ilin oktyabr ayında satışa çıxarılması planlaşdırılır. 250 min avroya başa gələn sintetik ətin iribuynuzlu heyvanların kök hüceyrəsindən istifadə edilərək hazırlandığı bildirilir.
   
   Hesablayıblar ki, 2050-ci ildə dünyada ətə olan tələbatın iki dəfə artacağı gözlənilir.
   
   Mütəxəssislər sintetik ət sayəsində ət ticarətinin ətraf mühitə ziyanının minumuma endiriləcəyinə ümid etdiklərini qeyd edirlər. Elm xadimlərinin fikrincə, laboratoriya şəraitində istehsal ediləcək ətlər daha sağlam ola bilər. Bundna əlavə onların tərkibində bakteriyalarında daha az olacağı iddia edilir. Olar, olar, amma qorxuram bizimkilər ona da barmaq eləsinlər, onsuz da mənşəyi bilinməyən ətin adresini elə itirsinlər ki, heç İİN AS və İHDX də axtarıb tapa bilməsin.
   
   Amma nəhayət ət söhbətində bir sənət söhbəti də yaranıb. Başqa ölkələrin kulinariyasında bilmirəm, bizim mətbəximizdə dolmanın növləri arasında bir "yalançı dolma" növü var. Əsl kasıb malıdır. Ət yerinə əlinə keçəni doldurursan yarpağın içərisinə, bu da olur yalançı "dolma". İndi avropalılar da ətin qiymətinin kəlləçarxa çıxmasını görüb deyirlər ki, "biz təbii ətdən imtina edirik".
   
   Avropalılar öz imtinalarını nə ilə əsaslandırırlar, əsaslandırsınlar, əsas odur ki, Avstriya alimlərinin bu ixtirası bizim kasıbların meyitini yerindən götürəcək. Deyir,100 faiz tərəvəzdən ibarət "Yalançı ət" tamamilə əvəzedicilərdən hazırlanıb. Yalançı onlar olsun, özləri deyirlər ki, bu ət orjinalından nə görünüşünə, nə də dadına görə fərqlənir. Ətin yeni versiyası tərəvəz inqredientlərindən ibarətdir. "LikeMeat" adlanan layihə ekoloji cəhətdən də təhlükəsizdir.
   
   Fraunqofer İnstitutunun əməkdaşı, layihənin təşəbbüskarı Florian Uayldın sözlərinə görə, onların məqsədi sənaye miqyasında ətin bitki əvəzedicisini əldə etməkdir. "Sadəcə o dadlı, ətirli olmalıdır, yəni əsl ət olmalıdır. Ən ideal variantda onu ancaq vegeterianlar yox, eyni zamanda allergiyadan əziyyət çəkən insanlar da istifadə edə bilər".
   
   Bu məqsədlə tikiləcək fabrik qalınlığı 1 sm olan "süni ət" listləri istehsal etmək qabiliyyətində olacaq. Bu listdən şnisel (kotletə oxşar xörək), kotlet hazırlamaq və istənilən formanı vermək olar.
   
   Ta özünüz bilin, yaz gəlsin, göy çıxsın, birtəhər növbəti ət sezonuna qədər gözləyək, sonra Allah Kərimdir, bəlkə sintetik ətin qiyməti sərfəli oldu, birtəhər ondan yeyərik. Onsuz da qaymaq adına salfetka, sosis adına karton yeməyə (maraqlıdı, kartonun da " halal"ı olurmu?) öyrəşmişik, sintetik ətə göydə öyrəşərik. Sonra da Allah versin "yalançı ət"ə, hansı otu doldurub "ət" qayırsalar yeyəcəyik...
   
   İlaxır çərşənbə günü talış zonasında balığın qiyməti elə qalxmışdı ki, elə bil balıqçı zalım oğlu dənizdə balığın yeməyini, saxlanmasını, istirahətini də özü təşkil etmiş kimi qiymət qoyurdu. Bilirdilər ki, bu gün hər evin sürfəsində balıq olmalıdır. Bilirsniz niyə balıq söhbətini yada saldım? Məsələ belədir ki, bu sintetik ət, tərəvəzdən sintez olunmuş ətlər "qırmızı ət" sinfinə daxildir. Bu soxa-soxda da məlumat verirlər ki, hər gün qırmızı ətdən istifadə etmək ölüm riskini artırır. Harvard Universitetində (Bu sənin üçün Dağıstan universitetinin Bakı filialı deyil ha!..) 120 min insan üzərində 30 ildən çox davam edən araşdırma aparılıb. Nəticələrə görə, qırmızı ətdən gündəlik müntəzəm istifadə xərçəng və gənc yaşda infarkt riskini yüksəldir. Çox da təəccüblənməyin, sizi heç bir təhlükə gözləmir, hər gün ət, tembole qırmızı ət yemirsiniz ki.
   
   Deyir, araşdırmada 37698 kişi 22 il, 83644 qadın üzərində isə 28 il boyunca müşahidələr aparılıb. Nəticələrə görə, hər gün emal edilməmiş ətdən istifadə edənlərin ölüm riski 13 faiz artıqdır. Hər gün sosis, kolbasa kimi emal edilmiş ət tükədənlərdə isə risk 20 faizə qalxır.
   
   Bundan sonra isə ağ ətin də qiymətinin qaldırılması üçün əlyeri də qoyurlar. Söyləyirlər ki, ağ ət- söhbət sizin dediyiniz "ət"dən, yəni şərti olaraq "adıgözəl" deyiləndən getmir -isə ölüm riskini azaldır. Belə ki, müntəzm olaraq balıq yeyənlərdə vaxtından tez ölmək təhlükəsi 7, toyuq-cücə yeyənlərdə isə 14 faiz aşağıdır.
   
   Sabahdan toyuq ətinin quzu ətindən baha olmasını görsəniz təəccüblənməyin, biz alimlərin dedikləri ilə həyatımızı qururuq. Görürsüz, ət alveriçiləri ilə alimlərin fikirləri üst-üstə düşür.
   
   Sənətdən danışmıram, sənə ətdən danışıram, ay brat!..

TƏQVİM / ARXİV