adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BAYRAMQUŞUNUN NƏğMƏSi

ƏBÜLFƏT MƏDƏTOĞLU
39466 | 2012-03-17 08:06

   
   Səhərin gözü hələ açılmamışdı. Tək-tək pəncərələr işıq-işıq oyanırdı. Adama elə gəlirdi ki, oyanan pəncərələr göy üzündəki sayrışan ulduzların əvəzidi. İndi ulduzlar çəkilib gedəcək, pəncərələrin işıqları bəzəyəcək dünyamızı, şəhərimizi.
   
   Gecənin yuxusuzluğunu əsnəməklə canından silkələyib tökməyə çalışan və tək-tək yanmağa başlayan pəncərələrə ümid yeri kimi baxan ürəyim yataqdan qalxıb həyətə çıxdı. Əslində bu, təkcə ürəyimin, oyaq duyğularımın yarıqaranlıq səhərə üz tutması deyildi. Bu, həm də ürəyimin bütün gecəni içində qovurduğu vurub - çıxdığı, toplayıb böldüyü, amma nəticəsini, hasilini tapa bilmədiyi bir yaşamın narahatlığı idi. Mənə elə gəlirdi ki, gecənin qaranlığı Ayın, ulduzların işıqlarına bələnsə də, ürəyimə yükdü, ürəyimə zindandı, sıxır məni. Sıxdıqca da ürəyimin döyüntüsü də artır, həyəcanı da... və mən elə məhz bu səbəbdən dan yerinin sökülməsini gözləməyə özümdə güc tapmadım. Bircə onu bildim ki, adəti üzrə işıqlarını söndürüb yatdığımız otaqdan özümü həyətə atdım (bu yerdə yadıma həmişə məndə təbəssüm doğuran bir dostun "mən on yaşımdan həyata atıldım"- sözləri gəlib düşür, məsələyə dəxli olsa da, olmasa da).
   
   Qəribədi, şəhərdə yaşasam da, məskunlaşdığım ərazidə əməlli-başlı bir kənd abu-havası hökm sürür. Xoruzlar banlayır, itlər hürür, hətta beş-on mal-davarını otarmağa aparan məhlə adamlarının da söhbətləri eşidilir. Çox təəssüf ki, bu mal-davar saxlayanlar hərdən şəhərin yaşıllığına da bir "qayçı gəzdirirlər" fərqinə varmadan. Bax belə bir səhərdə daha doğrusu, açılmaqda olan səhərdə mən narahatlığını anladığım ürəyimlə var-gəl edirəm. Kənardan baxan bunu səhər idmanı da saya bilər. Ancaq mənim bu anda nə idmanlıq, nə də onun barəsində düşünəcək həvəsim yoxdu. Çünki çoxumuza problem olan təzyiq məsələsi də iki gündür mənimlə xudahafizləşmir, çağrılmamış qonaq kimi kəsdirib yanımı. Təbii ki, burada təbiətin də öz diktəsi var, necə deyərlər, arğac ondan keçib. Üstəlik də bizim ekoloqlarımız əməlli-başlı "qaş düzəltmək əvəzinə göz tökürlər". Onlar obyektivlik naminə hava proqnozunun sonunda hər gün meteohəssas adamlara da xəbərdarlıq edirlər. Təbii ki, bu onların vəzifəsidi, ancaq insanların psixologiyasını, hazırkı iqtisadi durumdan yaranan stresslərini nəzərə almamaq da doğru deyil. Gərginlik içində olan insanlara elə meteohəssas sözü kifayət edir və belə olanda istər-istəməz Sovet dönəmini xatırlayıram. Az qala 45-46 dərəcə isti altında kətmən vuran, pambıq yığan, təsərrüfatla məşğul olan insanlar görəsən meteohəssas deyildilər, yoxsa onda Günəş başını basdırıb yatmışdı, partlayışlarla işi yox idi?! Və yaxud göydən hansısa bir cisim qopub üzü yerə tərəf gəlmək fikrinə düşmürdü, zəlzələlər, vulkanlar baş vermirdi, nə isə...
   
   Bu sualları elə-belə sözgəlişi yazdım, onsuz da ekoloqlarımız da bilir nə edir, stresi yaradanlarımız da, onu yaşayanlarımız da. Bu yerdə "çax-çaxın baş ağrıtmasına" ancaq ironiya ilə gülmək olar. Necə ki, düşündüklərimə məhz özüm də elə o cürə gülürəm...
   
   Deməli, cəmiyyət, quruluş dəyişsə də problemlər dəyişməyib, sadəcə kosmetik əməliyyatlar, bir az da cərrahi müdaxilələr olub və olmaqdadı. Bu hər şey olmadığı kimi, hər şeyin olmağı da demək deyil. Elə kədərin, dərdin özündə də bunu hiss etmək olar.
   
   
   
   Dəyişməsin donunu
   
   Üzünü bəzəməsin
   
   Mən dərdi tanıyıram -
   
   Özünü ha bəzəsin...
   
   
   
   Zamanın buludları
   
   Səpdi üstümə qarı
   
   Bir anlıq unutmağı -
   
   Öyrətmədi o, barı...
   
   
   
   Dizin-dizin yeridim
   
   Üzdüm əldən ətəyi
   
   Axır tapıb kiridim
   
   Dərd gizlənən pətəyi!..
   
   
   
   Mən suçəkən misallı
   
   Dərd də payız yağışı
   
   Gəzirəm buludları -
   
   Yaran isti yağışı...
   
   
   
   ***
   
   Səhərin gözləri açılmağa başladı. Bu vaxt qulağıma çox tanış və şirin bir səs gəldi. Bir qəribə duyğu ilə sağa-sola boylandım. Hələ budaqları çılpaq olan ağacların arasından gəlirdi bu səs. Xüsusi bir maraqla o səsi axtarmağa başladım və tapdım. Sinəsi sarı, ovuc içi boyda olan bu balaca quşcuğaz (nədənsə kənddə biz ona Bayramquşu deyirdik -Ə.M) Bakıya da gəlib çıxmışdı. Özü də Novruz bayramının əvvəlində, axır çərşənbədə. Çox qəribə oxuyurdu, elə bil darıxmışdı. Səsində ayrılıqdan qurtuluşun istisi də vardı, qayıdışın sevinci də. Doğrusu məni çox mütəəssir etdi, haldan-hala saldı və özüm də hiss etmədən sinəsinin altı sapsarı olan bu balaca bayram quşuna çevrilib Bakıdan Qarabağa sarı uçub getdim. Öz üdə birbaşa kəndimizə... amma evimizə yox, öncə kollarının arasından əlimi tikanlar didə-didə bənövşələr dərdiyim "Quşlu dərə"dəki bulağın üstünə. Ürəyim süsamışdı o bulağın dodaqları üçün, gözləri üçün. Ürəyim, əlləim, gözlərim hansı kolun dibində neçə bənövşə olduğunu yadda saxlamışdı, ona görə də birbaşa ora uçub getdim. Getdim ki, ürəyimin yanğısını söndürüm.. getdim ki, sayını, yerini bildiyim bənövşələri dərim, bulağın üstündə heç kimin ağlına gəlməyən sıx böyürtkən kollarının arasındakı nərgizləri toplayım. Yaşıdlarım arasında təkcə mən o nərgizlərin yerini bilirdim. Onu başqa kimsə dərməsin deyə gizləndiyi yerə ətrafdan quru çör-çöp gətirib bir çəpər çəkirdim, gizlədirdim onu hamıdan, gizlədirdim ki, onu heç kim görüb dərməsin. Mən o nərgizi həmişə ən çox sevdiyim müəllimimə aparırdım. Amma çox-çox illər sonra bildim ki, sən demə müəllimim nərgiz gülünü sevmirmiş, sadəcə mənim qəlbimə toxunmamaq üçün nərgizləri qəbul edirmiş. Özəl bir həyatın xatirəsi nərgiz gülünü mənə doğma, ona isə yad edibmiş...
   
   Topladığım güllərlə məğrur bir görkəm alıb görüşə gedənlər kimi yavaş-yavaş evimizə tərəf gedirəm. Getdikcə heyrət və ağılasığmaz dəhşətli bir ağrı məni bürüyür - evimiz yoxdu, çəpərimiz yoxdu, həyətimizdəki meyvə ağacları necə doğranıbsa izi də qalmayıb. Bir anlıq mənə elə gəlir ki, yolu səhv salmışam, harasa özgə bir yerə gəlib çıxmışam. Ancaq yox... mən yanıla bilmərəm. Özümü yanılmadığıma inandırmaq üçün evimizin qarşısından keçən yolun üstündəki qaya parçasını axtarıram. Hə, bu daş parçası yerindədi. Deməli onun üstündə dəmir parçası ilə ovduğum hərflər də yerində olmalıdı. Əlimi daşın mamır tutmuş çöhrəsinə sürtürəm, ovcumun istisi ilə bu daşı əzizləyə-əzizləyə onun sinəsindəki yazıları axtarıram. Mamır dolub dəmir parçası ilə ovduğum rəqəmlərin izlərinə. Qoparıram onları. Tarix olduğu kimi qalır - 24.05.1976. Bu mənim orta məktəbdəki son zəngimin tarixidi. Başqa heç nəyi axtarmağa gücüm çatmır, əlim daşlaşır sanki, ruhum donur sanki, eləcə o daşa söykənib bünövrəsinə qədər yanıb dağılmış evimizə baxıram. Həyətimizdə bitən qaratikan kollarını seyr edirəm. Bu kollar da puçurlayıb. Baharın nəfəsi buralara da gəlib çatıb. Mən isə...
   
   Həsəd apardım sənə, Bayramquşu!. Çünki səni orda da gördüm, Bakıda da. Sən nə qədər cəsarətli, nə qədər qoçaq imişsən! Sən səngəri də rahatca ötüb getmisən, sən o dağılmış yurdumda da öz nəğməni oxuyursan. Amma Bakıdakından fərqlidi o nəğmən. Çünki o nəğməndə daha çox çağırış, fəryad, qisas notları var. Yadıma zindandan məktublar yazan böyük şair Musa Cəlil düşür. "Quşcuğaz" şeirini xatırlayıram. Nə isə...
   
   
   
   Gəlib çatdı vaxt, vədə
   
   Bənövşə gözün açdı
   
   Nə varsa təbiətdə
   
   Damarına su qaçdı...
   
   
   
   Torpaq yarıyuxulu
   
   Ağaclar da puçurlu...
   
   Bu gələn yaz quşları
   
   Budaq-budaq uçurtdu...
   
   
   
   Ömrün təzə səhifəsi
   
   Yazılır yenə gül-gül...
   
   Qıra bilmir qəfəsi
   
   Hələ ki, Xarı bülbül...
   
   
   
   Bir coşqunun içində -
   
   Süzür hər kəs bu vaxtı
   
   Baharın gəlişiylə -
   
   Açılır yerin baxtı...
   
   
   
   ***
   
   Son vaxtlar hər şeydə nəsə bir qeyri-adilik axtarıram. Hətta aylarla, günlərlə gözümün qarşısında olanlarda da nəsə yeni cizgilər tapmaq istəyirəm. Bu bəzən alınır, bəzən isə yox. Bundan üzülsəm də, fikrimdən, israrımdan çəkilmirəm, eləcə axtarıram... bax öncədən dediyim kimi yuxusunu kirpiyimdə yandırdığım, dan yerini gözlərimdə açdığım həmin bu səhərdə də mən nəsə axtarırdım. Bəri başdan deyim ki, bu axtarışım boşa getmədi, Bayramquşunu tapdım, kəndimə gedib-gəldim və bir də həmişə qanımda, canımda olan ən əziz varlığı özümlə birlikdə bu gün gedə bilmədiyimiz o yerlərə aparıb gətirdim, özünün xəbəri olmadan. Apardım ki, o da görsün, tanısın, xatırlasın, onun da yaddaşı təzələnsin. Mən bacardığımı elədim - apardım onu! Ancaq bilmədim ki, o doğrudanmı mənimlə getmişdi və bir də o da mənim yaşadıqlarımı yaşadımı?..
   
   Deyə bilərsiniz ki, bunu özündən niyə soruşmursan. Ancaq unudursunuz ki, mən heç vaxt ondan heç nəyi soruşmuram. Onun baxışlarından, görkəmindən, nəfəsindən, hərəkətlərindən, davranışından soruşmaq istədiklərimi oxuyuram, özüdə bacardığım kimi. Bəzən bütöv cümlələrlə, bəzən qırıq-qırıq, ancaq özüm oxuyuram.
   
   İndi artıq evdəkilər də oyanıblar, dan yeri də sökülüb, Günəşin "üst dodağı görünür". İşığı getdikcə ətrafı bürüyür. Mənə elə gəlir ki, bir neçə saatdı ki dayandığım yerdən tərpənməsəm hara gedib-gəldiyimi də biləcəklər, yanımda kimin dayandığını da görəcəklər, bu gecə də yuxusuz qaldığımı anlayacaqlar və sonra da başlayacaq çoxlu suallar, narahatlıqlar. İndiki halda isə suallara cavab verməyə iynə ucu boyda da gücüm qalmayıb. Sadəcə getmək istəyirəm, çıxıb getmək. Hara olur, olsun! Bu dan üzü yaşadıqlarımı axtarıb tapmaq üçün getmək istəyirəm. Ancaq necə? Adam özü özündən çıxıb gedə bilirmi? Çox qəliz sualdı. İnanmıram ki, kimsə özündən çıxıb, axtardığı özünə gedə bilsin. Mən bu qarışıq fikirlərin içində evdəkilərdən ayrılıb işə yollanıram. Yolboyu həmin o düşüncələr məni tərk etmir, üstəlik mənə elə gəlir ki, indi sən artıq yanımda deyilsən, məni tək qoyub sən də öz işinə çıxıb getmisən. Qınamıram. Burda faciə sayılacaq heç nə yoxdu, amma düzünü deyim ki, getməyini istəmirəm, tək qalmaq istəmirəm. Səbəbini özün düşünərsən. Mən isə özümə təsəlli kimi öz misralarımı təkrarlayıram.
   
   
   
   Bir kəlmə demək üçün
   
   Bir ömür gözləmişəm.
   
   Bir ömürə dözən mən -
   
   Bir ana dözməmişəm
   
   Sən kiməsə baxanda...
   
   
   
   Ürəyim tumurcuq tək
   
   Çatlayıb neçə yerdən
   
   Duymamısan bu ürək
   
   Qəfil dayanar birdən
   
   Sən kiməsə baxanda....
   
   
   
   Gecə-gündüz sərhədin
   
   Gözlərimlə simişəm
   
   Sevginin lap son həddin
   
   Mən özümdə bilmişəm
   
   Sən kiməsə baxanda...
   
   
   
   Bəlkə də gülməlidi,
   
   Bəlkə də ağlamalı
   
   İnan ki, axtarıram
   
   Tapmıram, ağlım hanı -
   
   Sən kiməsə baxanda?!
   
   
   
   Hə, bu yazı ilaxır çərşənbə ilə Novruzun üz-üzə gəldiyi və dan yerinin hələ qaranlıqdan çıxa bilmədiyi bir məqamda bilgisayara köçürüldü. Necə deyərlər isti-isti. Bilmirəm necə alındı, ancaq inanın ki, mən yaşadıqlarımı və duyğularımı yazdım, necə varsa elə. Başqa cür yaza bilmirəm.

TƏQVİM / ARXİV