adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

iFRAT XRiSTiAN TƏƏSSüBKEŞLiYi

BABƏK YUSİFOĞLU
42217 | 2012-03-17 08:06
Bir neçə gün öncə Azərbaycanın İsraildən çox yüksək səviyyəli hərbi texnika, yeni qurğular alması ilə bağlı yayılan xəbərlər demək olar ki, dünyanın əksəy ölkələrinin diqqətində idi. Hətta bəzi dövlətlər bu məlumatlar çıxar-çıxmaz öz narahatlıqlarını bildirməyə başladılar. Daha çox neqativ reaksiya Ermənistan və qonşumuz İrandan gəldi. Yerevanın bunu nə üçün ciddi əndişə ilə qarşıladığı hər kəsə aydın olduğu üçün Bakı belə reaksiyanı çox təbii qarşıladı. Amma İranla məsələlərin müzakirəsinə ehtiyac duyulduğu üçün tərəflər arasında xarici işlər və müdafiə nazirləri səviyyəsində müzakirələr aparıldı. Qonşular arasında məsələ qarşılıqlı anlaşma şəraitində də çözüldü. Tehran bu silah anlaşmasının ona qarşı yönəlmədiyinə əmin oldu.
   
   Əslində bütün bu proseslər haqqında da mətbuatda çox yazıldığı üçün onun üzərində dayanmaq istəmirəm. Məqsədim situasiyanın daxilində bir məqama diqqət çəkməkdir. Məlum olduğu kimi, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu günlərdə İranda rəsmi səfərdə olarkən Azərbaycanın işğal altında olan torpaqları barədə də müzakirələr aparmışdı və bəyan etmişdi ki, ölkəmiz işğalla heç vaxt barışmayacaq. Nazir onu da vurğulamışdı ki, Azərbaycan ordusu torpaqlarını hərbi yolla işğaldan azad etməyə hazırdır.
   
   Burada diqqət çəkən məqam odur ki, çox haqlı və doğru olan bəyanata Vaşinqton tez bir zamanda reaksiya verdi. Sanki söhbət Amerika ilə başlaya biləcək qarşıdurmadan gedirdi. Belə ki, ermənilərin amerikalı dayıları rəsmi açıqlamalarda bulundular. ABŞ Dövlət Departamenti bildirib: "Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Biz tərəfləri hərbi ritorikadan imtina etməyə və xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq". Bunun ardınca da departamentin rəsmi nümayəndəsi Viktoriya Nuland dəfələrlə eşitdiyimiz, artıq şablonlaşmış ifadələrlə ATƏT nağıllarını bizə tövsiyə edib. "ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə uzunmüddətli sülh axtarışında yardımlarını davam etdirəcək".
   
   Viktoriya Nuland və onun təmsil etdiyi dövlət gərək bilsin ki, onun ölkəsinin 20 il ərzində göstərdiyi həmin yardımlara Azərbaycanın ehtiyacı yoxdur. Çünki bunlar yardım yox, xristian təəssübkeşliyinin ifrat təzahüründən başqa bir şey deyil. ATƏT məhz münaqişələrin ömrünü uzatmaq üçün onların düzəltdikləri girdimə bir təşkilatdır. Və bu gün də girdirmə işlərlə məşğuldur. Amma xatırlatmaq yerinə düşər, beynəlxalq qanunlarda göstərilib ki, hər hansı bir ölkə işğala məruz qalan torpaqlarını hərbi yolla azad etmək hüququna malikdir. Maraqlıdır, həmin qanunları biz yox, məhz bizə "müharibə etmək olmaz" diqtəsini edən ölkələrin özləri hazırlayıblar. Və şübhəsiz Birləşmiş Ştatlar olmaqla həmin ölkələrin torpaqlarının 20 faizi yox, 20 saqntimetr ərazisinə təcavüz baş versəydi yəqin ki, bəşəriyyət indi III dünya müharibəsinin şahidi olardı.
   
   Mən ona da əminəm ki, əgər biz aldığımız həmin silahları "müharibə başlayacağı təqdirdə İrana qarşı işlədəcəyik" bəyanatı ilə çıxış etsəydik Dövlət Departamenti bizi alqışlayar, əlavə silahlarla təmin edilməmiz üçün bir qanun da qəbul edərdi. Çünki bu onlara sərfəlidir. Lakin Vaşinqton arxayın olsun ki, bəşəriyyət artıq bu həqiqətləri də yaxşı bilir.
   
   Dövlət Departamenti bizə verdiyi həmin bəyanatları amerikalı əsgərlər Əfqanıstana hücum edəndə, İraqda bir milyon yarım insanı qıranda, keçmiş Yuqoslaviya ərazisində hərbi əməliyyatlara start verəndə, Liviyada müharibəyə başlayanda, müsəlmanların müqəddəs Quranını, Tanrının yer üzünə göndərdiyi ilahi Kitabı təhqir edəndə, müqəddəs yerləri bomba-raket atəşi ilə dağıdanda, yeni-yeni silahlarını müsəlmanların başında sınaqdan keçirəndə... Ağ Evə versəydi, yaxud onu belə addımlardan çəkindirsəydi bu, insanpərvərlik, ədalətlilik olardı. Onda yəqin ki, milyonlarla insan amerikalılar tərəfindən qətlə yetirilməzdi, şəhərlər, kəndlər xarabazara çevrilməzdi, saysız-hesabsız insanlar şikəst qalmazdı. Sadaladıqlarımdan yəqin ki, fərqinə vardınız, hələ mən onun ötən əsrlərdə törətdiyi müharibələrdən, qırğınlardan bəhs etmirəm.
   
   Əgər ABŞ-ın vasitəçiliyi ilə bu münaqişə (guya) həll olunmursa, bir xalq nə etməlidir? Öz doğma evlərindən didərgin düşmüş bir milyon insan ömrüboyu qaçqın həyatı yaşamalıdırmı? Ya torpağını işğalçıya bağışlamalıdır? Ermənilər Azərbaycan torpağında özlərinə ikinci bir erməni dövləti qurmaq üçün müharibəyə başalayanda, bizə "münaqişənin hərbi həll yolu yoxdur" mesajını verən o Dövlət Departamenti həmin məktubdan birini də nə üçün ermənilərə göndərmirdi?
   
   Əslində bu sualların cavabını hər kəs bilir. Sadəcə Dövlət Departamenti onlara müraciət edərkən bizə məsləhət versələr yaxşı olar. Ərazi bütövlüyünün bərpası haranınsa departamentlərinin bəyanatlarından deyil, yalnız Azərbaycan xalqının verəcəyi qərardan asılıdır. Və İlahi bir məntiqi də xatırlatmaq istərdim: Tanrıdan başqa heç nə əbədi deyil. Biz sovet dönəmini yaşamış adamlarıq. Həmin zamanlarda kimsə SSRİ kimi nəhəng, qüdrətli, güclü bir imperiyanın nəinki sürətlə, heç tədricən də dağılacağına, kommunist rejimlərin çökəcəyinə zərrə qədər də inanmazdı. Amma biz onu yaşadıq. Və həmin İlahi məntiqə görə, bundan sonra da insanlar inanılmaz proseslərin, möhtəşəm çöküşlərin şahidi olacaqlar. Bu mütləqdir. Çox yəqin ki, bunun da bir qədər zamana ehtiyacı var. Amma mən ona da əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpasını heç uzaq zamana da qoymayacaq. Xalq münasib situasiya yaranan kimi Xankəndində üçrəngli bayrağımızı dalğalandıracaq..

TƏQVİM / ARXİV